Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə keyfiyyət sertifikatı verilmişdir

Dünən Vergilər Nazirliyində adıçəkilən qurumun Telefon Məlumat Xidmətinə keyfiyyət sertifikatı verilməsi ilə bağlı brifinq keçirildi. Nazirliyin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov bildirdi ki, bu ilin sentyabr ayında sorğu mərkəzlərinin idarəetmə sistemi üzrə vahid Avropa standartını müəyyənləşdirən sertifikatlaşdırma qurumu olan "Austrian Standards plus" təşkilatının təmsilçisi "Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu" tərəfindən Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinin "EN-15838 Standartı"na uyğunluğunun yoxlanması üzrə audit keçirilmişdir. 
Audit 6 istiqamətdə - idarəetmə siyasəti və strategiyası, telefon məlumat xidmətinin agentləri, infrastruktur; proseslər (prosedur qaydalarına əməl edilməsi), müştəri məmnuniyyəti, cavabdehlik, keyfiyyət və fəaliyyətin nəticələrini əks etdirən digər göstəricilər üzrə 59 meyar əsasında aparılmışdır. Həmin auditdən sonra hesabat hazırlanaraq "Austrian Standards plus" təşkilatına təqdim edilmiş və nəticədə, "Austrian Standards plus" təşkilatı Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə "EN-15838" standartlarına uyğunluğu barədə "Nr.S 2011 043" nömrəli 15 oktyabr 2011-ci il tarixli sertifikat vermişdir.
E.Məmmədov həmçinin, xatırlatdı ki, "Austrian Standards plus" təşkilatı dünya üzrə iqtisadiyyatın, elm və texnikanın müxtəlif sahələrini təmsil edən 200 komitənin və 5600-dən çox ekspertin fəaliyyətini əlaqələndirir. Qurumun ilk standartı 1921-ci ildə işlənib hazırlanmışdır. 1946-cı ildən bəri "Austrian Standards plus" təşkilatı İSO-nun (Beynəlxal Standarlaşdırma Təşkilatı) üzvüdür. "EN-15838" standartı 11 ildir ki, qəbul edilib. 2008-ci ildən etibarən Standartlaşma üzrə Avropa Komissiyası "Austrian Standard Plus" təşkilatına bu sahədə ümumavropa standartı hazırlamağı həvalə etmişdir. Şirkətin verdiyi sertifikat sorğu mərkəzinə müraciət edən hər kəsə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərtlərin olduğunu təsdiq edir.
E.Məmmədov vurğuladı ki, bu standart Avropada 2009-cu ildən qəbul olunmuşdur və Avropanın 30 ölkəsində tətbiq edilir. "A1 Telekom Austria AG" (Avstriya), Competence Call Center (Almaniya, Avstriya, Rumıniya, İsveçrə, Slovakiya və Türkiyə), "Contactcenter LLC" (Ukraniya), "N-Allo France SAS" (Fransa) kimi məşhur şirkətlər bu sertifikatı almışlar. Postsovet məkanında biri Rusiyada, digəri isə Ukraynada olmaqla cəmi 2 qeyri-dövlət sorğu mərkəzinə müvafiq sertifikat verilmişdir. Lakin bu sorğu mərkəzlərinin vergi sistemi ilə heç bir əlaqəsi olmadığından Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Telefon Məlumat Xidməti postsovet ölkələri arasında vergi sahəsində keyfiyyət sertifikatı alan ilk ölkədir.
Sertifikatın standartlarına əməl olunmaqla onun əldə edilməsi mövcud imkanlarla ən yaxşı xidmətin, müştərilərin razılığının, keyfiyyətin optimallaşdırmasının təmin edilməsinin beynəlxalq standartlara uyğunluğunun sübutudur. Eyni zamanda, bu sertifikat müştərilərin etibarını qazanmağa və beynəlxalq aləmdə tanınmağa xidmət edən bir sənəddir. Bu təşkilatın sertifikatı əsasında Vergilər Nazirliyi bundan sonra internet səhifəsində və müxtəlif yazışma sənədlərində "EN-Certified" loqotipindən istifadə etmək hüququ qazanmışdır.
Brifinqdə Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinin rəisi Məhəmməd Yunusov bildirdi ki, Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidməti 2003-cü ilin dekabr ayından Bakı şəhərini, 2006-cı ilin may ayından etibarən isə respublikanın bütün regionlarını əhatə etməklə fəaliyyətə başlamış və hazırda vergi ödəyicilərinə və vətəndaşlara növbəli rejimdə fasiləsiz olaraq müxtəlif xidmətlər göstərir. İş günlərində saat 09:00-dan 18:00-dək canlı rejimdə vergi qanunvericiliyinə dair sualların cavablandırılması, vergi hüquqpozmaları barədə müraciətlərin qəbulu, elektron xidmətlər barədə müraciətlərin cavablandırılması, günün pik vaxtlarında buraxılmış zənglərlə bağlı əks əlaqənin yaradılması kimi xidmətlər göstərilir.
Avtomatik rejimdə isə vergi ödəyicilərinə vergi növləri və VÖEN-nə görə vergi borcu barədə məlumat verilir. Vergi ödəyicilərinə və vətəndaşlara 2010-cu il ərzində 323406 sayda, 2011-ci ilin ilk 9 ayı ərzində 353587 sayda xidmət göstərilmişdir. Cari ildə 1 saat ərzində 250, 1 gün ərzində 1500, 1 təqvim ayı ərzində 17000 daxil olmuş telefon zəngi canlı rejimdə müfəttiş-operatorlar tərəfindən cavablandırılmışdır. Bütövlükdə 2011-ci ilin ilk 9 ayı ərzində 195 Telefon Məlumat Xidməti tərəfindən cavablandırılan sorğuların sayı 189 mindən çox olmuşdur.
M.Yunusov qeyd etdi ki, Telefon Məlumat Xidmətində 2010-cu ilin yanvar ayından vergi ödəyicilərinin şəhər telefonlarına səsli mesajların, 2011-ci ilin yanvar ayından isə mobil telefonlarına qısa yazılı mesajların (SMS) göndərilməsinə başlanılmışdır. Ötən dövr ərzində vergi ödəyicilərinə vergi borcları, təqdim edilməli vergi bəyannamələri, nəzarət kassa aparatından istifadə və digər vergi öhdəlikləri barədə göndərilmiş səsli mesajlardan 123112 ədədi dinlənilmiş və SMS-lərdən 128275 ədədi vergi ödəyicilərinin mobil telefonlarına çatdırılaraq onların məlumatlandırılması təmin edilmişdir.
Bütün bu xidmətlər vergi ödəyicilərinə ödənişsiz olaraq həyata keçirilir. Sahibkarların, ümumiyyətlə, vətəndaşların vaxt itkisinə yol vermədən vahid mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını reallaşdırmaq məqsədilə Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinin təcrübəsindən yararlanmaqla, digər dövlət orqanlarını da əhatə etməklə ölkə üzrə universal telefon məlumat xidmətinin yaradılması üzərində iş aparılır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında