Leyla xanım ƏLİYEVA: İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adamları Şəbəkəsi davamlı, dayanıqlı inkişaf üçün bir platforma olmalıdır

Noyabrın 22-də Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə "İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin (İƏT GİAŞ) təsis qurultayı öz işinə başlamışdır. 
Beynəlxalq Muğam Mərkəzində keçirilən təsis qurultayında İƏT-in üzvü olan ölkələri təmsil edən gənc iş adamları birliklərindən, eləcə də bu təşkilatın üzvü olmayan dövlətlərdə yaşayan gənc innovatorlar da daxil olmaqla 150-dək nümayəndə iştirak edir .
Qurultayı açan DƏ-İKGF-nin baş katibi Elşad İsgəndərov iştirakçıları təbrik etmişdir. Qurultayın əhəmiyyətindən danışan baş katib vurğulamışdır ki, Gənc İş Adamları Şəbəkəsinin yaradılması çox əhəmiyyətli hadisədir. Şəbəkə İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onların arasında biznes sahəsində məlumat və təcrübə mübadiləsinin, qlobal səviyyədə innovativ ideyaların dəstəklənməsinin həyata keçirilməsinə imkan yaradacaqdır.
Qurultay iştirakçılarını salamlayan Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım ƏLİYEVA dedi:
- Xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən hamınızı doğma ölkəmdə - Azərbaycanda salamlamaq, bu çox vacib tədbirlə bağlı təbrik etmək istərdim. Bu qədər insanın qurultayda iştirakından çox məmnunam.
Bu gün dünya iqtisadiyyatı yeni çağırışlarla üz-üzə dayanmışdır. Bu, yeni proseslərdir, məlumatların ötürülməsinin sürətləndirilməsidir. Bu proseslərdə gənclərin fəal olması isə çox vacibdir. Gənc iş adamlarının Bakıda toplaşması da çox önəmli bir haldır.
Sahibkarlıq nə deməkdir? Sahibkarlıq çox güclü iradə, yaradıcılıq bacarığına malik olmaq deməkdir. Bu, sərhəd tanımadan, heç bir məhdudiyyət qoymadan inkişaf deməkdir. Bu, həm də yaranan imkanlardan istifadə, müxtəlif cəmiyyətlərdə, icmalarda işləmək deməkdir. Müxtəlif cəmiyyətlərin mədəniyyətləri ilə təmasda olmaq deməkdir.
Uğurlu sahibkarlıq İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr üçün də çox vacibdir. Burada belə bir sual yaranır: Biz İslam ölkələrinə necə kömək edək ki, müasir dünyada onlar da öz yerini tuta, rəqabətdə güclü ola bilsinlər?
Təhlillər göstərir ki, islam ölkələrinin çoxunda adambaşına düşən gəlir inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Buna görə də gənc iş adamlarının səylərinin səfərbər edilməsi çox önəmlidir.
Bu gün vacib bir sual aktual xarakter daşıyır: İƏT-in üzvü olan ölkələrdə sahibkarlığın daha da inkişaf etdirilməsi üçün nə etməliyik, hansı tədbirləri görməliyik? Ümid edirəm ki, bu qurultay həm bizim ölkədə fəaliyyət göstərən, həm də digər ölkələrdə yaşayan gənc sahibkarların bacarıqlarının artırılmasına və gücləndirilməsinə kömək edəcəkdir. Ümidvaram ki, gənc sahibkarların potensialının artırılması innovasiyalara əsaslanacaqdır. Bundan başqa, düşünürəm ki, bu şəbəkə birlikdə işləyərək biznesin, daha güclü mədəniyyətin, sosial məsuliyyətin yaradılmasına xidmət edəcəkdir.
Əminəm ki, bu gün yaradacağımız Gənc İş Adamları Şəbəkəsi İƏT-in üzvü olan ölkələrdə gənc sahibkarlıq fəaliyyətində yeni imkanlar açacaqdır. Bundan başqa, bizim şəbəkə davamlı, dayanıqlı inkişaf üçün bir platforma olmalıdır. Bütün cəmiyyətlərdə təbii resursların istifadə olunması, enerji mənbələrinin işlənilməsi məsələləri də nəzərə alınmalıdır. Bununla yanaşı, ətraf mühitin qorunması məsələləri də nəzərdən keçirilməlidir. Dünyanın bütün bu çağırışlarında, bu məsələlərin həll olunmasında bizim ölkələrin - İƏT-in üzvü olan ölkələrin gənc sahibkarlarının da öz rolu olmalıdır.
Sonda onu da qeyd etmək istərdim ki, İƏT-lə əməkdaşlıq edən gənc sahibkarlar yeni iş yerlərinin açılmasında böyük rol oynayacaqlar. Bu isə o deməkdir ki, onlar daha çox gəncləri cəlb etməklə, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə töhfə verəcəklər. Bundan başqa, bu proses hər hansı bir mənfi sosial təzahürlərin qarşısını ala biləcək bir təşəbbüsdür.
Hörmətli dostlar, mən bu fikirdəyəm ki, biz müsbət təşəbbüslərimizi uğurla inkişaf etdirəcəyik. Ölkələrimizdə sahibkarlıq təşəbbüslərinin bizim üçün, əlaqələrimizin inkişafı və gələcək nəsillər üçün əhəmiyyətli olacağına əminəm. Mən hamınıza uğurlar arzu edirəm. Ümidvaram ki, bizim gözəl şəhərimizdə özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Təşəkkür edirəm.
DƏ-İKGF-nin baş katibi E.İsgəndərov təsis qurultayının keçirilməsinə göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür etmişdir. Qeyd etmişdir ki, gənclərin beynəlxalq şəbəkələşmə prosesinə cəlb olunması, istedadlı gənclərin milli mədəniyyətimizin daha geniş coğrafiyada təbliğatçılarına çevrilmələri dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir.
Təsis qurultayında İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun təbrik məktubu oxunmuşdur.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura, "İbrahim Assiciates" şirkətinin prezidenti İbrahim Əzim və Qətərin ölkəmizdəki səfiri Şeyx Mübarək Bin Fəhd Casim Al-Tani də Azərbaycan dövlətinin demokratik prinsiplərə əsaslanan beynəlxalq təşkilatlanma, müsəlman ölkələri ilə əməkdaşlıq və birgə fəaliyyət təşəbbüslərini alqışladıqlarını bildirmişlər.
Qurultayda videobağlantı vasitəsilə Avropanın müxtəlif iri şəhərlərində çalışan müsəlman gənc iş adamlarının təbrikləri çatdırılmışdır.
Digər çıxış edənlər də qurultayın proqramı, əsas müzakirə mövzuları, panellər və iqtisadi şaxələndirmədə gənclərin iştirakı barədə məlumatlar vermişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə İƏT-in üzvü olan ölkələrin kreativ və işgüzar gənclərinin həvəsləndirilməsi ilə bağlı biznes, incəsənət, idman və ətraf mühitin qorunması sahəsində mühüm uğurlar əldə etmiş bir qrup gəncə "Dünyanı dəyişə biləcək 10 gənc müsəlman" mükafatı verilmişdir.
Qurultayın sonunda İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Gənc İş Adamları Şəbəkəsinin təsis edilməsi ilə əlaqədar rəmzi imzalanma mərasimi olmuşdur.
Sonra qurultay işini panel iclaslarda davam etmişdir.
Qurultay noyabrın 23-də başa çatacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında