İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, AMEA-nın İqtisadiyyat İnstitutunun və "Xalq qəzeti"nin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş "Milli iqtisadiyyat: modernləşmə, diversifikasiya və regional inkişaf " mövzusunda keçirilmiş "dəyirmi masa" ətrafında söhbət
Azərbaycan xalqı müstəqilliyinin bərpasının 20 illik yubileyini qeyd edir. Lakin müstəqilliyin ilk dövründə ölkədə acınacaqlı vəziyyət hökm sürürdü, iqtisadi tənəzzül nəticəsində əhalinin həyat şəraiti son dərəcə ağırlaşmışdı. Xalqın israrlı çağırışları və tələbi ilə görkəmli dövlət xadimi, zəngin həyat təcrübəsinə malik Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ölkəni xaosdan xilas etdi.
Ulu öndər ölkədə sağlam və sabit ictimai-siyasi fəaliyyət mühiti yaratdı. Respublikanın beynəlxalq aləmdə nüfuzunun artmasına nail oldu, gənc dövlət sisteminin, o cümlədən müstəqilliyin möhkəmləndirilməsinin etibarlı təməli olan iqtisadi inkişafın totalitar sistemdən bazar istehsal münasibətlərinə keçidi təmin etdi. Heydər Əliyev respublikanın dağılmış iqtisadiyyatının mühüm istiqamətlərinin bərpası ilə yanaşı, neft sənayesinin böyük imkanlarını və bu mühüm sahənin müstəqil Azərbaycan üçün vacibliyini nəzərə alaraq neft strategiyasını həyata keçirməyə başladı. Eyni zamanda, ölkədə genişmiqyaslı iqtisadi islahatlara start verildi, özəlləşmə proqramlarının gerçəkləşdirilməsi, maliyyə-pul, kredit və vergi sistemlərinin yenidən qurulması, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və s. tədbirlər respublikanın sürətli dirçəlişini təmin etdi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi Azərbaycanın artıq sabitləşən maliyyə imkanlarını daha da artırdı və zəruri inkişaf proqramlarının həyata keçirilməsini təmin etdi. Bu cəhətdən Azərbaycanın imkanlarının nə qədər genişləndiyini belə bir faktdan da görmək olar ki, əgər 2000-ci ildə son dərəcə zəif olan respublika büdcəsi xərclərinin cəmi 11,6 faizi iqtisadiyyatın inkişafına sərf edilmişdisə, 2010-cu ildə dəfələrlə artan ölkə büdcəsi xərclərinin 41,6 faizi bu məqsəd üçün istifadə edilmişdir.
Bütün bunlar barədə "Milli iqtisadiyyat: modernləşmə, diversifikasiya və regional inkişaf" mövzusunda keçirilən "dəyirmi masa"da ətraflı danışılmışdır. "Dəyirmi masa" ətrafında söhbətdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, İqtisadi İnkişaf Nazirliyinin baş məsləhətçisi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Kərim Ramazanov, İqtisadi İnkişaf Nazirliyinin "İqtisadi siyasət, təhlil və proqnozlaşdırma" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Strateji Araşdırmalar Mərkəzi"nin direktoru, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Əli Nuriyev, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Rasim Həsənov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, Qafqaz Universitetinin prorektoru, iqtisad elmləri namizədi Cihan Bulut, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri namizədi Vaqif Rüstəmov, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi, dosent Aqil Əsədov, İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və Dövlət Proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi Rofət Hüseynəliyev iştirak edirdilər.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev "dəyirmi masa" iştirakçılarını salamlayaraq müzakirələrin məqsədi haqqında qısa məlumat verdi:
- Hörmətli tədbir iştirakçıları, mən, ilk növbədə, bu müzakirəyə fəal qoşulduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm. Məlum olduğu kimi, milli iqtisadiyyatımız müasir səviyyəyə yetişənədək bir çox sınaqlardan çıxmışdır. Xüsusilə, yada salaq ki, SSRİ-nin süqut etdiyi ilk illərdə keçmiş müttəfiq respublikaları ilə iqtisadi əlaqələrin pozulması, səriştəsiz insanların rəhbərliyə gətirilməsi, həmin dövrdə bir çox hallarda dövlət mülkiyyətinə olan laqeyd münasibət milli iqtisadiyyatı çıxılmaz duruma salmışdı, artıq bütün sahələrdə sürətli tənəzzül müşahidə edilirdi. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da ciddi dəyişikliklərə səbəb oldu. Ümummilli liderin rəhbərliyi ilə məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi siyasət və tədbirlər nəticəsində milli iqtisadiyyatın ayrı-ayrı sahələrində baş qaldırmış tənəzzül prosesi qısa zamanda dayandırıldı və əksər sahələrdə bu proses tərəqqi ilə əvəz olundu. Nəhayət, hamımıza məlum olduğu kimi, Azərbaycan "Əsrin müqaviləsi"nin imzalaması ilə qlobal iqtisadi məkana daxil oldu və bazar münasibətlərinin bərqərar olması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə start verildi. Bütün bu prosesləri şərti olaraq bir neçə mərhələyə bölmək mümkündür ki, bu barədə də mən öz çıxışımda qeyd edəcəyəm.
"Dəyirmi masa"nın keçirilməsində də başlıca məqsəd ölkə iqtisadiyyatının inkişaf dinamikasına nəzərə salmaq və perspektivlər haqqında fikirləri müzakirə etməkdir. Bir daha hər birinizi salamlayıram və "dəyirmi masa"da fəal iştirak etməyə çağırıram.
Kərim RAMAZANOV, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor:
-20 illik müstəqillik dövründə əldə olunmuş nailiyyətlərin dəyərini dərk etmək və qiymətləndirmək üçün enerji təchizatı baxımından 20 il öncə hansı vəziyyətdə olduğumuzu xatırlamaq və yada salmaq kifayət edər. Energetika sektorunun 20 il öncəki vəziyyətinə nəzər salsaq görərik ki, müstəqilliyin ilk illərində əhalinin və iqtisadiyyatın enerji təhlükəsizliyi, demək olar ki, çox çətin durumda idi. Bu çətinliklər əsas etibarilə aşağıdakı problemlərin mövcudluğu ilə izah olunurdu. Blokada şəraitində qalmış Naxçıvan Muxtar Respublikasının enerji ilə təchizatı, demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Muxtar respublikada Araz Su Elektrik Stansiyasından başqa enerji mənbəyi yox idi. Naxçıvanın enerji təchizatı əsas etibarilə İrandan alınan və ödənişi olduqca sərt şərtlərlə aparılan elektrik enerjisindən asılı idi. Bölgənin elementar enerji təchizatından söhbət gedə bilməzdi.
Abşeron yarımadası və Bakı şəhəri ölkədə istehsal olunan elektrik enerjisinin 65-70 faizə qədərini istehlak edirdi. Ümumi maliyyə çatışmazlığı səbəbindən energetikanın inkişafına investisiya qoyuluşu çox aşağı səviyyədə idi. Eyni zamanda, yanacaq, əsasən də, təbii qazın çatışmazlığı hiss olunurdu. Qeyd olunan səbəblərdən əhalinin və iqtisadiyyatın enerji təchizatında tez-tez fasilələr yaranırdı, rayon və kənd yerlərində isə günün yalnız müəyyən vaxtları enerji verilirdi. Hətta enerji təchizatının dayandırılacağı barədə rəsmi təsdiqlənmiş qrafiklər də mövcud idi. Bütün bu problemlər ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin gərgin və məqsədyönlü əməyinin nəticəsində qısa bir müddətdə öz həllini tapdı.
Tezliklə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında etibarlı elektrik verilişi xətti inşa olundu. İmişli-Parsabad (İran İslam Respublikası) arasında yeni elektrik verilişi inşa olundu. İrana verilən enerjinin müqabilində bu ölkədən Naxçıvana sabit şəkildə elektrik enerjisi verilməyə başlandı.
"Əsrin müqaviləsi" çərçivəsində Xəzərin karbohidrogen ehtiyatlarının istifadəyə verilməsi, Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi və başqa layihələrin reallaşması nəticəsində ölkənin enerji təhlükəsizliyinin bünövrəsi qoyuldu. İri infrastruktur layihələrinin, o cümlədən energetika sənayesinin inkişafına külli məbləğdə investisiya qoyuluşuna real imkanlar yarandı.
Qısa müddət ərzində Yenikənd və Vayxır su elektrik stansiyaları, "Şimal-1" və Sumqayıt istilik elektrik stansiyaları inşa olundu. Bunadan əlavə, Azərbaycan İstilik Elektrik Stansiyası təmir edildi, "Cənub" və "Şimal-2" istilik elektrik stansiyalarının inşasına başlanıldı. Enerji sistemində yeni texnika və texnologiyaların tətbiqi sürətləndirildi, yeni, müasirelektrik verilişi xətləri və yarımstansiyalar inşa olunaraq istifadəyə verildi. Azərbaycanın enerji sistemi hazırda generasiya güclərinin yeniliyinə görə dünyanın bir çox inkişaf etmiş ölkələrindən irəlidədir.
Bütün görülən tədbirlərin məntiqi nəticəsi olaraq Bakı və Abşeron yarımadasının enerji təchizatını son 50 ildə ilk dəfə olaraq adı çəkilən ərazidə yerləşən elektik stansiyaları vasitəsilə təmin etməyə imkan yarandı. Ölkənin cənub və qərb bölgələrindən gələn elektrik verilişi xətti isə Bakı şəhəri və Abşeron yarımadasının enerji təchizatını keyfiyyətcə yeni mərhələyə, ən yüksək enerji təhlükəsizliyi səviyyəsinə çıxardı. Azərbaycanın elektroenergetika sistemi ölkənin enerjiyə olan tələbatını tamamilə ödəmək qabiliyyətinə malik olmaqla yanaşı, qonşu ölkələrə də iri həcmdə enerji ixrac etmək imkanları əldə etdi. Vaxtilə enerji blokadasına düşmüş Azərbaycan hazırda Cənubi Qafqaz regionunda bütün cəhətlərdən, o cümlədən də energetika sahəsində ən inkişaf etmiş ölkə olmaqla Avropanın enerji təhlükəsizliyinin də əsas təminatçılarından birinə çevrilmişdir.
Ədalət MURADOV, iqtisad elmləri doktoru, professor: -Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan, xaotik sosial-iqtisadi və siyasi vəziyyətdən dinamik sosial-iqtisadi inkişaf mərhələsinə qədər çətin və şərəfli yol keçərək böyük nailiyyətlərə imza atmışdır. Bu müddət ərzində tamamilə yeni siyasi və iqtisadi sistem qurulmuş və sürətli inkişaf təmin olunmuşdur. Müstəqilliyin ilk illərində obyektiv və subyektiv səbəblərdən yaranmış dərin böhran, xüsusilə də ölkənin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirərək ölkə iqtisadiyyatını idarəolunmaz vəziyyətə gətirmişdi.
Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan köklü islahatlar qısa müddətdə öz səmərəsini verdi. Yeni qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əlverişli biznes mühitinin yaradılması, neft strategiyası, ixrac marşrutlarının diversifikasiyası, neft gəlirlərindən səmərəli istifadə, dünya iqtisadiyyatına inteqrasiya və digər sahələrdə islahatlar məhz bu dövrdə aparılmışdır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin sosial-iqtisadi sahədə yeni nailiyyətlər əldə etməsinə imkan vermişdir. Belə ki, son illər iqtisadi artım templərinə görə Azərbaycanın dünyanın lider ölkələri sırasında bərqərar olması, dünya miqyasında baş verən maliyyə-iqtisadi böhranından cüzi itkilərlə çıxması, regionun aparıcı dövlətinə çevrilməsi və Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatında 70 faizdən çox paya malik olması bu uğurların bariz nümunəsidir.
Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bölgədə reallaşdırılan bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə öz həllini tapır. Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində əsas strateji tərəfdaşlarından biridir və Avropanın neft və qazla təminatında əhəmiyyətli rol oynayır.
Hazırda adambaşına düşən investisiyaya görə ölkəmiz MDB dövlətləri arasında yüksək göstəricilərdən birinə malikdir. Ölkənin strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarını keçmişdir.
Nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən "Standard and Poors", "Moody's" və "Fitch Ratings" reytinq agentlikləri tərəfindən Azərbaycan üzrə reytinq proqnozları "Pozitiv"ə qədər yüksəldilmişdir. Həmçinin, "Dünya Rəqabət Qabiliyyətliliyi İndeksi 2011-2012" hesabatına əsasən ölkə iqtisadiyyatının rəqabət qabiliyyətlilik səviyyəsi son bir il ərzində daha iki pillə irəliləmiş və MDB ölkələri arasında öz liderlik mövqeyini qoruyub saxlamışdır.
Azərbaycanın maliyyə imkanlarının genişlənməsi inkişaf strategiyasında nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün, o cümlədən rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması üçün yeni imkanlar yaratmışdır. Müstəqilliyin bərpasından sonra iqtisadiyyatın modernləşdirilməsi məqsədilə əsas kapitala yönəldilmiş vəsaitlər 23,3 dəfə artmışdır. Bu dövrdə daxili investisiyaların həcmi isə 28,9 dəfə artmışdır. Eyni zamanda, iqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlər sistemli və ardıcıl olaraq reallaşdırılmışdır.
Elektroenergetika sistemində generasiya güclərinin artırılması hesabına ölkəmiz enerji idxalçısından onun ixracatçısına çevrilmişdir. Bununla yanaşı, hazırda alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi də genişləndirilməkdədir.
Transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, ölkənin bütün regionlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir.
Müasir standartlara cavab verən informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Müstəqillik illərində informasiya və rabitə xidmətləri 88 dəfə artmışdır. Azərbaycan artıq 2012-ci ildə milli telekommunikasiya peykini orbitə çıxaracaqdır. Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə əsasən, informasiya-kommunikasiya xidmətlərinin inkişafına görə Azərbaycan MDB-də birinci yerdədir.
Müstəqillik illərində həyata keçirilən uğurlu xarici iqtisadi siyasətin nəticəsi olaraq, tərəfdaş ölkələrinin sayı təqribən 150-yə çatmış, xarici ticarət dövriyyəsi 7 dəfə artmışdır.
Sahibkarlığın inkişafına dövlət qayğısının nəticəsidir ki, özəl sektora dövlət dəstəyi tədbirləri davamlı olaraq gücləndirilir, sahibkarlıq subyektlərinin maliyyə təminatının yaxşılaşdırılması məqsədilə güzəştli kreditlər verilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində artıq Azərbaycanda özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. Müstəqilliyin ilk illərində özəl sektorun ÜDM-də xüsusi çəkisi 17,7 faiz təşkil etdiyi halda, hazırda bu göstərici 80 faizdən çox, aqrar bölmədə isə demək olar ki, 100 faizdir.
Sahibkarlığın inkişafı və Azərbaycan şirkətlərinin maliyyə imkanlarının genişlənməsi nəticəsində artıq onlar xarici ölkələrə investisiyalar yatırırlar və bu rəqəm milyard dollarlarla ölçülür.
2009-cu il martın 18-də ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul edilmiş əlavələr və dəyişikliklərə əsasən sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradılması təsbit edilmiş, ölkənin inkişaf modeli yeni elementlə zənginləşmişdir.
Son on ildə ölkə üzrə orta aylıq əmək haqqı 7,3 dəfə, əhalinin gəlirləri 6,3 dəfə, əhalinin əmanətləri 38,2 dəfə artmış, minimum əmək haqqı 15,5 dəfə, pensiyaların minimum məbləği isə 8,5 dəfə qaldırılmışdır. Bununla yanaşı, yaşayış minimumunun həddi 95 manata çatdırılmış, ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği 75 manatadək artırılmışdır. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 9,1 faizədək azalmışdır. Uğurlu sosial siyasətin nəticəsidir ki, ölkəmiz "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna yüksəlmişdir.
Vilayət VƏLİYEV, iqtisad elmləri doktoru:
- Dövlət müstəqilliyin bərpasından sonra olan iqtisadi inkişaf dövrünü üç mərhələyə ayırmaq olar. Müstəqilliyin ilk illərindən 1994-cü ilə qədər Azərbaycan iqtisadiyyatında tənəzzül hökm sürmüş, 1995-ci ildən başlayaraq 2003-cü ilə qədər ölkə iqtisadiyyatında sabitlik və davamlı inkişaf müşahidə olunmuş, növbəti illərdən isə ölkə iqtisadiyyatında sürətli inkişaf başlamışdır. Bu mərhələlərin də hər biri özünəməxsus xüsusiyyətlərlə xarakterizə edilir. 1991-1994-cü illərdə ÜDM hər il orta hesabla 13-20 faiz, adambaşına düşən ÜDM 72 faiz, əhalinin real pul gəlirləri 3,6 dəfə, adambaşına pul gəlirləri orta hesabla 1,4 dəfə, əmək haqqı üzrə əldə edilən gəlirlərin səviyyəsi isə 8,2 dəfə azalmış, ölkədə 1763 faiz səviyyəsində hiperinflyasiya qeydə alınmışdır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi isə müzakirələrin əvvəlində də qeyd olunduğu kimi, iqtisadi dirçəlişin əsasını qoydu. Beləliklə, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində milli iqtisadiyyatın davamlı inkişaf dövrü başlandı ki, bu da 1995-2003-cü illəri əhatə edir. Sabitlik və davamlı iqtisadi artımla xarakterizə olunan bu dövr ulu öndər Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyi təmin etməsi, makroiqtisadi sabitlik və davamlı iqtisadi inkişaf, "Əsrin müqaviləsi"nin reallaşması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanması, Dövlət Neft Fondunun yaradılması, beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq (sabitləşdirmə proqramları), dövlət mülkiyyətinin özəlləşdirilməsi, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyünün təmin olunması və sahibkarlığın inkişafı kimi məsələlərlə xarakterizə olunur. Eyni zamanda, 1995-2003-cü illər ərzində, MDB-də ilk dəfə olaraq, torpaq islahatlarının həyata keçirilməsi, sahəvi sosial-iqtisadi inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi, qiymətlərin, xarici iqtisadi fəaliyyətin, valyuta bazarının liberallaşdırılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, bazar institutlarının formalaşdırılması (valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarlarının yaradılması), sahibkarlıq fəaliyyəti və xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və sair məsələlər də öz həllini tapmışdır. Bu dövrün statistik mənzərəsinə nəzər saldıqda aydın olur ki, yalnız 1995-2003-cü illər ərzində ÜDM-in orta illik artımı 9 faiz , adambaşına düşən ÜDM artımı 3 dəfə, özəl sektorun ÜDM-də payı 2 dəfədən çox artaraq 73 faiz təşkil etmiş, dövlət büdcəsinin gəlirləri 3 dəfə, orta aylıq real əmək haqqı 5,6 dəfə, xarici investisiya qoyuluşları 10 dəfə, daxili investisiya qoyuluşları isə 5 dəfə artmış, eləcə də istehlak qiymətləri indeksi 1995-ci ildəki 512 faizdən, 2003-cü ildə 2,2 faizə qədər aşağı düşmüşdür. Bununla da, Cənubi Qafqaz iqtisadiyyatında müstəqil Azərbaycan Respublikasının payı 50 faizi ötüb keçmişdir.
Nəhayət, Heydər Əliyev ideyalarının və iqtisadi strategiyasının uğurla davam etdirildiyi 2004-2011-cu illəri ölkə iqtisadiyyatının sürətli inkişaf dövrü kimi xarakterizə etmək olar. Bu dövr makroiqtisadi sabitliyin təmin edilməsi, büdcə kəsirinin minimum səviyyəsi, inflyasiyanın idarə olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkədə yoxsulluq səviyyəsinin azaldılması, məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın qəbul edilməsi, dövlət investisiya proqramları çərçivəsində irimiqyaslı sosial və infrastruktur layihələrinin geniş miqyasda həyata keçirilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin daha da artırılması (subsidiyalar, vergi, lizinq və digər güzəştlər), biznes və investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması, eləcə də sahibkarlığın, xüsusilə, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi (qeydiyyat və gömrük rəsmiləşdirilməsinın sadələşdirilməsi, "Xüsusi iqtisadi zonalar haqqında" Qanunun qəbulu, vergi yükünün azaldılması, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin verilməsi və s.) kimi xüsusiyyətlərlə xarakterizə olunur. Məhz bu dövrdə, ölkəmizin qazandığı iqtisadi uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə qeyd edilmişdir.
BMT-nin İnkişaf Proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda Azərbaycan İnsan İnkişafı İndeksinə görə 2005-ci ildə 101-ci yerdən 2010-cu ildə 182 ölkə asında 67-ci yerə yüksəlmişdir. Son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkədir və son 10 ildə postsovet məkanında illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə malikdir. Nəticədə Azərbaycan "orta insan inkişafı" ölkələr qrupunu tərk edərək "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil edilmişdir.
2004-2011-ci illər ərzində həyata keçirilmiş uğurlu iqtisadi siyasət nəticəsində ÜDM-in orta illik artımı 14 faiz, o cümlədən qeyri-neft ÜDM-də 9 faiz olmuşdur. Eyni zamanda, adambaşına düşən ÜDM 2004-cü ilə nisbətən 5 dəfə artmış, özəl sektorun ÜDM-də payı 81,7 faizə çatmış, xarici borcun ÜDM-ə nisbəti 18 faizdən 7 faizə qədər aşağı düşmüşdür.
Bu dövrdə ölkə iqtisadiyyatına qoyulan daxili və xarici investisiyaların həcmi davamlı olaraq artmış, sosial və infrastrukturun inkişafına yönələn dövlət investisiyalarının həcmində də dinamik artım qeydə alınmışdır:
İqtisadiyyata cəmi investisiya qoyuluşları 2,4 dəfə, o cümlədən xarici investisiya qoyuluşları 1,5 dəfə, daxili investisiya qoyuluşları isə 5,5 dəfəyə qədər artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 14 dəfədən artıq yüksələrək 2010-cu ilin sonuna 29 milyard ABŞ dollarını ötmüş, (hazırda 40 milyardır). Dövlət büdcəsinin xərcləri (xüsusilə sosial və infrastruktur sahələrinə) orta hesabla hər il 24 faiz artırılmışdır. Büdcə kəsiri davamlı olaraq minimum səviyyədə saxlanılmışdır. Xarici ticarət dövriyyəsi 2003-cü il ilə müqayisədə 5 dəfədən çox, o cümlədən ixrac 8 dəfədən çox artmış, ticarət saldosu 2004-cü ildən başlayaraq müsbət olmuşdur. Bu dövrdə xarici ticarət dövriyyəsinin 57,7 faizi, o cümlədən ixracın 59,1 faizi Avropa ölkələrinin payına düşmüşdür.
Həyata keçirilmiş iqtisadi siyasətin nəticəsi olaraq sosial sferada da böyük nailiyyətlər əldə edilmişdir: Orta aylıq nominal əmək haqqı 2005-ci illə müqayisədə 2010-cu ildə 2,6 dəfə, əhalinin gəlirləri 3,2 dəfə, adambaşına düşən gəlirlərin həcmi isə 3 dəfə artmış, orta pensiyanın məbləği 2003-cü illə müqayisədə 2011-ci ildə 6,3 dəfə, minimum əmək haqqı isə 4 dəfədən çox artırılmış, 2003-cü ildən etibarən ölkədə 655 mini və yaxud 72 faizi daimi olmaqla 912 mindən çox yeni iş yeri yaradılmış, 2161 yeni məktəb binası, 400-dən çox səhiyyə obyekti və digər sosial obyektlər tikilib istifadəyə verilmişdir. Yoxsulluq səviyyəsi 2010-cu ilin yekunlarına görə 2003-cü ildəki 44,7 faizdən 9 faizədək enmişdir.
Əli NURİYEV, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor:
- Hörmətli müzakirə iştirakçıları, mən ilk növbədə belə aktual məsələlərə həsr edilmiş "dəyirmi masa"nın bütün təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Qeyd etmək lazımdır ki, 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan Respublikasının sosial-iqtisadi və siyasi baxımdan elə bir dövrünə təsadüf edirdi ki, həmin dövrdə ölkədə baş verən qarşıdurmaları aradan qaldırmaq, xaotikliyi tənzimləmək, iqtisadi tənəzzülü dayandırmaq, siyasi-iqtisadi sabitliyə nail olmaq kimi məsələlər təcili həllini tələb edirdi. Ümummilli lider Heydər Əliyev tezliklə ölkənin investisiya cəlbediciliyinin təmin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul edərək Azərbaycan Respublikasını xarici və yerli iş adamları, investorlar üçün əlverişli fəaliyyət məkanına çevirdi. Beləliklə, dinamik iqtisadi inkişafa istiqamətlənən layihə və proqramlar qəbul edildi, eləcə də paralel olaraq 1995-2000-ci illər ərzində müvafiq normativ baza formalaşdırıldı. Artıq qəbul edilən sənədlər, ölkədə operativ və obyektiv surətdə həyata keçirilən özəlləşdirmə proqramları nəticəsində əldə olunan ümumi iqtisadi dirçəliş istər sosial-iqtisadi göstəricilərdə, istərsə də insanların yaşayış tərzində açıq-aydın hiss edilməkdə idi. Bütün bunlar həm də ölkənin maliyyə imkanlarını genişləndirməklə əldə edilən uğurları daha da sürətləndirməyə imkan verirdi.
Eyni zamanda, yəqin ki, mənimlə razılaşarsınız tarazlı regional inkişafa nail olmadan təmin edilmiş inkişaf dayanıqlı ola bilməz. Başqa sözlə desək, hər bir ölkənin etibarlı inkişafı onun ayrı-ayrı regionlarının inkişaf səviyyəsindən çox asılıdır. Belə bir şəraitdə isə, təbii ki, regionların inkişafını nəzərdə tutan müvafiq proqramların qəbul edilməsi artıq zərurətə çevrilmişdi.
Məhz bu səbəbdən də istər ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə, istərsə də son illər regional inkişaf Azərbaycan hökumətinin iqtisadi siyasətinin prioritetinə çevrilmişdir. Hələ 2003-cü ilin oktyabrında vətənə, dövlətə, xalqa sədaqət andı içərək Prezident səlahiyyətlərınin icrasına başlayan cənab İlham Əliyev əsası ümummilli liderimiz tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsinə hərtərəfli zəmin formalaşdırmış, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində müvafiq qərarlar qəbul etmişdir. Tarazlı regional inkişafa nail olmaq istıqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər ) Dövlət Proqramı"nı təsdiq etmişdir.
Nəticədə Dövlət Proqramının uğurlu icrası ilə yanaşı, makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bir sözlə, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl sosial-iqtisadi siyasət nəticəsində beş il ərzində Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payı 85-87 faizə qədər yüksəlmiş, sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə artmışdır. Artıq Azərbaycan Respublikası Cənubi Qafqazda və ya MDB-də deyil, bütün dünyada xüsusi əhəmiyyət kəsb edən, nüfuzlu mövqeyə malik aparıcı dövlətə çevrilmiş və əksər iqtisadi göstəriciləri ilə liderlik əldə etmişdir. Təbii ki, belə bir şəraitdə ölkədə həyata keçirilən islahatlar dünyanın diqqətindən kənarda qala bilməzdi. 2008-ci ildə açıqlanan, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünya üzrə "Ən islahatçı ölkə" elan edilməsi də ölkəmizə göstərilən beynəlxalq diqqətin nəticəsi idi.
Bütün bunlarla yanaşı, regional inkişaf tədbirləri yalnız dövlət proqramları ilə məhdudlaşmır, silsilə tədbirlər planı qəbul edilir və uğurla reallaşdırlırdı. Bircə faktı qeyd etmək kifayətdir ki, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Gəncə-Qazax və digər iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmış, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" qəbul edilmişdir. Bu sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iqtisadiyyata investisiya qoyuluşlarının artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və yoxsulluğun azalmasına ciddi təsir etmiş, ümumilikdə ölkəmizin iqtisadi tərəqqisində mühüm rol oynamışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində yalnız son beş il ərzində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi iş yeri açılmışdır.
Mövcud potensialdan daha səmərəli istifadə etməklə regionlarda sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək hər zaman olduğu kimi, bu gün də Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbul edilməsi də məhz qarşıda duran vəzifələrin vaxtında və müvəffəqiyyətlə icra edilməsinə xidmət edir.
Rasim HƏSƏNOV, iqtisad elmləri doktoru, profesor:
-Son 20 ildə Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş iqtisadi islahatların nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşır. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur.
Hazırda iqtisadi siyasətin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olunması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi, ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Bununla yanaşı, regionlarda sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Məmmədəli ƏFƏNDİYEV:
- Müstəqilliyin bərpasından sonra ölkə iqtisadiyyatında, o cümlədən aqrar sahədə tənəzzül və iqtisadi böhran aradan qaldırılmağa başlanmış, bu istiqamətdə uğurlu islahatlar həyata keçirilmişdir. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradılmışdır. Belə ki, 1995-ci ildə "Aqrar islahatların əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", 1996-cı ildə isə "Torpaq islahatı haqqında" qanunlar qəbul edilmişdir. Aqrar islahatlarının birinci mərhələsində torpağın və əmlakın özəlləşdirilməsi başa çatdırılmışdır.
Ümummilli liderimizin müəyyənləşdirdiyi iqtisadi strategiya onun layiqli varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması əhalinin sosial rifah halının yaxşılaşdırılmasına şərait yaradılmışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş və bu işlər hazırda da davam etdirilir. İndi Azərbaycanda əlverişli biznes mühiti mövcuddur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən sahibkarlığın inkişafı üçün çox gözəl şərait yaradılır. Gələcəkdə də Azərbaycanın davamlı iqtisadi inkişafı baxımından sahibkarlıq fəaliyyəti mühüm amil olacaqdır. Ümumilikdə sahibkarlığın inkişafı üçün başlıca şərt kimi infrastruktur layihələrinin həyata keçirilməsi, elektrik stansiyaları və yolların tikilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Cihan BULUT, iqtisad elmləri namizədi:
- Dəyərli müzakirə iştirakçıları, hamımıza məlumdur ki, 1993-cü ildə türk dünyasının böyük oğlu Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən etibarən Azərbaycan Respublikası bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Tezliklə ölkədə siyasi-iqtisadi sabitliyi təmin edən dahi Heydər Əliyev müstəqil Azərbaycanda elmin, təhsilin hamisinə çevrildi. Dövlət idarəçiliyi və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev çox düzgün olaraq elm və təhsil sahəsinə xüsusi diqqət göstərirdi. "Hər şeyi kadrlar həll edir" prinsipini nəzərə alsaq elmə, təhsilə qayğının nə qədər vacib olduğunu görərik.
Digər tərəfdən, aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyinin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək, təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir.
Müşahidələr göstərir ki, həqiqətən də belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil etmişdir. Son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə, Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır.
Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də, xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada türk dünyasının lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dönəmdə reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir.
Bu da danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən, ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün lazımi şərait yaradılmışdır. Son dövrlər hər il tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadaları, konfranslar,habelə aspirantlar və gənc tədqiqatçıların respublika simpoziumları, müsabiqələr keçirilir ki, bu da elmə, elmi tədqiqatlara olan marağı daha da artırır. Eyni zamanda, bir faktı qeyd etmək istərdim ki, 1998-ci ildən bu günə qədər elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin 1500-dən artıq əməkdaşı müxtəlif ölkələrdə - ABŞ, Böyük Britaniya, Polşa, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və başqa ölkələrdə yaradıcı ezamiyyətlərdə olmuş, Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir. Nəzərə alsaq ki, istənilən sahədə, o cümlədən elmdə sürətli inkişafın başlıca amillərindən biri də çevik inteqrasiya və beynəlxalq əməkdaşlıqdır, onda yuxarıda qeyd edilənlər də Azərbaycan elminin inkişafı istiqamətində atılmış addım kimi qəbul edilə bilər.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün də islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki, yuxarıda qeyd edildiyi kimi, baza təhsilinə malik olmayan insanların ciddi elmi araşdırmalar aparması qeyri-mümkündür. Bu baxımdan da, elmin və elmi tədqiqatların inkişafından söhbət gedirsə, ilk növbədə orta ümumtəhsil sisteminə diqqət yetirilməsi zəruridir.
Vaqif RÜSTƏMOV, iqtisad elmləri namizədi:
-Həqiqətən də qeyd edildiyi kimi, müstəqillik illərində Azərbaycan dövləti, eləcə də onun iqtisadiyyatı bir çox çətinliklərlə üzləşmişdir ki, bunun da bir çox obyektiv və subyektiv səbəbləri vardır. Əlbəttə, bu səbəblər hər birimizə məlumdur və mən onları sadalayıb sizin vaxtınızı almaq istəməzdim. Amma bir məsələni xüsusi vurğulamaq yerinə düşər ki, hər bir müstəqil ölkənin qarşısında duran başlıca vəzifələrdən biri də qlobal iqtisadi məkana sürətli və səmərəli inteqrasiya etmək, etibarlı və təhlükəsiz iqtisadi sistem formalaşdırmaq, beynəlxalq aləmdə ölkənin nüfuzlu siyasi və iqtisadi imicini formalaşdırmaqdan ibarətdir. Bütün bu sahələrdə, müstəqilliyin ilk illərində müəyyən çətinliklər və çatışmazlıqlar olsa da, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra problemlər tədricən öz həllini tapdı. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı, Azərbaycana iri həcmli xarici investisiyaların axını başladı və beləliklə də Azərbaycanın qlobal iqtisadi məkana sürətli inteqrasiyası başlandı. Baxmayaraq ki, investisiyaların əsas hissəsi neft sektoruna yönəldilmişdi, bu, ümumi iqtisadi tərəqqiyə də öz müsbət təsirini göstərirdi. Beləliklə, ölkədə bazar infrastrukturlarının inkişafına yönələn silsilə tədbirlər həyata keçirildi, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair proqramlar qəbul edildi, hərbi sahədə atəşkəsə nail olundu, qanunvericilik bazası təkmilləşdirildi və s. Bütün bunlar isə öz növbəsində, ölkədə yeni bazar münasibətlərinin formalaşmasına şərait yaratdı. Nəticədə, özəl sektor sürətlə inkişaf edərək istər məşğulluğun təmin edilməsində, istər büdcə gəlirləri və ÜDM-in formalaşmasında, istərsə də ümumi və regional inkişafda aparıcı mövqeyə çıxdı.
Bütün bunlarla yanaşı, milli iqtisadiyyatın inkişafına dair çoxlu sayda faktlar sadalamaq olar. Amma bütün bunlarla yanaşı, hesab edirəm ki, inkişaf potensialı hələ tükənməmişdir və daha sürətli inkişaf üçün ciddi zəmin vardır. Xüsusilə, sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da genişləndirilməsi, bu məqsədlə diversifikasiya, sığorta, stimullaşdırma, kredit və s. tədbirlərin daha geniş əhatəli olması məqsədəuyğun hesab edilir. Digər tərəfdən, vacib məsələlərdən biri də, ölkəmizdə ixracın kreditləşdirilməsi və stimullaşdırılması istiqamətində addımlar atılmasıdır. Eyni zamanda, innovasiya tədbirlərinin genişləndirilməsi, bütün dünyada aktual olan biliklər iqtisadiyyatının formalaşdırılması, sahibkarlıq subyektlərinin innovasiya fəaliyyəti haqqında maarifləndirilməsi və s. qarşıda duran vacib vəzifələr kimi qəbul edilməlidir. Bu məqsədlə müvafiq normativ-hüquqi bazanın da təkmilləşdirilməsi, xüsusilə tezliklə "Elm haqqında", "İnnovasiya fəaliyyəti haqqında" və s. qanunların qəbul edilməsi çox vacibdir.
Aqil ƏSƏDOV, iqtisad elmləri namizədi, dosent:
- Burada çox dəyərli alim və mütəxəssislərimiz iştirak edirlər. Məndən əvvəl çıxış edənlər müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını aydın və əhatəli şəkildə ifadə etdilər. Ona görə də mən hər birimizə məlum olan rəqəmlər, dinamika haqqında danışıb vaxtınızı almaq istəmirəm. Eyni zamanda, bir məsələni qeyd etmək istərdim ki, mənim fikrimcə, Azərbaycanın müstəqilliyi 1991-ci ildə elan edilsə də, ölkəmizin iqtisadi müstəqilliyi 1994-cü ildə hiss olundu. Belə ki, məhz 1994-cü il 20 sentyabr tarixində Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalanmışdır ki, bununla da "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlandı. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin müqaviləsi" adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. Bu müqavilə, hər şeydən əvvəl, Azərbaycan Respublikasının öz təbii-iqtisadi resurs ehtiyatlarının tam hüquqlu sahibi və qərarvericisi olduğunu bütün dünyaya göstərdi, eləcə də Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının əsasını qoydu. Həmin dövrdən etibarən uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkəmiz əksər makroiqtisadi göstəricilərdə dəfələrlə irəliləyişə nail oldu ki, bu da Azərbaycanı regionun aparıcı dövlətinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Beləliklə, uğurla reallaşdırılan neft strategiyası, nəhayət, ölkəmizin ümumi iqtisadi inkişaf strategiyasının müəyyənləşməsinə və həyata keçirilməsinə imkan verdi. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, 2003-cü ildən etibarən isə ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi strategiya nəticəsində artıq Azərbaycan qlobal sferada cərəyan edən zərərli təsirlərdən özünü qorumağı bacaran, dünyanın nüfuzlu kürsülərindən öz mövqeyini ifadə etməyə qadir güclü bir dövlətə çevrilmişdir. Artıq ölkədə sahibkarlığın dinamik inkişafı təmin edilmiş, ÜDM-də, büdcə gəlirləri və xərclərində, əhali gəlirlərində və s. ilbəil artıma nail olunmuşdur.
Müasir dövrdə isə qarşıda duran başlıca vəzifələrdən biri milli iqtisadiyyatın, eləcə də onun ayrı-ayrı sahələrinin uzunmüddətli davamlı inkişafını təmin etməkdir. Məlum olduğu kimi, davamlı inkişaf indiki nəslin tələbatının gələcək nəslin tələbatına toxunmadan, dolğun şəkildə ödənilməsidir. Eyni zamanda, davamlı inkişaf sosial, iqtisadi və ekoloji inkişafın kompleks şəkildə təmin olunmasını, ayrı-ayrı sahələrdə yaranan problemlərə sistem şəklində yanaşmanı irəli sürür.
Göründüyü kimi, davamlı inkişaf tələbləri bütün növ resurslardan qənaətlə istifadəni, hər bir sahədə texnika və texnologiyanın ən son nailiyyətlərinin tətbiqini, müasir dünya reallıqlarından irəli gələn idarəetmə və texnoloji yeniliklərdən istifadəni və s. tələb edir, eləcə də bütün proseslərə kompleks şəkildə yanaşmanı dəstəkləyərək, sosial-iqtisadi və ekoloji olmaqla üç istiqamətli inkişafı tövsiyə edir. Təbii ki, bütün bunlar, yuxarıda qeyd edildiyi kimi, istər texnoloji, istərsə də idarəetmə sahəsində müasirliyi tələb edir. Bu baxımdan müxtəlif sahələrdə istehsal və xidmət proseslərində yeni texnika və texnologiyanın geniş miqyaslı tətbiqi, müasir idarəetmə metodlarından istifadə milli iqtisadiyyatın modernləşdirilməsinin başlıca amillərindən biri kimi qəbul edilə bilər. Yeni texnika və texnologiyanın tətbiqi elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnməyi tələb edirsə, idarəetmə sahəsində təkmilləşmə isə öz növbəsində kadr hazırlığı və təminatının yaxşılaşdırılmasını önə çəkir.
Qeyd edilənlərdən aydın olduğu kimi, söhbət elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda geniş miqyaslı tətbiqindən, kadr təminatı və hazırlığının təkmilləşdirilməsindən gedirsə, ümumilikdə bütün bunları innovasiya siyasətinin tərkib hissəsi hesab etmək olar. Belə olduqda isə innovasiya siyasətini modernləşmənin və davamlı inkişafın mühüm amili kimi qəbul etmək mümkündür. İstər innovasiya, istərsə də modernləşmə, yekunda rəqabət qabiliyyətliliyin yüksəldilməsinə kömək edir ki, bu da davamlı inkişafın əsas tələblərindən biridir. Belə ki, hər hansı bir sahənin davamlı inkişaf etməsi həmin sahənin digər alternativ sahələrlə rəqabət mübarizəsindən çox asılıdır. Qloballaşma və inteqrasiya proseslərinin sürətləndiyi müasir dövrdə, istər milli, istərsə də qlobal səviyyədə rəqabət mübarizəsində iştirak etmək, bu mübarizədə müflis olmamaq uzunmüddətli fasiləsiz fəaliyyətin başlıca şərtlərindən biridir. Göründüyü kimi, milli iqtisadiyyatın modernləşdirilməsi, innovasiya siyasəti, davamlı inkişaf, rəqabət qabiliyyətlilik və s. bir-biri ilə sıx bağlı olub qarşılıqlı əlaqəlidir. Eyni zamanda, biri digərinin təkanvericisi və ya tamamlayıcısıdır. Başqa sözlə desək, bu məsələlərə ayrılıqda deyil, kompleks şəkildə yanaşılması daha məqsədəuyğundur.
Fərrux DADAŞOV:
- Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və onun məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla davam etdirilir. Ötən müddətdə ölkədə regionların sosial-iqtisadi inkişafı getdikcə sürətlənmiş, bölgələrdə mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Belə ki, son 7 il ərzində elektrik təchizatı sahəsində 11 elektrik stansiyası tikilib istifadə verilmiş, elektrik istehsalının gücü 1500 Mvt artırılmışdır. 2012-ci ilin sonunadək ölkə əhalisinin 90-95 faizinin təbii qazla təmin edilməsi, hər bir rayon mərkəzində içməli su və kanalizasiya layihələrinin başa çatdırılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə artıq dövlət büdcəsindən ayrılan vəsait hesabına Lənkəran, Biləsuvar, Kürdəmir, Ucar, Zərdab, Şəmkir, Mingəçevir, Quba, Qax, Hacıqabul və İmişli şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə start verilmişdir. Eyni zamanda, ölkənin bütün bölgələrində əhalinin qazla təmin edilməsi üçün müvafiq işlər görülməkdədir. Son illər ərzində ölkədə 2164 kilometr respublika əhəmiyyətli yollar, 3395 kilometr yerli əhəmiyyətli yollar tikilib və təmir edilmiş, 139 körpü və tunel istifadəyə verilmişdir. Ötən müddətdə 400-ə yaxın tibb müəssisəsi, 2 mindən çox məktəb tikilmiş və əsaslı təmir edilmişdir. Bu illər ərzində 1 milyona yaxın yeni iş yeri, 40 mindən çox yeni müəssisə yaradılmışdır. Sumqayıtda "Bismak", "Azkompozit" və "Dizayn Genay Azərbaycan" müəssisələri, Sumqayıt Texnoparkının birinci mərhələsi, Abşeronda "Azbentonit" MMC, duz zavodu, (M-Line) mebel fabriki və (AZMDF) ağac emalı zavodu, Şamaxıda avtomobil, televizor, məişət soyuducuları istehsalı müəssisələri, Gəncədə avtomobil zavodu, "Jardin Royal" şokolad fabriki, Lənkəranda süd zavodu, çay və dondurma fabrikləri, Masallıda şirniyyat fabriki, İmişlidə şəkər zavodu, Şəki, Lənkəran, Biləsuvar, Xaçmaz və Qəbələdə meyvə şirələri və konserv zavodları, Qubada "Azkon" müəssisəsi, Mingəçevirdə beton-dayaqlar və elektron avadanlıqları zavodları, Zaqatalada gül yağı emalı, süd və tütün emalı zavodları, Naxçıvanda Yeyinti Sənaye Kompleksi, avtomobil zavodu, Gəmiqaya daş məhsulları kompleksi, mineral sular zavodu, Şərur rayonunda asfalt-beton zavodu, Gədəbəy qızıl-mis emalı zavodu, Bakıda "Gök-Nur Bakı" kabel və elektrik avadanlıqları istehsalı zavodu, Qranit-Mərmər zavodu, Hacıqabul kərpic zavodu, Ağcabədidə və Tovuzda süd emalı zavodları, İmişlidə yem və bitki yağları fabrikləri, Salyan, Quba, Qusar, Xaçmaz və Qəbələdə soyuducu anbar kompleksləri, Qobustan, İmişli və İsmayıllıda taxıl anbarı kompleksləri, Ağcabədidə "Atena" süd məhsulları kombinatı, Samuxda meyvə qurudulması və emalı müəssisəsi, Xaçmaz kondensator zavodu, Yevlaxda "Azərtoxum" MMC-nin toxumçuluq müəssisəsi, Qəbələ piano fabriki, Naftalanda "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Qəbələdə "Qafqaz Resort", Gəncədə "Ramada Plaza", Balakəndə "Qubek" mehmanxanaları, Bakıda "Kempinski Badamdar" hotel kompleksi istifadəyə verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda təhsil, səhiyyə, rabitə, istilik, qaz və elektrik təchizatı, abadlaşdırma, yol təsərrüfatı sahələrində nəzərdə tutulmuş tədbirlərin icrasına başlanmışdır.
Rofət HÜSEYNƏLİYEV, iqtisad elmləri namizədi:
- Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik, hüquqi-dünyəvi dövlət qurulması, bazar iqtisadi sisteminə keçid, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması əsas vəzifə oldu. Bildiyimiz kimi, dövlət suverenliyinin bərpasından sonra ölkədə mövcud sosial-iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül, ikincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü oldu. Son 20 ildə davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin müstəqil milli iqtisadiyyatın formalaşdırılmasına, ölkədə mövcud olan təbii-iqtısadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasına, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasına yönəldildi.
{nl}
Hazırladılar: Əlipənah BAYRAMOV, Vaqif BAYRAMOV, Mirbağır YAQUBZADƏ, Rafiq SALMANOV(foto), "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.