Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır.Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Amma onu da xatırladaq ki, bu yolun başlanğıcında - müstəqilliyimizin ilk illərində ölkədə vəziyyət o qədər də ürəkaçan olmamışdır. Həmin dövrün makroiqtisadi göstəricilərinə qısaca nəzər salsaq, bunu aydın görə bilərik. Belə ki, o zaman - 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) hər il orta hesabla 16,5 faiz azalmışdı. Sənaye sahələrində acınacaqlı vəziyyət yaranmışdı: 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Bundan başqa, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər çoxalmışdı.
1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına, bir manat da olsun belə, xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsinin 250 faizə çatması da ölkə iqtisadiyyatının idarəolunmaz vəziyyətə düşməsindən xəbər verirdi. Şübhəsiz ki, belə şərait əhalinin sosial durumuna öz mənfi təsirini göstərmişdi: 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində ölkədə əməkhaqqı 5,7 dəfə azalmışdı.
Qeyd edək ki, o dövrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəni bürümüş daxili ziddiyyətlər, xaos, özbaşınalıq da Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Hətta aparılan danışıqlarda da Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu. Azərbaycan neftinə maraq göstərən xarici şirkətlərlə həyata keçirilən ilkin danışıqlarda xalqın mənafeləri nəzərə alınmırdı. Amma ulu öndərimizin yenidən hakimiyyətə gəlişindən sonra bu sahədə vəziyyət büsbütün dəyişdi. Nəticədə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə yeni tariximizə "Əsrin müqaviləsi" adı ilə daxil olan möhtəşəm neft sazişi imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin hərtərəfli inkişafının möhkəm təməli qoyuldu. Digər tərəfdən, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını yaratdı.
Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin ilk vaxtlarından başlayaraq, ölkəmizin dünya dövlətləri ilə sıx inteqrasiyası dərinləşdi, dünya bazarlarına çıxışı üçün əlverişli imkanlar yarandı. Milli iqtisadiyyatın inkişafı sürətləndi. 1995-ci ildən başlayaraq iqtisadiyyatın artım tempi hər il əhəmiyyətli dərəcədə yüksəlməyə başladı. 1996-cı ildə ümumi daxili məhsul istehsalının artım tempi 1,5 faiz, 1997-ci ildə həmin rəqəm 5,8 faiz, 1998-ci ildə isə 10 faiz təşkil etdi. İqtisadiyyatın aparıcı sahəsi olan sənayedə geriləmənin qarşısı alındı və bu bölmədə artım müşahidə edildi.
İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manata (köhnə manatla) çatdı. Beləliklə, tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu. Ulu öndər milli inkişaf modelinin əsas istiqaməti kimi büdcənin sosialyönümlü olmasına mühüm əhəmiyyət verdi. Bunun nəticəsində respublikamızın ümumi sosial inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdı. 1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Məsələn, 1994-cü ildə minimum pensiya məbləği təxminən 1 manat təşkil etdiyi halda, bu rəqəm 2003-cü ildə 20 manatı ötdü. Orta aylıq əmək haqqı isə təxminən 5 dəfə artdı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 95 faiz, sənaye məhsulunun həcmi 25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi isə 2-3 faizə endirildi. Büdcə gəlirləri 1995-cii ildə 500 milyon manat olduğu halda 2003-cü ildə 1,5 milyard manatı ötdü. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard manat, xərcləri isə 1,7 milyard manat təşkil etdi. Bu illər ərzində bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin ilk vaxtlarından başlayaraq, yeni iqtisadi modelin tətbiqini reallaşdırdı. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri tamamilə liberal bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi sistemin və milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir.
Xatırladaq ki, Azərbaycanın yeni iqtisadi modeli çoxşaxəli iqtisadiyyatın inkişafına və innovativ iqtisadiyyatın möhkəmlənməsinə əsaslanır. Bu modelin baza sütunları diversifikasiya siyasətinin dərinləşdirilməsi nəticəsində iqtisadiyyatda liberalizmin daha dərin xarakter almasından, innovasiyaların iqtisadi idarəetmədə möhkəmlənməsindən ibarətdir.
Azərbaycanın yeni iqtisadi modelinin tətbiqi nəticəsində ötən illərdə Azərbaycan dövləti daha da möhkəmlənmiş, ölkə iqtisadiyyatı kəmiyyətcə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Respublikamızın dünya birliyinə, o cümlədən Avropa xalqları ailəsinə inteqrasiyası sürətlənmişdir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmışdır. Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasının uğurlu icrası, dövlətçiliyin, azərbaycançılıq ideyasının möhkəmlənməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmdə rolu, nüfuzu güclənmişdir.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi səkkiz il ərzində sosial-iqtisadi sahələrdə nəzərə çarpan uğurlar çoxdur. Dövlət başçısının elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin bugünkü uğurlarını şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Faktlara diqqət yetirək. Bu dövrdə iqtisadiyyat üç dəfə, 10 il ərzində isə dörd dəfə artıb. Son 10 il ərzində ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 9,1 faizədək azalıb və azalmaqda davam edir. Müstəqilliyin əldə edildiyi vaxtdan Azərbaycan iqtisadiyyatına 100 milyard dollara yaxın sərmayə qoyulub. Regionların sosial-iqtisadi inkişafı Azərbaycan iqtisadiyyatının prioritetlərindəndir. Təkcə 2010-cu ildə 73 mindən çox yeni iş yeri açılıb ki, bunun da 53 mini daimidir. Ümumilikdə isə son 7 ildə ölkədə 1 milyona yaxın iş yeri açılıb ki, bu da məşğulluğun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Ölkə regionlarının sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektoru daha da inkişaf edib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayır.
Cari ilin altı ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə ayrılan 72 milyon manat güzəştli kreditlərin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Bu vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kreditlərin məbləği 1,5 dəfə, yeni iş yerlərinin sayı isə 1,6 dəfə artmışdır.
Ölkədə yerli və xarici investorların fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılmışdır. Mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Ölkənin enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.
Yeri gəlmişkən, 2011-2014-cü illər ərzində ölkədə dövlət investisiya siyasətinin əsas istiqamətini investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi təşkil edəcəkdir.
Hökumət büdcənin böyük bir hissəsini sosial proqramlarla yanaşı, investisiya və infrastruktur proqramlarına yönəldir. Ötən dövr ərzində sosial obyektlərin tikintisi, məktəb və sosial obyektlərin inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr infrastruktur proqramlarının çox əhatəli olduğunu təsdiqləyir.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Azərbaycanda son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik inkişafına-kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, istehsalçıların yüksək reproduksiyası buğda toxumuna, cins damazlıq mal-qaraya olan ehtiyacının ödənilməsinə, habelə hazır məhsulların, mineral gübrə və texnikanın saxlanması üçün xüsusi anbarın tikilməsinin təmin edilməsinə müsbət təsir göstərmiş, sadalanan işlərin görülməsini sürətləndirmişdir. Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan tədbirlərin reallaşdırılması ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev regionlarla yanaşı, Bakı şəhərinin də inkişafına xüsusi diqqət və qayğı göstərir. Belə ki, paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə, Bakının, eləcə də Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, sakinlərin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Paytaxtı içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.
* * *
Azərbaycan uğurlu daxili və xarici siyasəti ilə bölgədə, eyni zamanda, dünyada demokratik, güclü və qüdrətli ölkə kimi özünü təsdiqləyir. Regionda ölkəmizin iştirakı olmadan hansısa bir iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də buna əyani sübutdur. "Biz təşəbbüsləri gerçəkliyə çeviririk" - deyən Prezident İlham Əliyev reallaşan neft-qaz layihələrinin fonunda Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi mövqeyinin daha da möhkəmlənəcəyinə, dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun artacağına əminliyini ifadə edir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.