Müstəqillik illərində Azərbaycanda maliyyə sektorunun inkişafı

(əvvəli qəzetimizin 24, 25 noyabr 2011-ci tarixli saylarında)

{nl}

Ölkədə inkişaf etməkdə olan maliyyə bazarının tələblərinə və yaranmış əlverişli makroiqtisadi vəziyyətə uyğun olaraq Mərkəzi Bank pul alətlərinin müxtəlif çeşidinə və onların çevik tətbiqinə daha çox fikir verməkdədir. Qərb standartlarına uyğun olaraq Milli Bank klassik tənzimləmə metodlarının tətbiqinin genişlənməsinə, xüsusən də açıq bazarda əməliyyatların aparılmasına diqqəti artırmaqdadır. Bu məqsədlə maliyyə bazarının, onun kredit və qiymətli kağızlar bazarı kimi seqmentlərinin inkişafı təşviq edilir. Həmin sahədə tətbiq edilən alətlərin -- mütəşəkkil kredit bazarı, REPO, əks-REPO əməliyyatları və s. daha da genişlənməkdədir. Yüksək inkişaf etmiş valyuta bazarında "forward" və "svop" kimi yeni əməliyyatların aparılmasını nəzərdə tutulmuşdur.
Mərkəzi Bankın pul-kredit tənzimləmə alətlərinin üstün imkanlara malik olmasına baxmayaraq, ölkədə qiymətli kağızlar bazarının zəif inkişaf etməsi onun təsir səmərəsini azaldır. Ölkədə qiymətli kağızlar bazarı ancaq 2000-ci ilin sentyabr ayından fəaliyyətə başlamışdır və indinin özündə də təşəkkül mərhələsindədir. Buna uyğun olaraq Mərkəzi Bank bazar şərtləri əsasında kommersiya banklarının yenidən maliyyələşdirmə sistemini tətbiq etməyə başladı. Belə ki, kreditlərin böyük hissəsi kredit bazarı vasitəsilə verildiyindən, qiymətli kağızlar bazarının inkişaf etməsi sayəsində lombard və overnayt kreditlərinin də əhəmiyyəti artmaqdadır. Hazırda ölkənin iqtisadi inkişaf vəziyyətinə uyğun olaraq Milli Bank tənzimləmə alətlərində düzəlişlər aparır.
Son 10 ildə valyuta məzənnəsinin iqtisadi cəhətdən əsaslandırılmış dinamikası təmin edilmişdir. 2000-2002-ci illərdə manatın ABŞ dollarına nəzərən məzənnəsi müvafiq olaraq ilin əvvəlinə nisbətən cəmi 4,4 faiz və 4,6 faiz devalvasiyaya uğramışdı. Halbuki, 1999-cu ildə devalvasiya tempi 12,4 faiz olmuşdu. Bütövlükdə 2010-cu ildə manatın xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 4,2 faiz, real effektiv məzənnəsi isə 15,3 faiz artmışdır.
Son illərdə inflyasiyanın səviyyəsi və manatın xarici dönərli valyutalara nəzərən məzənnəsinə qoyulan tələblər pul parametrlərinin həcminə ciddi riayət olunması hesabına əldə olunmuşdur. İl ərzində pul bazasının (ehtiyat pulların) əsaslı artımı davam etmişdir. Pul bazasının artımına əsasən xalis beynəlxalq ehtiyatların artımı hesabına nail olunmuşdur.
Azərbaycan Respublikasında iqtisadi islahatların başlanğıcı sayılan 1996-cı ilin əvvəllərində qiymətqoymada, xarici iqtisadi fəaliyyətdə və maliyyə sektorunda liberallaşdırmaya gedilməsi qiymətlərin sıçrayışla yüksəlməsinə səbəb olmuş və dövriyyədə olan pul kütləsini tənzimləmək və bu yolla qiymət sıçrayışlarının qarşısını almaq üçün dövlət pul-kredit mexanizmlərindən daha aktiv istifadə edilməsinə üstünlük verməyə məcbur olmuşdu. Lakin bu tədbirlər sayəsində əldə olunan maliyyə sabitliyi uzun müddətə dayanıqlı olmadığından, iqtisadiyyatın real sektorunun inkişafı ləngiməyə başlayır, dövriyyədə olan pul kütləsi azaldığından daxili investisiyalara, xüsusən istehsal sahəsinə yönəldilən investisiyalara məhdudiyyətlər yaranmağa başladı. İlk vaxtlarda əsas makroiqtisadi göstəricilərdə irəliləyişlər nəzərə çarpsa da, islahatların sonrakı mərhələsində iqtisadiyyatın əsas inkişaf göstəricisi olan ÜDM-lə dövriyyədə olan pul kütləsinin artım tempi arasında kəskin fərqlər yarandı. Məhz 1996-cı ildən bəri Milli Bankın apardığı pul-kredit siyasətində başlıca tədbir pul emissiyasının məhdudlaşdırılmasından ibarət olmuşdu və ÜDM-in kifayət qədər yüksək artım tempinin pulla təminatı xeyli aşağı idi. 2001, 2005 və 2009-cu illər istisna olmaqla, pul kütləsinin artım tempi ÜDM-in artım tempindən yüksək olmuşdu. Eyni zamanda, pul kütləsinin artımı bütün illər üzrə qiymət (inflyasiya) artımını qabaqlamışdı və 2006-2007-ci illərdə bu qabaqlama daha yüksək rəqəmlə ifadə olunmuşdu. Bu, iqtisadi artımda maliyyə sabitliyinə xələl gətirmədən iqtisadiyyatın pulla təminatının daha da yaxşılaşması üçün müvafiq monetar zəminin yaradıldığına dəlalət edir.
Azərbaycanda aparılan pul-kredit siyasətinə təsir edən ən ciddi amillərdən biri dövriyyədə pul kütləsində nağd vəsaitlərlə nağdsız vəsaitlərin nisbətidir. 1995-ci ildən bəri dövriyyədə olan pul kütləsinin strukturunun təhlili göstərir ki, ötən illər ərzində bir qayda olaraq nağd vəsaitlər üstünlük təşkil etmişdir və bu üstünlük artan templə inkişaf etməkdədir. Məsələn, 1995-ci ildə pul kütləsində nağd vəsaitlərin (M0) nağdsız vəsaitlərə nisbəti - faizlə 65,1:34,9; 2000-ci ildə 85,6:14,4; 2005-ci ildə 87,1:12,9; 2010-cu ildə isə 81,2:18,8. Təbii ki, dövriyyədə olan pul kütləsinin belə strukturunu heç cür qənaətbəxş saymaq olmaz. Belə ki, inkişaf etmiş ölkələrdə nağd pul ən çoxu 20-30 faiz təşkil edir.
Nağd pul dövriyyəsinin yaxşılaşdırılması da davam etmişdir. Manatla qeyri-nağd pul kütləsi əsasən müddətli əmanət və depozitlərin hesabına artmışdır. 1999-2003-cü illər ərzində müddətli əmanət və depozitlər 1,8 dəfə, 2003-2010-cu illər ərzində isə 85 dəfəyə yaxın artmışdır ki, bu da milli valyutaya və eləcə də milli bank sisteminə etimadın tədricən artmasını göstərir. Son vaxtlar bank sisteminin yenidən qurulması və bank infrastrukturunun, xüsusən də ödəniş sisteminin təkmilləşdirilməsi, habelə maliyyə bazarlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərin pul kütləsinin genişlənməsinə şərait yaradacağına inamı artırır.
2010-cu ildə nağd pul kütləsi 5455,8 milyon manat təşkil etmiş və 1995-cu illə müqayisədə 45 dəfədən çox artmışdır. Bu müddət ərzində manatla geniş pul kütləsi (M2) 43 dəfə, xarici valyuta da daxil olmaqla geniş pul kütləsi (M3) 40 dəfə artmışdır. 1995-2010-cu illər ərzində M1 və M2-nin dövretmə sürəti artımla olmuş, müvafiq olaraq: 1995-ci ildə 11, 2010-cu ildə isə 6,2 və 5,0 dəfəyə yüksəlmişdir.
Geniş pul kütləsinin strukturunun təhlili göstərir ki, Azərbaycan iqtisadiyyatında dolların rolu kifayət qədər güclüdür. Azərbaycanda dollarlaşma səviyyəsi 1995-ci ildəki 26,3 faizdən 1997-ci ildə 24,6 faizə ensə də, 1998-ci ildən başlayaraq yenidən artmağa başlamış (28,9 faiz), 2000-ci ildə 36,1; 2005-ci ildə 56,7; 2006-cı ildə 37,9 faiz; 2007-ci ildə 25,4 faiz; 2008-ci ildə 28,4; 2009-cu ildə 27,2; 2010-cu ildə isə 21,2 faiz olmuşdur. Görünür, son illərdə Azərbaycan iqtisadiyyatına, xüsusən neft sektoruna dollar şəklində xarici investisiya qoyuluşlarının artması, həmçinin yuxarıda göstərildiyi kimi əhalinin əksəriyyətinin yığım vasitəsi kimi xarici valyutaya (ən çox ABŞ dollarına) üstünlük verməkdə davam edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, dövriyyədə olan dolların payının artması təkcə əhalinin manata inamının azalması ilə bağlı deyildir. Doğrudan da, Azərbaycan hökumətinin son illərdə inflyasiya və valyuta məzənnəsini nəzarət altına alması manata olan inamı gücləndirməkdə davam edir. Həm də onu nəzərə almaq lazımdır ki, dollarlaşma prosesinin çox qabarıq üzə çıxmasının bir səbəbi də ölkəyə dollar şəklində investisiya axınının artması, digər tərəfdən dövriyyədə olan manatın kütləsinin bir qədər azalmasıdır.
Xarici dövlət borcu - Böhran dövrünə təsadüf edən 2008-2010-cu illər ərzində Azərbaycanın xarici dövlət borcunun həcmi 46,2 faiz artaraq 3857,3 milyard ABŞ dolları (2011-cı il 01 yanvar vəziyyətinə), adambaşına düşən xarici borc 428,6 ABŞ dolları, xarici borcun ÜDM-də xüsusi çəkisi 32,8 faiz təşkil edir. Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin 90 faizdən artığı investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı olmuşdur.
Azərbaycan Respublikasının xarici borcunun makroiqtisadi təhlili göstərir ki, respublikanın imzalanmış sazişlər üzrə xarici borclarının ÜDM-ə nisbətinin ən yüksək həddi 1999-cu ildə olsa da (50,3 faiz), sonrakı illərdə nisbətən azalaraq 2006-cı ildə 22,8 faiz, 2010-cu ildə isə 32,8 faiz təşkil etmişdir.
Azərbaycanın cəlb etdiyi xarici borc vəsaitlərini faiz dərəcələrinin səviyyəsinə görə qənaətbəxş hesab etmək olar. Belə ki, uzun və orta müddətli kreditlər üzrə orta faiz dərəcəsi 2,9 faiz təşkil edir. Uzun və orta müddətli kreditlər üzrə orta ödəniş müddəti 22 ildir. Cəlb edilmiş xarici vəsaitlərin böyük əksəriyyətinin (74 faizə qədəri) uzunmüddətli olduğu nəzərə alınsa, onlara görə ödənilən haqqın da nisbətən ucuz olmasını təsdiq etmək olar.
Azərbaycanda dövlət borclarının tərkibində investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlər üstün paya malikdir. Az miqdarda daxili dövlət borclarını çıxmaq şərti ilə bu istiqamətə yönəldilən vəsaitlərin demək olar ki, hamısı xarici dövlət borclarının payına düşür. Azərbaycanda xarici mənbələrdən cəlb edilən investisiya kreditlərinin yönəldiyi sahələr içərisində energetika sektoru üstün mövqe tutur.
Azərbaycanın valyuta ehtiyatları 2009-cu ildə 1995-ci ilə nisbətən 120 dəfə, 2000-ci ilə nisbətən 43,5 dəfə, 2005-ci ilə nisbətən isə 16,6 dəfə artaraq 30 milyard ABŞ dollarına çatmışdır. Halbuki respublikanın valyuta ehtiyatlarının xarici borca nisbəti 1997-ci ildə ən yüksək rəqəmlə - 111,8 faiz xarakterizə olunurdu. Hazırda xarici borcla müqayisədə valyuta ehtiyatları təxminən 7,8 dəfə çoxdur və bu onu göstərir ki, xarici borcun qaytarılması məsələsində yaxın vaxtlarda ölkəmizin heç bir problemi olmayacağını göstərir.
Demək olar ki, neft kontraktının reallaşmasından bəri bütün illər üzrə xarici borc məbləği valyuta ehtiyatlarından xeyli artıq olmuşdur. Valyuta ehtiyatlarının və xarici borcun artım dinamikası göstərir ki, Azərbaycanın xarici borclarının səviyyəsi normaldır və gələcəkdə ölkəmizin ən zəruri strateji layihələri reallaşdırmaq üçün xarici borclanmaya gedə bilər.
Dövlət Neft Fondu - 1994-cü ildə "Əsrin muqaviləsi"nin imzalanması ilə Azərbaycanda Milli neft strategiyasının reallaşdırılmasının əsası qoyulub və Azərbaycan Respublikasında həyata keçirilən neft strategiyası çərçivəsində xarici sərmayəçilərlə ölkəmizin neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan bir sıra sazişlər imzalanmışdır. Bu sazişlərin həyata keçirilməsi əldə edilən neft gəlirlərinin səmərəli istifadəsi məsələsini gündəmə gətirmiş və bunu reallaşdıracaq müvafiq mexanizmin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Dövlət Neft Fondu təsis edilmişdir.
Neft-qaz strategiyası çərçivəsində müəyyən edilən vəzifələrin həyata keçirilməsi sayəsində Azərbaycanın neft sektoruna indiyədək 60 milyard ABŞ dollarından artıq xarici investisiya cəlb edilib, neft və qazın dünya bazarlarına nəqli üzrə çoxvektorlu nəqliyyat infrastrukturu yaradılıb, eyni zamanda neft və qazın satışından əldə edilən gəlirlərin saxlanılması və səmərəli idarə edilməsi mexanizmi formalaşdırılıb.
Neft Fondunun fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və fondun öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması və səmərəli idarə edilməsi vasitəsi ilə ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmişdir:
- birincisi, böyük həcmdə daxil olan xarici valyuta gəlirləri şəraitində ölkədə makroiqtisadi sabitliyin qorunması və maliyyə-vergi intizamının təmin edilməsi, eyni zamanda, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;
- ikincisi, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanması;
- və nəhayət, üçüncüsü, ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm ümummilli layihələrin maliyyələşdirilməsi.
2011-ci ildə Fondun gəlirləri 11416,1 milyon ABŞ dolları, xərcləri 8607,8 milyon ABŞ dolları, aktivləri isə 25 796,9 milyon ABŞ dolları təşkil etmişdir. İlk dəfə olaraq 2010-cu ildə aktivlərin idarə edilməsindən əldə edilən mənfəət 1 milyard ABŞ dollarından artıq olub. Proqnozlara əsasən, neftin qiymətinin 1 barrel üçün 80 ABŞ dolları olması halında ARDNF-in aktivləri 2011-ci ilin sonunda 30 milyard ABŞ dollarına çatacaq.
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dolları; 40 faizi AVRO; 5 faizi İngiltərə funt sterlinqi; digər 5 faizi isə dünya bazarlarındakı vəziyyətdən asılı olaraq digər valyutalarda ifadə olunan aktivlərdə yerləşdirilmişdir. 2010-cu ildə dollar, avro və funt-sterlinqin məzənnəsinin manata nisbətdə enməsi ilə əlaqədar fondun büdcədənkənar xərcləri təqribən 502 milyon manat təşkil edib.
Hazırda ARDNF tərəfdaş qismində dünyanın əksər aparıcı investisiya bankları ilə əməkdaşlıq edir. Həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə institutları ilə yüksək səviyyəli əməkdaşlıq qurulub.
2001-ci ildə Neft Fondunda cəmi 271 milyon dollar toplandığı halda, 2011-ci ilin yanvarın 1-ə fondun vəsaitləri təxminən 84 dəfə artmışdır. Son 10 il ərzində infrastruktur və sosial layihələrə təxminən 2,6 milyard dollar sərf edilib, dövlət büdcəsinə isə 20 milyard dollara yaxın vəsait köçürülüb. Öz növbəsində, dövlət büdcəsi vasitəsilə bu vəsaitlər dövlət proqramlarının icrasına, qeyri-neft iqtisadiyyatının inkişafı və stimullaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilib. İndi əminliklə demək olar ki, Azərbaycanda neft gəlirlərinin yığımı üzrə vəzifələr uğurla yerinə yetirilir, bununla yanaşı, bu gəlirlərin məqsədyönlü istifadəsi neft-qaz sektorunu ölkənin iqtisadi inkişafının lokomotivinə çevrilməsinə imkan verir.
Neft strategiyasının reallaşdırılmasında Neft Fondunun qarşısına neft gəlirlərinin gələcək nəsillər üçün toplanması, makroiqtisadi sabitliyin saxlanılması (neft gəlirlərinin kütləvi axını şəraitində xarici valyutanın mənfi təsirinin neytrallaşdırılması), valyuta vəsaitlərinin idarə edilməsindən əlavə gəlirlərin əldə edilməsi və nəhayət, ölkənin cari tələbatlarını nəzərə alaraq gəlirlərin bir hissəsinin indiki nəslin ehtiyacları üçün istifadə edilməsi kimi vəzifələr qoyulmuşdur.
Qiymətli kağızlar bazarı - Azərbaycanda yeni yaranan iqtisadi sferalardan biri də - maliyyə bazarının ən vacib ünsürü hesab olunan qiymətli kağızlar bazarıdır. Respublikamızda sivil qiymətli kağızlar bazarının fəaliyyət göstərməsi, ölkə iqtisadiyyatının inkişafının əsas amillərindən biridir. Tədavülə qısamüddətli dövlət istiqrazları, dövlət özəlləşdirmə payları (çekləri), dövlət özəlləşdirmə opsionları, səhmdar cəmiyyətlərinin səhmləri, kredit təşkilatlarının depozit sertifikatları və veksellər və digər qiymətli kağız növləri buraxılmışdır. Bütün bunlar isə, Azərbaycan Respublikasında mütəşəkkil qiymətli kağızlar bazarının formalaşdırılmasına və inkişafına təkan vermişdir.
Azərbaycan qiymətli kağızlar bazarının yaranması və inkişaf etdirilməsi, sosial-iqtisadi problemlərin həllinə və yerli bazarın beynəlxalq maliyyə bazarları sisteminə inteqrasiyasına yönəldilmişdir. Ümumiyyətlə, dövlətin qarşılaşdığı vəsaitlərin qıtlığını daha səmərəli yolla aradan qaldırılmasına şərait yaradan dövlət qiymətli kağızları eyni zamanda, maliyyə vasitəçilərinə, eləcə də digər iqtisadi subyektlərə öz aktivlərini daha etibarlı və yüksək likvidli vasitələrdə yatırmağa imkanlar açır. Bununla yanaşı, dövlət qiymətli kağızları Milli Bankın həyata keçirdiyi pul-kredit siyasətinin tərkib hissəsidir.
Respublikada "Qiymətli kağızlar və fond birjaları haqqında" ilk Qanun 24 noyabr 1992-ci ildə qəbul edilmiş, 29.08.1995-ci ildə isə əlavə dəyişikliklər edilmişdir. Azərbaycanın dövlət qiymətli kağızlar bazarında iri borc aləti 1993-cü ildə buraxılan dövlət istiqrazları olmuşdur. Əhali arasında yerləşdirilən bu qiymətli kağızların buraxılış həcmi və müddəti mərkəzi hökumət orqanları - Maliyyə Nazirliyi və Milli Bank tərəfindən müəyyənləşdirilmişdir. Dövlət qiymətli kağızlar bazarı Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli "Dövlət qısamüddətli qiymətli kağızların emissiyası haqqında" qərarına uyğun olaraq fəaliyyətə başlamışdır. Maliyyə Nazirliyi qiymətli kağızları emissiya etməklə, büdcə kəsirini inflyasiya doğurmayan mənbələrdən maliyyələşdirməyi qarşısına məqsəd qoymuşdur. Qiymətli kağızlarla bütün əməliyyatlar Milli Bankın rəsmi dileri vasitəsilə aparılır.
14 iyul 1998-ci ildə "Qiymətli kağızlar haqqında" Azərbaycan Respublikasının yeni Qanunu qəbul edilmişdir. Bununla yanaşı, ölkə başçısının 30.12.1998-ci il tarixli Fərmanı ilə, qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması, 1999-cu ilin iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanı ölkəmizdə sivil fond bazarının formalaşmasına başlandığı olmuşdur. 2000-ci ilin avqust ayında Dövlət Qiymətli Kağızlar Komitəsi tərəfindən "Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf proqramı" hazırlanıb qəbul edilmişdir və hal-hazırda bu proqram tətbiq olunmaqdadır.
Bu mühüm sahədə müvafiq olaraq, kapital bazarının yaradılması, tənzimlənməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi və nəzarət ölkə Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə həvalə edilmiş, Komitənin Əsasnaməsi təsdiq olunmuşdur.
2000-ci ildə fəaliyyətə başlayan Bakı Fond Birjası Azərbaycanda dövlət qiymətli kağızlar bazarı ilə yanaşı korporativ qiymətli kağızlar bazarının inkişafına şərait yaradır, BFB-nin daxili tənzimləmə, habelə listinq qaydalarının müəyyən olunması, geniş inkişafı gözlənilən səhm və istiqrazlar bazarının formalaşmasına hüquqi-texniki hazırlıq məqsədi daşıyır. Onun təsisçiləri - tanınmış yerli və xarici banklar, habelə investisiya şirkətləridir. Birjada çox şəffaf prosedurlar nəzərdə tutulub. Buna görə də qiymətli kağızların həm sahibləri, həm də alıcıları üçün bərabər imkanlar yaradılıb ki, onlar öz hüquqlarından istifadə edərək, birja fəaliyyətini beynəlxalq normalara uyğun olaraq həyata keçirsinlər. Artıq xarici maliyyə institutları Bakı Fond Birjasının səhmdarları sırasına daxil olmuşlar. Bu da xarici ölkələrin Azərbaycanın iqtisadi inkişafında olan inamından irəli gəlir. Bakı Fond Birjasının təsis olunması, Azərbaycanda müasir və sivil fond bazarının yaradılması yolunda atılmış zəruri addım idi. Məlumdur ki, Azərbaycan özünün geopolitik yerləşməsi baxımından işgüzar aktivliyinin vacib regional mərkəzi kimi çıxış edir. Bununla əlaqədar stabil və təşkil edilmiş fond bazarının mövcudluğu Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi sahəsində əhəmiyyətli rol oynayacaqdır.
Ölkədə son illərdə özəlləşdirmə prosesinin sürətlənməsi korporativ qiymətli kağızlar bazarının inkişafı üçün də institusional şərait yaratmışdır. Bu bazarın inkişafını sürətləndirmək məqsədilə, Milli Bank gələcəkdə yüksək təminatlı və böyük maliyyə nüfuzuna malik olan emitentlərin vekselləri ilə uçot və yenidən uçot əməliyyatlarının aparılmasını nəzərdə tutur. Strateji özəlləşdirmənin həyata keçirilməsi bir sıra rentabelli müəssisələrin investor marağı cəlb edən səhmlərin buraxılması, real sektorun inkişafı istiqamətində aparılan genişmiqyaslı islahatlar korporativ qiymətli kağızlar bazarının inkişafına zəmin yaradacaqdır.
Son vaxtlar pul-kredit bazarının tənzimlənməsində qiymətli kağızlar bazarının rolu artmaqdadır. Qiymətli kağızlar bazarında əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə vəsait cəlb etmək vasitəsi, digər tərəfdən pul-kredit siyasətinin həyata keçirilməsi, bütövlükdə pul-kredit bazarının tənzimlənməsi aləti rolunu oynamaqdadır. Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etdikcə açıq bazarda əməliyyatlardan daha geniş miqyasda istifadə etmək imkanı yaranacaqdır. Həm də gələcəkdə Milli Bank açıq bazarda əməliyyatlar aparmaq üçün təkcə hökumətin deyil, eyni zamanda özünün buraxdığı qiymətli kağızlardan da istifadə edəcəkdir. Hazırda həyata keçirilən DQİV ilə REPO və əks-REPO əməliyyatları qiymətli kağızlar bazarının sonrakı inkişafına təkan verəcəkdir.
Dövlət qısamüddətli qiymətli kağızlar bazarı Azərbaycanda qiymətli kağızlar bazarının nisbətən zəif inkişaf etmiş sahəsidir. 1996-cı ildən fəaliyyətə başlayan DQİV bazarı tədricən inkişaf etməkdədir. DQİ bazarının inkişafı və təkmilləşdirilməsi sahəsində göstərilən səylər nəticəsində DQİ-n gəlirliliyi və müddətliliyi emitent üçün daha əlverişli olmuşdur.
Beləliklə, indiki şəraitdə ölkədə aşağı inflyasiya səviyyəsinin bərqərar olması və istiqrazların dövlət zəmanəti altında olması dövlət qısamüddətli istiqrazlarını investorlar üçün daha da cəlbedici etmişdir. Bundan əlavə, dövlət qısamüddətli istiqrazlarının real faiz dərəcələri depozitlər üzrə real faiz dərəcələrindən iki dəfə yüksəkdir ki, bu da onları həm fiziki şəxslər, həm də hüquqi şəxslər üçün gəlirli edir.
2009-cu ildə ötən illə müqayisədə mütəşəkkil qiymətli kağızlar bazarının 3,3 milyard manat təşkil etmişdir. Qiymətli kağızlar bazarının 90 faizi dövlət qiymətli kağızlar bazarının (bunun da 78 faizi qısamüddətli notların), 10 faiz isə korporativ qiymətli kağızlar bazarının payına düşmüşdür. Mərkəzi Bankın pul siyasətinə uyğun olaraq sterilizasiya əməliyyatlarının məhdudlaşdırılması nəticəsində dövriyyədəki notların həcmi azalmışdır. İlin sonuna dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 173,9 milyon manat təşkil etmişdir. Dövrün sonuna dövriyyədəki dövlət qiymətli kağızlarında notların payı 9 dəfə azalaraq 44 faizdən 5 faizə enmiş, DQİ-lərin payı isə 56 faizdən 95 faizə kimi artmışdır.
2009-cu il ərzində əməliyyat hədəflərini reallaşdırmaq və bazarın likvidliyini təmin etmək məqsədilə Mərkəzi Bank tərəfindən 4 həftəlik notların buraxılışı və 1 günlük repo əməliyyatları həyata keçirilmişdir. İl ərzində 579 milyon manat məbləğində not emissiya olunmuş və bunun 373 milyon manatı (64 faiz) hərraclara çıxarılmışdır. Nominal üzrə 260,4 milyon manat və ya 70 faiz səviyyəsində not yerləşdirilmişdir.
2009-cu ilin sonuna dövriyyədə olan dövlət istiqrazlarının (Dİ) həcmi 164,9 milyon manat təşkil etmişdir. Bir illik Dİ-lər üzrə orta gəlirlilik 9 faiz-dən 3,75 faizə kimi azalmışdır. Beynəlxalq bazarlarda il ərzində müşahidə olunan likvidlik çatışmazlığı ilə əlaqədar xarici investorlar tərəfindən vəsaitlərin geri çağırılması dövriyyədəki Dİ-lərin həcminin qismən azalmasına səbəb olsa da, digər tərəfdən Mərkəzi Bank tərəfindən notların emissiyasının məhdudlaşdırılması, bazarda likvid alət olan Dİ-lərə banklar tərəfindən marağın artması müşahidə olunmuşdur. Bu şəraitdə Dİ-lərdən xarici investor axınını kompensasiya etmişdir.
İl ərzində Maliyyə Nazirliyi tərəfindən qısamüddətli istiqrazlarla yanaşı dövriyyəyə orta müddətli (2 və 3 illik) qiymətli kağızlar da buraxılmışdır. Bundan əlavə bazarda yeni alət - geri çağırıla bilən dövlət istiqrazları da emissiya olunmuşdur.
2009-cu ildə ipoteka kreditləşməsinin canlanması və onun fasiləsizliyini təmin etmək məqsədilə Azərbaycan İpoteka Fondu tərəfindən ipoteka istiqrazları dövriyyəyə buraxılmışdır. Azərbaycan İpoteka Fondu tərəfindən 55,0 milyon manat həcmində 7 illik təminatlı istiqrazlar emissiya olunmuşdur. Emissiya olunmuş istiqrazların 49,0 milyon manatı 9 hərrac vasitəsi ilə 2009-cu ildə banklar arasında yerləşdirilmişdir. Banklar tərəfindən təklif olunan sifarişlərin həcmi 86,1 milyon manat təşkil etmişdir. Bundan əlavə ipoteka istiqrazlarının təkrar bazarı formalaşdırılmış və Mərkəzi Bank tərəfindən qiymətli kağızların likvidliyi dəstəklənmişdir.
2008-ci ildəki 281 ədəd əqdə qarşı 2009-cu ildə 30 əqd qeydə alınmışdır. 2009-cu ildə Banklararası Repo bazarının həcmi 66,3 milyon manat təşkil etmişdir. Repo əməliyyatlarının 40 milyon manatı (60 faiz) notlarla, 26,3 milyon manatı (40 faiz) isə dövlət istiqrazları ilə həyata keçirilmişdir. Banklararası repo bazarında 1 günlük repo əməliyyatları üzrə son gəlirlilik ilin əvvəli ilə müqayisədə (1,48 faiz) artaraq 1,58 faiz təşkil etmişdir.
2009-cu ildə Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) banklar tərəfindən 125,8 milyon manat həcmində 77 əməliyyat keçirilmişdir. Pul resursları bazarlarının canlandırılması məqsədilə MBKB-də Mərkəzi Bankın birbaşa iştirakı ilə yeni seqmenti - Təminatlı Pul bazarı yaradılmışdır. Təminat sisteminin yaradılmasında əsas məqsəd bankların bir-birinə olan etimadını artırmaqla banklararası kredit bazarının likvidliyinin yüksəldilməsidir. Bununla əlaqədar bazarda marketmeykeş qismində iştirak edən banklar və Bakı Banklararası Valyuta Birjasının birgə təşəbbüsü ilə Mütəşəkkil Banklararası Kredit Bazarının yeni seqmenti olan Təminatlı Pul Bazarı seqmentinin əsası qoyulmuş və yeni seqmentdə Mərkəzi Bankın iştirak mexanizmi hazırlanmışdır. Yeni seqmentdə təminat sistemi öhdəliklərin vaxtında icra edilməsini təmin edən Mərkəzi Bankın overdraftxətti və iştirakçı bankların kollektiv məsuliyyət prinsipinə əsaslanır. Yeni seqmentin ilkin fəaliyyəti dövründə hər bir bankın cəlb edəcəyi vəsaitin-kredit limitinin və əməliyyatların maksimal müddətinin məhdudlaşdırılması qərara alınmışdır. Sistem üzrə əməliyyatların həcmi və intensivliyi artdıqca banklara ayrılan kredit limitinin həcminin artırılması və əməliyyatların müddətinin uzadılması nəzərdə tutulur.
Bazarın yeni seqmentinin işə düşməsi banklararası likvidliyin çevik tənzimlənməsinə kömək etməklə yanaşı pul siyasətinin daha effektiv həyata keçirilməsinə də xidmət edəcəkdir.
MBKB olduğu kimi banklararası repo bazarında da azalma müşahidə olunmuşdur. Bu bazarda banklar tərəfindən 66,3 milyon manat həcmində 42 əməliyyat keçirilmişdir.
Sığorta bazarı - Son illər bazar iqtisadiyyatının mühüm tərkib hissəsi olan sığorta işinə maraq və tələbat xeyli artdı. Azərbaycanın sığorta qanunvericiliyi sahəsində də müəyyən addımlar atılmış, "Sığorta haqqında", "Tibbi sığorta haqqında", "Ekoloji sığorta haqqında", "Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası haqqında", "Dövlət qulluqçularının sığortası haqqında" və s. qanunlar qəbul edildi, Avropa standartları səviyyəsində sığorta şirkətlərinin fəaliyyətini tənzimləyən bir sıra normativ-hüquqi sənədlər paketi, eləcə də sığortanın könüllü növləri üzrə qaydalar və Milli sığorta bazarının inkişaf Konsepsiyası hazırlandı.
Ətraf mühitin qəza nəticəsində çirklənməsinə qarşı mübarizə aparılması həmişə aktual olmuşdur. Qəza və texnogen fəlakət nəticəsində zərərli maddələrin atmosfer təbəqəsinə və suya atılmasına, yerin səthində və təkində yayılmasına görə mülki məsuliyyətin sığortasının aparılmasının zəruriliyini nəzərə alaraq, Milli Məclis tərəfindən 12 mart 2002-ci il tarixdə "İcbari ekoloji sığorta" haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bununla bağlı icbari ekoloji sığorta üzrə mülki məsuliyyətin sığortalanması Dövlət Sığorta Şirkətinə həvalə edildi.
Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının aparılmasını da Dövlət Sığorta Şirkətinə həvalə edildi. Yol nəqliyyat hadisələri nəticəsində zərər çəkən vətəndaşlara dəyən zərərin ödənilməsinə təminat vermək məqsədilə "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu 1996-cı il tarixdə qəbul olundu.
Azərbaycan Respublikasında aparılan struktur islahatları ilə əlaqədar Prezidentin 2001-ci il 18 aprel tarixli 467 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin funksiyaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə verildikdən sonra, ölkədə sığorta işinin dünya standartlarına uyğun inkişaf etdirilməsi, etibarlı sığorta təminatının yaradılması, sığortaya nəzarətin gücləndirilməsi istiqamətində nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirildi. Belə ki, Maliyyə Nazirliyinin təşəbbüsü ilə sığortaçıların maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təmin edilməsi, sığorta təminatının etibarlılığı məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamnamə kapitalının minimum məbləği əhəmiyyətli dərəcədə artırıldı.
Azərbaycanda sığorta bazarının tənzimlənməsi və nəzarəti sistemində son illər müəyyən dəyişikliklər edilmişdir. Hazırda bazar münasibətlərinə keçidlə əlaqədar sığorta xidmətləri bazarının formalaşması prosesi davam edir. Belə ki, 2009-cu ildə ölkədə 27 sığorta şirkəti, o cümlədən 5 birgə sığorta şirkəti fəaliyyət göstərir.
2009-cu ilin məlumatlarına görə respublikamızda fəaliyyət göstərən sığortaçıların məcmu kapitalı 120,1 milyon manat olmuşdur ki, onun da 87,7 faizi nizamnamə kapitalı, 10,2 faizi əlavə kapital, 2,2 faizi ehtiyat kapitalıdır. Sığortalananların sığorta haqqı 1997-ci illə müqayisədə 22 dəfəyə yaxın artaraq 2009-cu ildə 186,1 milyon manata çatmışdır. Bunun 73,3 faizi könüllü sığorta, o cümlədən 20,6 faizi şəxsi sığorta, 39,7 faizi əmlak sığortası, 12,9 faizi mülki məsuliyyət sığortası, 26,7 faizi isə icbari sığorta haqlarıdır. Həmçinin 2009-cu ildə bağlanmış sığorta müqavilələrinin sayı 1316,7 minə olmuşdur ki, bu da 1997-ci ildəkindən təxminən 12 dəfə çoxdur.
2009-cu ildə sığortalananlara sığorta ödənişləri 1997-ci illə müqayisədə 16,8 dəfə artaraq 68,4 milyon manata çatmışdır ki, bu məbləğ də sığorta haqlarının cəmi 36,8 faizini təşkil edir. Sığorta ödənişlərinin 26,6 faizi könüllü sığortaya, 73,4 faizi isə icbari sığortaya xərclənmişdir.
Bank sistemində aparılan yeni islahatlar nəticəsində sığorta xidmətlərinin səviyyəsi daha da yüksəlmişdir. Belə ki, sığorta məbləğlərinin və ödənişlərinin vaxtında ödənilməsini təmin etmək məqsədilə yerli sığorta agentliklərinə ayrılan vəsaitlər keçmişdə banklarda mövcud olan köçürmələr sistemi ilə əlaqədar uzunmüddətli, gecikdirmələrlə çatdırılırdı. Həmçinin yerli sığorta agentlikləri ilə Dövlət Sığorta şirkəti arasında aparılan bank əməliyyatları müasir tələblərə cavab vermirdi. Lakin, Azərbaycan Respublikası Milli Bankının respublika banklarında tətbiq etdiyi iri və təcili ödənişlər üzrə real vaxt rejimində işləyən AZİRS və ödəniş sisteminin tam təhlükəsizliyini təmin etmək üçün SWIFT sistemlərinin fəaliyyətə başlaması sürətli köçürmələrin ünvanına vaxtında çatdırılmasını təmin etməklə Dövlət Sığorta Şirkətinin iş rejiminə müsbət təsir göstərmişdir.
Azərbaycan iqtisadiyyatının qlobal böhrana dözümlüyünün maliyyə şərtləri - Müstəqillik illərində Azərbaycanda maliyyə-büdcə, pul-kredit sistemində düşünülmüş strategiya əsasında aparılan islahatlar bütün dünya iqtisadiyyatını sarsıdan qlobal maliyyə böhranı dövründə də özünü göstərdi. Böhranın ilk əlamətləri üzə çıxarkən Azərbaycanın güclü iqtisadi potensiala malik olması və qlobal maliyyə sisteminə məhdud inteqrasiya olmasına görə ölkə iqtisadiyyatının böyük imkanlara malik olduğu və uğurla həyata keçirilən inkişaf və modernləşmə strategiyası sayəsində qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirdiyi, böhranın ilk mərhələsinin dünya ölkələrinin çoxunda daha çox maliyyə problemləri ilə müşahidə olunan çətinliklər yaratdığına baxmayaraq, Azərbaycanın maliyyə-bank sektorunda böhranın təsirləri zəif müşahidə olundu.
Azərbaycan hökumətinin qlobal maliyyə-iqtisadi böhrana qarşı vaxtında həyata keçirdiyi məqsədyönlü qabaqlayıcı tədbirlər sistemliliyi və səmərəliliyi ilə əlamətdar olmuş, bütün makroiqtisadi parametrlər üzrə inkişafı təmin etmişdir. Azərbaycan hökumətinin və Mərkəzi Bankın apardığı sərt pul-kredit siyasəti, qiymətli kağızlar bazarının səviyyəsi və dövlətin mövcud valyuta ehtiyatı hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, xüsusən, bəyan edilən antiböhran tədbirlərinin qısa müddətdə reallaşması, hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi, son nəticədə, respublikanın qlobal böhranın birinci mərhələsinin mənfi təsirlərini xeyli neytrallaşdırmış oldu.
Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyini, artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bildi. Azərbaycan manatı məzənnəsini qoruyub saxladı, dövlət məhz əhalinin sosial mənafeyini əsas tutaraq manatın devalvasiyasına imkan vermədi.
Bunun başlıca olaraq üç səbəbi göstərilir: birincisi, Azərbaycanın iri maliyyə ehtiyatları var; ikincisi, Azərbaycanda banklar və müəssisələrin xarici bazarlarda borclarının kiçik həcmdə olması sayəsində ciddi likvidlik problemi yaranmayıb; bundan başqa, Mərkəzi Bank sistemi ilə bağlı çevik siyasət yeridir, bu da öz səmərəsini verir.
Digər tərəfdən, Azərbaycan həm cari, həm də qarşıdakı illər ərzində iri investisiya layihələrini reallaşdırmaq üçün lazımi qədər valyuta ehtiyatlarına malikdir. Böhran başlandıqdan sonra bir çox dünya ölkələrindən fərqli olaraq Azərbaycanın valyuta ehtiyatlarında nəinki azalma baş verib, əksinə, müəyyən artım da qeydə alınıb. Azərbaycanda əsas investisiya layihələrinin icrası davam etdirilir ki, bu iqtisadi inkişafı təmin etməklə yanaşı, işsizlik probleminin ləğvində də vacib rol oynayır. Bundan başqa valyuta ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi üçün görülən tədbirlər bank sektorunun davamlı inkişafını təmin etməklə yanaşı buradan alınan kreditlər sayəsində tikintidə, ticarət obyektlərində və digər sahələrdə aktivliyin yüksək səviyyədə qalmasını təmin edəcəkdir.

{nl}

Tanrıverdi PAŞA, AMEA-nın İqtisadiyyat İnstitutunun "Maliyyə, pul-kredit siyasəti" şöbəsinin müdiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında