Xəzər dənizinin Azərbaycana aid hissəsində "Abşeron" yatağının açılması ilə əlaqədar mətbuat konfransı keçirilmişdir

Sentyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Xəzər dənizinin Azərbaycana aid hissəsində "Abşeron" yatağının açılmasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə yataq haqqında jurnalistlərə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır. Bildirmişdir ki, bu struktur Azərbaycan geofizikləri tərəfindən seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilmiş və 1993-cü ildə axtarış qazmasına hazırlanmışdır. Xəzər dənizinin Azərbaycana aid hissəsində "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş xalqımızın ümummilli lideri Heydər Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində 1997-ci il avqustun 1-də ARDNŞ və podratçı tərəflər olan "Şevron" və "Total" şirkətləri arasında imzalanmışdır. Sazişə uyğun olaraq, podratçılar tərəfindən kəşfiyyat işləri proqramı həyata keçirilmiş, dənizdə dərinliyi 520 metr olan axtarış quyusu qazılmışdır. Lakin quyu texniki səbəbdən ləğv olunmuş və bununla da 2005-ci ilin dekabr ayında Sazişə xitam verilmişdir.
X.Yusifzadə qeyd etmişdir ki, ikinci dəfə Hasilatın Pay Bölgüsü Sazişi 2009-cu il fevralın 27-də ARDNŞ, Fransanın "Total E&P Abşeron Bi.Vi." şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Dünya praktikasında bu çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə kontrakt imzalansın".
Sazişə görə ARDNŞ 40 faiz, "Total" 40 faiz, "Gaz de France" 20 faiz paya malikdir.
"Abşeron" bloku Bakı şəhərindən 85-100 kilometr şərqə doğru, dənizin təxminən 350-550 metr dərinliyində yerləşir, sahəsi 747 kvadratkilometr təşkil edir. Qum laylarının ümumi effektiv qalınlığı 150 metrə çatır. Hazırda quyuya qoruyucu kəmərin buraxılması üçün işlər aparılır.
ARDNŞ-in ilkin hesablamalarına görə, "Abşeron" yatağının ehtimal olunan karbohidrogen ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında