Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumun keçirilmə vaxtı müəyyənləşib

Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə birlikdə oktyabrın 17-18-də Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumu keçirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə DB-nin ölkədəki nümayəndəliyinin rəhbəri Cozef Ouen məlumat vermişdir: "Forumda müzakirə ediləcək əsas məsələlər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, biznes fəaliyyəti üçün vahid qaydaların yaradılması, eləcə də bazar iqtisadiyyatı üçün lazım olan həyat qabiliyyətli institutların yaradılmasıdır".
2009-cu il oktyabrın 21-də keçirilən Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına dair birinci forumun yekunları üzrə gələcək inkişaf məqsədilə ölkə iqtisadiyyatının şaxələndirilməsini, eləcə də irəliləyiş və nəticələrin qiymətləndirilməsi üçün yeni forumun keçirilməsini nəzərdə tutan fəaliyyət planının hazırlanması ilə bağlı razılıq əldə olunmuşdur.
Forum Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi barədə konstruktiv dialoqun başlanması üçün imkan yaratmışdır. Azərbaycana İrlandiya və Slovakiyanın təcrübəsini öyrənərək, ölkənin iqtisadi artım modelinin hazırlanması, daxili və xarici bazarlardan asılılığın balanslaşdırılması tövsiyə olunmuşdur.
Böhran nəticəsində iqtisadi mühitin dəyişməsi və neft qiymətlərinin qeyri-sabitliyi fonunda Azərbaycan növbəti on il ərzində qeyri-neft ixracını kəskin şəkildə artırmalıdır.
Beynəlxalq təcrübə göstərir ki, buna yalnız birbaşa xarici investisiyaların əhəmiyyətli dərəcədə artırılması yolu ilə nail olmaq olar. Forumda qeyd edilib ki, birbaşa xarici investisiyaların cəlbinin və daxili sahibkarların yeni texnologiyalardan istifadəsinin vacib elementləri makroiqtisadi sabitliyin saxlanılması, dinamik biznes mühitinin yaradılması və əhalinin təhsil və təlim bacarıqlarının yüksəldilməsidir.
Qlobal böhran və Azərbaycanın neft gəlirlərinin tədricən sabitləşməsi amili ölkənin inkişafına yanaşmalara dəyişikliyi zəruri edir. Bu, 2020-ci ilədək ölkənin yuxarı gəlirli ölkəyə çevrilməsi üçün zəruridir.
Martda Vaşinqtonda DB-nin ABŞ-dakı ofisində Azərbaycan Günləri keçirilib. Tədbir çərçivəsində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov DB prezidenti Robert Zelliklə görüşdə bildirib ki, belə bir tədbir əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə imkan verəcək. Azərbaycan DB-nin ikinci iqtisadi forumunun işində iştirakda maraqlıdır. Bununla əlaqədar Vaşinqtonda müvafiq müzakirələr aparılıb.
Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında