Yaxın 4 ildə Azərbaycanda qaz hasilatının 30 milyard kubmetrə çatacağı gözlənilir

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,5 trilyon kubmetrdən artıq qiymətləndirilir.
"APA-ECONOMICS"in Yeni Azərbaycan Partiyasının veb-saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, uzun fasilədən sonra "Ümid" perspektivli strukturunda daxili resurslar hesabına başlanmış kəşfiyyat işləri ötən il böyük müvəffəqiyyətlə nəticələnib. İlkin hesablamalara görə, yatağın çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Hazırda yatağın ehtiyatlarının dəqiqləşdirilməsi məqsədi ilə qazılan ikinci quyuda işlər uğurla davam etdirilir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf edilmiş ilk yataq olaraq "Ümid"də alınan nəticələr həm də Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəldib, yeni lay və yataqların açılması ehtimalını artırıb. Artıq "Babək" strukturunun ehtiyatları 400 milyard kubmetr qaz, 80 milyon ton kondensat həcmində qiymətləndirilir. Eyni zamanda mütəxəssislərin ilkin hesablamalarına görə, "Abşeron" yatağında 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.
R.Abdullayev bildirib ki, qarşıdakı dövrdə Almaniyanın "RWE" şirkəti ilə "Naxçıvan" perspektiv strukturunda kəşfiyyat işlərinə başlanılması da nəzərdə tutulur. Bu strukturda 300 milyard kubmetr qaz, 40 milyon ton kondensat ehtiyatı olması gözlənilir. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənilməsi məsələsi də baxılma mərhələsindədir. İlkin qiymətləndirmələrə əsasən, burada da qaz ehtiyatları 300 milyard kubmetr civarındadır.
2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur: Avropanın enerji istehlakının 2020-ci ilədək 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda bu, xüsusən böyük əhəmiyyət kəsb edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında