Naxçıvan Muxtar Respublikası: inkişaf dinamikası sürətlənir.

Sürətli sosial-iqtisadi inkişaf templərinə malik olan Naxçıvan Muxtar Respublikasında 2011-ci ilin yanvar-sentyabr ayları ərzində ümumi daxili məhsulun həcmi 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz artaraq 1 milyard 245 milyon manatdan çox olmuşdur. Ümumi daxili məhsulun sahə strukturu üzrə aparılan təhlillər göstərir ki, həyata keçirilən irimiqyaslı islahatların nəticəsi kimi, bu gün Naxçıvan Muxtar Respublikası iqtisadi fəallıq üzrə öz statusunu aqrar bölgədən sənaye regionuna dəyişmişdir. Cari ilin ilk doqquz ayında muxtar respublikada istehsal olunmuş sənaye məhsulunun həcmi 523 milyon manata çatmaqla, kənd təsərrüfatı məhsulunun həcmini 2,3 dəfə üstələmişdir ki, bu da inzibati ərazidə sənaye potensialının aparıcı mövqe qazandığını sübut etməkdədir.
Ümumi inkişaf
Bu dövr ərzində hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 47 faiz artaraq 3014 manata çatmışdır. Bunun 86 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür ki, bu da muxtar respublikada sahibkarlığın inkişafına yönəldilmiş islahatların effektivliyini daha aydın xarakterizə etməyə imkan verir.
Ümumi daxili məhsulun 67 faizi məhsul istehsalı, 31,5 faizi xidmətlərin göstərilməsi, 1,5 faizi isə məhsula və idxala xalis vergilər sahələrinin payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində sənaye məhsulunun həcmi 2,1 dəfə, əsas kapitala yönəldilən investisiyalar 66 faiz, kənd təsərrüfatının ümumi məhsulu 13 faiz, nəqliyyat sektorunda yük daşınması 15 faiz, informasiya və rabitə xidmətləri 17 faiz, o cümlədən mobil rabitə xidməti 18 faiz, pərakəndə əmtəə dövriyyəsi 19 faiz, əhaliyə göstərilən pullu xidmətlər 12 faiz, xarici ticarət dövriyyəsi 2 dəfə, əhalinin gəlirləri 39 faiz, hər bir nəfərə düşən gəlirlər 37 faiz, orta aylıq əməkhaqqı isə 16 faiz artmışdır.
Sənaye
2011-ci ilin yanvar-sentyabr ayları ərzində sənaye məhsulu istehsalının dinamik artımı davam etmiş və 523 milyon 152 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da bir il öncəki səviyyəni 2,1 dəfə üstələyir. Sənaye istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 39 milyon 916 min manatlıq, qeyri-dövlət sektorunda isə 483 milyon 236 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,4 faizi özəl sektorun payına düşmüşdür.
2011-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət dəstəyi ilə 39 layihə üzrə istehsal və xidmət obyektləri, o cümlədən sənaye sahəsində taxıl emalı, çörək, unlu qənnadı məhsulları, süd emalı sahəsi, kartof cipsi, araq, mineral su, sement, karton tara, plastik tara üçün kapsul və qapaq, müxtəlif geyim paltarları və məişət əşyaları istehsalı sahələri istifadəyə verilmişdir.
Cari ilin ilk doqquz ayı ərzində daxili tələbatdan artıq istehsal olunmuş 140 milyon 817 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunmuşdur.
Tikinti-quruculuq
2011-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 663 milyon 593 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 65,8 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 593 milyon 578 min manatı və ya 89,4 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2011-ci ilin ilk doqquz ayı ərzində muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 329 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 165 müxtəlif təyinatlı obyektin isə inşası hazırda davam etdirilməkdədir. İnzibati binaların inşası və yenidən qurulması, iş yerlərinin erqonomik tələblər səviyyəsində təşkili ötən dövr ərzində də diqqət mərkəzində saxlanılmış və ümumilikdə 26 inzibati bina inşa olunaraq istifadəyə verilmiş, 29 inzibati binanın isə inşası hazırda davam etdirilməkdədir.
Muxtar respublikada aparılan tikinti-quruculuq işləri çərçivəsində investisiyaların şəhər, qəsəbə və kəndlər üzrə proporsional bölgüsü tarazlı inkişafı təmin edən mühüm amillərdəndir. Kənd əhalisinə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, bu sahədə idarəetməni səmərəliləşdirmək məqsədilə 2011-ci ilin yanvar-sentyabr aylarında 8 kənd mərkəzi istifadəyə verilmiş, 9 kənd mərkəzinin inşası isə hazırda davam etdirilməkdədir.
İlin ilk doqquz ayı ərzində muxtar respublikada 13 yaşayış binasında yenidənqurma və bərpa işləri aparılmış, 25 yaşayış binasında isə tikinti, yenidənqurma və bərpa işləri davam etdirilməkdədir. Bu dövr ərzində 3 qazanxana yenidən qurulmuş, hazırda 7 qazanxananın tikintisi aparılmaqdadır. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 339 min 468 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 142 min 734 kvadratmetr və ya 72,6 faiz çoxdur. Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər bu gün də davam etdirilməkdədir.
Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq "Şəhər su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Layihə çərçivəsində 1 oktyabr 2011-ci il tarixə Naxçıvan şəhərində 26,4 kilometr uzunluğunda kanalizasiya və 20 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bu dövr ərzində yaşayış mənzillərinə su və kanalizasiya xətlərinin çəkilişi işləri davam etdirilmişdir. Layihə başa çatdıqdan sonra Naxçıvan şəhərinin əhalisi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq, kanalizasiya sistemi isə şəhərin bütün məhəllələrini əhatə etməklə tamamilə yeniləşdiriləcəkdir. Bu müddət ərzində muxtar respublikada 37 kəhriz bərpa olunmuş, 10 kəhrizin isə hazırda bərpası davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Araz çayının suyundan istifadə edən yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Kənd təsərrüfatı
İlin ilk doqquz ayında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 2 dəfə artaraq 159 milyon manata, heyvandarlıq məhsullarının həcmi isə 53 faiz artaraq 71 milyon manata çatmışdır. Yanvar-sentyabr ayları ərzində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə məhsul istehsalçılarına ümumi dəyəri 1 milyon 420 min manata yaxın olan 3 min 970 tondan çox mineral gübrə paylanmışdır. Bundan başqa, 96 ədədi 2011-ci ilin yanvar-sentyabr aylarında olmaqla cəmi 673 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2011-ci ilin yanvar-sentyabr aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 158 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. 2011-ci ilin məhsulu üçün 60 min 19 hektar sahədə əkin aparılmışdır ki, bu da 2010-cu ilin məhsulu üçün əkilmiş 59 min 204 hektar sahədən 815 hektar və ya 1,4 faiz çoxdur. 2011-ci ilin məhsulu üçün 34 min 751 hektar sahədə yazlıq və payızlıq taxıl əkilmişdir ki, bunun da 25 min 856 hektarını buğda, 8 min 895 hektarını isə arpa təşkil edir. Taxıl zəmilərindən 101 min 28 ton məhsul toplanmışdır ki, bu da 2010-cu illə müqayisədə 5,2 faiz çoxdur. Son 3 il ərzində istehsal olunan buğdanın hər kiloqramının 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması məhsul istehsalçılarının taxıl istehsalına və onun vaxtında itkisiz yığılmasına marağını daha da artırmışdır.
2011-ci ildə 2764 hektar sahədə kartof əkilmişdir ki, bu da 2010-cu ildə kartof əkilmiş sahədən 23,5 hektar çoxdur. 1 oktyabr 2011-ci il tarixə 2764 hektar sahədən 38309,6 ton məhsul yığılmışdır ki, bu da 2010-ci ildə olan göstəricini 917,6 ton üstələyir. 2011-ci ildə şəkər çuğunduru əkini sahəsi 7,9 faiz artaraq 18,52 hektara çatmışdır. 1 oktyabr 2011-ci il tarixə 36835 hektar sahədən 107398 ton dənli və dənli paxlalı (qarğıdalısız), 744 hektar sahədən 2965 ton dən üçün qarğıdalı, 249,5 hektar sahədən 657,4 ton dən üçün günəbaxan, 2764 hektar sahədən 38309,6 ton kartof, 6039 hektar sahədən 62299,9 ton tərəvəz, 2829 hektar sahədən 38890,1 ton ərzaq üçün bostan məhsulları, bar verən meyvə bağlarından 36366,8 ton meyvə, bar verən üzüm bağlarından 8925,5 ton üzüm toplanmışdır. Bir neçə növ məhsul üzrə yığım hazırda davam etdirilməkdədir.
Aqrar sektorun inkişafında xüsusi rolu olan soyuducu anbarların yaradılması işi davam etdirilməkdədir. Ötən dövr ərzində ümumi tutumu 3 min ton olan 2 soyuducu anbar istifadəyə verilmiş, tutumu 500 ton olan 1 soyuducu anbarın qurulması hazırda davam etdirilir.
1 oktyabr 2011-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 104 min 869 baş, qoyun və keçilərin sayı isə 637 min 133 baş olmuşdur ki, bu da müvafiq olaraq 1 oktyabr 2010-cu il tarixə olan göstəriciləri 2,1 və 2,6 faiz üstələyir. İlin ilk doqquz ayı ərzində muxtar respublikada diri çəkidə 13784 ton ət, 64370 ton süd istehsal olunmuşdur ki, bu da 2010-cu ilin ilk doqquz ayı ilə müqayisədə müvafiq olaraq 2,5 və 1,8 faiz çoxdur. Quşçuluq sahəsində 5 yeni təsərrüfat fəaliyyətə başlamış, 10 quşçuluq təsərrüfatının isə yaradılması istiqamətində işlər hazırda davam etdirilir. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində 1 yeni balıqyetişdirmə təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikanın kənd təsərrüfatı sahəsində dinamik artım davam etdirilmişdir. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində 230 milyon 408 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2010-cu ilin müvafiq göstəricisini 12,6 faiz üstələyir.
2011-ci ilin yanvar-sentyabr ayları ərzində 3 nasos stansiyası, 10 subartezian quyusu istifadəyə verilmiş, 2 nasos stansiyasının, 3 subartezian quyusunun tikintisi davam etdirilir. Muxtar respublikada 450 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır.
Nəqliyyat, rabitə və energetika
Əvvəlki illərdə olduğu kimi, 2011-ci ilin yanvar-sentyabr ayları ərzində də yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilmiş, 248,6 kilometr uzunluğunda yeni yollar salınmışdır. İstifadəyə verilmiş yolların 163,2 kilometri magistral, 85,4 kilometri isə yerli əhəmiyyətli yollardır. Bundan əlavə, 3 yeni körpü tikilmiş, 2 körpü bərpa edilmiş, 1 körpünün tikintisi, 1 körpünün isə bərpası hazırda davam etdirilir. 9 ayda muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz, sərnişin daşınması isə 20,9 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 29 milyon 104 min manat gəlir əldə edilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz çoxdur.
Cari ilin ötən dövrü ərzində hava nəqliyyatı infrastrukturunun daha da yaxşılaşdırılması, sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına müxtəlif təyinatlı yeni maşın-mexanizmlər gətirilmişdir.
Ümumiyyətlə, muxtar respublikada avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmir yolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə cari ilin ilk doqquz ayı ərzində 47 milyon 184 min manatdan artıq investisiya yönəldilmişdir.
2010-cu ildə Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən Yeni Nəsil Telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir. Yeni Nəsil Telekommunikasiya şəbəkəsinin ənənəvi telefon rabitəsi sistemlərindən əsas üstünlükləri eyni zamanda, səs və şəkil siqnallarının ötürülməsi, şəbəkə üzərindən televiziya və geniş zolaqlı internet, video-telefon və çoxlu sayda əlavə servis xidmətləri göstərməkdən ibarətdir. Hazırda müvafiq iş muxtar respublikanın Şərur və Sədərək rayonlarının ərazilərində davam etdirilir. Poçt bölmələri tərəfindən istehlakçılara yeni xidmətlərin göstərilməsi məqsədilə 68 poçt bölməsində kompyuter dəstləri və digər avadanlıqlar quraşdırılmışdır.
İnformasiya və kommunikasiya texnologiyalarından istifadənin səviyyəsi müntəzəm əsasda gücləndirilməkdədir. Bu istiqamətdə əsaslı tədbirlər davam etdirilmiş və 2011-ci ilin ilk doqquz ayı ərzində muxtar respublikada 1650 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, 1 oktyabr 2011-ci il tarixə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 65-ə çatmışdır. Aktiv istifadə olunan mobil telefonların sayı 420462 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 101 ədəd olmuşdur. Cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2010-cu ilin müvafiq dövründəki göstəricini 16,8 faiz üstələyərək 30 milyon 888 min manat olmuşdur.
2011-ci ilin yanvar-sentyabr ayları ərzində Şərur rayonunda Arpaçay, Ordubad rayonunda Ordubad su elektrik stansiyalarının inşası davam etdirilmiş, Şərur rayonunda 110/35/10 kilovoltluq "Şərur" və Naxçıvan şəhərində 35/10 kilovoltluq "Sənaye qovşağı" elektrik yarımstansiyalarının qurulması başa çatdırılmışdır. Muxtar respublikada 17 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 23 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır.
Enerji təhlükəsizliyinin mühüm mərhələsi kimi muxtar respublikanın təbii qazla tam təmin olunması prosesi iqtisadi inkişafı xeyli sürətləndirməkdədir. Muxtar respublika üzrə əhali təsərrüfatlarına qaz çəkilişi prosesi başa çatdırılmış, 1 oktyabr 2011-ci il tarixə 78 min 618 abonent təbii qazla təmin olunmuşdur.
Sahibkarlıq və məşğulluq
2011-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika üzrə 20 hüquqi və 1182 fiziki şəxs qeydiyyata alınıb ki, bu da iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir. Yanvar-sentyabr ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 35 milyon 18 min 400 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 35,6 faiz çoxdur. Verilmiş kreditlərin 20 milyon 119 min 700 manatı və yaxud 57,5 faizi qısamüddətli, 14 milyon 898 min 700 manatı və yaxud 42,5 faizi uzunmüddətli kreditlər olmuşdur.
Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, 2011-ci ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsulda özəl bölmənin payı 86 faiz olmuşdur. Hazırda aqrar sektor, sənaye, ticarət, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 83-99 faiz arasında dəyişir. Bu gün muxtar respublikada 305 növdə məhsul istehsal olunur ki, onun da 113 növü ərzaq, 192 növü qeyri-ərzaq məhsullarıdır. 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 259 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Sahibkarlıq fəaliyyətinin inkişafı məşğulluq səviyyəsinin yüksəlişinə və əhali gəlirlərinin artmasına müsbət təsir göstərmişdir. Cari ilin ilk doqquz ayı ərində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 38,7 faiz artaraq 1 milyard 56 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 36,9 faizlik artımla 2 min 554 manata çatmışdır.
Aparılan məqsədyönlü tədbirlər muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmış, 2011-ci ilin yanvar-sentyabr aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 336,4 manata çatmışdır ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricini 15,9 faiz üstələyir. 2003-cü il oktyabr ayının 1-dən 1 oktyabr 2011-ci il tarixədək muxtar respublikada 48210 yeni iş yeri yaradılmışdır ki, onun da 32353-ü və ya 67,1 faizi daimi iş yerləridir. 2011-ci ilin ilk doqquz ayı ərzində 2839 yeni iş yerinin 2383-ü və ya 83,9 faizi daimi iş yerlərinin payına düşür.
Humanitar sahə
Bu gün muxtar respublikada bütün təhsil müəssisələrində ən müasir kompyuter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 2896 dəst kompyuter quraşdırılmış, hər 17 şagird bir dəst kompyuterlə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində istifadədə olan 2896 dəst kompyuterin 2365-i və ya 81,7 faizi internetə qoşulmuşdur. Ümumtəhsil məktəblərində təhsilin daha da keyfiyyətlə aparılması məqsədilə 305 elektron lövhə quraşdırılmışdır.
Təhsilə göstərilən bu qayğı özünü ali məktəblərə qəbulun dinamikasında və qəbul imtahanlarında 500-700 bal intervalında nəticə əldə edən abituriyentlərin sayının ilbəil artmasında göstərir. 2010-cu ildə abituriyentlərin 1435 nəfəri və ya 46 faizi ali məktəblərə qəbul olunmuşdursa, 2011-ci ildə ali məktəblərə sənəd verən məzunlardan 1764-ü və ya 50,8 faizi tələbə adını qazanmışdır. Bundan başqa, 358 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 2010-cu ildə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olanların sayı 280 nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 296 nəfərə çatmışdır.
Mühüm göstəricilərdən biri də gənclər arasında hərbi təhsilə marağın güclənməsidir. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş 216 kursantdan 213-ü ali hərbi məktəblərə qəbul olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərindən də ali hərbi və xüsusi təyinatlı məktəblərə qəbulda artım nəzərə çarpmaqdadır. Əgər 2010-cu ildə orta məktəb məzunlarından 41-i ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olmuşdursa, cari ilin məzunlardan 46-sı bu məktəblərin tələbəsi adını qazanmışdır.
Cari ilin yanvar-sentyabr ayları ərzində Ordubad şəhərində 66 çarpayılıq Ordubad Rayon Mərkəzi Xəstəxanasının, 8 çarpayılıq Yoluxucu Xəstəliklər Şöbəsinin, Şərur rayonunun Yuxarı Daşarx, Siyaqut, Babək rayonunun Didivar kəndlərində həkim ambulatoriyası binalarının, Culfa rayonunun Nəhəcir, Kəngərli rayonunun Qabıllı kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Naxçıvan şəhərində Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası binasının təmiri başa çatdırılmışdır. Babək Rayon Mərkəzi Xəstəxanasının, Şərur rayonunun Çomaxtur, Şahbuz rayonunun Keçili kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Naxçıvan Muxtar Respublikası Kardioloji Dispanserinin binalarının yenidən qurulması davam etdirilməkdədir. Bundan əlavə, Naxçıvan şəhərində hərbi xəstəxananın və Kəngərli rayonundakı hərbi hissədə tibb məntəqəsi binalarının inşası davam etdirilir.
Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 8 min 468 nəfər artaraq 416 min 309 nəfər təşkil etmişdir. 7 min 706 körpə doğulmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricini 441 nəfər üstələyir.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 60 milyon 935 min manat vəsait yönəldilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz çoxdur. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada adambaşına aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 2 milyon 669 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ordubad rayonunda şahmat məktəbi binasının inşası başa çatdırılmış, Sədərək rayonunun Heydərabad qəsəbəsində şahmat məktəbi binasının inşası davam etdirilir. Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi "Qeysəriyyə" tarixi abidəsinin, qədim məbəd və digər iki abidənin bərpası, Naxçıvan şəhərində "Ana və Uşaq" abidəsinin yaradılması, "Dədə Qorqud" abidəsinin bərpası başa çatdırılmışdır.
Kəngərli Rayon Mədəniyyət Evinin, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının tikintisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin binasının yenidən qurulması, qədim Qala tarixi abidəsinin bərpası davam etdirilməkdədir. Ordubad rayonunda Sabirkənddə məscidin, Şahbuz rayonunun Ağbulaq kəndində Uşaq İstirahət Mərkəzinin tikintisi, M.T.Sidqi adına Naxçıvan Şəhər Kukla Teatrının binasının təmiri hazırda davam etdirilir.
Naxçıvan Şəhər Nigah Evinin yenidən qurulması başa çatdırılmış, Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının yenidən qurulması işləri aparılmaqdadır. Muxtar respublikada kütləvi informasiya vasitələrinin işinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərə uyğun olaraq 2011-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binası yenidən qurulmuş, daha müasir iş və efir şəraiti yaradılmışdır.
2011-ci ilin ilk doqquz ayı ərzində muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 264 min 378 nəfər turist gəlmişdir ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricini 18 faiz və ya 40 min 433 nəfər üstələyir.

{nl}

(Yazı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanmışdır).

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında