Modernləşməkdə olan Azərbaycan sürətli iqtisadi inkişafına görə dünya dövlətləri arasında öncül yerlərdən birini tutur

Bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Əslində, bizim siyasətimiz xalq siyasətidir... Bu gün Azərbaycan sürətlə inkişaf edən, dinamik, müasir ölkədir.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

üstəqilliyinin 20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına yüksəlmişdir. Uğurla həyata keçirilən iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artımı da təmin etmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasət dərinləşdirilmiş, qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş və bütün bunların fonunda ölkəmiz davamlı, uğurlu inkişafa nail olan islahatçı dövlət kimi dünyada tanınmışdır. 20 milyard dollar dövlət büdcəsinə, 40 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan Respublikasının iqtisadiyyatı 20 illik qısa zaman ərzində Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini, ixrac potensialının isə 90 faizini təşkil etmişdir. Yəni, ölkəmiz artıq birmənalı şəkildə regional liderə və beynəlxalq münasibətlərin etibarlı subyektinə çevrilmişdir. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən mütərəqqi siyasətin reallaşdırılması, mühüm Dövlət Proqramlarının, konseptual yanaşmanın həyatda öz əksini tapması ilə əlaqədardır.
Məlumdur ki, bu gün böyük uğurlar qazanan respublikamız müstəqilliyinin ilk illərində ciddi çətinliklərlə qarşılaşmışdır. Ölkədə biri-birinin ardınca hakimiyyətə gələn naşı iqtidarların yürütdüyü yarıtmaz siyasət dövlətçiliyimizi təhlükə qarşısında qoymuş, ayrı-ayrı silahlı dəstələri nəzarətində saxlayan qondarma siyasi qrupların toqquşması, xülyalara qapılaraq yeni iddialara düşməsi Azərbaycanda xaotik vəziyyət yaratmışdı. Qarabağ cəbhəsində dağınıq hərbi birləşmələrimizin ardıcıl məğlubiyyətə uğrayaraq geri çəkilməsinə paralel olaraq separatçı qüvvələrin fəallaşması vəziyyəti daha da gərginləşdirirdi. Tale Azərbaycanın üzünə o vaxt güldü ki, 1993-cü ilin iyun ayında Naxçıvanda olan ümummilli lider Heydər Əliyev xalqın təkidli çığırışlarına səs verərək yenidən Bakıya qayıtdı. Onun xalq arasında olan əvəzolunmaz nüfuzu və gərgin fəaliyyəti sayəsində ictimai-siyasi sabitlik bərpa edildi, Azərbaycan Respublikası parçalanmaqdan, yox olmaqdan xilas oldu, dövlətçiliyin təməlləri atıldı, ordu quruculuğuna xüsusi diqqət yetirildi. Heydər Əliyev tarixi nöqteyi-nəzərdən qısa vaxt ərzində müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış strategiyasını da müəyyən etdi.
Həmin dövrləri, necə deyərlər, həm də ağrılı keçid dövrləri kimi qəbul etmək olar. Çünki həmin illərdə köhnə iqtisadi sistem pozulmuş, yenisi isə tam yaranmamışdı. Bundan başqa, keçmiş iqtidarlar əvvəldən var olan dövlət strukturlarını yeni işlək strukturlarla əvəz etmədən dağıtmış, iqtisadi baxımdan ölkəni xarabazara çevirmişdilər. Ona görə də bir çox nüfuzlu beynəlxalq ekspertlər belə hesab edirdilər ki, bütün bunların "bərpası" üçün Azərbaycana uzun illər lazım gələcək. Ancaq müdriklik, uzaqgörənlik və dövlət idarəçiliyi ustalığı öz sözünü dedi: Ümummilli liderin səyləri nəticəsində 1993-cü ilin iyun ayından etibarən 1996-cı ilin sonlarınadək - tam üç il Azərbaycanda hər sahədə özünü göstərən geriləmənin qarşısını almaq üçün ardıcıl və məqsədyönlü dövlət tədbirləri həyata keçirildi. Çox qısa zamanda sabitlik təmin olundu, dövlətçilik gücləndirildi və ümumi rifah naminə mühüm iqtisadi siyasət həyata keçirildi.
Müstəqilliyin ilk illərində karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanda gələcəyə hesablanmış enerji strategiyasının inkişaf etdirilməsi mühüm əhəmiyyətə malik idi. Bu strategiyanı müəyyənləşdirən ulu öndərimiz Heydər Əliyevin iki mühüm qərarı ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici rol oynamış, həmçinin respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirmişdir. Bu mənada 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı olmuşdur. 1996-cı il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində çox mühüm əhəmiyyətə malik və Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan "Şahdəniz" qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter almışdır.
