Prezident İlham Əliyev: Bizim enerji siyasətimiz Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək məqsədini güdür

Tarixi müstəqilliyinin bərpasının 20-ci ildönümünü yüksək uğurlarla qeyd edən Azərbaycan Respublikası indi yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən 20 il ərzində özünü dünya birliyinin layiqli üzvü kimi tam təsdiq etmiş ölkəmiz iqtisadi inkişaf dinamikasına görə regionun lider dövlətinə çevrilmişdir. Malik olduğu zəngin yeraltı və yerüstü sərvətləri ilə dünyanın inkişaf etmiş dövlətlərinin etibarlı tərəfdaşına çevrilmiş Azərbaycan Respublikası regionda həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınmışdır. İndi danılmaz həqiqətdir ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir infrastuktur layihəsinin reallaşdırılması mümkün deyildir.
Heç şübhəsiz, Azərbaycan Respublikasının iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 7 ölkəsini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə imzalanmış "Əsrin müqaviləsi"nin imzalanması mərasimində ümummilli liderimiz Heydər Əliyev demişdir: " Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq".
Gənc və müstəqil Azərbaycan Respublikasında siyasi sabitliyin əsas qarantı kimi çıxış edən ulu öndər Heydər Əliyevin bu bəyanatı xarici şirkətlərdə möhkəm inam yaratdı, onları ölkəmizin neft sənayesi ilə yanaşı, digər sahələrə də investisiya yatırmağa həvəsləndirdi. Ötən illər ərzində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində xarici investisiya yönəldildi. Bunun da nəticəsində ölkəmizin neft sənayesinin infrastruktur imkanları xeyli dərəcədə artdı, Azərbaycan dünyanın potensial neft ixrac edən dövlətinə çevrildi. Bununla belə, o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyevin dediyi kimi, neft bizim üçün məqsəd deyil, ölkəmizin qarşıya qoyduğu məqsədlərə çatması üçün bir vasitə rolunu oynadı. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı təmin olundu, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün geniş imkanlar yarandı. Neftdən əldə olunmuş gəlirlər bir sıra ümummilli layihələrin reallaşdırılmasına səbəb oldu. Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: "Əldə olunan bütün gəlirlər şəffaf şəkildə qorunur, saxlanılır, idarə olunur və indiki mərhələdə ölkəmizin inkişafı ilə bağlı layihələrə yönəldilir. Gələcək mərhələdə, növbəti ildən başlayaraq maliyyə resurlarımızı şaxələndirmək üçün biz bu vəsaitdən müxtəlif ölkələrdə müxtəlif layihələrə investisiya şəklində də istifadə edəcəyik". Göründüyü kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin maliyyyə imkanlarının xeyli genişlənməsinə səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq investisiya cəlb edən ölkədən investisiya yönəldən dövlətə çevrilmişdir. Azərbaycanın qardaş Türkiyə, Gürcüstan və digər ölkələrdə reallaşdırdığı iri infrastruktur layihələri də dövlətimizin iqtisadi qüdrətinin əyani təcəssümüdür.
Yeni neft strategiyasının uğurları ölkə iqtisadiyyatının strukturunun dəyişməsinə imkan yaratmışdır. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Artıq neftdən əldə olunan gəlirlər iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına yönəldilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf dinamikası getdikcə artır. Təkcə onu demək kifayətdir ki, cari ilin doqquz ayı ərzində ölkə üzrə ümumi daxili məhsul istehsalı 0,5 faiz artsa da, qeyri-neft iqtisadiyyatında bu rəqəm 8,2 faiz təşkil etmişdir. Hesabat dövründə ölkənin qeyri-neft sənayesində isə 9,2 faizlik artım qeydə alınmışdır. Göründüyü kimi, artıq keçid iqtisadiyyatını uğurla başa vurmuş Azərbaycan üçün indi əsas prioritet istiqamət iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdan, qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdən ibarətdir.
Bir neçə il əvvəl Azərbaycan iri neft həcmlərinin dünya bazarına çıxarılması üçün alternativ ixrac marşrutlarına nail olmaqla neft ixrac edən dövlətlərin sırasına qoşulmuş, dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başlamışdır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan enerji təhlükəsizliyi məsələrinə nail olmuş, və bu gün başqa ölkələrin enerji təhlükəsizliyi üçün fəaliyyət göstərir. Bu, ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər gətirir, bizim üçün yeni imkanlar açır. Təsadüfi deyil ki, Xəzərin enerji resurslarına, Azərbaycanın karbohidrogen ehtiyatlarına beynəlxalq maraq getdikcə güclənir. İndi ölkəmiz bir çox enerji layihələrinin mərkəzinə çevirməklə, həm də regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verir.
Azərbaycanın regional mövqeyinin getdikcə artmasının bir mühüm səbəbi də ölkənin malik olduğu zəngin təbii qaz potensialıdır. Məlum olduğu kimi, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməyə daxil edilməsi ilə ölkəmizdə böyük qaz hasilatının əsası qoyulmuşdur. 2006-cı ilin sonlarında "Şahdəniz"yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasilata başlanıldığı andan indiyədək yataqdan 35 milyard kubmetrə yaxın təbii qaz və 8 milyon tondan çox kondensat çıxarılmışdır. Artıq beş ilə yaxındır ki, Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan və digər Şərqi Avropa ölkələrinə qaz ixrac edir. Yeri gəlmişkən, indi Azərbaycan çoxşaxəli enerji və nəqliyyat infrastrukturuna malikdir. Artıq ölkəmizin karbohidrogen ehtiyatları yeddi neft və qaz kəməri ilə müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır.
Hazırda "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasilata başlamaq istiqamətində mühüm tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, bu mərhələ çərçivəsində il ərzində 16 milyard kubmetr "mavi yanacağın" hasilatı nəzərdə tutulur. Xatırladaq ki, bu, hazırda dünya və Avropa ölkələrinin təbii qaza getdikcə artmaqda olan tələbatın ödənilməsində mühüm amil rolunu oynayır. Məhz buna görədir ki, indiyədək "Şahdəniz" qazının alınması ilə bağlı Azərbaycana 20-dək xarici şirkət müraciət etmişdir. Son zamanlar Azərbaycanda yeni qaz yataqlarının kəşfi isə ölkəmizin təbii qazla zəngin bir ölkə olduğunu bir daha təsdiq edir. İndi Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsndədir. Bu isə hazırda dünya miqyasında olduqca yüksək rəqəmdir və ölkəmizin zəngin potensialını əks etdirir. "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində. eləcə də "Ümid" və "Abşeron" yataqlarından hasil olunacaq qaz ehtiyatları isə öz növbəsində Azərbaycanın gələcək iqtisadi inkişafının təminatına, ölkəmizin ixrac imkanlarının daha da artmasına səbəb olacaqdır.Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: "Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəli aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz, şübhəsiz daha da artacaqdır".
Azərbaycanın qaz bazarına beynəlxalq marağın getdikcə artması tranzit məsələsini getdikcə aktuallaşdırır. Tranzit məsələsinin həlli isə öz növbəsində Azərbaycan qazının satışı üçün yeni bazarların aşkara çıxarılmasını təmin edəcəkdir. Məlum olduğu kimi, Azərbaycan qazının əsas alıcıları sırasında qardaş Tükiyə Respublikası xüsusi yer tutur. Bu il sentyabr ayının 25-də dövlətimizin başçısı İlham Əliyevin qardaş ölkəyə səfəri çərçivəsində imzlanmış bir sıra vacib sənədlər də ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin əsasını qoymuşdur. Xatırladaq ki, səfər çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq protokolu", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi" və digər sənədlər, heç şübhəsiz, ölkələrimiz üçün yeni imkanlar, yeni üfüqlər açır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında