Dövlət müstəqilliyinin bərpası ölkənin su sektorunda yeni inkişaf mərhələsinin əsasını qoymuşdur

Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. Tarixi müstəqilliyin ötən hər bir ili ölkəmiz, xalqımız üçün son dərəcə məsuliyyətli bir dövr kimi yadda qalmışdır. Təsadüfi deyil ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heyər Əliyev demişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Məhz ulu öndərin müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı, ölkəmiz gündən-günə inkişaf edib çiçəkləndi.
Heç şübhəsiz, ölkənin siyasi müstəqilliyinin qorunub saxlanması və möhkəmlənməsi onun iqtisadi müstəqilliyindən çox asılıdır. Məhz bütün bunlara görə ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə gəldikdən sonra ölkədə siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, gələcək iqtisadi müstəqilliyin də əsasını qoymaq barədə götür-qoy etdi. Bunun üçün, ilk növbədə, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının ölkəmizin, xalqımızın gələcək firavanlığının təminatına yönəldilməsini nəzərdə tutan mükəmməl neft strategiyası işlənib hazırlandı. 1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda iqtisadi sabitliyin təməli qoyuldu. Bu da öz növbəsində beynəlxalq maliyyə qurumlarının Azərbaycanda həyata keçirilən iqtisadi və infrastruktur layihələrinə marağını artırdı.
Müstəqilliyini yenicə qazanmış Azərbaycanın məhdud maliyyə ehtiyatları içməli su təchizatı sektorunda iri həcmli layihələri həyata keçirməyə imkan vermirdi. Məhz bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əhalinin su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürdü. 1995-ci ildə ulu öndərin göstərişi ilə fiziki və mənəvi cəhətdən köhnəlmiş Ceyranbatan və Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankından, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanıldı. Məhz Heydər Əliyevin böyük qayğısı və beynəlxalq nüfuzu sayəsində ölkəmizin su sektoruna ilk dəfə olaraq güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu. Həmin danışıqların nəticəsi olaraq sözügedən banklar "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması" layihəsinə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrılmasına razılıq verdilər. Xatırladaq ki, bu, Azərbaycan hökumətinin infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan aldığı ilk kredit idi.
Beləliklə, 1998-ci ildə layihənin icrasına başlanıldı. Ötən il ərzində Ceyranbatan və Kür sutəmizləyici qurğular komplekslərində, həmçinin Bakı şəhərinin su təchizatı sisteminin əsas istehsal sahələrində yenidənqurma işləri aparıldı. Layihə çərçivəsində Azərbaycan hökumətinin iştirak payı da daxil olmaqla 100,93 milyon dollar xərcləndi. ABŞ, Almaniya, İngiltərə və İtaliya şirkətlərinin iştirakı ilə həyata keçirilən layihənin icrası nəticəsində təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı ki, bu da paytaxt sakinlərinin içməli su ilə təminatına imkan yaratdı. Onu da qeyd etmək lazımdır ki, reabilitasiya xarakteri daşıyan layihə çərçivəsində, eyni zamanda, 25 nasos stansiyası yenidən quruldu, Bakı şəhərinin su kəmərləri şəbəkəsinin qəzalı hissələri dəyişdirildi, laborator və xlorator avadanlıqları, xüsusi təyinatlı maşın və mexanizmlər alındı.
Ötən əsrin 80-ci illərində birinci növbəsi tikilmiş Hövsan Aerasiya Stansiyasının yenidən qurulması və məhsuldarlığının artırılması məsələsi də öz həllini məhz müstəqillik dövründə tapdı. Belə ki, 2006-2009-cu illərdə Fransa hökumətindən alınmış 35 milyon avro məbləğində kredit və 44,9 milyon manat büdcə vəsaiti hesabına "Hövsan Təmizləyici Qurğular Kompleksi, 2 saylı Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya kollektorlarının yenidən qurulması və genişləndirilməsi" layihəsi icra olundu. Nəticədə, Hövsan Aerasiya Stansiyası yenidən qurularaq məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırıldı.
Azərbaycanın iqtisadi müstəqilliyinin getdikcə möhkəmlənməsi, ölkənin maliyyə imkanlarının ilbəil artması, bütün sahələrdə olduğu kimi, içməli su sektorunda və kanalizasiya şəbəkəsində də bir sıra əsaslı yenidənqurma və təmir-bərpa işlərinin həyata keçirilməsinə imkan yaradırdı. Təkcə onu qeyd etmək kifayətdir ki, 2006-cı ildə paytaxtın Buzovna qəsəbəsində məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji təmizləyici qurğular kompleksi tikilərək istifadəyə verildi. Bununla yanaşı, SSRİ dövründə inşa olunmuş Mərdəkan-Şüvəlan təmizləyici qurğular stansiyası yenidən qurularaq mexaniki təmizləmə stansiyasından bioloji təmizləmə stansiyasına çevrildi. Qurğunun məhsuldarlığı sutkada 15 min kubmetrdən 18 min kubmetrə qədər artırıldı. Bundan əlavə, Sumqayıt şəhərində məhsuldarlığı sutkada 200 min kubmetr təşkil edəcək çirkab sutəmizləyici qurğunun sutkada 100 min kubmetr gücə malik birinci növbəsi tikilib istismara verildi. Hazırda isə obyektin ikinci növbəsi üzrə işlər davam etdirilir.
Azərbaycanın 20 illik müstəqillik dövründə su təchizatı sektorunda həyata keçirilmiş ən böyük layihə isə, heç şübhəsiz, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlıdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, paytaxtı ekoloji cəhətdən təmiz və keyfiyyətli su ilə təchiz edən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin təşəbbüskarı da məhz xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Təsadüfi deyil ki, hələ vaxtilə "Bakıya bol-bol su gətirəcəyik" deyən ulu öndər 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar vermişdir. 2005-ci ilin sentyabrında isə ulu öndərin sosial və iqtisadi strategiyasını uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş və Böyük Bakının su təchizatının yaxşılaşdırılmasına həsr olunmuş müşavirədə layihənin müxtəlif parametrləri müzakirə edilmiş və işlərin başlanmasına qərar verilmişdir.
2007-ci ilin mart ayında ölkə Prezidentinin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyuldu. Beləliklə də, Oğuzdan Bakıya diametri 2 min millimetr, uzunluğu 262,5 kilometr olan özüaxımlı su kəmərinin inşasına başlanıldı. Tikinti işləri ilə yanaşı, kəməri su ilə doldurmaq məqsədilə çoxlu artezian quyusu da qazıldı. Bundan əlavə, ərazidə yarımstansiya quraşdırıldı, dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi və suyun təmizlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olundu. Yeri gəlmişkən, son illər Azərbaycanın içməli su sektorunda həyata keçirilən ən böyük layihələrdən sayılan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilmişdir.
Bu su kəmərinin tikintisi 2010-cu ilin sonunda başa çatdırıldı. Prezident İlham Əliyevin iştirakı ilə Yeni il ərəfəsində-dekabr ayının 28-də layihə gücü saniyədə 5 kubmetr olan su kəməri istismara verildi.
Kəmərin istifadəyə verilməsini ölkəmiz və xalqımız üçün böyük bir tarixi hadisə kimi dəyərləndirən ölkə Prezidenti İlham Əliyev demişdir: "Azərbaycanda su təchizatı ilə bağlı digər vacib layihələr icra edilmişdir və icra edilməkdədir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, hesab edirəm ki, tarixi hadisədir. Çünki bilirsiniz ki, uzun illər ərzində bu layihə ilə bağlı müxtəlif fikirlər səslənirdi, təkliflər irəli sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu layihə reallaşa bilmişdir".
Bütövlükdə isə 1991-2011-ci illərdə ölkəmizin şəhər və rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün müxtəlif diametrli borularla 1500 kilometrdən artıq su xətləri, 600 kilometrə yaxın kanalizasiya xətləri çəkilmişdir. Ötən 20 il ərzində həmçinin ümumi həcmi 106 min kubmetr olan 59 su anbarı, 30 suqəbuledici qurğu, 24 su nasos stansiyası, 20 kanalizasiya nasos stansiyası tikilmiş, 29 ədəd su anbarı, 13 ədəd kanalizasiya nasos stansiyası isə yenidən qurulmuşdur. Müstəqillik dövründə 200-dən artıq artezian və subartezian quyusu qazılmışdır. Yeri gəlmişkən, 1991-ci ilin sonunda Bakı şəhəri və Abşeronun kəndlərində 1 milyon 300 minə yaxın istehlakçı içməli su ilə təmin olunurdusa, müstəqilliyin 20 ili ərzində onların sayı 2 milyon 280 min nəfərə çatmışdır.
Azərbaycan hökuməti müstəqillik dövründə paytaxtla yanaşı, ölkənin regionlarında da içməli su təchizatının yaxşılaşması üçün lazımi tədbirlər görmüşdür. Bu məqsədlə həm dövlət büdcəsi, həm də beynəlxalq maliyyə təşkilatlarının vəsaitlərindən istifadə olunmuşdur. Ötən illər ərzində Azərbaycan hökuməti su təchizatı və kanalizasiya layihələrinin reallaşdırılması məqsdilə Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniya İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Səudiyyə Fondu və digər beynəlxalq maliyyə qurumları ilə sazişlər imzalamışdır.
Ölkə regionlarının içməli su təchizatının əsaslı şəkildə yaxşılaşdırılması məqsədilə beynəlxalq maliyyə qurumları ilə imzalanmış ilk saziş isə Göyçay və Ağdaş şəhərlərini əhatə etmişdir.
Xatırladaq ki, həmin saziş 2005-ci ildə Asiya İnkişaf Bankı ilə imzalanmışdır. Hazırda Almaniya İnkişaf Bankı Şəki və Gəncə şəhərlərində, Dünya Bankı 14 şəhər və rayon mərkəzində, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi isə 10 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını maliyyələşdirir. Ümumilikdə imzalanmış kredit sazişlərinə uyğun olaraq beynəlxalq maliyyə təşkilatları tərəfindən Azərbaycanda bütün bu işlərin görülməsinə 746 milyon dollar kredit ayrılacağı gözlənilir. Artıq bu günədək həmin vəsaitin 97 milyon dollarından istifadə olunmuşdur.
Regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının sürətləndirilməsi məqsədilə beynəlxalq təşkilatların ayırdığı kreditlərlə yanaşı, büdcə vəsaitlərindən də istifadə olunmasına başlanmışdır. 2011-ci ilin ikinci yarısından etibarən "Azərsu" ASC Quba, Lənkəran, Zərdab, Ucar, Kürdəmir, Hacıqabul, İmişli, Biləsuvar, Qax, Şəmkir, Mingəçevir şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması üzrə tikinti işlərinə start vermişdir. Hazırda bu istiqamətdə konkret işlər görülür.
Eyni zamanda, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti , eləcə də Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi tərəfindən Tovuz, Ağstafa, Goranboy, Göygöl, Zaqatala, Şabran, Siyəzən, Oğuz, İsmayıllı və Ağsu şəhərlərində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, qarşıdakı 3-4 il ərzində ölkənin bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının başa çatdırılması planlaşdırılır. Təsadüfi deyil ki, bu il sentyabr ayının 8-də Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: "Çalışmalıyıq ki, Azərbaycana dünyanın ən qabaqcıl texnologiyalarını gətirək, bütün sahələrdə tətbiq edək. Bir daha demək istəyirəm ki, insan sağlamlığı üçün əsas olan su təchizatı məsələlərində biz bu yüksək səviyyəni təmin etməliyik".
Yeri gəlmişkən, hazırda paytaxt Bakının, eləcə də ölkə regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə mühüm dövlət proqramları həyata keçirilir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi bölgələrin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradır. Bundan əlavə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq hazırda Bakıətrafı qəsəbələrin hər birində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması ilə bağlı işlərə başlanmışdır.
Dövlət Proqramının icrası nəticəsində paytaxtın bütün kənd və qəsəbələrinin keyfiyyətli və dayanıqlı su təchizatı həyata keçiriləcəkdir.
Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin ərazisində yeni ultrasüzgəcli qurğunun inşasına başlanmışdır. Təməli Prezident İlham Əliyev tərəfindən 2011-ci il sentyabr ayının 8-də qoyulan qurğunun inşası ilə Bakı və Abşeron yarımadasının su təchizatında əsaslı dönüş yaranacaq, eyni zamanda, bu günə qədər su almayan Pirallahı, Türkan, Zirə, Dübəndi, Qala, Şüvəlan, Mərdəkan, Binə qəsəbələri mərkəzləşdirilmiş su təchizatı sistemi ilə təmin olunacaq.
Həmin yaşayış məntəqələrinin içməli su ilə təchizatını həyata keçirmək üçün Ramana anbarı kompleksindən uzunluğu 65 kilometr olan yeni kəmərin çəkilişi nəzərdə tutulur. Yeni qurğuda, həmçinin Niderland Krallığının istehsalı olan müasir avadanlıqdan istifadə ediləcəkdir. Tam avtomatik rejimdə idarə olunacaq qurğu elektrik enerjisinə qənaət etməyə imkan verəcəkdir. Məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min kubmetr olacaq bu qurğuda emal olunan su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək. İstehlakçılara öz axımı ilə çatdırılması üçün ultrasüzgəcli qurğuda emal olunacaq su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara ötürüləcək və buradan Abşeronun bütün ərazilərinə paylanacaq.
Göründüyü kimi, Azərbaycanın iqtisadi qüdrətinin ilbəil artması, ölkənin maliyyə imkanlarının getdikcə genişlənməsi, bir çox sahələrdə olduğu kimi, su təchizatı sektorunda da iri infrastruktur layihələrinin reallaşdırılmasına səbəb olur. Bütün bunlar isə, heç şübhəsiz, ən böyük nemət sayılan tarixi müstəqilliyimizin bəhrəsidir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin düşünülmüş, məqsədyönlü sosial-iqtisadi strategiyasına əsaslanan islahatların Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi isə gələcək uğurlara, yüksək nailiyyətlərə etibarlı təminat yaradır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında