Milli Məclisin iqtisadi siyasət komitəsinin mayın 20-də keçirilmiş iclasında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə olunmuşdur.
Komitənin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, "Büdcə sistemi haqqında" Qanunun tələblərinə görə ölkənin bu və ya digər illər üzrə büdcəsinin icrası Milli Məclisdə təsdiq olunub qanun şəklində dövlətimizin başçısı tərəfindən imzalanır. 2009-cu il üzrə dövlət büdcəsinin icrası haqqında hesabat vaxtında, müəyyən edilmiş qaydada təqdim edilmişdir. Hesabat dərin məzmunu, konkret təhlili ilə fərqlənir, sənəddə ölkənin makroiqtisadi göstəricilərinin dinamikası dolğun verilmişdir.
Z.Səmədzadə dünyanı bürümüş iqtisadi və maliyyə böhranına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda ötən il əldə olunmuş nailiyyətlərin hesabatda, material və cədvəllərdə tam əksini tapdığını diqqətə çatdırmışdır.
Sonra maliyyə naziri Samir Şərifov 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı geniş məlumat vermişdir. Bildirmişdir ki, ölkədə son illərdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində sürətli və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasında mühüm irəliləyişlər əldə edilmiş, ölkəmiz regiondakı beynəlxalq əhəmiyyətli layihələrin hazırlanması və həyata keçirilməsində aparıcı dövlətlər sırasına daxil olmuş, iqtisadiyyatın idarə olunmasında icmal və dövlət büdcələrinin rolu xeyli artmışdır.
2008-ci ildən dünyanın əsas maliyyə mərkəzlərində başlayan maliyyə-iqtisadi böhran, 2009-cu ildə dünya iqtisadiyyatını bürüyərək bütün ölkələrə mənfi təsirini göstərmişdir. Böhran Azərbaycandan da yan keçməyərək iqtisadiyyatımızın bəzi sahələrində mənfi izini qoymuşdur. Ölkəmizdən xaricə ixrac olunan məhsulların dünya bazarlarında qiymətlərinin aşağı düşməsi müşahidə olunmuş, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 2009-cu ildə neft hasilatının həcmi büdcədə proqnozlaşdırılan həcmdən 32,1 faiz və ya 12,9 milyon ton az olmuşdur.
2008-ci ilin dördüncü rübündən başlayaraq, əsasən də 2009-cu ilin birinci yarımilliyində xarici investorlar ölkəmizin dövlət istiqrazları bazarından 250 milyon ABŞ dolları məbləğində və ya ümumi bazarın 60 faizi səviyyəsində, bank sistemindən isə 1,7 milyard dollar və ya ümumbank sisteminin valyutada aktivlərinin 20 faizdən artıq məbləğində vəsaitlərini xaricə çıxarmışlar.
Əlverişsiz xarici mühit amillərinə baxmayaraq həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın mənfi fəsadlarını uğurla dəf etməyə nail olmuşdur. Artıq 2008-ci ilin sonuna hökumət qlobal böhranın gözlənilən fəsadlarını nəzərə alaraq aztəminatlı əhalinin sosial müdafiəsinə yönəldilmiş və istehsalın sabitliyinin saxlanılması ilə bağlı zəruri olan - qısamüddətli, böhranın gələcək təsirinin qarşısının alınması üçün - ortamüddətli tədbirlər həyata keçirməyə başlamışdır. Büdcə və pul-kredit sistemlərinin qorunması, real sektorun və sahibkarlığın dəstəklənməsi ilə əməli işlərin görülməsi böhranın istehsalın tənəzzülü, işsizlik, yüksək inflyasiya, yoxsulluğun səviyyəsinin artması kimi dağıdıcı fəsadlarından yayınmağa imkan vermişdir. Böhranın qarşısının alınması məqsədi ilə görülən səmərəli tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını nümayiş etdirmiş, qeyri-neft sektorunda iqtisadi artıma nail olunmuşdur.
Dünyanın aparıcı maliyyə-iqtisadi institutları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa İnkişaf və Yenidənqurma Bankı böhrana qarşı ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Beləliklə, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin əksəriyyətində müşahidə olunan iqtisadi tənəzzül proseslərinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik şəraitində yüksək iqtisadi artıma nail olunmuş, xalqın maddi rifahının yüksəlməsi prosesi dayanmamışdır.
2009-cu ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, xüsusilə onun aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, dövlətin müdafiə, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə qəbul edilmiş dövlət proqramlarının və digər normativ hüquqi aktlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə ümumən nail olunmuşdur.
Məlumat verilmişdir ki, ötən il büdcə gəlirlərinin 39,8 faizi Vergilər Nazirliyi, 10,8 faizi Dövlət Gömrük Komitəsi vasitəsilə yığılmış, 47,6 faizi Dövlət Neft Fondunun, 0,9 faizi büdcə təşkilatlarının ödənişi xidmətlərindən, 0,9 faizi digər mənbələrdən daxil olmuşdur.
Dövlət büdcəsi xərclərinin icrası vəziyyətindən danışan maliyyə naziri demişdir ki, sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 54,4 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2008-ci illə müqayisədə 208 milyon manat və ya 24,6 faiz çoxdur. Ötən il aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılmış, ünvanlı sosial yardımların göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 180 milyon manat vəsait yönəldilmişdir. Bu, 700 min nəfərə yaxın aztəminatlı şəxsi əhatə etmişdir.
Hesabat ilində qanunvericiliklə müdafiəsi təmin edilən xərclərin icrası üçün mühüm işlər görülmüş, 2009-cu il dövlət büdcəsinin xərcləri üzrə tətbiq olunmuş qənaət rejimi bu maddələrə şamil olunmamış, onların icrası, ilk növbədə həyata keçirilmişdir.
Ötən il dövlət büdcəsi xərclərinin 34,1 faizi sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2008-ci il üzrə müvafiq göstəricidən 6,6 faiz çoxdur. Bütövlükdə 2009-cu il dövlət büdcəsi xərclərindən 3 milyard 584,2 milyon manat sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu, 2008-ci illə müqayisədə 21,2 faiz və ya 626,2 milyon manat çoxdur.
Həmçinin bildirilmişdir ki, ötən il Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən tədbirlərin maliyyələşdirilməsinə 178,9 milyon manat vəsait istifadə olunmuşdur.
Sonda maliyyə naziri Samir Şərifov bir daha qeyd etmişdir ki, 2009-cu ildə, qlobal maliyyə-iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı dayanıqlığını nümayiş etdirmiş, dövlət və icmal büdcələrinin icrası zamanı həyata keçirilmiş çevik və məqsədyönlü tədbirlər böhranın mənfi təsirlərinin azaldılmasına xidmət etmiş, qarşıya qoyulmuş vəzifələrin stabil maliyyələşdirilməsini təmin etmişdir. Bütün bunları nəzərə alaraq, sizi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş qanun layihəsinin müzakirəyə çıxarılmasına səs verməyə çağırıram.
Milli Məclisin Hesablama Palatasının (HP) sədri Heydər Əsədov sənədlə bağlı qurumda kollegiya iclasının keçirildiyini, irəli sürülən təkliflər nəzərə alınmaqla HP-nin müsbət rəyini diqqətə çatdırmışdır.
Çıxış edən deputatlar və aidiyyəti nazirliklərin nümayəndələri qanun layihəsi ilə əlaqədar rəy və təkliflərini vermiş və sənədin Milli Məclisin iclasında müzakirəyə çıxarılmasını tövsiyə etmişlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.