"Çıraq" neft layihəsi Azərbaycanın neft strategiyasının böyük uğurudur

Ölkəmizin müstəqil dövlət kimi özünün yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olduğunu bütün dünyaya bəyan etməsinə imkan yaradan "Əsrin müqaviləsi" nin imzalanmasının 17-ci ili tamam olur. Xatırladaq ki, 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanmış bu nəhəng neft sazişi Xəzər regionunda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu.
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə, həm də Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. Təsadüfi deyil ki, "Gülüstan" sarayında keçirilən imzalanma mərasimində çıxış edən ümummilli lider, Azərbaycanın yeni neft strategiyasının müəllifi Heydər Əliyev demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq".
Azərbaycanın yeni neft strategiyasının başlanğıcı sayılan "Əsrin müqaviləsi" ölkəmizə yüksək işgüzarlıq, təşəbbüskarlıq ab-havası gətirdi. Ölkə iqtisadiyyatnın böhran məngənəsindən çıxarılmasına səbəb olan "Əsrin müqaviləsi" həm də neft sənayesi infrastrukturunun xeyli yaxşılaşdırılmasına imkan yaratdı. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Xəzərin Azərbaycan sektorunda 5 hasilat və 2 texnoloji-təchizat platforması inşa olunmuş, yüzlərlə kilomter uzunluğunda sualtı boru kəmərləri çəkilmiş, xam nefti qəbul edib ixraca yönəltmək məqsədilə Səngəçal terminalı tikilib istifadəyə verilmişdir. Dünyanın neft sənayesində tətbiq olunan ən müasir texnika və texnologiyaların Azərbaycana gətirilməsi, 1997-ci ilin noyabr ayında "Çıraq" yatağında ilkin neftin hasilatına başlanılması ilə Azərbaycanda yeni neft erasının əsası qoyuldu. 2005-ci ilin yanvar ayında "Azəri" yatağının mərkəzi hissəsinin istismara daxil edilməsi ilə ölkəmizdə böyük neft hasilatına başlanıldı. Sonrakı illərdə "Azəri" yatağının şərq və qərb hissələrindən, eləcə də "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən neft çıxarılmasına başlanıldı ki, bu da Azərbaycanda neft hasilatının rekord səviyyəyə çatdırılmasına imkan yaratdı. Təkcə onu qeyd etmək kifayətdir ki, 1997-ci ildən sonrakı dövrdə ölkəmizdə neft hasilatı sürətlə artaraq 2010-cu ildə 50,7 milyon tona çatmışdır. Bunun da 42,3 milyon tonu "Əsrin müqaviləsi"nin payına düşmüşdür. Cari ilin səkkiz ayında isə "Əsrin müqaviləsi" çərçivəsində 26,1 milyon ton neft hasil olunmuşdur.
Heç şübhəsiz, neft hasilatının ildən-ilə artması həm də Azərbaycanı dünyanın potensial neft ixrac edən ölkələri ilə bir sırada qoymuşdur. Bunun üçün isə ölkəmizdə geniş imkanlara malik neft ixracı sistemlərinin yaradılması tələb olunurdu. Azərbaycanın yeni neft salnaməsinin yaradıcısı, ulu öndər Heydər Əliyev bu vacib məsələnin də konturlarını vaxtında müəyyənləşdirdi. O, Azərbaycanın alternativ neft ixrac boru kəmərlərinə ehtiyacı olduğunu böyük uzaqgörənliklə sübut etdi, həmin marşrutların keçəcəyi ünvanları dəqiqliklə nişan verdi. İlk əvvəl Şimal istiqaməti ilə neft ixrac edən Azərbaycan 1999-cu ilin aprel ayında Bakı-Supsa kəməri istifadəyə verildikdən sonra daha bir əlverişli imkan qazandı. Azərbaycan neftinin Qara dənizdəki Supsa limanı vasitəsilə dünya bazarına çıxarılmasına başlanıldı. Bununla belə, getdikcə artmaqda olan neft həcmləri daha geniş imkanlara malik ixrac boru kəmərinin çəkilməsini zəruri edirdi. Bu isə haqlı olaraq Heydər Əliyevin müəllifi olduğu yeni neft stategiyasının şah əsəri sayılan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri idi. Xatırladaq ki, hələ "Əsrin müqaviləsi" imzalanan zamanı ulu öndərimiz Azərbaycanın gələcəkdə daha geniş imkanlara malik neft ixracı marşrutu kimi məhz Bakı-Tbilisi-Ceyhan variantına üstünlük verdiyini bəyan etmişdi. Zaman bu fikrin də həqiqiliyini sübuta yetirdi. 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə bu kəmərin təməli qoyuldu. 2006-cı ilin yayında isə kəmərin təntənəli açılış mərasimi keçirildi. Bununla da, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başladı. Təsadüfi deyil ki, iki il əvvəl "Əsrin müqaviləsi"nin imzalanmasının 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev demişdir: "Bakı-Tbilisi-Ceyhan kəmərinin işə düşməsi, istismara verilməsi ikinci tarixi hadisədir. Bu tarixi hadisə artıq təkcə Azərbaycan üçün deyil, region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti daha da artır. Çünki artıq Xəzər dənizinin şərq hissəsindən çıxarılan neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq dənizinə nəql edilir. Artıq Azərbaycan başqa ölkələr üçün tranzit ölkəyə çevrilibdir". Yeri gəlmişkən, ötən müddət ərzində bu kəmərlə 166 milyon tondan artıq neft ixrac olunmuşdur.
Qeyd etdiyimiz kimi, artıq Xəzər dənizi beynəlxalq əməkdaşlıq üçün böyük təcrübə mərkəzinə çevrilmişdir. Bu təcrübə isə yeni-yeni layihələrə, əməkdaşlığa yol açır. Elə Azərbaycanın neft strategiyasının, "Əsrin müqaviləsi"nin mühüm istiqamətlərindən sayılan "Çıraq" neft layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin birgə həyata keçirdikləri böyük layihələrin uğurlu davamıdır. Təsadüfi deyil ki, sözügedən layihə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi ilə bağlı indiyədək əldə edilmiş nailiyyətlər üzərində qurulmuşdur. Xatırladaq ki, "Çıraq" neft layihəsinə sərmayə qoyulmasına dair qərar ötən ilin mart ayının 9-da qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp Azərbaycan şirkəti arasında imzalanmış bu sənəd xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının reallaşdırılması istiqamətində daha bir mərhələnin əsasını qoymuşdur. "Çıraq" neft layihəsinə start verilməsi, eyni zamanda, ölkəmizin neft sənayesində növbəti, son dərəcə mühüm tikinti-quraşdırma işləri üçün geniş imkanlar yaratmışdır.
Ötən dövr ərzində layihənin reallaşdırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir. Buna isə layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan əsas tikinti-quraşdırma işlərinə dair podratçı təşkilatlarla bütün müqavilələrin vaxtında imzalanması imkan yaratmışdır. Xatırladaq ki, 2010-cu ilin mart ayında layihənin icrasına başlamağa dair qərar qəbul edilməsindən ötən dövr ərzində tikinti-quraşdırma və dəniz işlərinə dair 11 əsas müqavilənin hamısı imzalanmışdır. Təkcə ötən ilin iyul ayında layihə üzrə altı əsas müqaviləyə imza atılmışdır ki, həmin sənədlər də mühüm tikinti-quraşdırma işlərinə yol açmışdır. Xatırladaq ki, ilk müqavilə platformanın dayaq blokunun, sualtı dayaq hissəsinin və bununla bağlı olan bərkitmə payaları, həmçinin "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindəki mövcud texnoloji emal, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üzərindəki boş saxlanmış yerdə dik borunun dayaq çərçivəsinin quraşdırılması kimi mühüm işləri əhatə edir. Növbəti beş müqaviləyə isə platformanın birləşmiş göyərtəsinin (üst modulların), eləcə də dayaq tavasının quraşdırılması, yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri, dəniz obyektlərinin və qazma modullarının mühəndis-layihə işləri daxildir. Ötən ilin noyabr ayında "Çıraq" neft layihəsi üzrə daha iki əsas podrat müqaviləsi imzalanmışdır. "Günəşli" yatağının dərinlikdə yerləşən mövcud hasilat, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə layihə üçün tələb olunan quraşdırma, montaj və nizamlama, həmçinin istismar sınaqlarının həyata keçirilməsi AMEK-Tekfen-Azfen konsorsiumuna həvalə olunmuşdur. Dayaq blokunun və üst modulların dənizə daşınması və quraşdırılması işlərini isə "Saipem" şirkəti həyata keçirəcək.
2010-cu ilin dekabr və cari ilin ilk ayında dəniz işləri üzrə qalan üç müqavilənin də podratçıları məlum olmuşdur. Boru kəmərinin örtüklənməsi, sualtı boru kəmərinin inşası və dalğıc işləri, eləcə də STB-1 barjının gücünün artırılması üzrə müqavilələr müvafiq olaraq "Caspian Pipeline Coatinq", "McDermott Caspian Cantrasctors İnc" və "Caspian Shipyard Company" şirkətlərinə verilmişdir. Yeri gəlmişkən, "Çıraq" neft layihəsi üzrə imzalanmış müqavilələr Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq barədə ABƏŞ-in öhdəliyini əks etdirir. Xatırladaq ki, "Çıraq" neft layihəsinin tikinti işlərinə 9 milyon adam -iş saatı sərf olunacaq ki, həmin işlərin də 90 faizi Azərbaycanda yerinə yetiriləcək. Tikinti-quraşdırma işlərinin isə 80 faizi yerli işçi qüvvəsinin imkanları hesabına reallaşdırılacaq. Bundan əlavə, layihə üzrə əsas müqavilələr imzalanmış şirkətlərə yerli subpodratçıların imkanlarından maksimum istifadə edilməsi tövsiyə olunmuşdur ki, bunun da nəticəsində ümumi xərclərin 30 faizindən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir.
2011-ci ilin birinci yarısı ərzində "Çıraq" neft layihəsi üzrə tikinti-quraşdırma işləri nəzərdə tutulmuş cədvələ və plana uyğun olaraq davam etmişdir. Belə ki, ölkə daxilindəki tikinti işlərinin həcmini artırmaq üçün AMEK-Tekfen- Azfen tikinti quraşdırma sahəsinin modernləşdirilməsi proqramı başa çatdırılmışdır. Üst tikililərin hazırlanması və quraşdırılması məqsədilə işçilərin işə götürülməsi və yenidən işə bərpası davam etdirilmişdir. Hazırda sahədə çalışan işçilərin sayı sifarişçi, podratçı və subpodratçılar da daxil olmaqla üç min nəfər təşkil edir. Ötən müddətdə layihə çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə 400 nəfərdən çox qaynaqçıya təlim proqramı keçilmişdir. Həmin işçilərdən isə 100 nəfəri əvvəllər ölkədən kənarda yerinə yetirilən paslanmayan polad və dupleks materialları üzrə ixtisaslaşmışdır.
Cari ilin yanvar-iyun ayları ərzində "Çıraq" neft layihəsi çərçivəsində qazma avadanlıqlarının əvvəllər ölkədən kənarda yerinə yetirilən hazırlanma işləri və tikintisi üzrə də mühüm irəliləyişlər əldə edilmiş, işlərin 39 faizi tamamlanmışdır. Bundan əlavə, ilin ötən dövrü ərzində yardımçı qazma avadanlığı modulunun və platformanın ikinci göyərtəsinin birləşmələrinin hazırlanması işləri başa çatdırılmışdır. Karbonlu polad, paslanmayan polad və ikiqat poladdan hazırlanmış boruların quraşdırılması işləri isə davam etdirilir. Bir qədər əvvəl isə kommutator otağının, üst göyərtə hissələrinin tikintisinə və birinci mexanika avadanlığın alt göyərtədə montajına, eləcə də əsas mexaniki avadanlıqların qazma modulları üzərində quraşdırılmasına start verilmişdir.
"Çıraq" neft layihəsi çərçivəsində əsas tikinti-quraşdırma işlərinin xeyli hissəsi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçirilir. Layihə üzrə nəzərdə tutulmuş bütün dayaq bloklarının hazırlanması işlərinin ölkə daxilində aparılmasını təmin etmək məqsədilə adıçəkilən zavodun modernləşdirilməsi işləri uğurla başa çatdırılmışdır. Hazırda burada dayaq bloklarının yığılması və quraşdırılması məqsədilə işçilərin işə götürülməsi davam edir. İndiyədək isə zavodun tikinti meydançasında həyata keçirilən inşaat işlərinə 1265 nəfər cəlb olunmuşdur. Yeri gəlmişkən, işçilərin səriştələrinin artırılması üçün onlara şirkətdənkənar təlim proqramları və müxtəlif kurslar keçilir. Hazırda işlərin böyük bir hissəsi üstüörtülü yerlərdə həyata keçirilir. Zavodun ayrı-ayrı sexlərində polad təbəqələrin bükülməsi və hazırlanması işləri sürətlə davam etdirilir. Bundan əlavə, böyük kəsikli metalın qaynaq xəttinə hava şəraitinin vurduğu zədələrin təmir edilməsi işləri başa çatdırılaraq həmin xətt işlək vəziyyətə gətirilmişdir. Ötən müddətdə, həmçinin işəsalma rotorlarının montajı da başa çatdırılmışdır. Qurğunun ayaqlarının, bərkitmə-dayaq elementlərinin və onlarla əlaqədar digər hissələrin qum şırnağı ilə yuyulması və rənglənməsi isə davam edir.
2011-ci ilin ilk yarısında "Çıraq" layihəsi çərçivəsində öncəqazma proqramı da uğurla davam etdirilmişdir. Xatırladaq ki, müqavilə sahəsində öncəqazma işlərinə ötən ilin aprel ayında başlanılmışdır. Artıq 16 quyudan ibarət bu proqram çərçivəsində üç quyu qoruyucu boruyadək qazılaraq gələcək istifadə üçün bağlanmışdır. "Çıraq" layihəsi çərçivəsində öncəqazma proqramını həyata keçirən "Dədə Qorqud" qazma qurğusu modernləşdirmə və planlaşdırılmış beş illik sertifikatlaşdırma prosesindən keçəndən sonra qazma proqramı bu ilin iyul ayının sonundan başlayaraq bərpa olunmuşdur. Mövcud plana əsasən isə müqavilə sahəsində beş əlavə öncə qazma quyusu qazıldıqdan sonra qazma əməliyyatları "Qərbi Çıraq" platforması dənizdə quraşdırılanadək dayandırılacaq.
Yeri gəlmişkən, bu ilin iyul ayında ABƏŞ "Çıraq" neft layihəsi üçün ABŞ-dan ölkəmizə üç enerji blokunun gətirilməsinə başlamışdır. Xatırladaq ki, "Rolls Roys" şirkətindən alınmış bu bloklardan sözügedən layihənin bir hissəsi olaraq Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsində quraşdırılacaq "Qərbi Çıraq" platformasını enerji ilə təchiz etmək üçün istifadə olunacaq. Ümumi dəyəri 50 milyon dollar olan həmin blokların hər birinin maksimum gücü 27 meqavat təşkil edir.
Cari ilin ikinci yarısında "Çıraq" neft layihəsi çərçivəsində bir sıra vacib işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, ilin üçüncü rübü ərzində AMEK-Tekfen-Azfen tikinti sahəsində üst tikililərin iki tavrlı bərkitmə tirlərinin və birləşmələrinin tamamlanması, eləcə də birinci üst göyərtə panelinin qaldırılması və quraşdırılması işləri başa çatdırılacaq. Yardımçı qazma modulunun tamamlanması ilə əlaqədar olaraq polad konstruksiyalarının qaldırılması, qazma avadanlığı dəstinin, həmçinin yardımçı qazma modulu borularının quraşdırılmasının və istehsalat sahəsində planlaşdırılmış əlavə modernləşdirmənin başa çatdırılması işlərinin isə cari ilin dördüncü rübündə tamamlanması nəzərdə tutulmuşdur. Bundan əlavə, Bakı Dərin Özülləri Zavodunda layihə çərçivəsində bir sıra digər mühüm tikinti-quraşdırma işlərinin aparılması da nəzərdə tutulmuşdur ki, bunlara isə dayaq blokunun və onun qülləsinin çərçivə hissəsinin montajına başlanılması və s. tədbirlər daxildir. İlin qalan dövrü ərzində "Qərbi Çıraq" platformasının quraşdırılması üçün vacib olan qurğu və avadanlıqların dənizə daşınmasını təmin edəcək STB-1 barjı ilə bağlı bir sıra əməliyyatların da həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Məlum olduğu kimi, " Çıraq" layihəsi çərçivəsində hasil ediləcək neft həcmlərinin sahilə daşınmasını təmin etmək məqsədilə yeni sualtı boru kəmərinin çəkilməsi planlaşdırılmışdır. Bu məqsədlə Bakıdakı boru örtükləmə zavodunun yenidən işə salınması, örtükləmə işlərinin qiymətləndirilməsi və hazır boruların qismən yüklənməsi işləri isə cari ilin üçüncü və dördüncü rüblərində həyata keçiriləcək. Yeri gəlmişkən, hazırda "Çıraq" neft layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə podratçı şirkətlər vasitəsilə 4265 nəfərdən artıq işçi gəlb olunmuşdur ki, onların da 95 faizindən çoxu Azərbaycan vətəndaşıdır.
"Azəri-Çıraq-Günəşli" yatağının 17 il əvvəl başlanmış işlənməsinin davamı olan "Çıraq" neft layihəsindən ilk neftin hasilatı 2013-cü ilin sonlarına planlaşdırılır. "Çıraq" neft layihəsinin reallaşdırılmasına 6 milyard dollar vəsait yönəldiləcək. Layihənin ümumi dəyərinin təqribən 4 milyard dolları obyekt və qurğuların tikintisinə və öncə qazma proqramına, qalan hissəsi isə hasilat dövründə platformadan quyuların qazılmasına sərf ediləcəkdir. Layihə çərçivəsində 360 milyon barrel əlavə neftin çıxarılması nəzərdə tutulur ki, bu da "Əsrin müqaviləsi" çərçivəsində hasilatın artırılmasına imkan verəcəkdir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında