"Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası"

(əvvəli qəzetin 16 may tarixli sayında)
{nl}

Aqil Əsədov, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru:
- Tarixi proseslərdən və beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət yoxdursa, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir. Amma dahi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyinin başlanğıcı idi. Ölkə başçısı möhtərəm İlham Əliyevin də qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".
Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə, eləcə də heç kəsə nəsib olmayan uzunmüddətli məharətlə başçılıq etdiyinə görə, hələ uzun illər öncədən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir.
Məlumdur ki, xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən, hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur.
Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, 70 il böyük qardaş hesab etdiyimiz rus ordusu Azərbaycanın müstəqilliyi ilə barışmayıb, yerli rəhbərlərin səriştəsizliyindən istifadə edərək Bakı şəhərində 20 Yanvar qırğınını törətdiyi zaman da, səhərin alaqaranlığında Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə ilk gələn insan da məhz dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda heç nədən çəkinmədən hələ o zaman SSRİ-yə rəhbərlik edən yüksək mənsəbli şəxsləri açıq-aşkar tənqid etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını açıqca qeyd etmişdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri minlərlədir. Bütün bunlar isə dahi Əliyevin xidmətlərinin heç də onun işlədiyi vəzifələrdən deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə, polad iradəyə, zəngin dünyagörüşünə, hərtərəfli dərin savada malik, millətini və dövlətini hər şeydən üstün tutmağı bacaran bir insanın Vətəninə və millətinə olan sevgisindən irəli gələn bir tələbat idi.
Onu da unutmaq olmaz ki, Azərbaycanın xilaskar oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi biri-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan respublikasını böhrana düşmüş vəziyyətdə qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə də tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Bütün bunlar isə düşünməyi bacaran hər bir kəsi bir sual qarşısında qoyur: Bu uğurları ölkəmizə bəxş edən hansı amillər və səbəblərdir? Təbii ki, bu suala müxtəlif cavablar verilə bilər, amma ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri olması danılmazdır. Tək bircə faktı qeyd etmək kifayətdir ki, cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-ci illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına, ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970-ci illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə hazırda da sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyaraq, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirmişdir.
Təbii ki, Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə, iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək məqsədilə liberallaşdırılma istiqamətində radikal addımların atılması, bazar iqtisadiyyatı münasibətlərindən doğan bir zərurət idi. Məhz bu baxımdan da 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlanmış və açıq qapı siyasətinə uyğun olaraq müvafiq sahələrdə liberallaşdırma tədbirləri önə çəkilmişdir. Bütün bunlar isə öz növbəsində, qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin islahatlara dəstək verməyə başladılar. Onlar Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar dönməz xarakter aldı. Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində qısa zamanda ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Əgər 1994-cü ildə inflyasiya tempi 1800 faizə, manatın ABŞ dollarına nisbətən dəyərsizləşməsi 1200 faizə çatmışdırsa, artıq 1995-ci ildə vəziyyət əsaslı dəyişməyə başlamış və həmin göstəricilər uyğun olaraq 84, 6 faiz və 3, 6 faiz olmuşdur. Sonrakı illərdə bu göstəricilər daha da yaxşılaşmış, 1996-cı ildə inflyasiya 6 faizə enmiş, manatın isə ABŞ dollarına nisbətən məzənnəsi 8 faiz möhkəmlənmişdir. 1997-ci ildə inflyasiya tempi minimuma enərək cəmi 0, 4 faiz təşkil etmiş, manatın dəyəri isə 5,1 faiz möhkəmlənmişdir. Bu sabitlik dünya maliyyə bazarlarında baş vermiş maliyyə böhranına baxmayaraq, 1998-ci ildə də qorunub saxlanılmış, 7,6 faiz səviyyəsində deflyasiya baş vermiş, manatın ABŞ dollarına nisbətən məzənnəsi isə devalvasiyaya uğramamış, sabit olaraq qalmışdır.
Beləliklə, ölkədə makromaliyyə sabitliyinin təmin edilməsinin, bazar münasibətlərinin formalaşdırılmasının əsas şərti olan iqtisadiyyatın idarə olunmasının bütün istiqamətlərdə liberallaşdırılmasının, bazar iqtisadiyyatının bütün atributlarının yetişməsinə iqtisadi və hüquqi islahatlar aparılması yolu ilə zəruri mühitin yaradılmasının və əsaslı struktur islahatlarının aparılmasının məntiqi nəticəsi olaraq 1989-cu ildən sonra davam edən iqtisadi tənəzzül dayandırıldı və ümumi daxili məhsulun həcminin aşağı düşməsinin qarşısı alındı. Bununla da, Azərbaycan iqtisadiyyatının uzunmüddətli dinamik inkişafının əsası qoyuldu.
İlkin Soltanlı, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı:
- Ölkə iqtisadiyyatının aparıcı sahələrindən olan kənd təsərrüfatının yeni iqtisadi münasibətlər sisteminə uyğun inkişafı, bu sahədə aparılan islahatlar və onun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bilavasitə onun təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən aqrar islahatlar nəticəsində bu sahə böhranlı vəziyyətdən çıxmış, keyfiyyətcə yeni inkişaf yoluna qədəm qoymuşdur.
Ötən əsrin sonlarında Azərbaycanda iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də dərin böhran halında idi. Əsas təsərrüfat subyektləri olan kolxoz və sovxozların, həmçinin onların istehsal etdikləri məhsulların emalı ilə məşğul olan müəssisələrin iqtisadi fəaliyyəti kəskin şəkildə azalmış, idarə edilməsi isə çətinləşmişdi. Məhz belə bir dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev yaranmış vəziyyətdən çıxış yolunun sağlam bazar münasibətlərinin qurulmasında olduğunu bildirdi. Onun müdrikliklə söylədiyi "Azərbaycanın aqrar bölməsində, ümumiyyətlə iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa və təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu dövlət siyasətinin əsas prinsipləridir" fikirləri həyata keçirilən aqrar islahatların əsasını təşkil etdi.
Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün, ilk növbədə, aqrar islahatların hüquqi bazasının yaradılması vacib idi. Bu məqsədlə 1995-ci ildə "Aqrar islahatının əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", 1996-cı ildə isə "Torpaq islahatı haqqında" qanunlar qəbul edildi. Eyni zamanda, aqrar sahədə iqtisadi islahatların və struktur dəyişikliklərinin əsasını təşkil edən bu qanunların fəaliyyət mexanizminin təmin edilməsi üçün lazımi normativ-hüquqi aktlar qəbul olundu. Ümumilikdə isə, həmin dövrdən indiyə qədər aqrar sahənin inkişafına dair 110-dan artıq qanun və qanunverici sənədlər (fərman, sərəncam, digər normativ-hüquqi aktlar) qəbul olunub. İslahatın birinci mərhələsində aqrar sahədə yeni mülkiyyətçilərin və mülkiyyət formalarının yaradılması qarşıda duran əsas məsələ idi. Buna görə də ictimai təsərrüfatların hamısında (damazlıq və toxumçuluq müəssisələri istisna edilməklə) islahatlar aparılaraq torpaq və əmlak kənd əhalisinə paylandı. Beləliklə, kənddə yeni mülkiyyətçilər yarandı. Onlar isə aqrar sahədə müxtəlif təsərrüfat formaları yaradaraq istehsal və emalla məşğul olmağa başladılar.
Azərbaycan iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı xammalı və onun emalından alınan məhsulların, ölkə ixracatında əhatəli paya malik olması zəruridir. Çünki zəngin və əsrarəngiz təbii-iqlim potensialının mövcudluğu, kənd təsərrüfatı və onunla bağlı olan sahələrin gələcəkdə də milli iqtisadiyyat sistemində önəmli mövqedə dayanmaları üçün şərait yaradır. Məhz bu istiqamətdə rəqabətə əsaslanan bazar münasibətlərinə keçid şəraitində imkanların dolğun reallaşması əsas şərtdir. Bazar münasibətləri şəraitində milli iqtisadiyyatın üzvi tərkib hissəsi kimi fəaliyyət göstərən aqrar sahənin inkişafı strategiyasının çağdaş rəqabət və baza təsərrüfatçılığı prinsiplərinə uyğunlaşdırılması, onun yüksək məhsuldar sahənin təşəkkülü məqsədlərinin reallaşdırılmasına yönəldilməsi məqsədəuyğundur. Təhlillər göstərir ki, ümummilli liderimizin səyi və təşəbbüsü nəticəsində aparılan aqrar islahatların nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmağa başlamış və bu gün ardıcıl olaraq dinamik şəkildə inkişaf etməkdədir.
İsa Alıyev:
-Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, bu tarixi nailiyyətin qorunması ondan da çətindir. Xalqımızın xilaskarı kimi ikinci dəfə hakimiyyətə qayıdan böyük öndər dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi kimi tarixi missiyanı öz üzərinə götürmüş və böyük uğurla yerinə yetirmişdir. Bu taleyüklü vəzifəni məhz Heydər Əliyev yerinə yetirə bilərdi. Lakin bu prosesi möhtərəm Prezidentimiz İlham Əliyev ləyaqətlə davam etdirmiş və müstəqil dövlətimizi dünyada sayılıb - seçilən ölkələr sırasına çıxarmışdır. Bir sözlə, Azərbaycan müstəqil iqtisadi inkişafında nəinki tamamilə yeni, həm də gələcəyimiz üçün yetkin bir mərhələyə qədəm qoymuşdur.
Bu mərhələnin də öhdəsinə mühüm strateji əhəmiyyətli, taleyüklü, son dərəcə məsuliyyətli vəzifələr düşür desək, yanılmarıq. Bu vəzifələrin həlli çox amillərlə bağlı olsa da, ən çox respublikamızda gələcəyin təməl prinsiplərini müəyyənləşdirən elmin qarşısında duran bir nömrəli vəzifələrdən hesab olunur. "Bu gün Azərbaycan - qüdrətli dövləti, onun iqtisadiyyatı, incəsənəti, mədəniyyəti dinamik inkişaf edir. Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyə, milli mənafeləri qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir mütəxəssislərdən asılı olacaqdır. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları, ən yeni texnologiyaların sirrlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktual edir", - deyən möhtərəm Prezidentimiz İlham Əliyev ölkə inkişafının daha məsuliyyətli bir dövrə qədəm qoyduğunu qeyd etməklə, bu prosesdə elmin inkişafının danılmaz rol oynayacağını xüsusi diqqətə çatdırmış və Azərbaycanda ümumən elmin, konkret desək, iqtisad elminin zamanı qabaqlaya biləcək vəzifələrin öhdəsindən gəlməsini aktual bir vəzifə kimi qarşıya qoymuşdur.

{nl}

Səhifəni hazırladılar: Əlipənah BAYRAMOV, Vaqif BAYRAMOV, Mirbağır YAQUBZADƏ, Rafiq SALMANOV (foto) "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında