Azərbaycan "Qlobal rəqabət indeksi" reytinqində 87 ölkəni arxada qoymuşdur

Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır.Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.
Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması, konstruktiv borclanma siyasəti, habelə onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlılıq beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməkdədir. Dünyanın nüfuzlu reytinq agentlikləri və maliyyə institutları ötən ildə olduğu kimi, bu ildə də ölkəmizin makroiqtisadi vəziyyəti barədə qənaətbəxş qiymət verib, nikbin proqnozlarını açıqlayıb. Məsələn, Davos İqtisadi Forumu çərçivəsində yenicə işıq üzü görən "Qlobal rəqabət indeksi"nin 2011-2012-ci illər üçün tərtib edilmiş cədvəlində Azərbaycan 55-ci yerdə qərarlaşıb.
"Qlobal rəqabət indeksi 2011-2012" hesabatına istinadən verdiyi məlumata görə, ötən ilə nisbətən Azərbaycan reytinqdə iki pillə irəliləyib.
Tərtib edilmiş cədvələ ümumilikdə 142 ölkə daxil edilib. Birinci yerdə İsveçrənin qərarlaşdığı qlobal reytinq cədvəlində Ermənistan 92-ci yerdə mövqe tutub. Azərbaycan indeksinə görə 87 ölkəni, o cümlədən Türkiyə, Rusiya, Latviya, Slovakiya, Qazaxıstan və bir sıra digər ölkələri də geridə qoyub.
Qeyd edək ki, "Qlobal rəqabət indeksi" müxtəlif ölkələrin iqtisadi rəqabət qabiliyyətini müəyyən edir. Bura müxtəlif meyarlar (ümumilikdə, 110 meyar), o cümlədən, bu və ya digər ölkənin makroiqtisadi göstəriciləri, infrastruktur, təhsil, rabitə və digər sahələrin inkişaf səviyyəsi aiddir.
"Qlobal rəqabət indeksi"ndə diqqət yetirilən məqamlardan biri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Nəzərə alaq ki, bu sahədə son illər bir sıra müsbət nəticələr əldə edilmişdir. Faktlara diqqət yetirək. Son altı-yeddi ildə ölkədə 2 mindən çox məktəb, 400-ə yaxın tibb müəssisəsi, 29 Olimpiya idman mərkəzi tikilib. Bölgələrdə yaradılan sosial infrastruktur, xüsusilə müasir tələblər səviyyəsində fəaliyyət göstərən səhiyyə müəssisələri mühüm əhəmiyyət kəsb edir.
Əhalinin sosial müdafiəsi sahəsində mühüm uğurlar əldə edilmişdir. Sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqət yetirilir. Son illərdə Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilmişdir. Bununla yanaşı, ölkə Prezidentinin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilmişdir.
2003-2010-cu illərdə və hazırda Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən Prezident İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu təsdiqləmişdir. Prezident İlham Əliyev bildirmişdir: "İqtisadi inkişaf templərinə görə Azərbaycan son 7 il ərzində dünyada bənzəri olmayan sürətlə inkişaf etmişdir. İqtisadiyyatmız təxminən 3 dəfə artmışdır. Sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 5 dəfə azalmışdır. Biz artıq böyük maliyyə imkanlarına malikik. İqtisadiyyatımız artıq çoxşaxəlidir.
Müstəqilliyimiz möhkəmlənir. İqtisadi imkanlarımız, regiondakı rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Eyni zamanda, ölkədə iqtisadi və sosial məsələlər öz həllini tapmaqdadır. Son 7 il ərzində büdcə xərclərimiz 12 dəfə artmışdır. Maaşlar, pensiyalar dəfələrlə artmışdır".
Sosial məsələlərin həlli daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qüvvəyə minmişdir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarı da mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ehtiyac meyarının həddi 2008-ci il yanvarın 1-dən 45 manat, iyulun 1-dən 55 manat, 2009-cu il yanvarın 1-dən 60 manat, 2010-cu il yanvarın 1-dən 65 manat məbləğində təsdiq edilmişdir.
Azərbaycanın son illərdə büdcə zərfində sosialyönümlü xərclərin prioritetliyi iqtisadiyyatda bu sahənin üstünlüyünü bir daha təsdiqləyir. Bu siyasətin real nəticələri isə insanların gündəlik həyatında öz təcəssümünü tapır. Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir və vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilmişdir. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında Qazaxıstandan sonra 2-ci yeri tutur. Beynəlxalq Pensiya və Sosial Fondları Assosiasiyasının məlumatına əsasən, hazırda MDB ölkələri arasında ilk üçlükdə Qazaxıstan (164,19 ABŞ dolları), Azərbaycan (108,07 ABŞ dolları), Rusiya (102,43 ABŞ dolları) qərarlaşmışlar.
Minimal pensiyanın məbləğinə görə, sonrakı yerlərdə Ukrayna (95,85 ABŞ dolları), Belarus (86,84 ABŞ dolları), Özbəkistan (64,42 ABŞ dolları), Moldova (56,55 ABŞ dolları), Gürcüstan (48,61 ABŞ dolları), Ermənistan (28,57 ABŞ dolları), Qırğızıstan (22,27 ABŞ dolları) və Tacikistandır (16,83 ABŞ dolları).
Baltikyanı ölkələrdə isə pensiyanın minimum məbləği belədir: Estoniya 185,61 dollar, Litva 150,43 dollar, Latviya 101,64 dollar.
Dövlətimizin başçısının yürütdüyü sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından və paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsindən, aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Bu da öz səmərəsini verir. Azərbaycanda əhalinin gəlirləri 2011-ci ilin ötən aylarında da artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 16 faiz çoxalıb. Əhalinin adambaşına düşən gəlirləri 14,5, orta aylıq əməkhaqqı isə 12,5 faiz artmışdır.
"Qlobal rəqabət indeksi"ndə nəzərə alınan mühüm cəhətlərdən biri də uğurlu makroiqtisadi göstəricilərdir. Bu, Azərbaycanın son illərdəki sosial-iqtisadi inkişafında özünü aydın büruzə verir. Belə ki, ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir. Uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu danılmazdır. Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, qarşılaşılan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir.
Hazırda ikinci regional Dövlət Proqramında nəzərdə tutulan bütün təxirəsalınmaz layihələr öz həllini tapır. Hər il onların həllinə dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. 2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələrinin başa çatması nəzərdə tutulur. Buraya yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələri daxildir. Son iki ildə ölkə iqtisadiyyatında 15 faiz artım müşahidə olunub. Buna sözsüz ki, regionların inkişafına yönəldilmiş proqramların icrası da təkan verib. Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu davam edir. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulub. Sahibkarlara dövlət dəstəyi nəticəsində özəl sektor xeyli inkişaf edib. Bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda cəmləşib.
Ölkəmizin uzunmüddətli davamlı inkişafını təmin etmək məqsədilə qarşıdakı illərdə kompleks və sistemli proqramlar həyata keçiriləcək. 2011-2014-cü illərdə ölkəmizin valyuta ehtiyatlarının möhkəmlənməsi üçün etibarlı zəmin yaranacaq. Nüfuzlu beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artacaq. Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksələcək. Azərbaycan yaxın beşillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq və respublikamız regionun ən inkişaf etmiş dövlətinə çevriləcək.
Azərbaycanın iqtisadi inkişafında, ölkəmizin neft-qaz ixrac edən dövlət kimi tanınmasında, əhalinin sosial rifahının yaxşılaşmasında neft amilinin rolu danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu il sentyabrın 9-da Xəzərin "Abşeron" blokunda yeni böyük qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlamasında da bu məsələ öz ifadəsini tapmışdır. Dövlət başçısı demişdir: "Abşeron" yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanmışdır. O vaxt görülən işlər nəticə verməmişdir və 2005-ci ildə kontrakta xitam verilmişdir. Ancaq biz inanırdıq. Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri inanırdılar ki, "Abşeron" yatağında məhsuldar laylar vardır. Bu inam, eyni zamanda, xarici tərəfdaşlar tərəfindən də ifadə edilmişdir. Bu qarşılıqlı maraq əsasında 2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə ikinci kontrakt imzalanmışdır. Bəlkə də dünya praktikasında bu çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə də kontrakt imzalansın. Kəşfiyyat işləri hazırda deməyə əsas verir ki, nəticə də oldu. Bir daha demək istəyirəm ki, Abşeronda çox böyük qaz yatağı kəşf edilmişdir.
Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaqdır".
Prezident İlham Əliyev həmçinin demişdir ki, bizim enerji siyasətimiz bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək məqsədini güdür. Bu istiqamətdə çox vacib addımlar atılmışdır. Bu gün çoxşaxəli enerji-nəqliyyat infrastrukturu, yeddi neft-qaz kəməri vardır. Bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycan ənənəvi olaraq neft ölkəsi kimi tanınırdı. Bu gün isə Azərbaycan daha çox qaz ixrac edən ölkə kimi dünya üçün əhəmiyyətlidir. Ölkəmiz bu imkanlardan səmərəli şəkildə istifadə edir.
Yeni inkişaf mərhələsində makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, respublikamız qarşıdakı illərdə güclü dövlət kimi regionda söz sahibi olmaqla yanaşı, dünya iqtisadiyyatında da öz mövqeyini daha da möhkəmləndirəcək: "Çünki bütün qəbul olunmuş proqramlar ona gətirib çıxarır ki, Azərbaycan sürətlə, uğurla inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir. Beləliklə, biz ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafına nail olacağıq".

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında