Xalq" Bankın "Xalq Əmanəti" layihəsinin növbəti beşinci nəşri - görkəmli Azərbaycan rəssamları Xalidə Səfərova və Mahmud Tağıyevin rəsmlərindən ibarət albom ictimaiyyətin tanınmış nümayəndələrinin iştirakı ilə sənətsevərlərə təqdim olundu.
Bu münasibətlə bankın mərkəzi ofisində keçirilən təntənəli mərasim bu nüfuzlu maliyyə qurumunun həm də xalqın mənəvi sərvətlərini himayə edib, onun özünə qaytaran mötəbər saxlanca çevrildiyini bir daha sərgilədi. Qısa müddətdə xalq şairləri Məmməd Arazın və Hüseyn Arifin poetik toplularını, xalq rəssamları Böyükağa Mirzəzadə və Maral Rəhmanzadənin yaradıcılıq albomlarını nəfis tərtibatla nəşr etdirib mədəniyyət, elm, təhsil ocaqlarına hədiyyə etmiş bank bu dəfə yenidən rəsm aləminə müraciət etmiş, milli rəngkarlığımızın daha 2 dəyərli nümayəndəsinin irsi ilə sənətsevərlər arasında körpü yaratmışdır.
Mərasimə toplaşan müxtəlif peşə sahibləri, xüsusən, xalqımızın sevimli fırça ustaları "Xalq Əmanəti" layihəsinin xoş məramından, xeyirxah missiyasından qaynaqlanan sevinc və razılıq duyğularını paylaşırdılar. Sənət və sənətkar demokratiya şəraitində geniş yaradıcılıq azadlığı qazansa da, bazar münasibətləri meydanında təbii çətinliklərlə üzləşib. Belə bir dövrdə bir maliyyə qurumunun "Xalq Əmanəti" layihəsi ilə xalqın mənəvi sərvətinə qədir-qiymətlə yanaşması, xalqın sevdiyi şairlərin, rəssamların əsərlərini böyük tirajlarla nəşr etdirib oxucu və tamaşaçılara çatdırması günün könülaçan gerçəkliyi kimi hamını duyğulandırmışdı.
Çöhrələrdəki məmnunluq, gözlərdəki şövq o axşam nələr söyləmirdi? 56 il bir yerdə yaşayıb- yaratmış, novator üslubda yaratdıqları əsərlərini xalqa əmanət qoyub getmiş ər-arvad rəssamlar, övladları olmasa da, doğma bir həssaslıqla yada salınması toplaşanları ikiqat təsirləndirmişdi. Deməli, həqiqətən, dünya yaxşılardan, yaxşılıqdan xali deyil. Xalq üçün yaşayıb-yaradan insanlar xalqın yaddaşında silinməz-pozulmaz izlər qoyur. "Xalq Əmanəti" layihəsi zamanın bu hökmünə sadiqliyi ilə ürəklərdəki nəcib hissiyatı qanadlandırmış, sənət adamlarına yeni yaradıcılıq həvəsi gətirmişdir... İki-iki, üç-üç söhbət edən sənətkarların rəsmi hissədən əvvəlki hal-əhvallaşmaları bu notlar üzərində gəzişirdi.
Təqdimatda giriş sözü söyləyən sənətşünaslıq doktoru Ziyadxan Əliyev mərhum Xalidə Səfərova və Mahmud Tağıyevin həyat və yaradıcılığının layihə müəlliflərinin də diqqət yetirdiyi, önəm verdiyi tərəflərindən söz açdı. O bildirdi ki, ictimaiyyətə təqdim olunan "Xalidə Səfərova və Mahmud Tağıyev - rəngkarlıq və qrafika albomu"na epiqraf olaraq seçilmiş "Həyatda iki tükənməz xoşbəxtlik mənbəyi vardır - sevgi və yaradıcılıq" mülahizəsi bütün dolğunluğu ilə öz hikmətini yenidən təsdiqləyir. Sevgi və yaradıcılıq qoşa qanad kimi bu iki sənətkarı milli rəngkarlığımızın səmalarında 56 il birgə uçurub, ədəbiyyətə qovuşdurmuşdur.
İki istedadlı rəssam - Mahmud Tağıyev və Xalidə Səfərovanın yaradıcı birliyi uzaq 1941-ci ildə formalaşmışdı. Tale onları bir-birinə Ə.Əzimzadə adına İncəsənət Məktəbində qovuşdurmuşdu. Bu nadir cütlük birgə yaşadıqları 56 ilin hər anında bir-birlərinə və incəsənətə sadiq qalmışdılar. Onlar Şərq poeziyası, romantik ədəbiyyat və klassik musiqiyə bəslədikləri sevgidə həmrəy, ruhən yaxın idilər. Peşəkar inkişafları bir-biri ilə sıx əlaqədə, paralel, qarşılıqlı təsir şəraitində baş vermişdi. Dostları və qohumları da bu cütlüyün qismətlərinə düşən çətinliklərə bir yerdə sinə gərdiklərini, uğurlara birgə sevindiklərini, həyatın bütün keşməkeşlərində bir-birlərinə arxa olduqlarını söyləyirdilər. Həyat və sənət cütlüyü kimi xatırlanırlar bu gün də.
Natiq daha sonra bildirdi ki, Mahmud müəllim və Xalidə xanım bu gün aramızda olmasalar da, illər sonra onların yaradıcılığı ilə yaxından tanış olanda bu iki istedadlı insanın öz ətraflarında yaratdıqları zərif duyğu və lətif hisslərdən toxunmuş ecazkar bir dünyaya düşürsən. Onların əsərlərini fərqləndirən cəhətlər romantik ucalıq və rənglərin parlaq, həyat eşqi ilə dolu ekspressiyası, həm də sakit, rahat, pıçıltılı nağıl şirinliyidir. Müraciət etdikləri motiv və mövzuların bütün oxşarlıqlarına baxmayaraq, onların yaratdığı əsərlər bədii forma və plastik həll baxımından tam fərqliydi. Mahmud Tağıyevin əsərləri monumental miqyaslılıq, epik düşüncə diqtə edirdisə, Xalidə Səfərovanın rəsmləri dünyanın gözəlliyini, zamanın ritmini sərgiləyirdi. Onların hər ikisi üçün parlaq fərdilik səciyyəvi idi - hər biri yaradıcılığında öz yolu ilə gedir, öz bədii vəzifəsini yerinə yetirirdi.
Biz bütün bunları bu gün təqdim olunan bu qiymətli albomu vərəqlədikcə bir daha görür və ölməzlik qazanmış sənət nümunələrini hifz edən, cəfakeş sənətkarlarımızın irsini xalqa çatdıran layihə müəlliflərinə dərin təşəkkürümüzü bildiririk. Bu gün bizə bəxş olunan bu sonsuz sevincin dalğası günümüz üçün çox böyük olan tirajda cəmiyyətə yayılacaq, soydaşlarımıza, dostlarımıza xoş sənət ovqatı paylayacaq.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov mərhum sənət dostlarının çağdaş sənətkarlara örnək olası həyat və yaradıcılığının seçilən yönlərini yada saldı. O bildirdi ki, Xalidə ilə Mahmud İkinci Dünya müharibəsi illərində Bakı İncəsənət Məktəbində təhsil aldıqları vaxt tanış olmuş, rənglərin sehrli aləmində bir-birinə könül vermişdilər. 1946-cı ildə seçdikləri peşəyə və ömür yoluna sədaqətlərini sübuta yetirərək, ailə həyatı qurdular və sənətin əbədiyyətinə aparan yolu birlikdə addımladılar. İxtisas təhsilini Moskvada Kinematoqrafiya İnstitutunda davam etdirdilər, birgə çalışdılar, məhsuldar yaradıcılıq yolu keçdilər. Hər ikisi görkəmli rəssam kimi tanındı.
Mahmud Tağıyev 80 il, Xalidə Səfərova isə 79 il yaşadı. Bu ömrün 60 ilini sənət və məhəbbətin cazibəsində yaşadılar. Sağlıqlarında dəfələrlə sərgiləri keçirilmişdi, bir-birinin uğuruna çox sevinmişdilər. Bu albomun nəşri isə onların ruhunu sevindirdi. Xalqımızın, sənət dostlarının bu qoşa sənət ulduzuna ehtiramına rəğmən, "Xalq Əmanətini xalqa qaytaraq" devizi altında Xalidə Səfərovanın və Mahmud Tağıyevin ən yaxşı əsərlərinin böyük bir aldom halında nəşri Azərbaycan rəssamlarının böyük bir həqiqətə inamını qüvvətləndirdi: "Xalqın sevdiyi sənətkar ölümsüzdür". "Xalq Əmanəti" layihəsi 3 nəfis albomda 4 Azərbaycan rəssamının seçmə əsərlərini sənətsevərlərə çatdırmaqla milli mədəniyyətimizə layiqli töhfə vermişdir. İnanırıq ki, xalqımız da bu bankın xalq əmanətlərinə belə yüksək sayğısını nəzərdən qaçırmayacaq.
Bakı Musiqi Akademiyasının professoru, görkəmli bəstəkar, xalq artisti Xəyyam Mirzəzadə də uzun illər yaxından tanıdığı, yaradıcılıqlarına dərindən bələd olduğu Xalidə Səfərovanın və Mahmud Tağıyevin zəngin irsinin çağdaş nəsillərə çatdırılmasında "Xalq Əmanəti" layihəsinin nəcib missiyasını məmnunluqla təqdir etdi. O, layihənin əvvəlki nəşrlərini də yada saldı, xalqın sevdiyi və qəlbində yaşatdığı sənətkarların əsərlərinə yeni həyat vermək işində layihə müəlliflərinə uğurlar arzuladı.
Mədəniyyət Nazirliyinin məsul işçisi Qalib Qasımov "Xalq Əmanəti" layihəsinin ərsəyə gətirdiyi 5 samballı nəşrin poeziya və rəsm vurğunlarına qiymətli hədiyyə olduğunu, ölkəmizdə bədii prosesə stimul gətirdiyini nəzərə çatdırdı.
Sonra rəylər, təəssüratlar davam etdi. Tanınmış söz və fırça ustalarının ürək sözlərini oxucularımıza çatdırırıq.
Söhrab TAHİR, xalq şairi:
- Zəmanəmizdə xalqların mədəni kimliyi böyük önəm daşıyır. Mədəniyyət milliliyi ilə yanaşı, bəşəri səciyyə də daşıyır. Bu baxımdan rəssamlıq və musiqi sərhədləri tərcüməsiz aşır, daha çox insana yetişir. Azərbaycan xalqı öz ədəbiyyatı, incəsənəti ilə dünyada sayılan-seçilən yer tutur. Milli varlığımızı yaşadıb, dövlət müstəqilliyimizi bərpa etməyimiz də mədəniyyətimizi qoruyub-inkişaf etdirməyimizdən güc aldı. İndi biz mədəni dəyərlərimizə əsl sahiblik göstərməli, onu dünyada qədərincə tanıtmalıyıq. Bu işdə hər bir qeyrətli adamın, hər bir imkanlı qurumun boynuna yük düşür.
"Xalq Bank"ın xalqın maddi əmanətini qorumaqla bərabər, onun mənəvi sərvətlərini də himayə etməsi əsl vətəndaşlıq, milli qeyrət nümunəsidir. Məmməd Araz, Hüseyn Arif pərəstişkarları, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova və Mahmud Tağıyev sənətini dəyərləndirən soydaşlarımız bu misilsiz layihəyə böyük hörmət və etimadla yanaşırlar. İnanırıq ki, bu layihənin növbəti addımları da dəqiq seçim, yüksək peşəkar yanaşma ilə seçiləcək.
Tokay MƏMMƏDOV, xalq rəssamı:
- Mədəniyyət dövlət himayəsi ilə yanaşı, xalqın da geniş dəstəyinə möhtacdır. "Xalq Əmanəti" adlı orijinal layihənin həyata keçirilməsi böyük sənət sevincləri yaşamış bir sənətkar kimi məni daha çox fərəhləndirir. Sənətkar sağlığında maddi cəhətdən təmin olunmursa, ölümündən sonra irsi yayılmırsa bu mədəniyyətin süqutu olar. Xoşbəxtlikdən, bizim xalq bu həqiqəti unutmur, sağlığında da, ölümündən sonra da sevdiyi sənətkarları yaşadır. Mən qocaman bir memar kimi "Xalq Əmanəti" layihəsini ərsəyə gətirənlərə dərin minnətdarlığımı çatdırıram.
Arif HÜSEYNOV, xalq rəssamı:
- Mən rəssam olmaqla bərabər, həm də poeziyamızın vurğunuyam. İki sevdiyim şairin - Hüseyn Arifin və Məmməd Arazın ən gözəl əsərləri "Xalq Əmanəti" layihəsinin nəşri olaraq stolumun üstündədir. 4 görkəmli rəssamımızın, bizim ustadlarımızın əsərləri də bizə dəyərli hədiyyədir. Sənət sahələri içərisində bəlkə də ən çox himayəyə möhtac olanı rəssamlıqdır. Belə bir himayəyə, diqqətə görə bu layihəni həyata keçirənlər hər cür tərifə, təqdirə layiqdir: Xalqımızın dediyi kimi, görünən dağa nə bələdçi. "Xalq Əmanəti" layihəsi artıq hər bir ürəkdə xoş duyğu yaradıb.
Xalifə Səfərova və Mahmud Tağıyevin rəngkarlıq və qrafika albomunun 1 nüsxəsini redaksiyamızın kitabxanası üçün götürdük. Dünyanın hər yerində gözəl sənət nümunəsi kimi qarşılana biləcək rəsmlər vərəqləndi, albom əl-əl gəzdi. "Xalq qəzeti"nin kollektivi də xalq əmanətlərinə belə sevgi və sayğıdan məmnun oldu.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.