Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikasında həyata keçirilən uğurlu neft strategiyası, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər nəticəsində ölkənin maliyyə imkanları ilbəil genişlənir. Artıq Azərbaycanın strateji valyuta ehtiyatları 38 milyard dolları ötmüşdür ki, bu da öz növbəsində ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etməyə, bütün lazımi infrastruktur layihələrini vaxtında və müvəffəqiyyətlə reallaşdırmağa, eləcə də vətəndaşların həyat səviyyəsini getdikcə yaxşılaşdırmağa imkan verir.
Hazırda ölkəmizdə uğurlu investisiya siyasəti həyata keçirilir. Azərbaycandakı əlverişli biznes mühiti bu prosesi bir qədər də sürətləndirir. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bu barədə demişdir: "Uzun illər ərzində Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada birinci yerdə idi. Bu, bizə imkan verdi ki, maliyyə resursları toplayaq, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar qoyulsun. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan bu gün rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yerdədir".
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin ilk yarısı ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 476,6 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 17,8 faiz çoxdur. Kapital qoyuluşunun strukturunda tikinti-quraşdırma işləri daha üstün çəkiyə malik olmuşdur. Belə ki, cari ilin yanvar-iyun aylarında tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi inşaat işləri üçün xərclənmiş məbləğin 57,2 faizi və ya 2 milyard 560,1 milyon manat təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 72,8 faizini daxili, 27,2 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmişdir.
Son illər ölkənin maliyyə resurslarının xeyli artması dövlət mülkiyyətində olan müəssisə və təşkilatların inşaat işlərinə daha çox vəsait xərcləməsinə imkan yaradır. 2011-ci ilin ötən altı ayı ərzində dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 2 milyard 501,5 milyon manat vəsait sərf etmişlər. Hesabat dövründə əsas kapitala yönəldilmiş daxili investisiyaların tərkibində dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların xərclədikləri vəsaitin xüsusi çəkisi 65,8 faiz olmuşdur. Bütövlükdə isə 2011-ci ilin altı ayında əsas kapitala 3,3 milyon dollar daxili investisiya yönəldilmişdir. Ümumi investisiyaların 1 milyard 218,8 milyon dolları isə xarici mənbələrdən yönəldilmiş vəsaitlərin payına düşmüşdür. 2011-ci ilin yanvar-iyun aylarında qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr tərəfindən əsas kapitala 12 milyard 975,1 milyon manat investisiya yönəldilmişdir. Bu da ondan irəli gəlir ki, hazırda Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlərə dövlət dəstəyinin gücləndirilməsi, güzəştli kreditlərin verilməsi onların maliyyə imkanlarının ilbəil artmasına şərait yaradır.
Bu il büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərinin həyata keçirilməsinə bütövlükdə 5 milyard 959,9 milyon manat vəsait ayrılmışdır. İlin ötən altı ayında həmin vəsaitin 1 milyard 311,7 milyon manatı xərclənmişdir. Yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 milyard 320,2 milyon manat, büdcə vəsaitləri 1 milyard 388,8 milyon manat təşkil etmişdir. Qalan məbləğ isə bank kreditlərinin (493,1 milyon manat), büdcədənkənar fondların vəsaitlərinin (123,5 milyon manat), əhalinin şəxsi vəsaitlərinin (148,8 milyon manat) və digər vəsaitlərin (2,2 milyon manat) payına düşmüşdür.
Son illər Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Elə cari ilin yanvar-iyun ayları ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 44,3 faizinin (1 milyard 982,4 milyon manat) sənaye sahələrinin inkişafına sərf edilməsi də bunu təsdiqləyir. Yeri gəlmişkən, hesabat dövründə ümumi investisiyanın 1 milyard 273,9 milyon manatı sənayenin mədənçıxarma, 407,3 milyon manatı isə emal bölmələrinə yönəldilmişdir. Bundan əlavə, yanvar-iyun aylarında sənayenin digər sahələri olan elektrik enerjisi, qaz-buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsinə 237,5 milyon manat, su təchizatı; tullantıların təmizlənməsi və emalı bölməsinə isə 63,7 milyon manat vəsait xərclənmişdir. Bütövlükdə isə bu ilin altı ayında ölkənin sənaye bölməsinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz çox vəsait yönəldilmişdir.
