Azərbaycanın neft sənayesində nanotexnologiya

Azərbaycan Respublikası elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmiş "Neft sənayesində nanotexnologiya" (fundamental elmi araşdırmalar, ixtira və tətbiq) adlı tədqiqat əsəri diqqətimi daha da çəlb etdi. İş son zamanlar dünya elminin prioritet istiqamətlərindən biri hesab edilən nanotexnologiyanın neft sənayesinə tətbiqinə həsr edilib və tədqiqat işi elmin son nailiyyətlərindən hesab edilən nanotexnologiya üzrə mükəmməl araşdırmadır.
Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində nanoölçülü strukturların sintezi sahəsindəki böyük uğurlar, bu materialların geniş miqyaslı sənaye sınaqlarına və tətbiqinə gətirib çıxarmışdır. Nanotexnologiyanın inkişafı nəticəsində müəyyən edilmişdir ki, maddəni təşkil edən hissəciklərin ölçüləri nanometr tərtibində olduqda onların xassələri kəskin olaraq dəyişir və nəticədə maddə massiv materialların malik olmadığı yeni unikal xassələrə malik olur. Hissəciklərin ölçüləri nanometr tərtibinə qədər kiçildikcə onların stabilliyi azalır və bu problem də nanomaterialların stabilləşdirilmə texnologiyasının yaradılması zərurətini ortaya çıxarır. Ancaq fiziki və kimyəvi xassələrin nanoölçülü sistemlərdə dəyişməsi bu cür materialların geniş sənaye tətbiqinə də imkan yaradır.
Nanoelmin sürətli inkişafı elektronikada, kompyuter texnikasında, maşınqayırmada, ekologiyada, tibbdə, kimya sənayesinə bir çox yeniliklər gətirir. Kimya sənayesində yüksək effektivliyə malik katalitik nanohissəciklərin alınmasında böyük uğurlar əldə edilmişdir və bu materiallar katalizator kimi uğurla istifadə edilməyə başlanılmışdır. Son zamanlar yeni, elmi tutumlu texnologiyaların işlənməsi hesabına neft sənayesində böyük uğurlar əldə edilmişdir və bu sahəyə nanotexnologiyanın nailiyyətlərindən istifadə etməklə neftçıxarma sistemlərində, qazmada böyük iqtisadi səmərə əldə etmək olar.
Dünya bazarında neftin qiymətinin sürətlə dəyişməsi, ona artan tələbat yeni texnologiyaların tətbiqini aktual bir problem kimi önə çəkir. Mütəxəssislərin verdiyi məlumata görə neftçıxarma ilə məşğul olan ölkələrin istismar etdiyi neft yataqlarının 50-65% çətin istismar edilə bilən yataqlardır. Bunların da əksəriyyəti istismar nəticəsində sulaşmış və parafinləşmiş yataqlardır. Onların istismarı iqtisadi cəhətdən rentabelli olmadığı üçün istismarı dayandırılmışdır. Lakin bu yataqlarda hələ də kifayət qədər neft var.
Abşeron yarımadasında istismar nəticəsində sulaşmış, qeyri-rentabelli neft quyuları kifayət qədərdir və bu quyulardan ancaq yeni texnologiyaları tətbiq etməklə qalıq nefti çıxarmaq olar. Bu məqsədlə BDU-nun və ARDNŞ-in alim və mütəxəssisləri tərəfindən bu cür quyulardan qalıq neftin çıxarılması üçün yeni texnoloji üsul işlənib hazırlanmışdır. Neftçıxarmada istifadə etmək üçün nanoölçülü metal hissəciklərin alınması texnologiyası işlənib hazırlanmış, onlar səthi aktiv maddələrlə stabilləşdirilmiş, əvvəlçə laboratoriya şəraitində, sonra isə sulaşmış neft quyularına daxil edilərək onların neftçıxarmaya təsiri tədqiq edilmişdir.
Müəyyən edilmişdir ki, lay sularının metal nanohissəcikləri ilə işlənməsi zamanı sistemdə təzyiqin artmasına səbəb olan karbon qazının ayrılması müşahidə olunmaqla mühitin turşuluğu artır. Metal nanohissəciklərinin neft quyularına daşıyıcılar vasitəsi ilə suspenziya halında daxil edilməsi nəticəsində nanohissəciklər sulaşmış laylarda mövcud olan karbonatlarla reaksiyaya girərək karbon qazı yaradır və nəticədə sistemdə təzyiq artır. Müəyyən edilmişdir ki, daşıyıcı və stabilləşdirici rolunu oynayan səthi aktiv maddələr də mühitdə əlavə karbon qazı yaradır. Nəticədə sistemdə turşuluğun və təzyiqin artması hesabına təbəqələşmə baş verir və neft sistemin səthinə toplaşır. Bu təbəqələşmə zamanı proses güclü axına səbəb olur, lay suxurlarının yuyulması baş verir və neft axını lay quyu sisteminin keçiricilik qabiliyyətini yaxşılaşdırır və bu da kollektora əlavə maye axınına şərait yaradır. Nəticədə layların neftvermə əmsalı yüksəlir, çıxan mayedə suyun miqdarı azalır və neftçıxarma üçün enerji sərfi xeyli aşağı düşür. Müəyyən edilmişdir ki, metal nanohissəciklərinin quyulara daxil edilməsi nəticəsində neft hasilatı 2,0-2,5 dəfə artır, neftin çıxarılmasna sərf olunan enerjiyə 15%-ə qədər qənaət edilir, quyulardan çıxarılan mayedə suyun miqdarı 18-24%-ə qədər azalır. Alınmış bu nəticələrin böyük elmi və praktik əhəmiyyəti var. Hesab edirəm ki, A.Mirzəcanzadənin, A.Məhərrəmovun, R.Abdullayevun, X.Yusifzadənin, E.Şahbazovun, R.Qurbanovun, S.Əhmədovun, M.Ramazanovun, Ş.Şəfiyevin , E.Kazımovun həmmüəllif olduqları "Neft sənayesində nanotexnologiya" işinin yüksək elmi və praktik əhəmiyyəti var və Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatını almağa layiqdir.

{nl}

Məhərrəm MƏMMƏDYAROV, Azərbaycan Dövlət Mükafatı laureatı, akademik

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında