Bu ilin əvvəllərində "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkənin iqtisadi artımı və modernləşdirilməsindən danışaraq informasiya-kommunikasiya texnologiyaları sektoruna da toxunmuşdu.
Dövlət başçısı Azərbaycanın modernləşdirilməsi, iqtisadiyyatın gələcəkdə böyük artım verəcək sektorlarına, ilk növbədə, informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayələr qoyulması baxımından çox işlərin görüldüyünü qeyd etmişdi. "Biz kosmik sənaye yaradırıq. Gələn il Azərbaycanın ilk süni peyki orbitə çıxarılacaqdır. Yəni, biz daim irəliyə baxırıq, ola bilsin ki, bir neçə addım irəliyə baxırıq. Bizim külli miqdarda neft və qaz ehtiyatlarımızın olmasına, çoxlu gəlirimizin olmasına baxmayaraq, istəyirik ki, Azərbaycanın davamlı inkişafı neftin qiymətindən və yaxud hasilatımızın həcmindən asılı olmasın", - deyə Prezident İlham Əliyev bildirmişdi.
Bütün dünyada informasiya və kommunikasiya texnogiyalarının (İKT) - internet şəbəkəsinin, ənənəvi və rəqəmsal radio-televiziya sistemlərinin, eləcə də digər interaktiv audiovizual vasitələrin sürətli inkişafı "informasiya seli"nin insanın taleyində, onun yaşam tərzində mühüm rol oynadığını bir daha qabarıq göstərir.
Dövrünün görkəmli diplomatı olmuş Taleyranın söylədiyi bir fikir bu məqamda lap yerinə düşür: "Kimin informasiyası çoxdursa, onun döyüş meydanında üstünlüyü labüddür". İnformasiyalı cəmiyyət quruculuğu ta qədimdən bugünədək hər bir sivil və demokratik dövlətin əsas hədəflərindən biri kimi özünü göstərir. Belə bir cəmiyyətin formalaşmasında "texnoloji yükü" üzərinə götürən İKT müasir dövrdə iqtisadi tərəqqinin, o cümlədən "insan inkişafı indeksi"nin vacib meyarlarından birinə çevrilmişdir.
İKT qloballaşma dövründə sosial-iqtisadi formasiyanın - informasiya cəmiyyətinin yaranması və formalaşmasının əsasını, bünövrəsini qoyur.
Kompyuterlərin sayı, internetə qoşulma və çıxış imkanlarını xarakterizə edən indikatorlar və statistik göstəricilər əsasında ayrı-ayrı ölkələrdə informasiya cəmiyyətinin qurulması səviyyəsini və inkişaf dinamikasını qiymətləndirmə mexanizmləri mövcuddur. Bu baxımdan, son illər Azərbaycanın adı İKT-nin inkişafı və informasiyalı cəmiyyətin formalaşması üzrə reytinq göstəricilərində MDB məkanında öncüllər sırasında çəkilir. Respublikamızın bu sahədə MDB-də lider dövlət olmasını Ümumdünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyası Hesabatı 2009-2010" adlı sənədi də göstərir. Azərbaycan şəbəkə hazırlığı indeksinə görə dünyada 64-cü yerə layiq görülmüşdür ki, bu da MDB məkanında ən yüksək göstəricidir.
Bu göstərici deməyə əsas verir ki, həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasəti respublikamızda informasiya-kommunikasiya texnologiyalarının yeni prioritet sahə kimi inkişafına əlverişli şərait yaratmışdır. İKT müasir cəmiyyətin vacib infrastrukturu, iqtisadiyyatın real sektoru, məhsuldarlığın artım amili və müasir humanitar inkişafın katalizatoru olaraq, Azərbaycanda energetika sektorundan sonra ən dinamik inkişaf edən sahədir. Ölkədə İKT fəaliyyətinin əsas prinsipləri "Azərbaycan Respublikasının İnkişafı Naminə İKT üzrə Milli Strategiyada (2003-2012-ci illər)" öz əksini tapmışdır. Bu sənəd əsasında son illərdə "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında" və "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" kimi mühüm qanunlar, "Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı", "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" qəbul edilmişdir. Bütün bu sənədlər rabitə və informasiya texnologiyaları sahəsi üzrə geniş islahatların aparılmasını, tənzimləmə prosedurunun təkmilləşdirilməsini, telekommunikasiya şəbəkələrində geniş modernləşmə işlərinin aparılmasını, internetin sürətli inkişafını təmin etmişdir.
Məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmini və informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyənlənmələri üçün atılan məqsədyönlü addımlar da xüsusi qeyd olunmalıdır. 2004-cü il 21 avqust tarixdə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayan dövlət başçısı İlham Əliyev gənclərin müasir biliklərə və informasiya texnologiyalarını dərindən mənimsəməsinə elmi-texniki zəmin yaratmışdır. Bu proqramın 2005-2007-ci illərdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompyuter düşür. Halbuki, 2003-cü ildə bu göstərici hər 1000 nəfərə cəmi 1 kompyuter idi. 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.
Dövlətin apardığı məqsədyönlü siyasətin məqsədi respublikamızı regionda rabitə və informasiya texnologiyaları sahəsində tranzit və mərkəzi ölkəyə çevirməkdir. Azərbaycanın yaxın illərdə informasiya ixrac edən ölkələrdən birinə çevrilməsi də aparılan islahatların başlıca qayəsini təşkil edir. Azərbaycan fibro-optik kanalların keçdiyi əlverişli coğrafi məkanda yerləşir və bu baxımdan, respublikanın Şərqlə Qərb arasında əlverişli informasiya tranziti məkanına çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir. Məhz buna görə də son zamanlar dünyanın ən böyük kommunikasiya şirkətləri Azərbaycana böyük maraq göstərir. Hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində təşkil olunan ənənəvi iqtisadi forumlar çərçivəsində dünyanın aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin ("Microsoft", "Cisco" və "İntel" və s.) prezidentlərinin Prezident İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir. Həmin şirkətlərin məqsədi ölkəmizlə bu sahədə sıx əməkdaşlıq etməkdir.
Hazırda İKT-nin qlobal əməkdaşlığın bünövrəsi kimi inkişafında dövlətlər və xalqlar arasındakı qeyri-normal münasibətlər və konfliktlər ən böyük maneədir. Bu gün Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazda İKT sahəsində də regional və beynəlxalq layihələrin həyata keçirilməsində böyük maneədir.
Azərbaycan Respublikasının informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması strateji məqsədləri ilə əlaqədar "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli sərəncamının, habelə 17 avqust 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.
İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" təsdiq edilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi məqsədilə RİTN-də aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası və Katiblik yaradılmışdır. Sözügedən sərəncamın 3-cü bəndinə uyğun olaraq, dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsi ilə açıqlanması qaydası barədə təkliflər hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur. 14 may 2010-cu il tarixində Nazirlər Kabinetinin sərəncamı ilə "Elektron-hökumətin Fəaliyyət Proqramı" təsdiq edilmişdir. "Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq, xarici ölkələrdə rabitə sahəsində göstərilən e-xidmətlərə baxılmış və onların ölkəmizdə tətbiqi barədə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Eyni zamanda, "Elektron hökumət haqqında" qanun layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilmişdir.
İnformasiya-kommunikasiya sektorunda bu ilin birinci rübündə çox böyük irəliləyiş vardır. Bu sektor çox dinamik inkişaf edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan bölgədə artıq informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə çevrilir. Ənənəvi olaraq Bakutel sərgiləri keçirilir. Azərbaycana və burada görülən işlərə dünyada maraq artır. "Bu sektorun inkişafı Azərbaycanda ümumi intellektual potensialın və intellektual imkanlarımızın inkişafına xidmət göstərəcək, eyni zamanda, bu sektorun böyük kommersiya əhəmiyyəti vardır. Artıq bu sektor bizim üçün yeni bir gəlir mənbəyinə çevrilir. Gələcəkdə bu sektorda əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına çox güclü təsir göstərəcəkdir", - deyə Prezident İlham Əliyev vurğulayıb. Dövlət başçısı həmçinin respublikanın rabitə peykinin yaradılmasına dair proqramın icrasından da danışıb. Cənab Prezident deyib: "Ümid edirəm ki, Azərbaycan artıq yaxın zamanlarda öz peykinə malik olacaqdır. Bu, həm ölkənin imici və nüfuzu üçün çox vacib olan məsələdir. İlk növbədə isə praktiki nöqteyi-nəzərdən bu, çox vacib olan layihədir. Peykin kommersiya istismarından əldə olunacaq gəlirlər də bizə yaxşı imkanlar yaradacaqdır".
Göründüyü kimi informasiya cəmiyyəti yaradılması, iqtisadiyyatımızın gücləndirilməsi sahəsində İKT-nin rolu getdikcə artmaqdadır.
Bütün bunlar göstərir ki, respublikamızda İKT-nin inkişafı təkcə sosial-iqtisadi amillərlə şərtlənmir. Azərbaycan bu sektorun inkişafına həm də ölkənin elmi-intellektual, mədəni inkişafı, insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vasitəsi kimi baxır. Əminliklə demək olar ki, ölkədə İKT-nin inkişafı sahəsində həyata keçirilən strategiya respublikamızın yaxın perspektivdə bu sahədə daha öncül mövqelərə çıxmasını təmin edəcəkdir.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.