Azərbaycanda qeyri-neft sektoru son illər davamlı olaraq yüksələn xətt üzrə inkişaf etmişdir. Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı söylədiyi dərin məzmunlu nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun artımı ilə bağlı bildirmişdir ki, qeyri-neft iqtisadiyyatımız 8,2 faiz artmışdır.Bu artım əvvəlki dövrdə görülmüş işlərin nəticəsidir...
Artıq iqtisadiyyatımız, iqtisadiyyatımızın strukturu müsbətə doğru böyük dərəcədə dəyişmişdir. Əvvəlki dövrdə görülmüş və bundan sonra görüləcək işlər nəticəsində iqtisadiyyatımız tam şəkildə çoxşaxəli iqtisadiyyat kimi özünü göstərəcəkdir...Yəni, əvvəlki dövrdə başlanmış və bu gün icra edilən layihələr, sözün əsl mənasında, Azərbaycan iqtisadiyyatına çox böyük töhfə vermişdir.
Dövlət başçımız sənaye sektorundakı tərəqqi ilə bağlı fikirlərini də diqqətə çatdırmışdır:"Sənaye istehsalının inkişafına gəldikdə, yenə də neftin hasilatının aşağı düşməsi nəticəsində ümumi rəqəm mənfidir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sənayesində 9,2 faiz artım əldə edilmişdir. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir".
Davamlı inkişaf yolunda olan Azərbaycan iqtisadiyyatının fərqləndirici xüsusiyyətlərindən biri onun sosialyönümlü xarakter daşımasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında atılan addımlar, görülən işlər, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar yaradıb. Həmçinin insanların maddi rifah halı əvvəlki illərlə müqayisədə xeyli yüksəlib, həyat şəraitləri daha da yaxşılaşıb. Əhalinin büdcədən maliyyələşən təbəqələrinin maddi gəlirlərinin artması istiqamətində də cənab İlham Əliyev tərəfindən vacib addımlar atılıb, mühüm qərarlar qəbul olunub. Prezident İlham Əliyev iclasda demişdir: "Siyasətimiz sosialyönümlüdür. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik. Aztəminatlı təbəqəni sosial cəhətdən daha da yaxşı müdafiə etmək üçün konkret addımlar atırıq. Bu addımlar sadəcə olaraq, proqramların qəbulu, hansısa bəyanatların verilməsi ilə məhdudlaşmır, bu proqramlar konkret xarakter daşıyır.
Bu il 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır. Bütövlükdə götürsək, 9 ayda Azərbaycanda pensiyaların səviyyəsi 35 faiz artmışdır. Bu, çox böyük göstəricidir, çox böyük nailiyyətdir, çox ciddi addımdır və yaşlı nəslin maddi cəhətdən daha da yaxşı təminatı üçün vaxtında atılmış çox düzgün və ədalətli bir addımdır".
Dövlət başçımız bildirmişdir ki, hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 190 dollar, orta maaşın səviyyəsi isə 450 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir, ancaq bundan da çox olmalıdır. Biz çalışacağıq növbəti illərdə sosial məsələlərin həlli üçün də əlavə tədbirlər görək ki, bundan sonra da pensiyalar, maaşlar daim artsın. İnsanların yaşayış səviyyəsi artsın və beləliklə, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Sosial cəhətdən ən az, müdafiə olunan vətəndaşlara dövlət Ünvanlı Sosial Yardım Proqramını təşkil etmişdir. Hazırda bu proqram 113 min ailəni əhatə edir. 500 mindən bir qədər artıq insan dövlətdən hər ay vəsait alır. Orta hesabla hər bir ailə 102 manat, təqribən haradasa 130 dollar səviyyəsində dövlətdən bu yardımı alır.
Sosial sferada həyata keçirilən siyasətin mühüm elementlərindən biri də yoxsulluğun azaldılmasına xidmət edən proqramlardır. 2008-ci il sentyabrın 15-də Prezident tərəfindən təsdiq edilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" və ona edilən əlavələr nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb.
Xatırlatmaq yerinə düşər ki, cari il iyunun 28-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) təsdiq olunub. Ümumiyyətlə, Azərbaycan dövlət başçısının əsas məqsədi odur ki, ölkəmizdə yoxsulluq kimi sosial problem birdəfəlik aradan qaldırılsın. Prezident İlham Əliyev bununla bağlı iclasda demişdir: "İşsizliklə bağlı deyə bilərəm ki, bütövlükdə bu sahədə də Azərbaycanda çox böyük işlər görülmüşdür, hazırda işsizliyin səviyyəsi təqribən 5,5 faizdir. Əgər biz ətrafa, inkişaf etmiş ölkələrə baxsaq görərik ki, bu da çox gözəl göstəricidir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 20 faiz, 15 faiz səviyyəsindədir, 10 faiz səviyyəsindədir, bizdə isə 5,5 faizdir. Çox güman ki, bu da real vəziyyəti əks etdirmir. Çünki yaxşı bilirik, əfsuslar olsun ki, hələ də bizdə bu sahədə müfəssəl və dəqiq mexanizm tam işə düşməyib. Bəzi hallarda qeydiyyata almamaq halları da olur. Bəzi hallarda rəsmi yox, zərfdə maaş alanlar da vardır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Deyə bilərəm ki, son illər ərzində bu sahədə vəziyyəti normallaşdırmaq üçün yaxşı tədbirlər görülmüşdür və davam etdirilməlidir. Ancaq əgər biz bu amili də nəzərə alsaq görərik ki, Azərbaycanda işsizliyin sayı da 5,5 faizdən aşağıdır. Çox güman ki, yoxsulluq şəraitində yaşayanların da sayı 9,1 faiz deyil, ondan aşağıdır. Ancaq əlbəttə, biz növbəti illərdə həm konkret inzibati addımların və həm də institusional tədbirlərin nəticəsində iqtisadi vəziyyətin tam real mənzərəsini əldə edəcəyik".
Azərbaycanın maliyyə qüdrəti də getdikcə artır.Bu da öz növbəsində Azərbaycanın simasını gözəlləşdirməyə, insanların həyat şəraitini daha da yaxşılaşdırmağa, möhtəşəm layihələrin uğurlu icrasını həyata keçirməyə imkan verir. Burada bir məqama da toxunmaq istərdim. Valyuta ehtiyatlarının miqdarının ÜDM-ə nisbətinin böyük olması və dünyanın ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstəricinin Azərbaycandan aşağı olması qeyd olunan sahədə ölkə hakimiyyəti tərəfindən nə dərəcədə mükəmməl siyasət həyata keçirilməsinin real təsdiqidir. Strateji valyuta ehtiyatlarından səmərəli istifadənin təmin olunması fonunda ölkəmizdə konservativ xarici borclanma strategiyası həyata keçirilir. Digər tərəfdən, böyük valyuta ehtiyatları Azərbaycanın müxtəlif xarici ölkələrə iri investisiya yatırımları etməsinə geniş imkanlar açır. Həmçinin indi Azərbaycandan kredit götürmək istəyən dövlətlərin sayı artır və bu, ölkəmizin beynəlxalq kreditora çevrilməkdə oluğunu göstərir.Dövlət başçımızın sözügedən iclasda dedikləri də bu baxımdan maraqlıdır: "Deyə bilərəm ki, bu ilin 9 ayında maliyyə vəziyyətimiz də bütövlükdə böyük dərəcədə yaxşılaşıbdır. Bu il ərzində baxmayaraq ki, böyük infrastruktur layihələrini icra edirik, bizim valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Doqquz ayda ehtiyatlarımız təxminən 11 milyard dollar həcmində artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Bu, çox böyük bir göstəricidir. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə heç kimdən geri qalmır, bir çox ölkələri qabaqlayır. Nəzərə alsaq ki, düzgün neft-qaz siyasətimiz, strategiyamız vardır və investisiya qoyuluşunu gözlənilən gəlirlərlə daim uzlaşdırırıq, şübhə yoxdur ki, növbəti illərdə də investisiya və sosial xərcləri azaltmadan valyuta ehtiyatlarımızı daha da artıracağıq. Bu, bizim böyük sərvətimizdir. Bu, həm bizə iqtisadi güc verir, investisiya layihələrini icra etməyə imkan yaradır, eyni zamanda, bizi istənilən çətinliklərdən, böhranlardan qoruyur və qoruyacaqdır. Bu həcmdə valyuta ehtiyatlarının yığılmasının başlıca səbəbi vaxtilə - 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun yaradılması və fondun fəaliyyətinin şəffaflığı ilə bağlıdır".
{nl}
Musa HACIYEV, kənd təsərrüfatı elmləri namizədi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.