Ölkənin sənaye sahələrində yeddi ay ərzində 18 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 76 faizi mədənçıxarma bölməsində, 18,3 faizi emal bölməsində, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Yeddi ay ərzində neft hasilatı 27,7 milyon ton, təbii qaz hasilatı isə 15,1 milyard kubmetr təşkil etmişdir. Qeyri-neft bölməsinin məhsullarından qiymətli materialların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,4 faizini təşkil etmiş, ümumi istehsalın 91,9 faizi sənaye mallarının (əmtəələrin), 8,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.
{nl}
ÜDM istehsalı 26,5 milyard manata bərabərdir
2011-ci ilin yeddi ayı ərzində ölkə iqtisadiyyatında 26,5 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,1 faiz artmışdır.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2936,5 manat və ya 3708,2 ABŞ dolları təşkil etmişdir.
DSK-nin məlumatında deyilir ki, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq, 13,1 milyard manat və ya ÜDM-in 49,3 faizini təşkil etmişdir. Ümumi daxili məhsulda 46,5 faizlik paya malik olan neft-qaz hasilatı sahələrində əlavə dəyərin 7,1 faiz azalması ÜDM-in artımına mənfi təsir göstərən əsas faktor olmuşdur.
ÜDM-in 53,4 faizi sənayedə, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 7,3 faizi tikintidə, 7,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,3 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 11,1 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir.
{nl}
Əhalinin gəlirləri artır
Dövlət Statistika Komitəsi bildirir ki, cari ilin yanvar-iyul aylarında əhalinin hər nəfərinə düşən gəlir 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 1810,2 manat təşkil etmişdir. Bu dövrdə ölkənin hər sakininə ayda orta hesabla 258,6 manat məbləğində gəlir düşmüşdür ki, bu da 2010-cu ildəkindən 35,2 manat çoxdur.
İlin yeddi ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 16,3 milyard manatlıq gəlirin 66,3 faizi son istehlak xərclərinə, 8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 23,9 faizi isə yığıma yönəldilmişdir.
Vergilər, sosial sığorta və üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 15 milyard manatlıq və ya əvvəlki ildəkindən 18,7 faiz çox vəsait qalmışdır.
{nl}
Yarım ildə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi - 3,4 milyard ABŞ dollarına bərabərdir
Dövlət Statistika Komitəsi xəbər verir ki, 2011-ci ilin birinci yarısında ölkə iqtisadiyyatına 3,4 milyard ABŞ dolları həcmində xarici investisiyalar yönəldilmiş, sərmayələrin 42,6 faizi iqtisadiyyata maliyyə kreditləri, 49,8 faizi birbaşa, 7,6 faizi isə portfel və digər investisiyalar şəklində daxil olmuşdur.
Birbaşa investisiyaların həcmi 1,7 milyard dollar təşkil edərək 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artmış, onun 1,5 milyard dolları və ya 86 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir. Eyni zamanda, qeyri-neft sektoruna 240,7 milyon dollarlıq və ya əvvəlki ilin eyni dövründəkindən 21,4 faiz çox birbaşa xarici investisiyalar yönəldilmişdir.
{nl}
Q.PİRİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.