Azərbaycanın təbii sərvətlərinin Avropaya və dünya bazarlarına çıxarılmasının iqtisadi və siyasi mənada böyük əhəmiyyət daşıdığını bilən ulu öndər Heydər Əliyev ölkələrarası böyük neft və qaz kəmərlərinin çəkilişi barədə düşünürdü. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı. Bu, dövrün çox böyük layihəsi idi. Çoxlarına elə gəlirdi ki, bu əfsanənin həqiqətə çevrilməsi mümkün olmayacaq və bu kəmər elə "kağız üzərində" qalacaq.
Digər tərəfdən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası bir sıra dövlətlərdə qısqanclıq yaratmışdı. Ona görə də bütün vasitələrlə kəmərin çəkilməsi yolunda süni problemlər yaradılırdı. Belə bir vaxtda "Şahdəniz" yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql edilməsi üçün qaz boru kəmərinin də inşasını həyata keçirmək haqqında qərar verildi. Bu iri layihələrin həyata keçirilməsi Azərbaycanın, Gürcüstanın və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində və müstəqil dövlətimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni bir səhifə açdı.
Bu cür regional və dünya əhəmiyyətli təşəbbüslər ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün ölkənin 1, 5 milyard tondan artıq neft və 2 trilyon kubmetr qazdan ibarət enerji ehtiyatları var və bu sərvət 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri), 4-ü isə qaz (Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində 2006-cı ilin mayında Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2006-cı ilin sentyabrında Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. BTC sutkada 1 milyon barrel, ildə 50 milyon ton neftin ixracını həyata keçirir. BTƏ boru kəməri ilə isə ildə 25 milyard kubmetr qaz ixrac edilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2010-cu ildə ölkəmizdə 51,5 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Təkcə "Şahdəniz" yatağında təsdiqlənmiş qaz yataqları 1,2 trilyon kubmetr təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, bu o deməkdir ki, əgər Azərbaycan ancaq öz tələbatını ödəsə və deməli xaricə qaz ixrac etməsə, bu ehtiyatlar ölkəmizə 100 ilə kifayət edər. Digər yataqlardakı qaz ehtiyatlarımız 300 milyard kubmetrdən artıqdır.
Neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, artıq sabitliyə qovuşmuş ölkədə iqtsadi-siyasi islahatların da həyata keçirilməsinin vaxtı çatmışdı. Beləliklə, inkişafa aparan yolun növbəti mərhələsində, yəni 1996-2003-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində uğurlu islahatlar aparıldı. Ölkədə bazar iqtisadiyyatına keçidi təmin edən bir sıra qanunlar qəbul olundu, özəlləşdirmə prosesi uğurla həyata keçirildi, torpaq əsil sahiblərinə - kəndçilərə paylanıldı, orta sahibkarlar sinfinin formalaşması üçün şərait yaradıldı.
Artıq diqqətdən yayınmayan inkişaf templəri 2003-cü ildən sonra özünün yeni mərhələsinə qədəm qoymuşdur. Həmin il Azərbaycanın rəhbərliyinə İlham Əliyevin gəlişi isə ölkənin modernləşdirmə yolu ilə inkişafına, daha mükəmməl strukturlu effektiv dövlətçiliyin bərqərar olmasına təkan verdi, Azərbaycanın regional proseslərdə rəqabətədavamlılığını və buna müvafiq olaraq Cənubi Qafqazda qeyd-şərtsiz iqtisadi liderliyini təmin etdi. Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasi kursunu yeni çalarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanı təkcə Avropada və ya Avrasiyada deyil, eləcə də bütün dünyada qüdrətli dövlətə, sözükeçən ölkəyə, regionun əsas iqtisadi mərkəzlərindən birinə cevirdi. "Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçeletiye" jurnalının 23-cü nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" adlı məqaləsində həmin illərdə başlanan sürətli inkişaf prosesləri ətraflı analiz edilmişdir. Akademik Ramiz Mehdiyev yazır: "Məhz 2003-cü il milli transformasiyanın yeni mərhələsinin başlanğıcı oldu, səlis qurulmuş sabit iqtisadi sistem inkişafda olan iqtisadi strukturun intensiv formalaşması məkanına yönəltdi. İlham Əliyevin prezidentliyinin əsas konsepti güclü iqtisadi bazanın formalaşdırılmasından ibarət idi. Bu da kütləvi şüurun və cəmiyyətin sosial-mədəni bazasının postindustrial dəyərlər və demokratik ənənələr məcrasına mərhələ-mərhələ transformasiyasına imkan yaratmalıdır. Bununla yanaşı, geostrateji və geoiqtisadi məsələlər kompleksini həll etmək, milli artımın sabitliyini və davamlılığını təmin etmək, ölkəni beynəlxalq münasibətlərin obyektinə deyil, subyektinə çevirmək lazım idi, çünki yeni dünya nizamını formalaşdıran ümumdünya transformasiyaları dövründə Azərbaycanın qlobal proseslərdə iştirakının təmin edilməsi son dərəcə zəruridir".
Möhtəşəm iqtisadi siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq ötən 8 ildə yeni inkişafyönümlü proqramlar, fərmanlar imzaladı. Bütövlükdə ölkə iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun xüsusi əhəmiyyətə malik sahələrinin yaradılması və ölkə əhalisinin iş yerləri ilə təmin olunması üçün 2004-cü ilin fevralında çox mühüm əhəmiyyətə malik bir sənəd - "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" qəbul edildi. Bu proqramın həyata keçirilməsi nəticəsində Azərbaycanın bütün rayonlarında infrastruktur müasir tələblər səviyyəsində yenidən quruldu, müxtəlif istehsal sahələri yaradıldı, yeni iş yerləri açıldı və sahibkarlığın inkişafı istiqamətində əsaslı addımlar atıldı.
Ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerli sənaye sahələrinin və kənd təssərüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq məqsədi ilə 2009-cu il aprelin 14-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul olundu. Proqram regionların növbəti mərhələdə inkişafına təkan verdi, ölkəmizin dünyanın təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin yaxşılaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verdi.
Azərbaycan bu gün də regional və dünya əhəmiyyətli layihələrin novatoru rolunda çıxış edir. "Böyük İpək Yolu"nun bərpası və digər iri layihələrin gerçəkləşməsi, o cümlədən Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində aparılan işlər ölkəmizin beynəlxalq aləmdəki mövqelərini xeyli möhkəmləndirir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdirilir. İri layihələrin reallaşdırılmasında böyük təcrübə qazanmış Azərbaycan bu layihənin də həyata vəsiqə alması istiqamətində işləri sürətləndirib. Bu dəmir yolu çox böyük beynəlxalq əhəmiyyətə malikdir. Layihə reallaşdıqdan sonra istənilən adam Londondan Şanxaya qədər dəmir yolu ilə gedə bilər. Bundan başqa Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər il təxminən 20 milyon ton yük nəql olunacaq. Bu layihə bütün bölgənin simasını dəyişəcək və onun çiçəklənməsinə təkan verəcək.
2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində təməli qoyulan, uzunluğu 262 kilometrdən çox olan Oğuz-Qəbələ-Bakı su kəməri keçən ilin sonunda istifadəyə verilmişdir. Kəmər vasitəsi ilə gələn saf və təmiz su Bakıda uzun illərdir yaşanan su probleminə son qoymuşdur. Bundan başqa, dövlət başçımızın 2007-ci ilin oktyabrında imzaladığı sərəncamla Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində Beynəlxalq Dəniz Ticarət Limanının təməli qoyulmuşdur. Liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulub. Tikinti işləri üç mərhələdə aparılacaq. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaq. İlkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEY standartlarında 40 min konteyner işlənilməsi planlaşdırılıb. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaq. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaq.
Göründüyü kimi, ölkənin aparıcı sənaye sahəsi neft sektoru olsa da, qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi qoyulmuşdur. İnformasiya texnologiyaları, turizm, kənd təsərüffatı kimi sahələrin inkişafına xüsusi diqqət yetirilir. Son 15 il ərzində Azərbaycana astronomik miqdarda - 95 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. 2010-cu ilin payına düşən 15,5 milyard dolların 9,3 milyard dolları məhz qeyri-neft sektorunun payına düşür. 2011-ci ilin birinci yarısında isə, ölkə iqtisadiyyatına 5,7 milyard dollar həcmində investisiya yönəldilmişdir. Bu resursların 70 faizdən çoxu ölkənin qeyri-neft sahələrinin inkişafını ehtiva edən diversifikasiya siyasətinin tərkib hissəsi olaraq, kənd təsərrüfatı sahəsinə yönəldilmişdir. Bu da sübut edir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. 2009-cu ildə dünyada baş verən maliyyə böhranı bir daha Azərbaycanın nümunəvi iqtisadi siyasət həyata keçirdiyini təsdiq etdi. 1929-1933-cü illərdə dünyada baş verən böyük böhran ilə müqayisə olunan son qlobal maliyyə böhranının fəsadlarını aradan qaldırmaqdan ötrü qabaqcıl ölkələr 12 trilyon ABŞ dollarından artıq vəsait xərclədilər ki, bu da dünyada istehsal olunan ümumi daxili məhsulun (ÜDM) 20 faizini təşkil edirdi. Buna baxmayaraq, böhranın əsas cəhətlərini və amillərini aradan qaldıra bilmədilər. 2009-cu ilin sonuna yaxın artıq dünya iqtisadiyyatı 3,6 trilyon dollar itirmiş oldu. Ən böyük zərbə inkişaf etmiş ölkələrə dəydi. Amma təhlil göstərir ki, böhran MDB dövlətlərindən də yan keçmədi. Belə ki, hesablamalara görə, təkcə 2009-cu ildə MDB ölkələri içərisində Ermənistanda 17-18, Litvada 16-18, Latviyada 16, Ukraynada 14, Rusiyada 8-8,5 və s. faiz geriləmə qeydə alındı. Həmin il quruma üzv olan ölkələrdə ümumilikdə ÜDM 9 faiz aşağı düşdüyü halda, Azərbaycanda möcüzə baş verdi - 9,3 faiz artım müşahidə olundu. Doğrudur, ölkəmizdə ümumi daxili məhsulun artım tempi 2007-ci ildə 25, 2008-ci ildə 11 faiz hesablanmışdır. 2009-cu ildə ÜDM 9,3 faiz oldu. Qeyd etdiyimiz kimi bu, heç də geriləmə deyil, əksinə böyük uğur, iqtisadiyyatın Azərbaycan modelinin möcüzəsi idi. Həmin il ölkəmizdə sənayedə 8,6, kənd təsərrüfatında 3,5 faiz artım olmuşdur. Ötən 7 il ərzində isə Azərbaycan iqtisadiyyatı 3 dəfə, ÜDM isə 300 faiz artmışdır ki, bu da böyük nailiyyətdir.
Faktlar da sübut edir ki, Azərbaycan bir sıra ölkələrə ciddi zərbələr vuran iqtisadi böhrandan şərəflə çıxmışdır. Akademik Ramiz Mehdiyev bu barədə yazır: "Enerji daşıyıcılarının qiymətinin kəskin azalmasına baxmayaraq, Azərbaycan büdcə kəsirini aşağı səviyyədə, dövlətin xarici borcunu tənzimlənən səviyyədə saxlamaq, milli valyutanın sabitliyini və valyuta ehtiyatlarının qorunmasını təmin etmək sahəsində özünün əsas vəzifələrini yerinə yetirmişdir. Dövlət xərclərinə münasibətdə məqsədyönlü və mühafizəkar siyasət, böhrana qarşı vaxtında görülmüş tədbirlər sayəsində ölkəmiz beynəlxalq maliyyə təsisatlarının kreditlərini cəlb etmək zərurətindən xilas olmuş, bu isə milli iqtisadiyyatın sabit və davamlı olmasını bir daha təsdiqləmişdir". Müstəqil Dövlətlər Birliyinin icraçı katibi Sergey Lebedev isə Azərbaycanın qazandığı uğuru bu sözlərlə ifadə etmişdir: "Azərbaycan MDB ölkələri içərisində iqtisadi böhrana uğramayan yeganə dövlətdir. Azərbaycan nəinki böhrana uğramadı, hətta ümumi daxili məhsulun istehsalında artım müşahidə olunmuşdur".
Məlumdur ki, bir sıra inkişaf etmiş Avropa ölkələri bu gün də qlobal maliyyə böhranının nəticələrini aradan qaldıra bilməmişlər. Hazırda bir sıra Qərb ölkələrində işsizlik səviyyəsi daha yüksəkdir. Yunanıstanın timsalında bunu daha aydın görmək olar. Yunanıstanda 2009-cu ildə bir ay ərzində 62,5 min nəfər insan işini itirmişdir. 2010-cu ildə bu rəqəm 157 minə çatmışdır. 2011-ci ilin ilk altı ayı ərzində isə işini itirənlərin sayı 299 min 798 nəfər olmuş, ümumilikdə işsizlərin sayı 822 min 719 nəfər təşkil etmişdir. Yunanıstanda əmək qabiliyyətli əhalinin sayının 4 milyon 131 nəfər olduğunu nəzərə alanda ortaya necə dəhşətli bir mənzərənin çıxdığını daha yaxşı görmək olar.
Digər Avropa ölkələrinə gəldikdə isə, hazırda İspaniyada əmək qabiliyyətli əhalinin 20,7 , İrlandiyada 14,7, Slovakiyada 13,9, Portuqaliyada 11,1 faizinin işsiz qaldığı bir vaxtda, Azərbaycanda işsizlər əmək qabilliyyətli əhalinin 9, 5 faizini təşkil edir. Keçən il Azərbaycanda 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. Ölkə üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində 2011-ci ilin ilk altı ayı ərzində 32 mini daimi olmaqla 44 minə yaxın yeni iş yerləri açılmış, 2,8 mindən çox yeni müəssisə yaradılmışdır. Ümumilikdə, son 7 il ərzində 687 mindən çoxu daimi olmaqla 957 minə yaxın yeni iş yeri açılmış, 40 mindən çox yeni müəssisə fəaliyyətə başlamışdır. Bütün bunlar bir daha sübut edir ki, modernləşməkdə olan Azərbaycan dünyanın aparıcı ölkələri sırasında öncül yerlərdən birini tutur.
Bu ilin birinci yarısında dövlət büdcəsinə düzəlişlər edilib. Bunun nəticəsində ilk dəfə olaraq, büdcə xərcləri 20 milyard dollara çatıb. Bu, imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanlar ortaya qoyulsun. İlin əvvəlindən ehtiyatlar 9 milyard dollar artıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 40 milyard dollar səviyyəsindədir.
Mühüm nailiyyət pensiyaların artımı ilə bağlıdır. Qəbul edilmiş qərarlar nəticəsində 2006-cı ilə qədər hesablanmış orta pensiya təxminən 40 faiz artıb. Dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunur. Bununla da, həmin illərdə pensiyaya çıxanlarla 2011- ci il yanvarın 1-dək pensiyaya çıxanların pensiyaları arasındakı fərq aradan qalxacaq. Ölkədə ünvanlı sosial yardım proqramı aparılır. Bu proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşüb.
Azərbaycanın sürətli yüksəlişi tanınmış beynəlxalq qurumların müvafiq hesabatlarında və qiymətləndirmələrində öz əksini tapır. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olmuşdur. Azərbaycan 14-cü dövlət olmaq yolunda böyük məsafə qət edib. Dünyanın 133 ölkəsini əhatə edən "Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı mötəbər sənəddə azad rəqabət şəraitinin yaradılması baxımından Azərbaycan 18 pillə irəliləmişdir. Dünya İqtisadi Forumu isə rəqabətə davamlılıq baxımından ölkəmizin iqtisadiyyatını yüksək qiymətləndirmişdir. Haqlı olaraq qeyd edilmişdir ki, hətta qlobal böhran illərində Azərbaycan iqtisadi uğursuzluğa məruz qalmamış, əksinə, yüksək nəticələr əldə etmişdir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business-2010" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business-2011"də isə bir pilə irəli çəkilmişdir. Son olaraq Davos İqtisadi Forumu çərçivəsində işıq üzü görən "Qlobal rəqabət indeksinin" 2011-2012-ci illər üçün tərtib edilmiş cədvəlində Azərbaycan 87 ölkəni, o cümlədən Türkiyə, Rusiya, Latviya, Slovakiya, Qazaxıstan kimi ölkələri geridə qoyaraq 55-ci yerdə qərarlaşmışdır.
Nəticə etibariylə qətiyyətlə demək olar ki, modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş möhkəm təməllərə söykənən iqtisadiyyat qurur. Dövlət başçımız İlham Əliyevin qabaqcıl Avropa ölkələrinə səfərləri və həmin səfərlər zamanı keçirilən görüşlər, imzalanan sənədlər də ölkəmizin dünyaya inteqrasiyasına əsaslı töhfələr verir.
Polşaya səfər edən Azərbaycan Prezidentinin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində iştirakı bu baxımdan əhəmiyyətli olmuşdur. Varşavada baş tutan tədbirin keçirilməsində əsas məqsəd "Şərq tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi idi. Bir çox vacib ikitərəfli görüşlərin keçirilməsi baxımından da əhəmiyyətli olan sammitdə əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır. Bütün bunlar modernləşməkdə olan iqtisadi cəhətdən qüdrətli Azərbaycanın Avropa məkanına intqerasiyası istiqamətində atdığı addımların tərkib hissəsini təşkil edir.

{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında