Nəzarət-kassa aparatlarının elektron qeydiyyatına başlanıldı

Vergilər Nazirliyi vergi ödəyicilərinə elektron xidmətlər göstərilməsi sahəsində daha bir yeniliyə imza atdı
Vergilər Nazirliyi ölkədə sahibkarlığın inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə bir sıra mühüm layihələrin həyata keçirilməsini davam etdirir.
Xüsusilə bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanından sonra daha da sürətlənmiş, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişlənmişdir. 2011-ci ilin iyul ayının 1-dən etibarən fərdi sahibkarların elektron qeydiyyatına başlanılmış, elektron ödəniş sisteminin yaradılması, kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı və digər elektron xidmətlərlə bağlı işlərin yerinə yetirilməsi sürətləndirilmişdir.
Bunun davamı olaraq hazırda Vergilər Nazirliyində nəzarət-kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması ərizələrinin elektron formada vergi orqanına təqdim edilməsi layihəsi üzərində zəruri işlər başa çatdırılmışdır. Nazirliyin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinovun bildirdiyinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində nağd pul hesablaşmaların aparıldığı təsərrüfat subyektlərində və obyektlərdə vergi ödəyiciləri tərəfindən nəzarət-kassa aparatlarının quraşdırılması vəzifəsi təsbit olunmuşdur. Bu günə qədər vergi orqanları tərəfindən vergi ödəyicilərinin kağız formada təqdim etdikləri ərizələr əsasında 80 mindən çox nəzarət-kassa aparatının qeydiyyata alınması təmin edilmişdir.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması Qaydaları"na əsasən nəzarət-kassa aparatlarının ölkə ərazisində istifadəsinə onun dövlət reyestrinə daxil edilməsindən sonra icazə verilir. Fəaliyyət növünə görə bu aparatların tətbiqindən azad edilməmiş hər bir vergi ödəyicisi müvafiq qeydiyyat üçün ərizə ilə vergi orqanına müraciət etməlidir.
Yeni layihə barədə məlumat verən Natiq Şirinov nəzarət-kassa aparatlarının qeydiyyat ərizələrinin vergi orqanına elektron formada həm vergi ödəyicisi, həm də servis texniki xidmət mərkəzləri tərəfindən təqdim edilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Bu dəyişikliklərə qədər vergi ödəyicisi qeydiyyat sənədlərində uyğunsuzluq olmadıqda ərizə ilə müraciət etdikdə ən geci 2 gün ərzində qeydiyyata alınırdı. Bundan sonra vergi ödəyicisi qeydiyyat vərəqəsinin alınması və kassa aparatının plomblanması üçün yenidən vergi orqanına gəlməli idi. Nəzarət-kassa aparatının plomblanması isə 3 gün ərzində həyata keçirilirdi.
"Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş"lərə edilmiş yeni dəyişikliklərə əsasən vergi ödəyicisi internet üzərindən nəzarət-kassa aparatının qeydiyyata alınması ilə bağlı ərizə məlumatlarını sistemə daxil edir və proqram tərəfindən avtomatik olaraq onların düzgünlüyü yoxlanılır. Bu halda hər hansı kənarlaşma olduqda vergi ödəyicisinin ekranına müvafiq mesajlar verilir.
Ərizə məlumatlarında kənarlaşmalar olmadıqda kassa aparatı qeydiyyata alınır və Vergilər Nazirliyinin operativ nəzarət həyata keçirən strukturuna məlumat ötürülür. Həmin məlumat əsasında vergi əməkdaşı nəzarət-kassa aparatının quraşdırıldığı ünvana gedərək onu plomblayır. Bundan sonra vergi ödəyicisinin elektron qutusuna avtomatik olaraq qeydiyyat vərəqi göndərilir.
N.Şirinov bildirib ki, yenilik nəticəsində qeydiyyat üçün sərf olunan 2 günlük müddət praktiki olaraq 15-20 dəqiqəyə qədər azalmışdır. Bundan başqa, NKA-nın plomblanması üçün vergi ödəyicisinin vergi orqanına gəlməsinə ehtiyac qalmır, bunu vergi əməkdaşları ödəyicinin ünvanına getməklə həll edirlər.
Nəzarət-kassa aparatlarının qeydiyyat ərizəsinin servis texniki xidmət mərkəzləri tərəfindən təqdim edilməsi isə qeydiyyat prosesinin daha da sadələşməsinə imkan vermişdir. Qeydiyyatla bağlı bütün işləri vergi ödəyicisi ilə müqavilə bağlamış bu qurumlar həyata keçirir. Ümumiyyətlə, elektron qeydiyyat zamanı vergi ödəyicisi vergi orqanına gəlmir, qeydiyyat sənədlərinin düzgünlüyü insan faktoru olmadan sistem tərəfindən yoxlanılır ki, bu da vergi ödəyicisinin vaxta qənaət etməsinə şərait yaradır.
Vergilər Nazirliyi tərəfindən informasiya kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə e-xidmətlərin tətbiqi sahəsində işlər davam etdirilir.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında