Azərbaycan-Fransa İqtisadi Komissiyasının VI iclasında mühüm vəzifələr müzakirə olunmuşdur

Birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənmiş və dərinləşmiş, Azərbaycan-Fransa münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 
Bu bəyanatla Parisdə Azərbaycan-Fransa İqtisadi Komissiyasının VI iclasında komissiyanın Azərbaycan tərəfdən həmsədri maliyyə naziri Samir Şərifov çıxış etmişdir. İclasda Fransanı bu ölkənin ticarət naziri, komissiyanın həmsədri Pyer Leluş təmsil etmişdir.
İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyətinin və əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu iclasda Azərbaycanın maliyyə naziri Samir Şərifov çıxış edərək bildirmişdir ki, qarşılıqlı səfərlər ölkələr arasında siyasi və iqtisadi əlaqələrin daha da yaxınlaşmasında mühüm rol oynayır.
S.Şərifov demişdir ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənmiş, Azərbaycan-Fransa münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Fransanın Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini deyən komissiyanın Fransa tərəfindən həmsədri P.Leluş isə iqtisadi komissiyanın ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rol oynadığını qeyd etmişdir.
İclasda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin aparıcı rol oynadığı vurğulanmış, "TOTAL" və "GDF SUEZ" şirkətləri ilə "SOCAR" şirkəti arasında əməkdaşlığın möhkəmləndirilməsi və daha da genişləndirilməsi qərara alınmışdır.
Müzakirələrdə təklif olunmuşdur ki, Azərbaycan və Fransa şirkətlərinin ixrac, ticarət və investisiya ilə bağlı təşkil olunan konfrans, seminar, biznes-forum, sərgi və yarmarkalarda iştirakı təmin edilsin. Azərbaycanda qeyri-neft və qaz sektorunun inkişaf etdirilməsi və bu sahədə investisiya layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində Fransa maliyyə institutlarının "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə birgə investisiya fondunun yaradılması imkanının müzakirə edilməsinin vacibliyi ifadə olunmuşdur.
Azərbaycan tərəfi ətraf mühit və su sahəsində mühüm layihələrin həyata keçirilməsində Fransa şirkətlərinin əməkdaşlığını qeyd edərək, ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində beynəlxalq maliyyə qurumları ilə birgə həyata keçirilən layihələr çərçivəsində davam edən tenderlərdə fransız şirkətlərini fəal iştirak etməyə dəvət etmişdir. Bundan əlavə, komissiya üzvləri tərəfindən yaxın, orta və uzaq məsafələrə uçuşlar edən təyyarələrin gələcəkdə təchizatı ilə bağlı "Azərbaycan Hava Yolları" QSC və "Airbus" şirkəti arasında mövcud əməkdaşlıq dəstəklənmişdir.
İclasda Azərbaycan tərəfi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (İƏİT) həmin bu qurum tərəfindən eksport kredit çərçivəsində kredit resurslarının ayrılması mexanizmini daha aşağı faiz dərəcəsi ilə tətbiq etdiyi daha yüksək ölkələr qrupuna daxil edilməsi məsələsini qaldırmış, Fransız tərəfi isə son beş ildə Azərbaycanın beynəlxalq kredit reytinqlərinin artmasını nəzərə alaraq bu işə öz töhfəsini verməyi öhdəsinə götürmüşdür.
Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayan komissiya üzvləri bu istiqamətdə iki ölkənin əməkdaşlığı çərçivəsində prioritet kimi Azərbaycanda fransız dilinin, Fransada isə Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsi və genişləndirilməsi, kadr mübadiləsi, tələbə hazırlığı məqsədilə təqaüd proqramlarının təsis edilməsini qeyd etmişlər. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 34 nəfər gənc Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Fransanın müxtəlif ali təhsil müəssisələrində təhsil alır. Bundan əlavə, Azərbaycanın 7 ali təhsil müəssisəsində fransız dili və ədəbiyyatı ixtisas fənni tədris olunur, orta məktəblərdə 70 mindən çox şagird fransız dilini öyrənir. Bu əlaqələrin davamı olaraq 2011-ci il martın 1-də Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Fransanın Azərbaycandakı səfirliyi və Dövlət Neft Şirkəti tərəfindən Bakı şəhərində fransız dili məktəbinin təsis edilməsi haqqında Niyyət Bəyannaməsi imzalanmışdır.
İclasda, həmçinin Azərbaycan və Fransa arasında ticarət əlaqələrinin uzunmüddətli inkişafı, infrastruktur layihələri, mülki aviasiya və hava yolları, dəmir yolu, şəhər və yol nəqliyyatı, kosmik və telekommunikasiya texnologiyaları, fövqəladə hallar riskinin azaldılması, maliyyə əməkdaşlığı və digər sahələr üzrə əlaqələrin inkişafı və daha da genişləndirilməsi ilə bağlı da müzakirələr aparılmışdır.
Bundan başqa, Avropa İttifaqı institutları ilə Azərbaycan arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi və Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv qəbul edilməsi üçün Fransanın gələcəkdə təkmilləşdirilməsi tələb olunan bütün digər sahələrdə ölkəmizlə əməkdaşlığına dair fikir mübadiləsi də aparılmışdır.
İclasın sonunda Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında İqtisadi Komissiyanın VI iclasının yekunlarına dair Protokol imzalanmışdır.
Sonra maliyyə naziri Samir Şərifov və Fransanın ticarət naziri Pyer Leluş jurnalistlərə müsahibə vermişlər.
Daha sonra İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə (AzPROMO) Fransa Respublikası və Azərbaycan Respublikası Hökumətlərarası İqtisadi Komissiyasının iclası çərçivəsində Azərbaycan-Fransa biznes forumu keçirilmişdir.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, Fransa və Azərbaycan tərəfdən neft və qaz, sənaye, nəqliyyat, enerji, maliyyə, tikinti və digər sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov iki ölkə arasında mövcud iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat vermiş, münasibətlərin dərinləşməsində biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə AzPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin investisiya və ixrac imkanları, "Azərbaycan İnvestisiya Şirkəti"nin icraçı direktoru Əfqan İsayev və "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov təmsil etdikləri qurumların fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatlarla çıxış etmişlər.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında