Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
Tarif (qiymət) Şurasının Katibliyindən bildirmişlər ki, iclasda aidiyyəti qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, metro ilə sərnişindaşıma xidmətlərinin, soba mazutunun, Dövlət Radiotezliklər İdarəsi, Xüsusi Dövlət Mühafizə Xidməti və İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Eyni zamanda, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətləri üzrə 2011-ci il yanvarın 31-də müəyyən edilmiş tariflərin qurumun maliyyə-təsərrüfat fəaliyyətinə təsiri, görülən işlər və nəticələrinə dair hesabat dinlənilmişdir. Məlumat verilmişdir ki, dəmir yolu nəqliyyatının modernləşdirilməsi çərçivəsində istismara müasir tipli vaqonlar buraxılmış, elektron bilet satışının tətbiqinə başlanmışdır. Xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Tarif (qiymət) Şurasının iclasında bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kubmetr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri 1 kubmetr üçün 1,2 manat səviyyəsində təsdiq edilmişdir. Şuranın müvafiq qərarı ilə bu sahədə istehlakçılara xidmətlərin müqavilə əsasında göstərilməsi tapşırılmışdır.
Yeni tariflərin tətbiqi bərk məişət tullantılarının idarə edilməsi sahəsində xidmət sahəsinin genişləndirilməsi, tullantıların yığılması və daşınması üçün konteynerlərin sayının və həcminin artırılması, əlavə xüsusi nəqliyyat vasitələrinin və mexanizmlərin alınmasına şərait yaradacaqdır.
Tarif (qiymət) Şurasının iclasında "Azəristiliktəchizat" ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətlərinin tarifləri də müəyyənləşdirilmişdir. Belə ki, isti su tarifləri əhali qrupu üzrə 1 kubmetr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kubmetr üçün 1,5 manat səviyyəsində təsdiq edilmişdir. Sayğac quraşdırılmamış mənzillərdə isə 1 nəfər üçün isti su sərfiyyatının aylıq norması 2 kubmetr səviyyəsində müəyyən olunmuşdur.
Bundan başqa, Tarif (qiymət) Şurasının qərarı ilə isitmə xidməti tarifləri 1 kvadratmetr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kubmetr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilmişdir. Tariflərin isidilən həcmə və istilik enerjisinə görə müəyyənləşdirilməsi bu sahədə nəzarət-ölçmə işlərinin daha dəqiq aparılmasına və sayğaclaşmanın stimullaşdırılmasına xidmət edəcəkdir.
Bununla yanaşı, Şuranın qərarında sayğac quraşdırılmadığı hallarda istehlakçılarla hesablaşmaların istilik mövsümünün başlanması və başa çatması tarixləri xidmət göstərən subyekt tərəfindən Tarif (qiymət) Şurasına əvvəlcədən bildirilməklə, həmin tarixlərə uyğun olaraq istiliklə təmin edilən faktiki günlərin sayına görə aparılması və xidmətlərin müqavilə əsasında həyata keçirilməsi də əksini tapmışdır.
Hazırda əhali üzrə isti su təchizatı xidmətləri təqribən 1500 ailəni əhatə edir və "Azəristiliktəchizat" ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətləri üzrə gəlirlərin yalnız 10 faizi əhali qrupu üzrə formalaşır. Bu baxımdan, tariflərin müəyyənləşdirilməsi "Azəristiliktəchizat" ASC-nin rentabelli fəaliyyətini təmin edəcək səviyyədə olmasa da, xidmətin davamlılığının və keyfiyyətinin artırılması ilə bağlı bir sıra zəruri işlərin görülməsinə imkan yaradacaqdır.
İclasda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılmışdır. Məlum olduğu kimi, Bakı şəhərində sərnişindaşıma sisteminin təkmilləşdirilməsi və nəqliyyatın hərəkət gərginliyinin azaldılması məqsədi ilə Bakı Metropolitenin Perspektiv İnkişaf Planı hazırlanmışdır. Planda 2030-cu ilədək metro stansiyalarının sayının və xətlərin uzunluğunun artırılması nəzərdə tutulur. Bu çərçivədə son illərdə Metropolitenin vaqon parkının yenilənməsi, yeni stansiyaların istismara verilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Bununla əlaqədar olaraq, metro ilə sərnişindaşıma xərclərinin artmasına və 1 sərnişinin birdəfəlik gediş xərcinin mövcud tarifdən bir neçə dəfə yüksək olmasına baxmayaraq, sosial məqsədlərə uyğun ucuz tarif siyasəti prioritet hesab edilərək, metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınmışdır.
Yeni tariflər bir sıra MDB ölkələri və qonşu dövlətlərin uyğun tarifləri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, metro ilə sərnişindaşıma tarifi Moskvada 71 qəpik, Sankt-Peterburqda 63 qəpik, Kazanda 38 qəpik, İstanbulda 74 qəpik, Kiyev və Tbilisidə 20 qəpik və s. təşkil edir.
Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən göstərilən radiotezliklərin ayrılması, qeydiyyatı və istismarı sahəsində xidmətlərin tarifləri ölkə ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri üçün 12 dəfə endirilmişdir.
İclasda, həmçinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet xidmətlərinin tariflərinə də baxılmışdır. Belə ki, ölkədə internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və tariflərin aşağı salınması tədbirlərinin davamı olaraq, Xidmət tərəfindən təqdim edilən mövcud internet tarifləri orta hesabla 7,1 dəfə azaldılmışdır.
Tarif (qiymət) Şurasının iclasında, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosunun mövcud ekspertiza xidmətlərinin tarifləri orta hesabla 5 faiz aşağı salınmış, yeni xidmətlər üçün tariflər təsdiq edilmişdir.
İclasda, həmçinin soba mazutu ilə müqayisədə təbii qazdan istifadənin ekoloji cəhətdən daha səmərəli olduğu nəzərə alınaraq, soba mazutunun ölkədaxili topdansatış qiymətinə baxılması barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciəti müzakirə olunmuş və soba mazutunun topdansatış qiyməti təchizat xərcləri, əlavə dəyər və aksiz vergiləri də daxil olmaqla, bir ton üçün 140 manat səviyyəsində müəyyən edilmişdir.
Yeni tariflər 2011-ci il dekabrın 1-dən qüvvəyə minəcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında