Şriftin ölçüsü:
20.09.2011 00:58 | Oxunma sayı: 699
Azərbaycanın neft-qaz sənayesinin inkişafında qazmaçıların əməyi olduqca böyükdür. Təsadüfi deyil ki, son illər Dövlət Neft Şirkəti üzrə neft və qaz hasilatının artıqlaması ilə yerinə yetirilməsinə mühüm töhfələr verən bu fədakar insanlar ölkəmizin dəniz və quru sahələrində bir-birinin ardınca müxtəlif dərinlikli quyular qazaraq neftçilərə təhvil verirlər. Elə cari ilin əvvəllərindən etibarən yeni-yeni əmək nailiyyətlərinə imza atan qazmaçılar ötən səkkiz ay ərzində də 104088 metr qazma işi həyata keçirməyə müvəffəq olmuşlar.
Bütün bu uğurların əldə olunmasında Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin kollektivi də xüsusi fəallıq göstərmişdir. Təsadüfi deyil ki, yeraltı zənginliyə yol açan dəniz qazmaçıları hər il olduğu kimi, bu dəfə də "Əsrin müqaviləsi"nin ildönümünü və "Neftçilər Günü" peşə bayramını şən əhval-ruhiyyə, yüksək uğurlarla qeyd edirlər. Son illər ölkəmizin neft sənayesinə, bu sahədə çalışan bütün işçilərə dövlət qayğısının xeyli artırılmasında ruhlanan fədakar dəniz adamları plan və tapşırıqları bir qayda olaraq vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirirlər.
Hazırda "Azneft" İstehsalat Birliyinin istismar etdiyi "Neft Daşları" və "Darvin bankəsi" yataqlarında çalışan qazmaçılar 2011-ci ilin yanvar-avqust aylarının qazma planına 100 faiz əməl edərək nəzərdə tutulmuş 24730 metr əvəzinə 24735 metr qazma işi həyata keçirmişlər. Hesabat dövrü ərzində dəniz qazmaçıları 18 quyuda qazma işlərinə başlamışlar. Bütövlükdə isə ilin səkkiz ayında qazmadan qurtaran 19 quyu sifarişçilərə təhvil verilmişdir. İş prosesinin düzgün təşkili, materiallardan daha səmərəli istifadə edilməsi, eləcə də nəqliyyatın işinin məqsədəuyğun şəkildə qurulması idarə üzrə yüksək iqtisadi səmərə əldə olunmasına imkan yaratmışdır.
Bütövlükdə isə fəaliyyət göstərdiyi illər ərzində açıq dənizdə yüzlərlə quyu qazıb neftçilərə təhvil verən "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin kollektivi ölkəmizin iqtisadi həyatında, neft sənayesinin inkişafında mühüm rol oynamışdır. Ölkəmizin qocaman qazma idarəsi bu gün də neft sənayesinin qabaqcıl müəssisələrindən sayılır. Təsadüfi deyil ki, son illər açıq dənizdə aparılan bir çox mürəkkəb qazma əməliyyatları məhz bu kollektivə etibar olunur. Bu etimadı əməli işi ilə doğrultmağa çalışan fədakar qazmaçıları qarşıda daha yeni, məsul vəzifələr gözləyir. Belə ki, hazırda 2415, 2521, 620 və 1100 saylı meydançalarada sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirən qazmaçılar yaxın vaxtlarda 660 saylı meydançada əlavə iki quyunun qazıntısına başlamağı planlaşdırırlar. Həmin quyulardan isə biri cari ilin sonunadək sifarişçiyə təhvil veriləcək. İdarənin rəisi Mirsədir Musayev də bizimlə söhbəti zamanı nikbinliyini gizlətmədi. Dedi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Azərbaycanın yeni neft strategiyasının hər bir uğuru neft sənayesində çalışan insanlar üçün, sözün əsl mənasında əlamətdar hadisə, bayramdır. Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son illər neft sənayesində çalışanların əməyinə verdiyi yüksək qiymət Dövlət Neft Şirkətinin bütün əmək kollektivləri kimi idarəmizin işçilərini də yeni nailiyyətlərə ruhlandırmaqla yanaşı, bizi işə daha məsuliyyətlə yanaşmağa sövq edir. Qarşıda bizi gözləyən vəzifələrin öhdəsindən gəlmək üçün isə daha böyük səylə çalışacağıq.
Dövlət Neft Şirkəti və Kompleks Qazma İşləri Tresti rəhbərliklərinin diqqət və qayğısı isə bizə əlavə stimul verir. Kollektivimiz cari iln sonunadək qazma işləri apardığı meydançalarda daha 10 quyunun qazıntısına başlamağı və onları sifarişçiyə təhvil verməyi planlaşdırır. Yeri gəlmişkən, 660 saylı meydançada qazıntısı planlaşdırılan iki quyu üçün tikinti-quraşdırma işlərinə bu ayın axırlarında, qazma işlərinə isə oktyabr ayının əvvəllərində başlanması nəzərdə tutulur. Bütövlükdə isə qazmaçılarımız ilin sonunadək daha 10855 metr qazma işi həyata keçirməlidirlər. Dövlət qayğısı, neft sənayesində çalışanların əmək şəraitinin və sosial məsələlərinin həlli istiqamətində mühüm işlərin həyata keçirilməsi isə onu deməyə əsas verir ki, kollektiv bu vəzifənin də öhdəsindən bacarıqla gələcəkdir. Yeri gəlmişkən, dəniz qazmaçılarının fəaliyyət göstərdikləri "Neft Daşları" yatağı 62 ildir ki, istismar edilməsinə baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neftçilərin qarşısında burada hasilatın yaxın illərdə 1 milyon 200 min tona çatdırmağı başlıca vəzifə kimi qoymuşdur. Hazırda bu məsul vəzifənin yerinə yetirilməsi üçün "Neft Daşları" yatağında yeni özüllər quraşdırılır. Bu da yaxın vaxtlarda "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin kollektivi üçün əlavə sifarişlərin alınmasına, yeni qazma tapşırıqlarına geniş imkanlar yaradır. Elə gələn il idarə üzrə 33900 metr qazma işlərinin aparılmasının nəzərdə tutulması da bunu təsdiqləyir. Qazma işlərinin isə 2521, 1100, 620, 670, 720 və 660 saylı meydançalarda aparılması planlaşdırılır. Xatırladaq ki, 670 və 720 saylı meydançalar yenicə istifadəyə verilmişdir. "Darvin bankəsi" yatağında yerləşən 670 saylı meydançada qazma işləri üçün tikinti-quraşdırma və buruqquraşdırma işlərinə bu ayın ortalarında, qazma işlərinə isə gələn ilin yanvar ayında başlanması nəzərdə tutulur. 720 saylı meydançada tikinti-quraşdırma və qazma işlərinə isə gələn ilin yanvar və iyun aylarında başlanılacaq. Bütün bunlar isə ölkəmizin qabaqcıl qazma müəssisələrindən olan "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin kollektivinə göstərilən növbəti etimaddan xəbər verir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.