Neft-qaz sənayesinin infrastruktur imkanları genişləndirilir

{nl}

Azərbaycanın neft-qaz sənayesində mühüm infrastruktur layihələrinin reallaşdırılması uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin böyük diqqət və qayğısı, ölkənin yeni neft strategiyası çərçivəsində reallaşdırılan iri miqyaslı işlərlə şəxsən maraqlanması nəzərdə tutulan bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə icra olunmasını sürətləndirir. Məhz buna görə də son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən mövcud infrastrukturun təkmilləşdirilməsi, yeni obyektlərin tikilib istismara daxil edilməsi istiqamətində işlər xeyli intensivləşmişdir.
Neft sənayesi üzrə mühüm infrastruktur layihələrinin böyük bir hissəsi isə ARDNŞ-in "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilir. Hazırda trestin inşaatçıları Azərbaycanın neft-qaz sektorunda mühüm əhəmiyyətə malik "Neft Daşları" və "Günəşli" yataqlarında nəhəng tikinti-quruculuq işlərinin reallaşdırılmasında müstəsna rol oynayırlar. Məhz onların səyi ilə Xəzər dənizində saysız-hesabsız özüllər inşa olunmuş, minlərlə kilometr sualtı boru kəmərləri, çoxsaylı sosial obyektlər tikilib istifadəyə verilmişdir. Bundan əlavə, qurudakı neft-qaz infrastrukturu obyektlərinin də çoxu trest inşaatçılarının gərgin əməyinin nəticəsidir.
Cari ilin birinci rübündə "Neftqaztikinti" Trestinin kollektivi "Günəşli" və "Neft Daşları" yataqlarında, həmçinin Qum adası, Pirallahı, Çilov adası ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə dəniz hidrotexniki qurğuların, qaz-kompressor stansiyalarının, yeraltı qazsaxlama anbarlarının, sualtı və yerüstü boru kəmərlərinin, magistral neft və qaz kəmərlərinin, neft terminallarının, mədəni-məişət və sosial obyektlərin tikintisi və təmiri istiqamətində mühüm işlər həyata keçirmişdir. Təkcə onu demək kifayətdir ki, ilin ilk üç ayı ərzində inşaatçıların səyi ilə Neft Daşlarında bioloji təmizləmə və Çilov adasında dəniz suyunu şirinləşdirən "Əks osmos" qurğuları tikilib istifadəyə verilmişdir. Bundan əlavə, ilin birinci rübündə Çilov adasındakı 131 saylı məktəbin idman zalının, həmçinin 50 yerlik uşaq bağçasının və mini futbol meydançasının tikintisi də uğurla başa çatdırılmışdır. Bütövlükdə isə, hesabat dövründə trest kollektivi tərəfindən 55 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bunun da 14 milyon manatı qaz infrastrukturu obyektlərinin tikintisinə, 2 milyon manatı isə ekoloji layihələrin reallaşdırılmasına sərf olunmuşdur. İlin ilk rübü ərzində inşaatçılar tərəfindən 1,2 kilometr sualtı, 24 kilometr quruda, estakada və meydançalarda isə 13,6 kilometr uzunluğunda müxtəlif diametrli boru xətləri çəkilmişdir.
Son illər Azərbaycanda qaz istehsalının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aparılmış məqsədyönlü işlərin nəticəsidir ki, hazırda "mavi yanacağa" olan tələbatını tamamilə ödəyən Azərbaycan Respublikası dünyanın potensial qaz ixrac edən ölkəsinə çevrilmişdir. Bununla belə, ölkəmizin zəngin qaz potensialı bu sahədə bir sıra əlavə işlərin görülməsini, qaz təsərrüfatının infrastruktur imkanlarının daha da genişləndirilməsi zərurətini yaradır. Təsadüfi deyil ki, son zamanlar bu məsələni ölkənin əsas prioritetlərindən biri kimi daimi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Nazirlər Kabinetinin aprelin 14-də keçirilmiş iclasında ölkə ərazisində qazlaşdırmanın səviyyəsinin artırılmasını, qaz infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsini Dövlət Neft Şirkəti qarşısında bir vəzifə kimi qoymuşdur.
Hazırda Dövlət Neft Şirkəti tərəfindən bu vəzifənin icrası ilə əlaqədar mühüm işlər görülür. Artıq ölkə ərazisinin tamamilə qazlaşdırılması, əhalinin "mavi yanacağa" olan tələbatının daha dolğun ödənilməsi məqsədilə yeni, nisbətən böyük nəqletmə gücünə malik qaz kəmərlərinin inşası, eləcə də xaricə ixrac edilən qazın həcminin artırılması üçün zəruri infrastrukturun yaradılması istiqamətində işlər getdikcə sürətləndirilir. 2009-cu il oktyabr ayının 1-dən şirkətin "Neftqaztikinti" Tresti tərəfindən ümumi uzunluğu 47 kilometr olan Səngəçal baş qurğuları - Qazıməmməd kompressor stansiyası magistral qaz kəmərinin tikintisinə başlanılmışdır. Sutkalıq gücü 5-6 milyon kubmetr təşkil edəcək həmin kəmər 1020 millimetrlik borularla çəkilir.
Xatırladaq ki, "Səngəçal baş qurğuları - Qazımməd kompressor stansiyası magistral qaz kəmərinin tikinti layihəsi"nin podratçısı "Neftqaztikinti" Trestinin 2 saylı tikinti-quraşdırma idarəsidir. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Artıq kəmərin 23 kilometrlik ilkin mərhələsinin tikintisi başa çatmaq üzrədir. Hazırda son tamamlama tədbirləri həyata keçirilir, kəmərdə sınaq-sazlama işləri görülür. Kəmərin yaxın günlərdə istismara təhvil verilməsi nəzərdə tutulur. Bundan əlavə, kəmərin 23-cü kilometrliyindən Qalmaz yeraltı qazsaxlama anbarınadək olan 21 kilometrlik qolunun tikintisi tam başa çatdırılmış, lazımi hidravlik sınaq işləri aparılmışdır. İçərisi qazla doldurulmuş 720 millimetrlik bu qol istismara tam hazır vəziyyətdədir. Bununla yanaşı, cari ilin ilk rübündə Qalmaz kompressor stansiyasının birinci mərhələsinin tikintisi də uğurla başa çatdırılmışdır. Bütün bunlar isə Qalmaz yeraltı saxlama anbarına vurulan "mavi yanacağ"ın həcmini, demək olar ki, iki dəfə artırmağa imkan verəcək.
Qazıməmməd kompressor stansiyasını Qalmaz yeraltı qazsaxlama anbarı ilə birləşdirən 23 kilometrlik kəmərin daha bir qolunu isə Mozdok-Qazıməmməd magistralı ilə birləşən 1,7 kilometrlik xətt təşkil edir. Bu xəttin çəkilməsində məqsəd ölkəmizin şimal bölgəsinin qaz təchizatını yaxşılaşdırmaq və Rusiyaya ixrac edilən qazın həcmini artırmaqdan ibarətdir. Artıq 700 millimetrlik borularla çəkilən bu qolun tikintisi də sona çatdırılmış, sınaq işlərinə başlanılmışdır. Bundan əlavə, kəmərin digər qolu kimi Astara xəttinə birləşən 300 metr uzunluğunda olan 530 millimetrlik borularla çəkilən xəttin tikintisi də tamamlanmış, sınaq işlərinə start verilmişdir. Xatırladaq ki, bu xəttin tikintisində məqsəd cənub bölgəsinin "mavi yanacaq"la təchizatının yaxşılaşdırılması, həmçinin İrana satılan qazın həcminin artırılmasıdır.
Ölkənin qaz təsərrüfatında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də Qaradağ yeraltı qazsaxlama anbarının kompressor stansiyasında aparılan yenidənqurma və genişləndirmə işləri ilə bağlıdır. "Neftqaztikinti" Trestinin 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi layihənin icrasına başladığı ötən müddətdə stansiyada beş yeni kompressor maşınının quraşdırılmasını müvəffəqiyyətlə başa çatdırıb. Obyektin yaxın vaxtlarda işçi komissiyaya təhvil verilməsi nəzərdə tutulur.
"Səngəçal baş qurğuları - Qazıməmməd kompressor stansiyası magistral qaz kəmərinin tikinti layihəsi"nin əsas məqsədlərindən biri də ölkəmizin qərb bölgəsinin qaz təchizatını yaxşılaşdırmaq və Gürcüstana ixrac olunan "mavi yanacağ"ın həcmini artırmaqdan ibarətdir. Artıq adı çəkilən layihənin Səngəçaldan başlanan 23 kilometrlik hissəsinin tikintisinə də start verilmişdir. Tikinti-quraşdırma işləri gündən-günə sürətlənir, kəmərin çəkilişi üçün lazım olan borular əraziyə daşınır, torpağın münbit qatı götürülür, xəndək qazılır. Yaxın günlərdə isə qaynaq işlərinə başlanılacaq.
Ölkənin qaz təsərrüfatında yeni infrastruktur layihələrinin reallaşdırılması sürətlə davam etdirilir. Cari ilin ikinci rübünün sonunadək "Səngəçal baş qurğuları - Qazıməmməd kompressor stansiyası magistral qaz kəmərinin tikintisi" və "Qaradağ yeraltı qazsaxlama anbarında kompressor stansiyasının tikintisi" layihələrinin tam başa çatdırılaraq adı çəkilən obyektlərin istismara təhvil verilməsi planlaşdırılır. Hazırda "Astara kompressor stansiyasının yenidən qurulması" və "Qalmaz kompressor stansiyasının tikintisi (II növbə)" layihələrinin də reallaşdırılması uğurla davam etdirilir. Bundan əlavə, ölkə regionlarının qazlaşdırılmasının tam başa çatdırılması istiqamətində işlər getdikcə intensivləşdirilir.
2010-cu ilin ikinci rübündə "Abşeronneft" NQÇİ-nin 5 saylı kompressor stansiyasının yenidən qurulması", "Şimal qırışığı" yatağındakı 14 istismar quyusunu qazmaq üçün 1100 saylı stasionar dəniz özülünün tikintisi", "Neft Daşlarında 2 saylı sıxıcı kompressor stansiyasının genişləndirilməsi", "6 saylı əmtəə çənləri parkının yenidən qurulması", "dəniz suyunu şirinləşdirən "Əks osmos" tipli təmizləyici qurğunun tikintisi" layihələrinin başa çatdırılması nəzərdə tutulur.
Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunmuş podrat proqramının yerinə yetirilməsi, neft-qazçıxarma idarələrində keçirilmiş texniki müşavirələrin protokollarının qərarlarının icra olunması və obyektlərin vaxtında istismara təhvil verilməsi "Neftqaztikinti" Trestinin qarşısında duran mühüm vəzifələrdəndir. Bu məqsədlə hazırda bir çox dövlət əhəmiyyətli obyektlərdə geniş miqyaslı tikinti-quraşdırma işləri həyata keçirilir. "Günəşli", "Neft Daşları", "Darvin bankəsi", "Bulla dəniz", "Bahar" və "Qərbi Abşeron" yataqlarında reallaşdırılan həmin layihələr isə öz növbəsində neft və qaz hasilatının artırılmasına mühüm töhfələr verəcək.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu ili "Ekologiya ili" elan etməsi ilə əlaqədar olaraq "Neftqaztikinti" Tresti tərəfindən podrat proqramında bu sahəni əhatə edən obyektlər üzrə il ərzində 16 milyon manat dəyərində işlərin görülməsi nəzərdə tutulmuşdur. Artıq Neft Daşlarında bioloji təmizləmə qurğusu və atmosferə atılan alçaq təzyiqli qazların yığılması üçün kompressorlar quraşdırılaraq istifadəyə verilmişdir. Həmçinin, "28 May" NQÇİ-nin dərin dəniz özüllərində məişət-çirkab və lay sularının utilizasiyası üçün kiçik bioloji təmizləmə qurğularının quraşdırılması və alçaq təzyiqli qazların yığılması da nəzərdə tutulmuşdur. Ekoloji tədbirlər çərçivəsində hazırda tikintisi və təmiri aparılan "Bibiheybət" NQÇİ-nin yığım-nəql sisteminin yenidən qurulması, quyuların ətrafının abadlaşdırılması, ərazinin quru və dəniz hissəsində mövcud kommunikasiya xətlərinin, mühəndis qurğu və avadanlıqlarının sökülməsi və sahənin rekultivasiya edilməsi, ərazidə qapalı sənaye-məişət və yağış suları üçün kanalizasiya sisteminin yaradılması işlərini buna misal göstərmək olar. Bütövlükdə isə "Neftqaztikinti" Tresti tərəfindən tikilən yeni layihələrdə bütün ekoloji aspektlərin nəzərə alınması prioritet istiqamət kimi qəbul edildiyindən bu sahəyə diqqət getdikcə artırılır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında