Bakıda mühasiblərin və auditorların III Avrasiya Forumu keçirilir

Sentyabrın 16-da Bakıda Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə "İqtisadiyyatda şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı standartlarının və beynəlxalq audit standartlarının tətbiqinin rolu və əhəmiyyəti" mövzusunda mühasiblərin və auditorların III Avrasiya Forumu işə başlamışdır. 
Forumda yerli qurumlarla yanaşı, Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), Birləşmiş Krallıq, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Latviya, Çexiya, Slovakiyanın audit və mühasibatlıq qurumlarının təmsilçiləri iştirak edirlər.
Auditorlar Palatasının sədri Vahid Novruzov son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan və maliyyə şəffaflığının artırılması istiqamətində görülmüş işlərdən, həyata keçirilən layihələrdən və əldə olunan uğurlardan danışmışdır. Azərbaycanda auditor fəaliyyətinin indiki vəziyyəti, əsas perspektivləri və istiqamətləri barədə geniş məlumat verən Vahid Novruzov qeyd etmişdir ki, hazırda Azərbaycan özünün inkişaf səviyyəsinə və iqtisadi artım sürətinə görə MDB məkanında lider ölkədir.
Bildirilmişdir ki, məqsəd şəffaflığın artırılmasında beynəlxalq standartların rolu və əhəmiyyəti sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etməkdir. Bugünkü tədbir auditorluq sahəsində uğurları bölüşməyə və yeni təcrübədən faydalanmağa kömək edəcəkdir. Palatanın məqsədyönlü səyləri nəticəsində ölkədə audit xidmətlərinin göstərilməsinə dair yerinə yetirilmiş müqavilələrin sayı 21 dəfə, xidmətin həcmi 35 dəfə artmışdır. Təkcə 2010-cu ildə 2 milyon 553 min 686,6 manat məbləğində 2831 müqavilə imzalanmışdır.
Forumda "Beynəlxalq standartlar-iqtisadiyyat və şəffaflığa kömək kimi", "Maliyyə hesabatlarının beynəlxalq standartları və milli mühasibat uçotu standartlarının tətbiqi - iqtisadiyyatda şəffaflığın əsas elementi kimi", "Yüksək keyfiyyətli məlumat təminatında peşəkar mühasibat və audit orqanlarının rolu", "Şəffaflığın artırılmasında elektron auditinin rolu və metodoloji xüsusiyyətləri", "Sertifikatlı Maliyyə Menecerləri İnstitutu - Şərqi Avropa. Nailiyyətlər və perspektivlər" və s. mövzularda məruzələr dinlənilmişdir.
Forumda şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı, audit standartlarının tətbiqi və inkişafı məsələləri üzrə peşəkar müzakirələr aparılmış, mövcud problemlər təhlil edilmiş, şəffaflığın artırılması ilə bağlı qanunvericilik aktlarının qəbulu və mövcud qanunların icra mexanizmlərini təkmilləşdirməklə əlaqədar konkret əməli təkliflər irəli sürülmüş, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə edilmişdir.
Forum sentyabrın 17-də başa çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında