Şriftin ölçüsü:
16.09.2011 11:25 | Oxunma sayı: 632
Sentyabrın 14-15-də Çin Xalq Respublikasının (ÇXR) Dalyan şəhərində Dünya İqtisadi Forumunun beşinci illik iclası ("Yay Davosu") keçirilmişdir. "İqtisadiyyatın keyfiyyətli inkişafı" mövzusunda keçirilmiş tədbirdə 100-ə yaxın ölkədən 2500 nümayəndə, o cümlədən bir sıra ölkələrin dövlət və hökumət başçıları, regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak etmişlər.
İki ildən bir keçirilən "Yay Davosu" Asiyanın dünyada yeni coğrafi, geoiqtisadi və geosiyasi üstünlüyünü əks etdirən, həmçinin bu regionun dinamik inkişaf edən şirkətlərini bir araya toplayan forumdur. Forumun məqsədi dünya iqtisadiyyatının yeni elmi-texniki nailiyyətlərin və inkişaf modellərinin tətbiqi əsasında inkişaf etdirilməsi yollarının müzakirəsi olmuşdur.
Azərbaycanın Dünya İqtisadi Forumunda fəallığı, xüsusən də Prezident İlham Əliyevin Forumun iclaslarında şəxsən iştirakı ölkəmizə olan marağı xeyli artırmışdır. Azərbaycanın son illər dinamik inkişafı, dünyada nüfuzunun yüksəlməsi, ölkəmizin regionda lider dövlətə çevrilməsi dünyanın qabaqcıl iqtisadi təsisatları tərəfindən maraqla qarşılanır. Bu cür tədbirlər dünya ölkələri ilə iqtisadi əməkdaşlığın genişlənməsinin təşviqi ilə yanaşı, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sektoruna xarici investorların cəlb olunması baxımından da əhəmiyyətlidir.
Forumda Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Forum çərçivəsində keçirilən elm, texnologiya və innovasiyalar mövzusunda iclasda informasiya texnologiyalarının gələcək inkişafı, onun cəmiyyətdə müxtəlif sahələrdə tətbiqinin faydasından danışıldı.
Nazir Əli Abbasov bu sahədə Azərbaycanda görülən işlər, əldə olunmuş nailyyətlər və perspektiv layihələrdən söz açdı. O, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, dövlət başçısı tərəfindən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına böyük diqqət yetirildiyi, enerji sahəsindən sonra İKT-nin iqtisadiyyatımızda prioritet sahələrindən birinə çevrilməsinin əsas məqsədlərdən biri olduğunu bildirdi.
Dünya İqtisadi Forumunun rəqəmsal iqtisadiyyat problemlərinin ölkələr arsında əlaqələndirilməsi ilə məşğul olan Hökumət Qrupunun ilk iclasında Azərbaycanda texnoloji inkişaf və Avrasiyada regional layihələrdə, xüsusən Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsində fəal iştırakı yüksək qiymətləndirildi. Qeyd olundu ki, TASİM layihəsinin məqsədi Qərb və Şərq arasında super informasiya magistralının yaradılması, region ölkələrinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsidir. Magistral Şərqi Avropa, MDB ölkələri, Türkiyə, Mərkəzi Asiya ölkələrini, Çini birləşdirəcək, eləcə də bu regionda dünyanın yeni nəhəng transmilli informasiya şəbəkəsinin təşkil olunması üçün əlverişli şərait yaradacaqdır. TASİM-in dünyanın 20-dən çox ölkəsini əhatə edəcəyi nəzərdə tutulmuşdur.
Forum çərçivəsində nazir Əli Abbasovun Çinin elm və texnologiya naziri Van Qanq, Hindistanın planlaşdırma, elm və texnologiya üzrə dövlət naziri Aşvani Kumar, Pakistanın elm və texnologiya naziri Mir Çingiz Xan Camali, Çinin HUAWEI, ABŞ-ın WYSE Technology, Böyük Britaniyanın "British Telecom" və maraq doğuran digər şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşləri keçirilmişdir.
Görüşlərdə əsasən, İKT sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, bu sahədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirakın təmin olunması və mütəxəssislərin elmi-mübadiləsinin aparılması, xarici şirkətlərin Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışı imkanları müzakirə olunmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan iqtisadiyyatının, o cümlədən İKT sektorunun inkişafı bütün dünyada maraq doğurur.
{nl}
Şahin CƏFƏROV, AzərTAc-ın xüsusi müxbiri
Dalyan
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.