"PAŞA Bank" ASC ilin birinci yarısının nəticələrini açıqlamışdır

Dünən "Hyatt" konfrans mərkəzində "PAŞA Bank" ASC-nin 2011-ci ilin birinci yarımilliyi ərzində fəaliyyətinin nəticələri və perspektivləri" mövzusunda mətbuat konfransı keçirilmişdir. 
Bankın baş maliyyə inzibatçısı, idarə heyətinin üzvü Şahin Məmmədov bildirdi ki, "PAŞA" Şirkətlər Qrupuna daxil olan "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2007-ci ilin iyun ayında təşkil edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. Bankın rəsmi auditoru Ernst & Young, vergi məsələləri üzrə məsləhətçisi PriceWaterhouseCoopers beynəlxalq audit şirkətləridir.
"PAŞA Bank" ASC Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, Bakı Banklararası Valyuta Birjasının , AMCHAM, Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İpoteka Fondunun üzvüdür. Bank AZİPS, XÖHKS yerli ödəniş sistemlərinə və SWIFT beynəlxalq ödəniş sisteminə qoşulmuşdur. "PAŞA Bank" ASC bir sıra maliyyə institutları və kredit təşkilatları ilə geniş müxbir münasibətlər qurmuşdur. Nizamnamə kapitalının həcminə (123,4 milyon manat ) görə bank yerli bazarda ikinci yeri tutur. Ş. Məmmədov dedi ki, bankın əsas missiyası korporativ müştərilərə xidmət və Private banking xidmətləri seqmentlərində aparıcı banklardan biri kimi işgüzar fəaliyyətin şəffaflığına nail olmaq və ölkənin bank sektorunun şəffaflığının artırılmasına yardım etməkdir. Əsas məqsədi isə uyğun strategiya ilə müəyyən edilmiş prioritet istiqamətlər üzrə biznesin keyfiyyətli inkişafı, eləcə də müştərilər və əməkdaşlarla uzunmüddətli və etibarlı münasibətlər yaratmaq və inkişaf etdirməkdir.
"PAŞA Bank" Azərbaycanda fəaliyyət göstərən korporativ müştərilər və ölkədə biznes fəaliyyəti ilə məşğul olmağa hazırlaşan beynəlxalq şirkətlərə xidmət göstərmək məqsədilə müasir bank modeli yaratmışdır. Ticarətin maliyyələşdirilməsinə xüsusi yer verən bank öz müştərilərinə bir sıra məhsul və xidmətlər təklif edir. Bu xidmətlər sırasına beynəlxalq maliyyə qurumları və xarici banklarla birgə həyata keçirilən layihələr və ticarətin maliyyələşdirilməsi sahəsində digər bank alətləri də daxildir.
"PAŞA Bank"ın məqsədi maliyyə cəhətdən güclü, müştəri yönümlü bir banka çevrilməklə özəl bankçılıq bölməsinin hərtərəfli inkişafı istiqamətində işlərə başlamaqdır.
Ötən il bank özünün inkişaf strategiyasının ikinci mərhələsini başa çatdırmış, beynəlxalq biznes fəaliyyəti ilə məşğul olan iri, orta və kiçik şirkətlərin güclü və etibarlı tərəfdaşına çevrilməklə geniş çeşidli bank xidmətləri göstərən korporativ qurum kimi mövqeyini gücləndirmişdir.
Ş. Məmmədov onu da qeyd etdi ki, bu ilin sonuna qədər bank sənədli əməliyyatlar portfelini 3 dəfə artıraraq 104 milyon manata çatdırmağı, kiçik və orta biznesi təmsil edən müştərilər üçün yeni imkanlar yaratmağı nəzərdə tutur. Eyni zamanda, göstərilən vaxta kimi bankın kredit portfelinin ümumi aktivlərinin 49 faizə qədər artacağı gözlənilir.
"PAŞA Bank"ın inkişaf strategiyası biznes mərkəzlərinin açılmasını nəzərdə tutur. Bu, regionlarda kiçik və orta müəssisələr üçün bankın xidmətlərindən istifadə etməyə imkan yaradacaq. Planlara həmçinin "Tieto" şirkətinin məhsulu olan "BankSyst" kompyuter proqramının tətbiqi, eləcə də əməkhaqqı ödəniş sistemi, gömrük əməliyyatları və digər biznes fəaliyyətini sadələşdirmək üçün işlənib hazırlanan bir sıra kartların tətbiqi də aiddir. Bu strategiyaya, həmçinin yeni telofon xidməti mərkəzlərinin ("callcenter") yaradılması və işçi heyətinin 20 faiz artırılması da daxildir.
"PAŞA Bank" çoxsaylı maliyyə qurumları və kredit təşkilatları ilə geniş müxbir əlaqələr yaratmışdır. Bankın müxbir şəbəkəsinə ABŞ və Avropanın nüfuzlu maliyyə qurumları daxildir.
Ş.Məmmədov bildirdi ki, "PAŞA Bank" ötən müddətdə məcmu kapitalına görə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlamışdır. Aktivlərin diversifikasiyası kimi strateji qərarın nəticəsidir ki, bank öz müştərilərinə təqdim etdiyi xidmətlərin balansını qorumağa müvəffəq olmuşdur. Bankın aktivlərinin bölgüsü qiymətli kağızlar portfeli üzrə 43 faiz, müştərilərə verilmiş kreditlər üzrə 43 faiz, kredit təşkilatlarından alınacaq vəsait üzrə 7,2 faiz, nağd pul vəsaitləri və ona ekvivalent vəsaitlər üzrə isə 6,4 faiz təşkil etmişdir. Aktivlərin qalan hissəsi dövriyyə və dövriyyədənkənar akrtivlərdir.
Ş. Məmmədovun sözlərinə görə, ölkənin kredit bazarında durğunluğun müşahidə edildiyi və beynəlxalq bizneslə məşğul olan Azərbaycan şirkətlərinin kreditə olan tələbatının artdığı bir şəraitdə "PAŞA Bank" güclü maliyyə mövqeyindən effektiv şəkildə yararlanaraq özünü bazarda güclü bir tərəf müqabili kimi nümayiş etdirmişdir. Bankın qarşısına qoyduğu əsas məqsəd orta və kiçik sahibkarlara dəstək olmaqdır.
Qeyd olundu ki, bankın kredit portfeli 10 faiz artaraq 215 milyon 733 min 775 manata çatmışdır. Ötən ilin dekabr ayının 31-dək isə bu rəqəm 196 milyon 81 min manat idi. Portfelin effektiv ehtiyat dərəcəsi 5,7 faiz təşkil etmişdir.
Bankın 2011-ci ilin ilk altı ayı ərzində əldə etdiyi xalis mənfəəti 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8 milyon 540 min manat ( 41 faiz ) azalaraq, 5 milyon 72 min 213 manat təşkil etmişdir. Bunun əsas səbəbi müştərilərə verilmiş kreditlərin orta faiz dərəcəsinin azalması, müddətli depozitlərin sayının artması nəticəsində faiz xərclərinin yüksəlməsi və kredit portfeli üzrə ehtiyat fonduna ayırmaların artırılması olmuşdur.
Ş. Məmmədov daha sonra qeyd etdi ki, hesabat dövründə bankın faiz gəliri 17 milyon 399 min, 40 manat təşkil etmişdir. Beynəlxalq maliyyə institutları ilə aparılan intensiv danışıqların nəticəsində "PAŞA Bank" daha geniş çeşiddə maliyyə alətlərinə çıxış əldə edərək öz müştərilərinə ticarətin maliyyələşdirilməsi üzrə daha çox məhsul və xidmətlər təqdim edə bilmişdir. Bankın ticarətin maliyyələşdirilməsi portfeli post-maliyyələşdirmə də daxil olmaqla 2011-ci ilin 6 ayı ərzində 2010-cu ilin sonu ilə müqayisədə 37 milyon 114 min, 180 manat ( 22 faiz ) artmış və 45 milyon 333 min, 112 manat təşkil etmişdir. "PAŞA Bank"ın hazırki strateji məqsədi ticarətin maliyyələşdirilməsi portfelinin 2011-ci ildə 105 milyon manata qədər artırılmasıdır.
Mətbuat konfransında həmçinin bankın ictimai əlaqələr və marketinq departamentinin meneceri Sona Abbasova "PAŞA Bank"ın reallaşdırdığı layihələr haqqında ətraflı məlumat verdi.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı sualları cavablandırıldı.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında