Azərbaycanın bank sistemi müstəqillik illərində mühüm inkişaf yolu keçmişdir

Bazar münasibətləri əsasında milli iqtisadiyyat quruculuğunun başlanması ilə ölkədə müstəqil bank sistemi və onun aparıcı həlqəsi olan Mərkəzi Bankın yaradılması zərurəti də mühüm vəzifəyə çevrildi. Onilliklərlə vahid xalq təsərrüfatı kompleksi və mərkəzləşdirilmiş planlaşdırma şəraitində fəaliyyət göstərən Azərbaycan iqtisadiyyatı üçün Mərkəzi Bank institutunun yaradılması ilk illər bir sıra çətinliklərlə bağlı idi. Ölkədə Mərkəzi Bankın fəaliyyəti - iqtisadiyyata idarəedici və tənzimləyici təsirlərin göndərilməsi, qabaqlayıcı siqnalların müəyyənləşdirilməsi və digər bu kimi əsaslı məsələlərin həlli üzrə təcrübə yox idi.
Müstəqilliyin ilk illərində formal olaraq Azərbaycanda iki pilləli bank sisteminə keçid və Mərkəzi Bankın fəaliyyəti keçmiş ittifaq respublikaları tərkibində başlanmışdı. İslahatların birinci mərhələsində, yəni 1987-ci ildə ittifaq hökuməti mövcud bir pilləli bank sistemini - SSRİ Dövlət Bankı və onun müttəfiq respublikalardakı yerli şöbələrini iki pilləli bank sistemi - SSRİ Mərkəzi Bankı və 5 ixtisaslaşmış dövlət kommersiya bankı ilə ( SSRİ Sənaye-İnvestisiya Bankı, Aqrar-Sənaye Bankı, Əmanət Bankı, Xarici-İqtisadi Əlaqələr Bankı və Sosial-Təminat Bankı) əvəzlədi. Bütün müttəfiq respublikalarda mərkəzi bankın nümayəndəliyi və dövlət kommersiya banklarının filial sistemi yaradıldı.
İslahatların ikinci mərhələsində, yəni 1988-1991-cı illərdə ittifaq ərazisində kooperativ və kommersiya bankları şəbəkəsinin yaradılması ilə vahid iqtisadi məkanda iki pilləli bank sistemi quruculuğu başa çatdırıldı. Lakin Mərkəzi Bankın əsas funksiyaları - pul-kredit və emissiya siyasəti, valyuta siyasəti, banklararası hesablaşmaların təşkili, bankların fəaliyyətinin tənzimlənməsi və s. SSRİ Mərkəzi Bankı tərəfindən müəyyənləşdirildiyindən, ittifaq respublikaları, o cümlədən Azərbaycan bu qərarların yalnız icraçısı kimi çıxış edirdi. Azərbaycanda müstəqil bank sistemi quruculuğuna 1991-ci ildə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı və 1992-ci ildə Mərkəzi Bank və kommersiya banklarının fəaliyyətini tənzimləyən qanunverici bazanın yaradılması ilə başlandı. Yarandığı ilk gündən etibarən Azərbaycan Mərkəzi Bankının (əvvəllər Azərbaycan Milli Bankının -AMB) əsas fəaliyyət istiqamətləri müəyyənləşdi.Adı çəkilən bankın fəaliyyət dairəsinə Azərbaycanda iqtisadi artımın, məşğulluğun, idxal və ixracın səviyyələrində müsbət meyllərin formalaşmasına yönəlmiş monetar təsirlərin müəyyənləşdirilməsi - dövriyyədə olan pul kütləsinin səmərəli idarəsi, yaranmış vəziyyətdən asılı olaraq iqtisadiyyatın pul təminatının genişləndirilib sıxılması, faiz dərəcələrinin artırılıb-azaldılması, milli valyutanın digər valyutalara nisbətdə nominal mübadilə məzənnəsinin ucuzlaşdırılıb-bahalaşdırılması, qiymətlərin artım səviyyəsinə (inflyasiyaya) monetar sferanın imkanları çərçivəsində nəzarət və effektiv fəaliyyət göstərən bank sisteminin formalaşdırılması aid edildi. Müstəqillik illərinin bütün dövrlərində AMB-nin göstərilən istiqamətlər üzrə fəaliyyəti ölkədəki iqtisadi vəziyyətlə sıx bağlı olmuşdur. Belə ki, ölkədaxili iqtisadi vəziyyət, iqtisadiyyata olan xarici təsirlər AMB tərəfindən reallaşdırılan monetar siyasətin hədəflərini və əksinə, monetar siyasətin qarşısında duran məqsəd və vəzifələri, ölkədə reallaşdırılan ümumi iqtisadi siyasətə tələbləri və ölkədaxili iqtisadi vəziyyəti müəyyənləşdirib. Bu səbəbdən müxtəlif dövrlərdə AMB-in fəaliyyətinin məqsədləri, istiqamətləri, həll etdiyi məsələlər və onların sosial-iqtisadi nəticələri fərqli olub. Bu illər AMB-in qarşısında duran məsələlər ölkə iqtisadiyyatı üçün fundamental əhəmiyyət daşıyırdı - Azərbaycan manatının dövriyyəyə buraxılması və milli valyutada ölkədaxili hesablaşmaların təşkili, bazar iqtisadiyyatının tələblərinə müvafiq kommersiya bankları şəbəkəsinin yaradılması, fəaliyyət göstərən dövlət və komersiya banklarına effektiv nəzarət mexanizmlərinin qurulması, ölkədə makroiqtisadi vəziyyətin tənzimlənməsi və s. Lakin müstəqilliyin ilk illəri Azərbaycanın siyasi vəziyyətindəki yüksək gərginlik, yaranmış iqtisadi və maliyyə şəraitinin mürəkkəbliyi - ölkədəki iqtisadi tənəzzül, əhalinin sürətlə yoxsullaşması, pozulmuş əmtəə-pul tarazlığı, təsərrüfat və qiymətlərin strukturundakı deformasiyalar, müəssisələrin ənənəvi əlaqələrinin pozulması, ölkənin praktiki əhəmiyyətli qızıl-valyuta ehtiyatlarına malik olmaması və s. AMB qarşısında duran məsələlərin həllini çətinləşdirirdi. Bundan başqa, yeni formalaşmış idarəetmə strukturundakı qüsurlar, məsələn, AMB-in faktiki olaraq Nazirlər Kabineti tərkibində fəaliyyəti və ölkə hökumətinin dövlət büdcəsi üzrə kəsiri Mərkəzi Bankın emissiyası hesabına maliyyələşdirmə imkanları, dövlət sektoruna və dövlət vəsaitlərinə zəif nəzarət şəraitində ixtisaslaşdırılmış dövlət komersiya banklarının (Sənaye-İnvestisiya, Aqrar-Sənaye, Əmanət və Beynəlxalq bankların) aktiv əməliyyatlar üzrə imkanlarının genişlənməsi, bank sektorunda bazar iqtisadiyyatının tələblərinə adekvat idarəedici və tənzimləyici qərarları formalaşdıra bilən mütəxəssislərin azlığı və s. vəziyyəti daha da mürəkkəbləşdirirdi.
1992-1994-cü illərdə AMB qarşısında duran məsələlərin bir qismi, əsasən, öz həllini tapdı. Belə ki, 1992-ci ilin ortalarından Azərbaycan manatı, rublla paralel olaraq, dövriyyəyə buraxıldı və ölkə Prezidentinin fərmanı ilə 1 yanvar 1994-cü il tarixindən ölkə ərazisində yeganə ödəniş vasitəsinə çevrildi. İqtisadiyyatda sayı sürətlə artan kiçik müəssisələr və özəl şirkətlərin bank xidmətlərinə olan tələblərinin ödənilməsi üçün qısa müddət ərzində AMB-in xüsusi lisenziyaları üzrə Azərbaycanda özəl kommersiya banklarının sayı sürətlə artırıldı (1994-cü il bank sektorunda kommersiya banklarının sayı artıq 230-dan çox idi). Azərbaycan manatı ilə respublikadaxili hesablaşmaların aparılması, kreditləşdirmə və digər bank xidmətlərinin göstərilməsi, kommersiya banklarının fəaliyyətinə nəzarət və tənzimləmə mexanizmləri quruldu və s. Lakin yeni yaradılmış AMB-də ilk illərin təcrübəsizliyi, monetar siyasətin formalaşması, dövlət və özəl kommersiya banklarının fəaliyyətinə nəzarətdəki ciddi qüsurlar ölkədə makroiqtisadi stabilliyin, pul dövriyyəsi və maliyyə sabitliyinin əsaslı surətdə itirilməsi ilə nəticələndi.
Bu illər ərzində makroiqtisadi vəziyyətin müəyyənləşdiricisi və monetar siyasətin hədəfləri olan inflyasiya, manatın nominal mübadilə məzənnəsi və faiz dərəcələri üzrə kəskin neqativ meyillər müəyyənləşdi.Inflyasiya 1992-94-cü illər ərzində hər il sürətlənərək 1994-cü ildə ən yüksək həddə, 1763 faiz səviyyəsinə çatdı. Bu, keçmiş ittifaq respublikaları arasında müşahidə olunmuş ən yüksək inflyasiya səviyyəsi idi.
İqtisadiyyatda qiymətlərin bu cür sürətli artımını iki əsas amil, birincisi, ittifaq dövründən miras qalmış əsas disproporsiyanın- pozulmuş əmtəə-pul tarazlığı, defisit probleminin həlli üçün, eyni zamanda, qiymətlərin və xarici ticarətin liberallaşdırması, ikincisi, ölkədə reallaşdırılan "yumşaq" büdcə və pul-kredit siyasətləri müəyyənləşdirirdi. Belə ki, bir tərəfdən, Mərkəzi Bankın dövlət və sayı sürətlə artan özəl kommersiya banklarının kreditləşdirməsini genişləndirməsi, digər tərəfdən, kommersiya banklarının öz növbəsində iqtisadiyyatın kreditləşdirilməsini genişləndirməsi ÜDM-ə nisbətdə kreditlərin səviyyəsini 55-60 faizə kimi yüksəltdi. 1993-94-cü illər ərzində milli valyutada dövriyyədə olan pul kütləsinin (əhalinin əlində olan nağd və bank hesablarında olan bütün növ nağdsız pul vəsaitlərinin) 113 dəfə artması ilə iqtisadiyyatda, bir tərəfdən, maliyyə möhtəkirliyi, digər tərəfdən isə inflyasiya və milli valyutanın alıcılıq qabiliyyətinin sürətlə itirilməsi meyilləri gücləndi.
Vəziyyətin stabilləşdirilməsi və AMB-in yaranmış vəziyyətə nəzarətinin bərpa olunması üçün, ilk növbədə, monetar sistemin idarə olunması strukturunda və istifadə olunan tənzimləmə mexanizmlərində əsaslı təkmilləşdirmələrin aparılması tələb olunurdu. Azərbaycanda beynəlxalq maliyyə qurumları, ilk növbədə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə əldə edilmiş razılıqlar və bu qurumlar tərəfindən təqdim olunan kreditlər əsasında islahatlar dövrü başlandı. Maliyyə sektoru üzrə aparılacaq islahatlarda iki əsas istiqamət müəyyənləşdi. Bu istiqamətlər, birincisi, makroiqtisadi stabilləşdirmə, maliyyə sabitliyinin formalaşdırılması və bu məqsədlə monetar sferada sərt tənzimlənmə mexanizmlərinin tətbiqi, ikincisi isə, bank sektorunda sağlamlaşdırma və struktur islahatlarının reallaşdırılmasından ibarət idi.
Makroiqtisadi siyasətin əsas hədəfləri qismində - dövriyyədə olan pul kütləsinin artım sürəti və büdcə kəsiri səviyyəsinin azaldılması, bu kəsirin inflyasiya yaratmayan amillər (daxili borclanmalar) hesabına maliyyələşdirilməsi, inflyasiyanın minimum səviyyəsinin və milli valyutanın nominal mübadilə məzənnəsinin dayanıqlığının təmin olunması, iqtisadiyyatda faiz dərəcələrinin azaldılması və s. çıxış edirdi. İslahatlar proqramı nəticəsində Azərbaycan qanunvericiliyində AMB-in müstəqilliyinin təmin edilməsi və onun ölkə hökumətindən asılılığının aradan qaldırılmasına, dövlət büdcəsi kəsrinin Mərkəzi Bankın kreditləri hesabına maliyyələşdirilməsinin qanunvericiliklə qadağan olunması, dövlət maliyyəsinin idarəsində xəzinədarlıq sisteminin yaradılması reallaşdırıldı. Həmçinin ölkədə neft sazişləri üzrə daxil olmuş bonuslar və beynəlxalq maliyyə qurumları tərəfindən verilmiş kreditlər hesabına zəruri qızıl-valyuta ehtiyatlarının formalaşdırılması, onların idarə olunmasının AMB-ə həvalə olunması, valyuta ticarətinin sərbəstləşdirilməsi, AMB-in rəhbərliyi və bilavasitə iştirakı ilə mütəşəkkil valyuta bazarı-Bakı Banklararası Valyuta Birjasının (BBVB) təsis olunması və sonrakı illərdə bazarın ayrı-ayrı seqmentlərinin sürətli inkişafı, manatın cari əməliyyatlar üzrə dönərliyinin təmin edilməsi, hüquqi və fiziki şəxslər üçün valyuta əməliyyatları rejiminin müəyyənləşdirilməsi, pul-kredit, valyuta siyasətlərinin formalaşdırılması mexanizmləri və istifadə olunan pul-kredit rejiminin təkmilləşdirilməsi, mübadilə məzənnəsi kanalının dövriyyədəki pul kütləsi səviyyəsinin tənzimlənməsinin əsas alətlərindən birinə çevrilməsi və s. qısa zaman kəsiyi ərzində iqtisadiyyatda əsaslı dəyişikliklərə imkan verdi.
Dövlət banklarının ardıcıl sağlamlaşdırılması və restrukturizasiyası nəticəsində böyük həcmdə qaytarılmamış kreditlərə malik olan 3 dövlət kommersiya bankının - Sənaye-investisiya, Aqrar-sənaye və Əmanət banklarının sağlam aktivləri əsasında yeni Birləşmiş Universal Səhmdar Bankı (sonrakı illərdə "Kapital Bank"ASC) və vaxtı ötmüş kreditlərin qaytarılması üzrə xüsusi "Aqrarkredit" bank olmayan kredit təşkilatı formalaşdı. Bununla da sonradan özəlləşdiriləcək və dövlətin nəzarətində qalan sağlam aktivli yeni kommersiya bankı yaradıldı. Özəl kommersiya banklarının dayanıqlığı və stabilliyinin artırılmasına, dayanıqsız və qeyri-stabil bankların bazardan çıxarılması məqsədi ilə onların fəaliyyətinə olan tələblər artırıldı. Kommersiya banklarına mərkəzləşdirilmiş kredit resurslarının verilməsi prosedurlarının bazar tələblərinə uyğunlaşdırılması nəticəsində mərkəzləşdirilmiş kredit resurslarının əldə olunması imkanları sərtləşdirildi, bu reserslara olan süni (möhtəkir) təlabatın qarşısı alındı. Görülmüş tədbirlər zəif və dayanıqsız kommersiya banklarının fəaliyyətini əsaslı surətdə məhdudlaşdırdı və iqtisadiyyatda onların sayı azalaraq 1999-cu ildə 70-ə çatdı. Bundan başqa, ölkədə nağd valyuta əməliyyatları üzrə mövcud olmuş "qara bazar" ləğv olundu, banklarda "nağdlaşdırma" üzrə əməliyyatların qarşısı alındı, kredit əməliyyatları üzrə geniş tətbiq olunan "rəsmi" və "qeyri-rəsmi" faiz dərəcəsi bölgüləri aradan qaldırıldı, əhalinin banklara itirilmiş inamı tədricən bərpa edildi. Bu illər AMB ölkə iqtisadiyyatına əlavə maliyyə vəsaitlərinin cəlb olunması və bank sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniya,Yaponiya, Küveyt və digər ölkələrin nüfuzlu maliyyə təşkilatları ilə beynəlxalq əlaqələrini sürətlə genişləndirdi. Bu əlaqələr nəticəsində Azərbancan bank sisteminə texniki yardımların, iqtisadiyyata daxil olan birbaşa və portfel investisiyaların həcmi əsaslı surətdə artdı. Lakin makroiqtisadi sabitlik və struktur islahatları illərində iqtisadiyyatda bir sıra neqativ meyillər də formalaşmağa başladı. Bu meyllərin əsasında isə 1998-1999-cu illərdə Cənubi-Şərqi Asiyada başlamış və dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycana qonşu Rusiya Federasiyası və Türkiyədə davam edən maliyyə böhranları dururdu. Dünya bazarlarında neftin qiymətinin sürətlə azalması (Azeri Light markalı 1 barrel Azərbaycan nefti - 12 ABŞ dolları), ölkədə dövlət büdcəsi və mərkəzi bankın qızıl-valyuta ehtiyatlarının formalaşmasında problemlər yaratdı. 1998-1999-cu illər ərzində Azərbaycanda sürətli deflyasiya və manatın ABŞ dollarına nisbətdə nominal mübadilə məzənnəsinin möhkəmlənməsi müşahidə olundu. İlk dəfə olaraq manatın real effektiv mübadilə məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmləndi.Dövriyyədə olan pul kütləsi və pul ilə təminat səviyyələri kəskin olaraq azaldı və iqtisadiyyatda yeni fenomen - "pul aclığı" müşahidə olunmağa başladı.
Bütün bu meyllər Azərbaycanda iqtisadi artıma, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə mənfi təsir göstərir, yeni özəlləşdirilmiş istehsal sahələri-yüngül və yeyinti sənaye sahələri, kənd təsərrüfatı və ümumilikdə ticari mallar istehsalı üzrə "ölkədaxili bazar qiymətləri" problemini kəskinləşdirirdi.Yaranmış problemin monetar sferada həlli isə AMB və Azərbaycan hökuməti ilə BVF arasında sərtləşdirilmiş kreditlət üzrə yeni razılıqların əldə olunmasını, reallaşdırılan sərt makroiqtisadi tənzimləmə siyasətinin yumşaldılmasını tələb edirdi. 2000-ci ilin əvvəllərindən etibarən AMB-in fəaliyyəti ölkədə makroiqtisadi şəraitin təkmilləşdirilməsinə, bank sistemində keyfiyyət dəyişikliyinə və beynəlxalq standartlara müvafiq bank sektorunun formalaşması üzrə tədbirlərin reallaşdırılmasına istiqamətləndi.
(ardı var)

{nl}

Ağakərim HACIYEV, AMEA İqtisadiyyat İnstitutunun Makroiqtisadi inkişaf və iqtisadi artım şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında