Dünya maliyyə böhranı və Azərbaycan iqtisadiyyatı

Qloballaşma nəticəsində vahid bir orqanizmə çevrilməkdə olan dünya iqtisadiyyatında baş verən bugünkü proseslər göstərir ki, planetin ən etibarlı və sabit iqtisadiyyatlarını silkələyən maliyyə böhranı ciddi müqavimət görmədən geri çəkilmək istəmir. Planetin söz sahibi olan inkişaf etmiş qabaqcıl dövlətlərinin böhranın qarşısını almaq üçün kollegial müzakirələrdə optimal variantlar tapmaq istiqamətində atdıqları addımlar və qəbul etdikləri bir çox qərarlara baxmayaraq (Vaşinqtonda G 20 sammiti, Limdə ASİƏ sammiti), hələ ki, ciddi bir dönüş müşahidə edilmir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr genişlənməkdə və dərinləşməkdə olan maliyyə böhranında öz itkilərini minimuma endirmək üçün bu tədbirlərlə paralel konkret fərdi tədbirlər də həyata keçirirlər. Lakin irəliləyişin müəyyən işartıları görünsə də, onların ümumi iqtisadi inkişafı dinamik bir xəttə çıxaracağı ümidverici görünmür.
Sual olunur ki, dünya maliyyə böhranı nədir və planetin nəhənglərindən başlayaraq bütün ölkələri necə gərginlikdə saxlayır? Dünya maliyyə böhranın tarixi göstərir ki, həqiqətən bu böhranlar nəticəsində dünya təsərrüfat sistemində ciddi həyəcan başlayır. Təcrübədən bəllidir ki, bu böhranlar əsasən maliyyə və valyuta böhranı şəklində özlərini göstərirlər. 2008-2009-cu ildən başlayan və bu günə qədər özünü göstərməkdə olan bazarın qeyri-sabitliyinin kökündə əsasən dünya kredit bazarındakı problemlər durur.
Dünyanın daha qabarıq maliyyə böhranlarının əsas dərsləri belə xarakterizə olunur:
- qloballaşma prosesi nəticəsində böhran daha tez-tez özünü göstərir və daha geniş ərazilərə yayılır.
- Mərkəzi bankların məsələyə daha erkən müdaxiləsi daha gec müdaxilləylə müqayisədə bu böhranların genişlənməsinin daha səmərəli şəkildə məhdudlaşdırılmasına imkan verir. Məhz bu səbəbdən bir çox ölkələrdə bank sektorunu və nəhəng şirkətləri xilas etmək məqsədilə dövlət öz ehtiyatlarından onlara böyük məbləğdə maliyyə resursları ayırır.
Belə tədbir ilkin dövrdə bir neçə ölkədə özünün müsbət təsirini göstərdi. Hətta müəyyən bir sabitlik də müşahidə edildi. Lakin bir müddət sonra, 2008-ci ildə baş vermiş və dünyanı çalxalayan "apokolipsisi" hamıdan tez xəbərləmiş Nobel mükafatı laureatı, Nyu-York Universitetinin professoru Nuriel Rubini bədbin proqnozları ilə dünya ölkələrinin baş maliyyəçilərini yendən qorxuya saldı. Dünyanın qlobal iqtisadi kataklizmlərlə üzləşəcəyini bildirən nüfuzlu iqtisadçının ən son apokoliptik proqnozları bu günlərdə "The Financial Timec"da işıq üzü görüb. Professor jurnalda dərc olunmuş bu məqaləsində dünyanı belə bir "öncəgörməsi" ilə "sevindirir": "Artıq iki ildən sonra dünya iqtisadiyyatını elə bir "ideal fırtına" cənginə alacaq ki, onun nəticələri özündən əvvəlki bütün böhranları geridə qoyacaq". İqtisadçının qənaətinə görə, "bu bir çox qlobal amillərin qabarması Çin iqtisadiyyatının inkişaf tempinin enməsi, Avropada borc böhranı, Yaponiyada staqnasiya və ABŞ-ın daimi maliyyə problemləri ilə özünü göstərəcək". Bütün bu amillərin bir "ideal fırtınada" birləşəcəyi ehtimalını N.Rubini hələ ki, 30 faiz həddində dəyərləndirir.
Professor Rubininin bu ilin əvvəlində gündəmə gətirdiyi bu proqnozu artıq ilin sonuna yaxın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) ekspresləri də təsdiqlədilər. Təşkilatın ekspertləri fəallıq indikatoruna əsaslanaraq belə nəticəyə gəliblər ki, "dünyanın nəhəng iqtisadiyyatları üçün intensiv inkişaf tempi dövrü bitmişdir".
Təşkilat bu metoddan əsasən fəal iqtisadi inkişafla zəifləmənin başlanğıcı arasında dəyişiklik tendensiyalarının erkən əlamətlərini üzə çıxarmaq üçün istifadə edir.
İƏİT 2009-cu ildə 34 ölkənin ümumi indeksinin tarixi minimumunu da maliyyə böhranı dövründə qeydə almışdı və o zaman bu 90 punkt təşkil etmişdi. Bu ilin may ayında artıq bir çox nəhəng ölkələrin iqtisadiyyatları böhranaqədərki həddə yaxınlaşaraq 102,5 punkt olmuşdur. Həmin dövrdən başlayaraq bu rəqəm nəinki qalxmış, əksinə, aşağı düşməyə başlamışdır və iyunda 102,2 punkta bərabər olmuşdur.
Ekspertlər bu fikirdədirlər ki, Rusiya, ABŞ və Yaponiya xüsusilə təhlükəli vəziyyətdədirlər. Bu ölkələr hələ iyun ayında iqtisadi artımın zirvəsini keçiblər. ABŞ-ın indeksi 103,3-dən 103,1 punkta enib.
İƏİT-in dərc etdiyi nəticələr Standard and Poors reytinq agentliyinin ABŞ-ın kredit reytinqinin aşağı düşməsi haqqında avqustda dərc etdiyi rəylə üst-üstə düşürdü. Həmin dövrdə ABŞ-ın reytinqi bir dərəcə aşağa düşərək AAA-dan AA + endi. Bu, o qədər də adi bir məsələ deyil və ən azından ölkənin borclara xidmət üçün ildə 100 milyard dollar əlavə xərc və iqtisadiyyat üçün ciddi problemlər deməkdir.
Rusiyanın indeksi 103,6-dan 103,2-yə, Yaponiyanın göstəricisi isə 103,8-dən 103,6 punkta düşdü. İqtisadi fəallığın zəifləməsi həmçinin Kanada, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Braziliya, Çin və Hindistanı da gözləyir.
Müşahidələr göstərir ki, ABŞ iqtisadiyyatı gözlənildiyindən daha zəif inkişaf edir. Əgər ilin ikinci rübündə ÜDM-in artımı 1,8 faiz proqnozlaşdırılmışdısa bu, 1,4 faiz olmuş, birinci rübdə isə dünyanın bu nəhəng iqtisadiyyatı demək olar ki, heç artmamış və proqnozlaşdırılan 1,9 faiz əvəzinə 0,4 faiz olmuşdur.
Avrozonanın iqtisadi artım tempinin zəifləməsi və borc probleminin mövcudluğu da özünü bütün ciddiliyi ilə göstərməkdədir.
Nüfuzlu iqtisadçı ekspertlər bu qənaətdədirlər ki, "inkişaf etmiş ölkələrin ləngimə riski və hətta iqtisadiyyatlarının resessiyası olduqca əhəmiyyətlidir. Bu fonda ABŞ-ın kredit reytinqinin aşağı düşməsi vəziyyəti mürəkkəbləşdirir və bazarda gərginliyə təhrik edir, neftin qiymətinin aşağa düşməsinə və kreditləşmənin inkişafına əngəl olaraq etimadsızlıq böhranının dərinləşməsinə aparıb çıxarır. Bu da iqtisadiyyatın inkişafına birbaşa təsir göstərir".
Hadisələrin indiki gedişi göstərir ki, dünya maliyyə böhranı planetin heç bir ölkəsindən yan keçməyəcək. Çünki əvvəldə qeyd etdiyimiz kimi, qlobal inteqrasiya prosesi sayəsində bütün dünya iqtisadiyyatı artıq vahid bir orqanizmə çevrilib.
Analitiklərin bir qismi belə hesab edir ki, dünyanı gərginlikdə saxlayan maliyyə böhranı ilk növbədə enerji daşıyıcıları ixrac edən ölkələrin iqtisadiyyatına güclə təsir göstərəcək. Çünki bu ölkələrin iqtisadi göstəriciləri birbaşa bu resursların qiymətləri ilə bağlıdır. İndiki böhranın əsas səbəbinin məhz enerji resurslarının qiymətlərinin aşağı düşməsi ilə bağlı olduğunu nəzərə alsaq bu, bəlkə də doğru proqnoz olardı. Çünki enerji daşıyıcılarının satışından daxil olan gəlirlərin kəskin azalması nəticəsində bu ölkələrin, o cümlədən Azərbaycanın ciddi iqtisadi çətinliklərlə üzləşməsi real görünür.
Hələ maliyyə böhranının ilk dövründə - 2008-ci ildə Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan bəzi ölkələrin ekspertləri belə bir proqnoz vermişdilər ki, dünyanı bürüyən maliyyə-iqtisadi böhranı və dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi fəsadlar törədə bilər. Lakin bütün proqnozların əksinə olaraq Heydər Əliyev strategiyasının reallıqları tamam özgə bir mənzərə yaratdı və 2009-cu ildə ölkənin real iqtisadi inkişafı 9,3 faiz təşkil etdi. Bu, artıq dünyada maliyyə-iqtisadi böhranın tüğyan etdiyi bir dövr idi. Ölkə dünyada iqtisadi artım tempinə görə üçüncü sıraya qalxdı. Ona qədər isə, məlum olduğu kimi, 2007-ci ildə bu rəqəm 25 faiz, 2008-ci ildə isə 10,8 faiz təşkil etmişdir.
Şübhəsiz, neft-qaz ölkə sənayesinin əsas hərəkətverici qüvvəsi idi. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sürətlə artan neft gəlirlərini vaxtında qeyri-neft sektorunun inkişafına, nəqliyyat-kommunikasiya sisteminin yenidən qurulmasına yönəltməsi məhz bu böhran zamanı nə qədər doğru qərar olduğunu göstərdi.
Nəticələrə diqqət yetirək: 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsul istehsalı 10400 dollara bərabər oldu və Azərbaycan bu göstəriciyə görə 102-ci yerə qalxdı. Yoxsulluğun səviyyəsi 11 faizə, işsizlik isə 6 faizə endi. Büdcə gəlirləri 12 milyard 850 milyonu keçdi. Dövlət borcu ÜDM-in 5,1 faizinə, inflyasiyanın səviyyəsi isə 1,5 faizə bərabər oldu. Ölkədə istehsalın artım həcmi 8,6 faiz təşkil etdi ki, bu göstərici də dünya ölkələri sırasında yeddinci idi.
2009-cu ilin əvvəlinə artıq Azərbaycanın təbii qaz ehtiyatları 849 milyard 500 milyon kubmetrə bərabər idi. Ölkənin qızıl ehtiyatları 5 milyard 347 milyon dollar təşkil edirdi. Xarici borc isə cəmi 2,4 milyard təşkil edirdi ki, bu da ölkəmizi planetin borcluları siyahısında 129-cu yerə salmışdı.
Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, artıq maliyyə böhranının başladığı 2008-2009-cu illərdə Azərbaycanın xarici şirkətlərlə olan birgə neft-qaz layihələrində payı 80 faiz təşkil edirdi.
Lakin bütün bu arqumentlər o demək deyil ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşdü. Yox, Azərbaycan iqtisadiyyatı az da olsa bu böhranın təsirini hiss etdi. Bir reallıq ondan ibarətdir ki, böhran MDB ölkələri arasında ən az Azərbaycanın maliyyə bazarına xələl gətirdi.
Bəzi ekspertlər Azərbaycan iqtisadiyyatının böhranın az itkilərlə sovuşmasını ölkədə fond bazarlarının o qədər də inkişaf etməməsi, ölkənin bank sisteminin xarici bank sisteminə qapalılıq şəraitində fəaliyyət göstərməsində görürlər. Lakin bunlar elə də güclü arqumentlər sayıla bilməz. Doğrudur, böhranın elə ilk mərhələsində Azərbaycan Mərkəzi Bankı hər şeydən əvvəl bank sisteminin maliyyə sabitliyini təmin etmək və xarici risk amillərini neytrallaşdırmaq məqsədi ilə bir sıra tədbirlər gördü. Aktivində 5,4 milyard ABŞ dolları olan AMB Azərbaycanın gənc bank sisteminin dünyadakı maliyyə-kredit böhranına qarşı sabitliyini qorumaq üçün perventiv tədbirlərə də əl atdı.
Lakin bütün bunlara baxmayaraq, əsas qabaqlayıcı tədbir Azərbaycanda bu böhrana qədər həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyası idi ki, bu artıq 2003-2008-ci illər ərzində ölkədə dinamik iqtisadi inkişafı təmin etmişdi. Yəni ölkənin iqtisadi inkişaf mexanizmi işə düşmüşdür. Məhz bu illər ərzində ÜDM 27 dəfə, sənaye istehsalı 3 dəfə artmışdı. 5 il ərzində Azərbaycan iqtisadiyyatına 54 milyard dollar investisiya qoyulmuşdu. Ölkənin valyuta ehtiyatları 2003-cü ildəki 2 milyard ABŞ dollarından 2008-ci ildə 10 dəfədən çox artaraq 21 milyard dollara çatmışdı. Məhz bu səbəbdən də 2009-cu ildə Beynəlxalq Valyuta Fondunun proqnozları özünü doğrultdu və Azərbaycan ÜDM-in artım tempinə görə nəinki MDB ölkələrini, hətta dünyanın əksər ölkələrini geridə qoydu və bu artım qeyd etdiyimiz kimi, 9,3 faiz təşkil etdi.
Bəs dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanın ciddi çətinliklərlə üzləşəcəyi proqnozu ilə çıxış edənlər nə üçün yanılmışdılar? Gəlin bir gerçəkliyi unutmayaq ki, neftin qiymətinin aşağı dışməsi hələ o demək deyil ki, neft əsri bitdi. Belə düşünənlər təbii ki, yanılırlar. XXI əsrin başlanğıcı enerji ehtiyatları, xüsusilə karbohidrogen ehtiyatları uğrunda mübarizə əsridir. Bu gün dünyanın qaynar nöqtələrinə diqqətlə nəzər salsaq görərik ki, bu demokratiya oyunlarının kökündə məhz neft və qaz ehtiyatları amili durur. Avropa bütövlükdə Fukusimodakı fəlakətdən sonra nəinki atom enerjisi ilə ehtiyatlı olmağı düşünür, ümumiyyətlə bəşəriyyətin bu bəlalı kəşfindən tamamən imtina etməyə qərar verib.
Bu kontekstdən yanaşsaq, onda dünya maliyyə böhranının Azərbaycana ciddi ziyan vura bilməməsinin ilk şərtini məhz respublikanın əsas ixrac məhsulu olan neftə bərabər rəqabət qabiliyyətli məhsulunun olmaması və ona dünya bazarında tələbatın daimi olmasında görərək. Respublikanın kənd təsərrüfatı məhsulları əhəmiyyətinə görə ikinci əsas ixrac məhsuludur ki, ona da indiki ərzaq çatışmazlığı dövründə sabit tələbat var.
(ardı var)

{nl}

Arzuman MURADLI, iqtisad elmləri üzrə fəlsəfə doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında