Şriftin ölçüsü:
02.12.2011 03:41 | Oxunma sayı: 772
Noyabrın 30-da Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, iqtisadi cəhətdən inkişaf etmiş müasir cəmiyyəti sığortasız təsəvvür etmək mümkün deyildir.
Hazırda dünyada müasir sığorta bazarı formalaşmışdır. Sığorta olmadan iqtisadi dövriyyənin sabitliyini təmin etmək, təsərrüfat fəaliyyətində yaranan riskləri azaltmaq və ya dəymiş ziyanı aradan qaldırmaq mümkün deyildir. Buna görə də sığorta - bazar münasibətləri hər bir ölkədə infrastrukturun vacib elementi, sabit yüksəlişin təminatı sayılır. Azərbaycanda sığorta sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə sıx bağlıdır. Məhz ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra sığorta fəaliyyətinin tənzimlənməsi ilə bağlı hüquqi baza yaradılmış, sığorta fəaliyyəti sahəsində 13 qanun, 10 fərman və 2 sərəncam qəbul olunmuş, muxtar respublikamızda da sığorta fəaliyyətinin genişlənməsi istiqamətində bir sıra təbirlər həyata keçirilmişdir. Müşavirədə Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov müzakirə olunan məsələ ilə əlaqədar çıxış etmiş, Naxçıvan MR Ali Məclisi Aparatının qanunvericilik və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov ölkəmizdə bu sahənin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə formalaşdırılan qanunvericilik bazası barədə məlumat vermişdir.
Naxçıvan MR-in Baş naziri Əlövsət Baxşıyev, Ali Məclis sədrinin müavini Mirhəşim Seyidov, Baş nazirin birinci müavini Asəf Məmmədov, Baş nazirin müavini-kənd təsərrüfatı naziri Məmməd Abbasov, daxili işlər naziri Əhməd Əhmədov, fövqəladə hallar naziri Şamı Abdullayev, maliyyə naziri Xalid İsgəndərov, iqtisadi inkişaf naziri Famil Seyidov, nəqliyyat naziri Mirsənani Seyidov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ali Məclisin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Etibar Musayev, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin sədri Səbuhi Məmmədov, eləcə də şəhər və rayon icra hakimiyyətlərinin başçıları müzakirə olunan məsələ ilə bağlı məlumat vermişlər.
Ali Məclisin sədri müşavirəyə yekun vuraraq demişdir: Naxçıvan MR-də sığorta işinin təşkili Dövlət Baş Sığorta Agentliyi tərəfindən həyata keçirilir. Agentlik fəaliyyətini Ali Məclis sədrinin 2004-cü il 2 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi haqqında Əsasnamə"yə və digər normativ hüquqi aktlara uyğun olaraq qurmuşdur. Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyi aparat və 8 rayon (şəhər) dövlət sığorta agentliklərindən ibarətdir. Sığorta Agentliyi muxtar respublikada ümumi və həyat sığortası - yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə fəaliyyət göstərir.
Qeyd olunmuşdur ki, 2011-ci il oktyabrın 18-dən qüvvədə olan "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortasının aparılması sahəsində bir sıra yeniliklər müəyyən edilmişdir. Qanuna əsasən əvvəllər hüquqi və fiziki şəxslərə məxsus olan, lakin icbari qaydada sığortalanmayan tikililər, yaşayış və qeyri-yaşayış sahələri, habelə siyahısı qanunvericiliklə təsdiq olunan dövlət əmlakı bundan sonra icbari qaydada sığortalanacaqdır. Bu, təbii fəlakət və ya digər səbəbdən dəymiş ziyanın aradan qaldırılmasına da əhəmiyyətli təsir göstərəcəkdir. Həmin qanunla, Naxçıvan şəhərində yerləşən yaşayış evləri və mənzillər üçün 20 min manat, muxtar respublikanın digər rayonlarındakı yaşayış evləri və mənzillər üçün isə 15 min manat sığorta məbləği müəyyən edilmişdir. Ən mühüm yeniliklərdən biri də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının müəyyən edilməsidir. Bu sığorta növünə görə daşınmaz əmlakın istismarı, yəni həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və digər işlərin həyata keçirilməsi zamanı başqa şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzi ödəniləcəkdir. Bu halda bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərər üzrə isə 50 min manat sığorta məbləği təyin oluna bilər.
Ali Məclisin sədri sığorta fəaliyyəti sahəsində mövcud nöqsanlardan danışaraq demişdir: "Ötən dövrdə muxtar respublikanın sürətli iqtisadi inkişafına, sığorta fəaliyyətinin təşkili sahəsində görülən tədbirlərə baxmayaraq Dövlət Baş Sığorta Agentliyinin fəaliyyətində hələ də nöqsanlar davam etməkdədir. Agentlikdə ixtisaslı və peşəkar kadrlar çatışmır. Muxtar respublikada sığorta fəaliyyətinin geniş yayılması üçün izahat və reklam işlərinin təşkili istiqamətində də tədbirlər ardıcıl aparılmır, bu işdə kütləvi informasiya vasitələrinin imkanlarından lazımi səviyyədə istifadə olunmur".
Mövcud qanunvericilikdə 40-dan çox sığorta növünün müəyyən edilməsinə baxmayaraq, Dövlət Baş Sığorta Agentliyi bunlardan yalnız 20-yə yaxını üzrə fəaliyyətini qura bilmişdir. Son 15 ildə muxtar respublikada avtonəqliyyat vasitələrinin sayının 2,5 dəfə, yaşayış evlərinin sahəsinin isə 42 faizədək artmasına baxmayaraq sığorta yığımında ciddi artıma nail olunmamışdır.
Ali Məclisin sədri qeyd olunan nöqsanların aradan qaldırılması və qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar vermişdir.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.