Masallının qaz təchizatı yaxşılaşır

Ölkəmizdə neft-qaz ehtiyatlarından ilk növbədə əhalinin rifahı naminə istifadə olunması dövlət siyasətinin başlıca prioritetidir. Bölgələrin təbii qaz təchizatının yaxşılaşdırılması məhz bu siyasətin tərkib hissəsi kimi mühüm önəm daşıyır. Xatırladaq ki, hələ 2000-ci ildə ulu öndərimiz Heydər Əliyevin imzaladığı müvafiq fərmana uyğun olaraq, əvvəllər qaz təminatı dayandırılan şəhər və rayon mərkəzlərinə qazın verilməsinə başlanılmışdır. Qısa müddət ərzində 32 rayonun qaz təchizatı bərpa edilmişdir. Sonra Naxçıvan Muxtar Respublikasına, Gəncə şəhərinə, İmişli rayonuna təbii qaz verilmişdir. 2006-cı ildə isə sovet dövründə belə qaz xətti çəkilməyən Lerik və Yardımlı rayonları mavi yanacaqla təchiz olunmuşlar. Daha sonra Ağcabədi rayonu qazlaşdırılmışdır.
Qaz təchizatının yaxşılaşdığı rayonlardan biri də Masallıdır. Əgər 2007-ci ildə Masallıda 5 min abonent təbii qaz alırdısa, hazırda bu rəqəm 15 mini ötmüşdür.
Rayon icra hakimiyyətinin bu işə xüsusi önəm verməsi, qüvvələrin səfərbər edilməsi sayəsində əvvəllər qaz almayan yaşayış məntəqələri belə mavi yanacaqla təmin olunmaqdadır.
Ötən ilin sonunda Prezident İlham Əliyevin məlum sərəncamı ilə rayon əhalisinin qazdan istifadəyə görə yaranmış 2 milyon 648 min manatlıq debitor borcunun silinməsi vətəndaşların böyük razılığına səbəb olmuşdur. Musakücə, Çaxırlı, Səmidxan, Bədəlan, Banbaşı, Qızılavar kəndlərinin qaz xətlərində təmir-bərpa işləri başa çatdırılmış, Mollaoba və Ərkivanda yüzlərlə sayğac quraşdırılmışdır. Rayon ərazisində bütün qaz xətləri yerin üstünə çıxarılmışdır. Tüklə avtomat qazpaylayıcı stansiyasından çıxan və 11 yaşayış məntəqəsini təmin edən orta təzyiqli qaz kəmərinin korroziyaya uğrayan hissələri təzələnmişdir. Türkoba ərazi nümayəndəliyinin hər üç kəndinə qaz verilişi bərpa edilmişdir.
Cari il Masallıda qazlaşdırmanın sürətləndirilməsi baxımından xüsusilə önəmlidir. Rayon mərkəzinə normal təzyiqli təbii qaz verilməsindən ötrü Ərkivan qəsəbəsindəki qazpaylayıcı stansiyadan başlayaraq 4 kilometr uzunluğunda yeni magistral kəmərin və uzunluğu 51 kilometr olan şəhərdaxili xətlərin çəkilişi intensiv davam etdirilir. Ümumilikdə Dövlət Proqramına əsasən, rayonun bütövlükdə üç mərhələ üzrə təbii qazla təchizatı reallaşdırılır.
Masallı şəhərinin M.Talışxanov, R.Axundov, S.Vurğun, H.Səmədov küçələrində xətlərin çəkilişi başa çatdırılmışdır. Həmin küçələrdə qaztənzimləyicilər və sayğaclar quraşdırılır. Artıq 51 kilometrlik şəhərdaxili qaz xəttinin 6 kilometrdən çoxu çəkilmişdir. Sentyabra qədər xətlər təhvil veriləcək və bununla da istehlakçıların sayı daha 2 min abonent artacaq.
Yaxın vaxtlarda Kolatan kəndində yeni QPS-nin tikintisinə başlanması həmin ərazilərdəki abonentlərin yüksək təzyiqli qazla təminatına şərait yaradacaq. Bu prosesin davamı olaraq Dövlət Proqramı çərçivəsində il ərzində rayonun Muğan zonasında yerləşən Təklə, Həsənli, Xırmandalı, Qarğalıq, Kalinovka, Qızılağac, Yeddioymaq və Şıxlar ərazilərinə qaz xətlərinn çəkilişinə başlanacaq. Gələn ay rayonun təbii qazla təmin edilməyən 13 kəndinə Təzə Alvadı avtomatlaşdırılmış qazpaylayıcı stansiyasından uzunluğu 50 kilometr olan 315 millimetrlik daşıyıcı kəmər çəkiləcək. Stansiyanın ikinci çıxışından xətlərin polietilen borularla çəkilməsi nəzərdə tutulur. Artıq rayon mərkəzində bu təcrübədən uğurla istifadə edilmişdir. Polietilen boruların birləşdirilməsində kompyuterin köməyindən istifadə edilir, işin keyfiyyəti daha etibarlı olur. Hazırda kənddaxili layihələndirmə sona yetmək üzrədir. Yeni xətlərin çəkilməsi rayon üçün əlamətdar hadisə olmaqla bərabər, heç vaxt qaz xətti olmayan ərazilərin sürətli inkişafına və əhalinin həyat şəraitinin yüksəlməsinə səbəb olacaq.
Mayın 9-da rayonun Bədəlan kəndinə mavi yanacağın verilməsi reallaşdırılmışdır. 20 ildən artıq idi ki, bu kənddə qaz yox idi, 1200 abonentdən ilkin mərhələdə 300 evə qaz verilmiş və sayğaclaşdırma aparılmışdır. Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlətin sosial siyasətinin uğurlarından konkret faktlarla söhbət açmışdır. Bunun bariz nümunəsinin Masallı rayonunda da aydın göründüyünü diqqətə çatdırmışdır. Kəndin sakinləri əhalinin sosial problemlərinin həllinə yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə etmişlər.
Qeyd edilmişdir ki, Qızılavar kəndində daha 450 mənzilə təbii qazın verilişinin bərpası ilə əlaqədar yeni layihə sənədləri əsasında 4 kilometr daşıyıcı, 23 kilometr isə kənddaxili polietilen qaz xətlərinin çəkilişi başlanır.
İlin əvvəlindən Təklə, Əhmədli kəndlərində 600 ədəd məişət qaz sayğacı quraşdırılmışdır. Bu ay həmin kəndlərə də təbii qazın verilməsi nəzərdə tutulur. Ümumiyyətlə, indiyədək Masallıda 11 mindən artıq qaz sayğacı quraşdırıldığı bildirilmişdir.
Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin bu istiqamətdə reallaşdırdığı kompleks tədbirlərin sayəsində Masallının qaz təsərrüfatı əsaslı şəkildə bərpa olunur. Rayon rəhbərliyi işlərin gedişi ilə daim maraqlanır, çətinliklərin aradan qaldırılmasına əməli dəstək verir.
Masallı sakinləri rayona normal təzyiqli təbii qazın verilməsindən hədsiz məmnundurlar. Başlıcası da odur ki, daha bundan sonra hisli-paslı odun sobalarına ehtiyac qalmayacaq və rayonun meşələrindəki yaşıl abidələrə-nadir ağaclara xətər toxunulmayacaq.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında