"Müstəqil Azərbaycanın vergi sistemi" mövzusunda seminar keçirilmişdir

Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində KİV nümayəndələri üçün "Müstəqil Azərbaycanın vergi sistemi" mövzusunda seminar keçirilmişdir. Əvvəlcə KİV nümayəndələri Tədris Mərkəzinin yeni inşa olunmuş tədris kompleksi ilə tanış olmuşlar.Tədris Mərkəzinin rəhbəri Yaşar Kəlbiyev media nümayəndələrini salamlayaraq seminarın bu müasir kompleksdə ilk tədbir olduğunu nəzərə çatdırmış, Mərkəzin fəaliyyəti və onun iş prosesi ilə bağlı məlumat vermiş, Tədris Mərkəzinin vəzifələri, tədris metodları barədə qısa təqdimat keçirmişdir.
Xatırladaq ki, son illərdə ölkəmizdə vergi sistemində aparılan islahatlar, ilk növbədə bu sahədə modern texnologiyaların tətbiqi, yeni kadr hazırlığının həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir. Buna dövlət başçımızın bu yaxınlarda Şamaxı rayonuna səfəri çərçivəsində açılış mərasimində iştirak etdiyi sözügedən Tədris Mərkəzini misal göstərə bilərik. Qeyd edək ki, Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanmışdır. 2,5 hektar ərazidə aparılan inşa işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, müdavim və müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan ikimərtəbəli dörd qonaq evi daxildir.
Mərkəzdə üç mühazirə auditoriyası yaradılmışdır. Bütün texniki vasitələrlə təchiz edilən auditoriyaların hər biri 20 nəfərlikdir. Burada üç səviyyədə hazırlıq nəzərdə tutulur. Birinci səviyyə 2 ay ərzində yeni işə qəbul olunanları, ikinci səviyyə 1-2 həftə ərzində vəzifəli şəxsləri, üçüncü səviyyə isə rəhbər işçilər üçün qısamüddətli treninq kurslarını əhatə edir. Mərkəzin strukturuna iqtisadiyyat və menecment, vergi metodologiyası, vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedraları, elmi tədqiqat bölməsi, tədris-metodika və maliyyə-təsərrüfat şöbələri daxildir.
Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətin, o cümlədən vergi sisteminə göstərdiyi diqqət və qayğının müxtəlif məqamlarını əks etdirən fotolar və elmi-kütləvi ədəbiyyat nümayiş etdirilir.
Hazırda Vergilər Nazirliyində vergi tədris modeli layihəsi uğurla tətbiq edilir. Bu layihədən vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması prosesində mühüm vasitə kimi istifadə olunur. Həmçinin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla əməkdaşların məsafədən tədrisinin müxtəlif formaları tətbiq edilir. Eyni zamanda, əməkdaşların bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi də işdən ayrılmadan onlayn rejimində yerinə yetirilir.
96 nəfərlik akt zalında mühüm tədbirlərin, təqdimat mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bununla yanaşı, mərkəzdə yüksək zövqlə tərtib edilən foye və guşələr burada hərtərəfli istirahət üçün geniş imkanlar açır.
Mərkəzin idman-sağlamlıq kompleksində 80 kvadratmetrlik üzgüçülük hovuzu yaradılmış, trenajorlar quraşdırılmışdır. Kompleksdə eyni vaxtda 20 nəfərə xidmət göstərən kafe də vardır.
Tədris korpusunda birotaqlı 12, ikiotaqlı 24 mənzil vardır. Kompleksin kitabxanası və internet mərkəzi buraya gələnlərin istifadəsinə verilmişdir.
Sonra mərkəzin akt zalında "Müstəqil Azərbaycanın vergi sistemi" mövzusunda seminar keçirilmişdir. Seminarda çıxış edən Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev media nümayəndələrinə Azərbaycanın müstəqilliyi dövründə ölkəmizin vergi sisteminin formalaşdırılması mərhələləri, aparılan islahatlar barədə məlumat vermişdir. Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatının Təşkili və İqtisadi Təhlil Baş İdarəsinin rəisi Natiq Şirinov "Müasir vergi sistemi və perspektivləri" mövzusunda çıxış etmiş, vergi inzibatçılığının təkmilləşdirilməsi, mütərəqqi informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə danışmışdır. Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov isə seminar iştirakçılarını vergi ödəyicilərinə göstərilən xidmətlər, bu sahədə Vergilər Nazirliyi tərəfindən qəbul olunmuş "Vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi Konsepsiyası", eləcə də vergi sistemində yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan yeniliklər barədə məlumatlandırmışdır.
Sonda Vergilər Nazirliyinin rəsmiləri media nümayəndələrinin suallarını cavablandırmış, seminar iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında