"Dövlətin iqtisadi siyasəti: Dayanıqlı və davamlı inkişafın təntənəsi"

Bu yaxınlarda Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, Beynəlxalq Menecment Akademiyasının üzvü, iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyevin "Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Dövlətin iqtisadi siyasəti: Dayanıqlı və davamlı inkişafın təntənəsi" monoqrafiyası çapdan çıxmışdır. Monoqrafiyada göstərilir ki, bazar iqtisadiyyatına keçidin başa çatması Azərbaycanın siyasi kursunda, sosial-iqtisadi inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələnin təməlini qoyub. Keçid dövrünə xas olan problemlərin tamamilə aradan qaldırılması iqtisadiyyatımızın hərtərəfli və çoxşaxəli tərəqqisinə, xalqımızın rifah halının yüksəldilməsinə, sosial tələbatların daha dolğun ödənilməsinə münbit şərait yaratmaqla, Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da yüksəldib. 
Müəllif yazır ki, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra uğurlu sosial-iqtisadi inkişafın, eləcə də dövlətçilik bazasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqının sosial rifah halının yüksəldilməsi ulu öndərin fəaliyyətinin əsas məqsədlərindən birini təşkil etmişdir. Ölkəmizin yeni tarixinə həlledici mərhələ kimi daxil olmuş 1993-2003-cü illərdə Azərbaycan ümummilli liderinin titanik əməyi sayəsində sürətli və sabit sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla yanaşı, daxili əmin-amanlığa da qovuşmuş, özünü beynəlxalq hüququn müstəqil subyekti kimi təsdiqləməyi bacarmışdır. Məhz bütün bunların məntiqi nəticəsi olaraq çoxmilyardlı xarici investisiyanın ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-qaz sektoruna gəlişi təmin edilmiş, sürətli tərəqqiyə xidmət edən islahatlar başlanmış, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur. Dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissələrindən biri kimi çıxış edən güclü iqtisadiyyatın yaradılması hesabına xalqın sosial rifahının artırılması Heydər Əliyevin fəaliyyətində hər zaman mühüm əhəmiyyət daşımış, bu məsələnin praktiki həlli sosialyönümlü iqtisadiyyatın formalaşdırılmasında əsas strategiya xətlərindən biri kimi müəyyən edilmişdir.
Qeyd etmək lazımdır ki, professor Arif Şəkərəliyev monoqrafiyada Azərbaycan iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi, bazar iqtisadiyyatı şəraitində iqtisadiyyat və siyasət, onların qarşılıqlı əlaqəsi, dövlətin iqtisadi siyasəti və onun reallaşması istiqamətləri, xarici ticarət siyasəti, gömrük siyasəti, Azərbaycan dövlətinin neft strategiyası, dövlətin iqtisadi siyasəti və digər məsələləri məntiqi ardıcıllıqla tədqiq etmişdir. Həmçinin diqqəti cəlb edən əsas məsələlərdən biri monoqrafiyada dövlətin büdcə-vergi, pul-kredit siyasətinin düzgün aparılmasının ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun real faktlar və təhlillər əsasında izah edilməsidir.
Müəllifin ən böyük xidmətlərindən biri ölkədə aparılan uğurlu siyasətin əhalinin maddi rifahının yüksəlməsinə, ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsinə, davamlı və dayanıqlı inkişafa təsiri və onun reallaşması istiqamətlərinin müəyyən edilməsindən ibarətdir.
Kitabda göstərilir ki, ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirərək zamanın tələblərinə uyğun şəkildə böyük müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident İlham Əliyev tərəfindən yürüdülən, praqmatizmə söykənən səmərəli siyasət nəticəsində Azərbaycanın sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter daşımağa başlamış, bu baxımdan ölkə vətəndaşlarının rifahı ildən-ilə nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin fərqləndirici xüsusiyyətləri bu sahədə sürətli inkişafa xidmət edən bütün istiqamətlər üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilməsi və əlaqələndirilmiş proqramlar üzrə aparılmasıdır. Bu zaman ənənəvi xarakter daşıyan yerli xüsusiyyətlərin gözlənilməsi ilə mütərəqqi dünya təcrübəsindən istifadə olunması, sosialyönümlülük prinsiplərinin, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarının nəzərə alınması əsas şərtlər sırasında yer alır. Sabit, dinamik inkişaf məntiqinə əsaslanan bu siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir.
Monoqrafiyada göstərilir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, aparılan islahatlar və əldə edilən iqtisadi artım ilk növbədə Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəlmişdir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə işsizlik probleminin həlli istiqamətində qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzərəçarpacaq dərəcədə genişlənmiş, ümumi iqtisadi inkişaf bu məsələnin çözümünə böyük töhfələr vermişdir. Yoxsulluğun azaldılması iqtisadiyyatın uğurlu diversifikasiyası, enerji gəlirlərinin səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün yaradılan şərait qeyri-neft sektorunun dirçəlməsinə, regionların inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olmuşdur. Yoxsul əhalinin müvafiq iş yerlərinə və istehsal vasitələrinə çıxış imkanlarının yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi, məşğulluğun artırılmasına istiqamətlənmiş addımlar insanların gəlir əldə etmək imkanlarının genişlənməsində mühüm rol oynamışdır.
Azərbaycanın dünya iqtisadiyyatına fəal inteqrasiya olduğu şəraitdə milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə investisiya siyasəti və milli innovasiya sisteminin yaradılması əsasında respublikada innovasiya və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, müasir dövrdə davamlı və dayanıqlı sosial inkişafın problemlərini həll etmədən nə iqtisadi inkişafı, nə də onun təhlükəsizliyini təmin etmək mümkündür. Belə ki, milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyi qiymətləndirilərkən xüsusi sosial göstəricilərdən də geniş istifadə olunması olduqca vacibdir.
Monoqrafiyada milli iqtisadiyyatın uzunmüddətli iqtisadi təhlükəsizliyinin təmin edilməsinin həlledici dərəcədə ölkədə sənaye, elmi-texniki və innovasiya siyasətinin xarakterindən birbaşa asılı olduğu geniş şərh edilir. Bu prinsipial müddəanın dövlətin iqtisadi siyasətində nəzərə alınmaması perspektivdə ölkəmizin müstəqil və davamlı inkişafını, xüsusən onun iqtisadi təhlükəsizliyini şübhə altına ala bilər. Ona görə də Azərbaycanda milli maraqların reallaşdırılması və davamlı inkişafın təmin edilməsi innovasiya əsasında iqtisadiyyatın yenidən qurulmasını tələb edir.
Dünyada baş verən qlobal böhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması və "orta insan inkişafı ölkələri" qrupunu tərk edərək "yüksək insan inkişafı ölkələri" qrupuna daxil olması buna əyani sübutdur.
Azərbaycanda həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik alt indeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. Beynəlxalq müstəvidə uğurlu siyasət aparılmasını vurğulayan cənab İlham Əliyev bildirib ki, Azərbaycan bölgədə gedən proseslərə təsiri artmaqda olan ölkədir: "Elə eləməliyik ki, bu proses daim davam etsin, ölkəmiz güclənsin və inkişaf etsin".
Monoqrafiyada göstərilir ki, son dövrdə Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirmiş olduğu işlər diqqəti cəlb edir. Belə ki, respublikada qlobal informasiya mühitinin yaradılması cəmiyyətin və davamlı inkişafın ən başlıca amilidir. Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində mühüm dövlət tədbirləri uğurla həyata keçirilir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Milli Strategiya (2003-2012-ci illər)" hazırlanaraq 2003-cü ilin 17 fevralında təsdiq edilmişdir. Bu strategiyada İKT sahəsində elmin daha da geniş istifadə olunması, rəqabətədavamlı məhsullar və xidmətlər göstərən müəssisələrin təşkili, təhsil sistemi üzrə informasiya infrastrukturunun, internet və informasiya xidmətlərinin genişləndirilməsi, yerli və regional informasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bundan başqa, elektron imza, elektron biznes-kommersiya və elektron sənəd hazırlanması, icra olunması ən əsas prioritet hesab edilir. Artıq bu istiqamətlərdə respublikamızda uğurlu işlər həyata keçirilir.
Monoqrafiyada xüsusi vurğulanır ki, respublikamızda təhsilin, səhiyyənin, mədəniyyət və incəsənətin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi vardır. Belə ki, milli-mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin hamisi kimi Mehriban xanım bu sahədə böyük layihələr həyata keçirir. Qeyd etmək lazımdır ki, dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsindən, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi illər ərzində keçirilən bütün irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin əsas təşəbbüskarı və təşkilatçısı Mehriban xanım Əliyeva olmuşdur.
Dövlətimizin başçısı İlham Əliyev bütün görülmüş işləri ətraflı təhlil edərək, uğurlarımızın səbəbini belə açıqlamışdır: "Bizim seçdiyimiz yol düzgün yoldur. Biz öz resurslarımıza arxalanırıq və bütün işləri Azərbaycanın milli maraqlarının qorunması istiqamətində aparırıq. Bu bizim üçün başlıca amildir. Ölkəni daha da gücləndirmək, müasirləşdirmək, ölkə qarşısında duran bütün problemləri həll etmək üçün bizim bütün imkanlarımız vardır. Bir daha demək istəyirəm ki, həm düşünülmüş siyasət, həm də möhkəm iradə vardır".
Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Arif Şəkərəliyevin "Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Dövlətin iqtisadi siyasəti: Dayanıqlı və davamlı inkişafın təntənəsi" monoqrafiyasında bütün bu məsələlər geniş şərh edilmişdir. Heç şübhəsiz, bu monoqrafiya ictimai və humanitar elmlərin tədqiqatçılarının, ali məktəb müəllimlərinin, magistr və tələbələrin böyük marağına səbəb olacaqdır.

{nl}

Məmmədhəsən MEYBULLAYEV, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında