Yeni "Çıraq" layihəsi isə 360 milyon barrel əlavə neft hasilatına imkan verəcək
Azərbaycanın yeni neft strategiyası çərçivəsində görülən işlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması neft və qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. Artıq Azərbaycanda rekord səviyyədə neft və qaz hasil olunur ki, bu da ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasına səbəb olur. Özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan Respublikası artıq bir neçə ildir ki, bir sıra dünya ölkələrinin də enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası Azərbaycanın sürətli iqtisadi inkişafının təminatı olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün də möhkəm əsas, başlıca zəmanətdir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev demişdir: "Bu ilin birinci rübündə neft-qaz sektorunda vacib hadisələr baş vermişdir. O hadisələr bir daha göstərir ki, neft-qaz strategiyamız həm uğurludur, həm uzunmüddətlidir. On beş ildən çoxdur ki, bu siyasət aparılır. Azərbaycanın neft-qaz yataqlarına maraq azalmır. Bu yaxınlarda xarici tərəfdaşlarla yeni layihələr, yeni yataqlar üzrə müqavilələr bağlanmışdır. Kəşfiyyat işləri aparılacaq, yeni investisiyalar qoyulacaqdır... Qaz sektorunda görülən işlər həm ölkə daxilində, həm beynəlxalq əməkdaşlıq baxımından maraqlarımızı tam təmin edir".
Əvvəlki dövrlərdə olduğu kimi, 2010-cu ilin birinci rübü də Azərbaycanın neft strategiyası üçün son dərəcə uğurlu olmuşdur. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru bp-Azərbaycan şirkətinin cari ilin ilk rübünün nəticələri ilə bağlı hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki, 2010-cu ilin birinci rübü ərzində konsorsium iştirakçıları tərəfindən "Azəri-Çıraq-Günəşli" layihəsinin əməliyyat tədbirlərinə 155,3 milyon dollar, əsaslı məsrəflərinə isə 341 milyon dollar xərclənmişdir. Bütövlükdə isə il ərzində layihənin əməliyyat və əsaslı məsrəflərinə müvafiq olaraq 587 milyon və 1 milyard 584 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulur.
Qeyd etdiyimiz kimi, "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı ilbəil artır. Bu baxımdan cari ilin birinci rübünü də "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin istismarını həyata keçirən konsorsium iştirakçıları üçün uğurlu hesab etmək olar. Hesabat dövründə müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 9,7 milyon ton neft çıxarılmışdır ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 milyon ton çoxdur. Xatırladaq ki, bu ilin birinci rübündə beş hasilat platforması üzrə ümumi orta gündəlik neft hasilatı 797,300 barrel təşkil etmişdir. Bütövlükdə isə il ərzində orta gündəlik hasilatın 854 min barrelə çatdırılması planlaşdırılmışdır. Bunun da 90,900 barreli "Çıraq", 184,200 barreli "Mərkəzi Azəri", 285,700 barreli "Qərbi Azəri", 158,100 barreli "Şərqi Azəri" və 135,100 barreli "Dərinsulu Günəşli" platformalarının payına düşür. Hazırda "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində 95 istismar quyusundan neft çıxarılır. Bundan əlavə, müqavilə sahəsində daha 33 quyudan isə texniki məqsədlər üçün istifadə olunur ki, bu da istismar quyularının sabit rejimdə işləməsini təmin edir.
Məlum olduğu kimi, "Azəri", "Çıraq" və "Günəşli (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, səmt qazı da çıxarılır. "Əsrin müqaviləsi"nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp şirkəti 2010-cu ilin birinci rübündə "Azəri" yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bundan əlavə, "Çıraq" platformasında hasil edilmiş səmt qazının da bir hissəsi mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql edilmişdir. Cari ilin yanvar-mart aylarında konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 9,4 milyon kubmetr olmaqla 0,8 milyard kubmetr səmt qazı təhvil verilmişdir. İl ərzində "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində neftlə bərabər çıxarılan səmt qazının 1,9 milyard kubmetrinin Dövlət Neft Şirkətinə təhvil verilməsi nəzərdə tutulur.
"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri ilə "Mərkəzi Azəri" platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Xatırladaq ki, hazırda adıçəkilən platforma vasitəsilə beş quyudan laya qazvurma əməliyyatları davam edir.
Müqavilə sahəsindəki platformalardan neft hasilatı ilə yanaşı, qazma işləri də davam etdirilir. 2010-cu ilin mart ayında "Çıraq" platformasından yeni hasilat quyusunda qazma işləri uğurla başa çatdırılmışdır. Bundan əlavə, platformadan daha bir hasilat quyusunun qazılmasına hazırlıq görülür. İl ərzində "Çıraq" yatağında yeni bir maili quyunun da qazılması planlaşdırılır. Cari ilin birinci rübündə "Azəri" yatağında da qazma işləri xeyli intensivləşmişdir. Belə ki, "Mərkəzi Azəri" platformasında bərpa əməliyyatları başa çatdırıldıqdan sonra aprel ayının əvvəllərindən etibarən burada yeni qazma işlərinə start verilmişdir. İl ərzində "Azəri" yatağının mərkəzi hissəsində bir hasilat və bir texniki quyu qazılaraq istismara veriləcəkdir. Bundan əlavə, yatağın şərq və qərb hissələrində quraşdırılmış platformalarda da uğurlu qazma əməliyyatları həyata keçirilir. 2010-cu ilin birinci rübü ərzində "Qərbi Azəri" platformasında yeni hasilat quyusu tamamlandıqdan sonra qazma qurğusunda müəyyən təmir işləri aparılmışdır. Fevral ayında burada daha bir suvurma quyusunun qazıntısına başlanılmışdır. İlin qalan dövrü ərzində isə platformanın qazma qurğusunda lazımi profilaktika işləri ilə yanaşı, yeni istismar quyularının da qazıntısı nəzərdə tutulmuşdur. "Şərqi Azəri" platformasında birinci rübdə yeni suvurma quyusunda qazma və tamamlama işləri davam etdirilmişdir. İlin sonunadək isə burada daha iki hasilat quyusu qazılaraq istismara veriləcəkdir. "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində də birinci rüb ərzində uğurlu qazma əməliyyatları aparılmış, yeni bir hasilat quyusu qazılmışdır. Qarşıdakı aylarda burada daha iki maili quyu qazılacaq və "Dədə Qorqud" qazma qurğusu vasitəsilə "Günəşli" yatağının dərinsulu hissəsində sualtı suvurma qazması proqramı davam etdiriləcək.
"Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində ixrac əməliyyatlarının həcmi getdikcə artır. Cari ilin ilk rübündə müqavilə sahəsindən xam neftin sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. Məlumat üçün bildiririk ki, hazırda terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2010-cu ilin birinci rübündə Səngəçal terminalından 76 milyon barrel neft ixrac olunmuşdur. Xam neftin 66 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 8 milyon barreli Bakı-Supsa kəmərləri, 2 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır.
2010-cu ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində tikinti işləri də nəzərdə tutulmuş plana və cədvələ uyğun olaraq davam etdirilmişdir. Hesabat dövründə "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində suvurma əməliyyatlarının təşkili üçün bir sıra zəruri işlər görülmüş, bir suvurma quyusu istismara verilmişdir. Gələcəkdə "Dərinsulu Günəşli" platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə kollektora gündə təqribən 400 min barrel su vurmaq mümkün olacaq. Xatırladaq ki, bu, Xəzər dənizində ilk mühüm sualtı işlənmədir və gələcəkdə digər yataqlarda da analoji proqramın tətbiqinə geniş yol açır.
Məlum olduğu kimi, bu il martın 9-da "Əsrin müqaviləsi"nin rəhbər komitəsi tərəfindən yeni "Çıraq" neft layihəsinin tikinti işlərinə başlamağa dair qərar qəbul edilmişdir. Dəyəri 6 milyard dollar olan "Çıraq" neft layihəsinin reallaşdırılması mövcud "Dərinsulu Günəşli" və "Çıraq-1" platformaları arasında tikiləcək yeni platforma vasitəsilə 360 milyon barrel əlavə ehtiyatların çıxarılmasına imkan verəcək. "Azəri-Çıraq-Günəşli" layihəsinin işlənməsi tarixində ilk dəfə olaraq "Çıraq" neft layihəsi üçün lazım olan bütün qurğuların hamısı yerli ehtiyatlardan maksimum istifadə olunmaqla ölkə daxilində inşa ediləcək.
Hazırda əsas tikinti podrat müqavilələrinin verilməsi üçün işlər yekunlaşmaq üzrədir. Bu arada bəzi tikinti sahələrində quraşdırma işlərinin başlanmasına hazırlıq məqsədi daşıyan fəaliyyətlər artıq başlanıb. Ötən ilin dekabr ayından Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) quraşdırılmaqda olan öncə qazma üçün dayaq tavası üzrə işlər plana uyğun irəliləyir və hazırda bitmək üzrədir. Həm bərkitmə, həm də quraşdırma payaları artıq hazırdır. Quruda aparılacaq istismar sınaqlarından sonra dayaq tavası və payalar bu ilin üçüncü rübü ərzində dənizdə öz daimi yerində quraşdırılmaq üçün hazır olacaq.
Tikinti-quraşdırma sahələrinin yenidən qurulması ilə bağlı işlərin, həmçinin müvafiq texniki-mühəndis işlərinin başlanması üçün də hazırlıq aparılır. Platformanın dayaq blokunun ölkə daxilində quraşdırılmasına imkan verəcək BDÖZ-də yenidənqurma işlərinin aparılması razılaşdırılıb və bunun üçün lazım olan materiallar, o cümlədən poladdan diyircəkli borubükənlər, polad layların doğranması üçün özüllərin təchizatı artıq başlanıb. Bu materialların tikinti sexlərində quraşdırılması üçün gətirilməsi bu ilin ikinci rübünə planlaşdırılır. Dayaq bloku və üst modulların quraşdırılacağı sahələrə lazım olan polad layların gətirilməsinin də may ayında başlanacağı gözlənilir.
"Çıraq" neft layihəsi çərçivəsində öncə qazma proqramına bu ilin ikinci rübündə "İstiqlal" qazma qurğusu ilə başlanması planlaşdırılır. Adı çəkilən qurğu vasitəsilə burada bir öncə qazma və bir geotexniki quyu qazılacaq. Dayaq tavası dənizdə quraşdırıldıqdan sonra isə "Dədə Qorqud" qazma qurğusu "Dərinsulu Günəşli"dən "Çıraq" sahəsinə keçiriləcək və bu ilin üçüncü rübündən başlayaraq ikinci və sonrakı öncə qazma quyularını qazacaq.
Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti də getdikcə genişlənir. Cari ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclərə 3,5 milyon dollar sərf olunmuşdur. İlin sonunadək isə bu məbləğin 69 milyon dollar təşkil edəcəyi gözlənilir. Yanvar-mart aylarından adı çəkilən kəmərlə 8,8 milyon ton xam neft nəql olunmuşdur.
Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barreldir. Xatırladaq ki, 2006-cı il iyun ayının 4-də ilk tankerin Ceyhan limanından yola salınmasından 2010-cu il aprelin sonunadək kəmər vasitəsilə nəql edilmiş 118,8 milyon ton xam neft 1128 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Yeri gəlmişkən, hazırda "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə neftin və "Şahdəniz" yatağından hasil edilən kondensatın nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə Qazaxıstanın "Tengiz" yatağından çıxarılan neftin daşınmasına dair saziş mövcuddur. Bu isə kəmərin rentabelliyinin tam təmin olunmasını və uzunmüddətli fəaliyyətini təsdiqləyir.{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.