Prezident İlham Əliyev: Uğurlarımızın təməlində düşünülmüş islahatlar, düzgün, müstəqil siyasət dayanır

Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır.Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur.
Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.Bütün bu məsələlər barəsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı məlumat verilmiş, ilin qalan dövrü üçün qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilmişdir.Dövlətimizin başçısı giriş nitqində bildirmişdir ki, sözügedən dövrdə ümumi daxili məhsul 0,5 faiz, qeyri-neft sektoru isə 8,2 faiz artmışdır.Bu artım əvvəlki dövrdə görülmüş işlərin nəticəsidir.Ümumi daxili məhsulun cəmi 0,5 faiz səviyyəsində artmasının səbəbi budur ki, bu il neftin hasilatında azalma olmuşdur.Nəticədə bu azalma imkan verməmişdir ki, ümumi göstərici də yüksək olsun. Ancaq qarşıya belə məqsəd də qoyulmur. Artıq iqtisadiyyatımız, iqtisadiyyatımızın strukturu müsbətə doğru böyük dərəcədə dəyişmişdir. Əvvəlki dövrdə görülmüş və bundan sonra görüləcək işlər nəticəsində iqtisadiyyatımız tam şəkildə çoxşaxəli iqtisadiyyat kimi özünü göstərəcəkdir.
Prezident İlham Əliyev daha sonra demişdir: "Sənaye istehsalının inkişafına gəldikdə, yenə də neftin hasilatının aşağı düşməsi nəticəsində ümumi rəqəm mənfidir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sənayesində 9,2 faiz artım əldə edilmişdir. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir.
Beləliklə, bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə, yəni, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi uğurla icra edilir. Həm böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır. Eyni zamanda, orta və kiçik həcmli müəssisələr də fəaliyyətini gücləndirir, onların sayı artır və yenə də deyirəm, bu artımın səbəbi ondan ibarətdir ki, dövlət tərəfindən özəl sektora çox böyük dəstək göstərilir, kreditlər verilir. Bu artımın səbəblərindən biri də ondan ibarətdir ki, dövlət şirkətlərini beynəlxalq şirkətlərə çevirmək üçün konkret tədbirlər görülür. İndi dövlət şirkətlərimiz həm peşəkarlıq, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də texnika təchizatı baxımından güclü şirkətlərə çevrilmişdir".
İclasda eyni zamanda qeyd edilmişdir ki, cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 8 milyard 979 milyon manat və ya 105,6 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz və yaxud 1 milyard 474 milyon manat çox olmuşdur.Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi tərəfindən 112,4 faiz, yəni büdcəyə 4 milyard 63 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 936 milyon manat və ya 29,9 faiz çox vəsait təmin olunmuşdur.Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 843 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 0,2 faiz (1,5 milyon manat), ötən ilin müvafiq dövrünə nisbətən isə 15,4 faiz (113 milyon manat) çox deməkdir.Dövlət Neft Fondu tərəfindən büdcəyə 4 milyard 21 milyon manat vəsait transfer edilmişdir.
Bildirilmişdir ki, 2011-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,7 faiz və ya 8 milyard 735 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 898 milyon manat və ya 27,8 faiz çox icra olunmuşdur.Dövlət büdcəsinə daxil olan vəsaitin 33,9 faizi və ya 2 milyard 962 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 420 milyon manat və ya 16,5 faiz çox olmuşdur.Sosial təyinatlı xərclərə aid olan təqaüdlərin və sosial müavinətlərin ödənişinə 1 milyard 63 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 20,2 faiz (178,3 milyon manat), əməyin ödənişi fonduna 1 milyard 770 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz (224 milyon manat), ərzaq və dərman xərclərinə 129 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 15,9 faiz (18 milyon manat) çox vəsait sərf edilmişdir.
İclasda qeyd edilmişdir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, pensiya təminatı sistemində islahatların həyata keçirilməsi və 2010-cu ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarına əmək stajlarına uyğun olaraq artımın tətbiqi üçün qanunlarda müvafiq dəyişikliklər aparılmaqla dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılmışdır.
İclasda ölkə iqtisadiyyatına investisiya qoyuluşu xərclərinin ilbəil ənənəvi artım dinamikasına da toxunulmuşdur.Bildirilmişdir ki, 2011-ci ilin doqquz ayı ərzində icmal büdcənin investisiya xərcləri 3 milyard 985 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyard 116 milyon manat və ya 38,9 faiz çox deməkdir. Bu xərclərin 3 milyard 281 milyon manatı və ya 54,2 faizi dövlət büdcəsi xətti ilə, Naxçıvan Muxtar Respublikasının büdcəsi xətti ilə 32,2 milyon manat, Dövlət Neft Fondunun xətti ilə 335,6 milyon manat, xarici kreditlər hesabına isə 336,2 milyon manat xərclər həyata keçirilmişdir.Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 394 milyon manat vəsait istifadə olunmuşdur. Müharibə əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan digər insanlar üçün yaşayış evlərinin və sosial obyektlərin tikintisinə 37 milyon manat, regionlarda idman komplekslərinin tikintisi və yenidənqurulmasına 31 milyon manat vəsait yönəldilmişdir.
Vurğulanmışdır ki, ölkənin əsas enerji, su təchizatı, qaz, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidənqurulmasına 761 milyon manat, o cümlədən regionların içməli su və suvarma-drenaj infrastrukturlarının yaradılması və yenidənqurulmasına 119 milyon manat, Bakı şəhərində və regionlarda elektrik paylayıcı şəbəkəsinin yenidənqurulmasına 102 milyon manat, qazlaşdırma tədbirlərinə isə 150 milyon manat vəsait ayrılmışdır.
Qeyd edilmişdir ki, ölkənin bir çox magistral, şəhər, rayon, qəsəbədaxili yolları yenidən çəkilir, bəzilərində artıq işlər başa çatmışdır. Paytaxt Bakı şəhəri yaxınlığında böyük yeni müasir dəniz və hava limanlarının təməli qoyulmuş, gəmiqayırma zavodunun tikintisinə başlanılmışdır.
Ölkənin nəqliyyat sektoruna cari ilin doqquz ayında 1 milyard 176 milyon manat vəsait yönəldilmişdir. Bu vəsaitin 768 milyon manatı avtomobil nəqliyyatına və yollarına aid olan infrastruktur layihələrin maliyyələşdirilməsinə, 136 milyon manat Bakı Metropoliteninin inkişafına və genişlənməsinə, 216 milyon manat "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə, 46,6 milyon manat Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinə gəmi bərələrinin alınmasına sərf edilmişdir.
Sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsi 2011-ci ildə də hökumətin qarşısında qoyduğunuz əsas vəzifələrdən biri kimi qalmaqdadır.Cari ilin doqquz ayında 1287 sahibkarlıq subyektinə iqtisadiyyatın müxtəlif sahələri üzrə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 106 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 34 milyon manatını dövlət büdcəsindən ayrılan vəsait təşkil edir.Güzəştli kreditlərin 74 faizi respublikanın regionlarının, 26 faizi isə Bakı qəsəbələrinin payına düşmüş, bu kreditlər hesabına 5110 yeni iş yerinin açılacağı nəzərdə tutulmuşdur.2011-ci ilin doqquz ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə investisiya layihələrinin sayı 27 faiz, verilmiş güzəştli kreditlərin məbləği 31 faiz, yeni açılmış iş yerlərinin sayı isə 37 faiz artmışdır.
Aqrar sektora dövlət qayğısının daha da artırılması məqsədilə fermer təsərrüfatlarına kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 35 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsait yönəldilmişdir.
Fəaliyyətə başladıqları dövrdən dövlət büdcəsindən və digər mənbələrdən üst-üstə Sahibkarlığa Kömək Milli Fonduna 453 milyon manat, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 318 milyon manat (kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 40 milyon manat (kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlərin verilməsi) vəsait ayrılmışdır.
Cari ilin ötən doqquz ayı ərzində regionların inkişafı istiqamətində də müsbət nəticələr əldə edilmişdir. Belə ki, ölkə başçısının regionlara mütəmadi səfərləri, 200-dən çox müxtəlif təyinatlı obyektlərlə tanışlığı, o cümlədən yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır.
Bu dövrdə regionlarda 80-dən çox müəssisə, o cümlədən 30-a yaxın sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 200-ə yaxın müəssisə, o cümlədən 80-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində bildirmişdir:"İlin sonuna qədər nəzərdə tutulmuş bütün proqramlar icra edilməlidir. Artıq ilin 9 ayı göstərir ki, bu il də bizim proqramların icrası ilə bağlı heç bir problemimiz yoxdur. Hər bir proqram uğurla icra edilir. Hər bir istiqamət üzrə görülən işlər haqqında vaxtaşırı məlumatlar verilir, təhlillər aparılır və əlavə göstərişlər verilir. Beləliklə, əminəm ki, ilin sonuna qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz artıq 2012-ci ildə görüləcək işlər haqqında da çox fikirləşməliyik.
Əminəm ki, ilin sonuna qədər makroiqtisadi vəziyyət də sabit olaraq qalacaqdır. Çünki ilin 9 ayında inflyasiya cəmi 8,4 faiz olmuşdur. Yəni, inflyasiya birrəqəmlidir. İlin əvvəlində də qarşıya belə vəzifə qoyulmuşdu ki, inflyasiya birrəqəmli olsun. Ümid edirəm ki, ilin sonuna qədər birrəqəmli inflyasiya qalacaqdır".
Azərbaycan Prezidenti həmçinin gələn il dövlət büdcəsi xərclərinin təqribən 22 milyard dollar həcmində olacağını, icmal büdcənin isə 25 milyard dollar səviyyəsinə qalxacağını bildirmiş, eyni zamanda ölkədə aqrar sahənin daha da inkişaf etdirilməsinin, əhalinin sosial rifahının yaxşılaşdırılmasının prioritet vəzifə kimi qarşıda durduğunu diqqətə çatdırmış, meliorasiya layihələrinin icra edilməsi, yeni elektrik stansiyalarının tikilməsi ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini vurğulamışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında