Şriftin ölçüsü:
16.10.2011 11:12 | Oxunma sayı: 907
Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dövlət idarəçiliyi sistemində informasiya texnologiyalarının tətbiqinin miqyaslarına görə Azərbaycan liderdir. Bu liderlik elektron hökumət məsələlərinə və dövlət idarəçiliyində texnologiyaların tətbiqi ilə məşğul olan Azərbaycanın yüksək səviyyəli İT şirkətlərinə ölkə rəhbərliyinin xüsusi diqqəti sayəsində mümkün olmuşdur. İdarə etdiyi biznes-qurumun nümunəsində SİNAM Azərbaycan şirkətinin prezidenti Elçin Əliyev ölkədə elektron hökumətin vəziyyəti haqqında və bu prosesdə SİNAM-ın rolu barədə öz fikirlərini bölüşdü.
- SİNAM şirkətinin inkişafı və fəaliyyəti Azərbaycanda elektron hökumətin tətbiqinin təkamül prosesi ilə ayrılmaz surətdə bağlıdır. Bu istiqamətdə keçilmiş yolu necə qiymətləndirərdiniz?
- Siz tamamilə haqlısınız. SİNAM şirkəti Azərbaycanda elektron hökumət sahəsində ilk layihəni reallaşdırmışdır. Bu, reallaşdırmasına 1999-cu ildə başladığımız gömrük sisteminin informasiyalaşdırması üzrə Dövlət Gömrük Komitəsinin və BMT-nin İnkişaf Proqramının birgə layihəsi idi. Məhz bu dövrdən etibarən SINAM elektron hökumət sahəsində irimiqyaslı layihələrlə məşğul olmağa başladı. 1999-2011-ci illərdə bizim şirkətimiz Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və s. təşkilatlar üçün elektron hökumət sahəsində böyük layihələr reallaşdırıb.
Bizim iştirakımızla tətbiq edilmiş həllərin bəzilərinin o dövrdə regionda analoqları yox idi. Məsələn, HP və Colvir Software şirkətləri ilə birgə SİNAM Azərbaycanın dövlət poçt xidməti üçün "Poçt-maliyyə xidmətlərinin və poçt əməliyyatlarının avtomatlaşdırılması sistemi" layihəsini reallaşdırmışdır. Colvir Software şirkətinin tətbiq edilmiş proqram həlli bütün ölkə ərazisində poçt xidmətinə istənilən bank və poçt xidmətlərini göstərməyə imkan verdi ki, bu da bank infrastrukturunun inkişaf etmədiyi regionlar üçün çox effektivdir.
Azərbaycanda elektron hökumətin qurulması baxımından maraqlı və əlamətdar olan ölkənin Mərkəzi Bankı üçün kommunal xidmətlərə görə mərkəzləşdirilmiş ödəmə sisteminin (APUS) yaradılması layihəsini göstərmək olar. SİNAM bu sistemi "CheckFree" (www.checkfree.com) korporasiyasının (bilinq sistemlərin reallaşdırılması sahəsində dünya lideri) məhsulları platformasında hazırlanan və maliyyə sektoru üçün inteqrasiya olunmuş həllər sahəsində qabaqcıl şirkət olan "CMA Small" "Systems AB" İsveç şirkəti ilə birgə hazırlamış və tətbiq etmişdir. Sistemin effektivliyi artıq sübut edilmişdir - sistemin istismarının qısa dövrü ərzində kommunal xidmətlərin ödənişi, həmçinin yol hərəkəti qaydalarının pozulmalarına görə cərimələrin ödənişi mümkündür. Sistemin təkamülü göstərir ki, tezliklə bütün dövlət ödənişləri APUS-la birləşdirilə bilər.
Dövlət idarəçiliyi sistemində İKT-nin tətbiqi kimi bir mürəkkəb sferaya SİNAM şirkətinin daha dərindən nüfuz etməsi, demək olar ki, elektron hökumət sahəsində Azərbaycanda ümumi trendləri də çox yaxşı nümayiş etdirir. Bu istiqamətdə işlər dövlət idarəçiliyi sisteminin elektron hökumətə tam keçidi haqqında ölkə Prezidentinin müvafiq sərəncamı imzalamasından sonra daha da gücləndi.
- Hazırda SİNAM şirkəti elektron hökumət sahəsində layihələri xaricdə də həyata keçirir. Siz şirkətin xarici bazarlarda fəaliyyətini necə qiymətləndirirsiniz?
- Son illər ərzində bizim şirkətimiz məhz elektron hökumət provayderi kimi Azərbaycanda böyük təcrübə toplamışdır. Dövlət miqyaslı müxtəlif layihələr çərçivəsində bizim şirkətimizin qarşısında duran mürəkkəb məsələlər həm komandamızın peşəkar inkişafına, həm də dövlət idarəçiliyinin müxtəlif seqmentləri üçün effektiv və tələb edilən həlləri yaratmağa imkan vermişdir. Məhz öz gücümüzə əmin olaraq və elektron hökumət üçün hazırladığımız və hər hansı ayrıca götürülmüş ölkədə tətbiq edilmək üçün "istifadəyə hazır" həllərimizin keyfiyyətinə arxalanaraq, biz hələ bir neçə il əvvəl xarici bazarlara çıxış istiqamətində biznes-strategiyamızı formalaşdırdıq. Strategiya yeni inkişaf səviyyəsinə qalxmağı və xarici bazarların aktiv mənimsənilməsini nəzərdə tuturdu. Qeyd edim ki, ölkə hökumətinin və şəxsən dövlət başçısının dəstəyinin hiss olunduğu yeni şəraitdə belə sıçrayışı həyata keçirmək daha asandır.
SİNAM bu yöndə yaxşı aralıq nəticələrə nail olmuşdur. Bizim şirkətimiz postsovet məkanı ölkələrində müxtəlif tenderlərdə fəal iştirak edir. Artıq Gürcüstanda, Qırğızıstanda, Birləşmiş Ərəb Əmirliklərində, Rusiyada və ABŞ-da şirkətimizin filiallarına malikik. Qırğızıstandakı fəaliyyətimizi ayrıca qeyd etmək istərdim. Biz bu ölkənin vergi xidmətinin informasiyalaşdırılması layihəsini qurtarmaq üzrəyik və bu yaxınlarda daha bir tenderdə qalib gəlmişik - Qırğızıstan Dövlət Qeydiyyatı Xidməti üçün elektron arxiv yaradacağıq. Əlamətdar trendi qeyd etmək istərdim - bir dövlət təşkilatında icranın yüksək keyfiyyəti və münasib xidmət qiyməti SİNAM şirkəti ilə Qırğızıstan hökuməti arasında münasibətlərin davamı üçün stimul olmuşdur. Əminəm ki, bizim aramızda uzunmüddətli əməkdaşlıq bərqərar olacaq və biz Qırğızıstanda elektron hökumət sahəsində bizim bütün qabaqcıl həllərimizi tədricən tətbiq edə biləcəyik.
Biz bu modeldən başqa ölkələrdə də istifadə etmək niyyətindəyik - bir istiqamətdə işin keyfiyyətlərini göstərmək, etibar qazanmaq və başqa dövlət təşkilatları ilə əməkdaşlığı davam etdirmək. Bizim səylərimiz müvəffəqiyyətlə nəticələnmişdir - Cənubi Qafqazda və Mərkəzi Asiyada SİNAM şirkəti artıq regional elektron hökumət provayderi kimi qəbul edilir. Biz əminik ki, bu imici saxlaya və elektron hökumət sahəsində regional bazarların mənimsənilməsini davam edə biləcəyik.
Bunun üçün bizim 17 illik təcrübəmiz, Oracle, Microsoft, HP, Cisco, Alcatel-Lucent, EMC, İMC, elektron İnstruction və s. kimi dünya liderləri ilə uzunmüddətli əməkdaşlığımız var. Bizim şirkətimiz tərəfindən elektron hökumət üçün bir çox həllər, o cümlədən elektron imza üzrə də həllər hazırlanmış və müvəffəqiyyətlə tətbiq edilmişdir. Biz bütün Azərbaycanı əhatə edən və 10 Gbps buraxılış qabiliyyətinə malik olan AzDatacom kimi böyük infrastruktur şəbəkələrini yaratmağa və inkişaf etdirməyə hazırıq.
Ən yaxın illər üçün SİNAM-ın biznes-strategiyası şirkətin Yaxın Şərqə, Qərb ölkələrinə və s. çıxışını nəzərdə tutur. Əminəm ki, yaxın perspektivdə Azərbaycanın İKT sektoru haqlı olaraq neft sahəsindən "estafeti" alacaq və Azərbaycanın gələcəyi üçün "lokomotiv" rolunu oynayacaq.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.