Hesabat dövründə iqtisadiyyatın digər mühüm sahəsi sayılan kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa 150,5 milyon manat vəsait sərf olunmuşdur. Bu isə 2010-cu ilin altı ayı ilə müqayisədə 80,2 faiz təşkil edir. Yanvar-iyun aylarında tikintiyə 47 milyon manat, nəqliyyat və anbar təsərrüfatına 857,8 milyon manat, turistlərin yerləşdirilməsinə 74,8 milyon manat, informasiya və rabitəyə 92,6 milyon manat və (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çox), maliyyə və sığorta fəaliyyətinə 5,1 milyon manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlara 424,1 milyon manat, peşə, elmi və texniki fəaliyyətə 2 milyon manat, inzibati və yardımçı xidmətlərin göstərilməsinə 19,4 milyon manat, dövlət idarə etməsi və müdafiə; sosial təminata 235,5 milyon manat, təhsilə 78,3 milyon manat vəsait xərclənmişdir. Hesabat dövrü ərzində, həmçinin əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsinə 68,5 milyon manat, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə 184,8 milyon manat, digər sahələrdə xidmətlərin göstərilməsinə isə 12,7 milyon manat yönəldilmişdir. Bütövlükdə isə 2011-ci ilin altı ayı ərzində ölkədə məhsul istehsalı obyektlərinin inşasında 2 milyard 179,8 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində isə 2 milyard 296,8 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2011-ci ilin ötən altı ayı ərzində Azərbaycanın neft sektoruna 1 milyard 294,5 milyon manat investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Onu da deyək ki, neft sektoruna sərf olunmuş investisiyanın həcmi əsas kapitala yönəldilmiş vəsaitin 28,9 faizini təşkil etmişdir.
Məlum olduğu kimi, hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bunun hesabına ölkədə yeni iş yerlərinin yaradılması prioritet istiqamətlərdəndir. Bu məqsədlə ölkənin qeyri-neft sahələrinin inkişafına yönəldilən investisiyaların həcmi ildən-ilə artırılır. Təkcə onu demək kifayətdir ki, cari ilin altı ayında Azərbaycanın qeyri-neft sektoruna 3 milyard 182,1 milyon manat vəsait sərf olunmuşdur ki, bu da 2010-cu ilin eyni dövründəkindən müqayisəli qiymətlərlə 24 faiz artıqdır. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitlər ümumi investisiyaların 71,1 faizini təşkil etmişdir.
Cari ilin ilk yarısı ölkənin ayrı-ayrı şəhər və rayonlarında yeni-yeni obyektlərin açılması ilə əlamətdar olmuşdur. Ötən dövrdə Bakı şəhərində metronun "Dərnəgül" stansiyası və digər obyektlər istifadəyə verilmişdir. Sevindirici haldır ki, buraxılış obyektlərinin əksəriyyəti regionların payına düşmüşdür. Belə ki, cari ilin birinci yarısında Abşeron rayonunda mebel fabriki və AZMDF zavodu, Samuxda meyvə qurudulması və emalı müəssisəsi, Ağcabədi rayonunun Ağabəyli kəndində "Atena" süd istehsalı və emalı kombinatı, Ağcabədi şəhərində və Tovuzda süd emalı zavodları, İmişli rayonunda yem və bitki yağları fabrikləri, Göyçayda meyvə və tərəvəz saxlamaq üçün soyuducu anbar istifadəyə verilmişdir. Bundan əlavə, ilin ötən dövrü ərzində regionlarda digər infrastrukturların yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Bu baxımdan Astara qaz-kompressor stansiyasının, İmişli və Tovuzda olimpiya -idman komplekslərinin, Araz çayı üzərində körpünün və digər obyektlərin inşasını misal çəkmək olar.
Məlum olduğu kimi, son illər dövlət başçısı İlham Əliyev ölkənin ayrı-ayrı regionlarında yol infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsinə xüsusi qayğı və diqqət göstərir, bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsait ayırır. Məhz buna görə də cari ilin ilk yarısında ölkədə yol tikintisi geniş vüsət almışdır. Hesabat dövründə Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsi, Astara-Bala Şahağac avtomobil yolunun 19 kilometrlik hissəsi, İmişli-Qaravəlli-Mirili avtomobil yolunun 12 kilometrlik hissəsi, Tovuz-Böyük Qışlaq-Qaralar yolunun 53 kilometrlik, Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 36 kilometrlik və Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 kilometrlik hissələri yenidən qurularaq istifadəyə verilmişdir.
Cari ilin birinci yarımilliyində bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 838,8 min kvadratmetr olan yaşayış evləri, 1956 şagird yerlik ümumtəhsil məktəbi, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Gəncə şəhərində fiziki qüsurlu insanlar üçün regional informasiya mərkəzi, Naftalan şəhərində "Çinar Hotel və SPA Naftalan" və Qaşaltı" sanatoriya komplekslərinin inşası da uğurla başa çatdırılmışdır.
Göründüyü kimi, Azərbaycan 2011-ci ilin ötən dövründə investisiyaların cələb olunması sahəsində uğurlu siyasətini davam etdirmişdir. Əvvəlki illərdə olduğu kimi, Azərbaycana xarici investisiyaların axınının davam etməsi isə, heç şübhəsiz, ölkəmizdə hökm sürən əlverişli biznes mühiti ilə bağlıdır. Bu baxımdan cari ilin altı ayında xarici mənbələrdən əsas kapitala 1 milyard 218,8 milyon manat investisiya yönəldilməsi diqqəti cəlb edir. Onu da deyək ki, xarici investisiyalar 2010-cu ilin eyni dövrü ilə müqayisədə 50,5 faiz çox olmuşdur. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş vəsaitin 623 milyon 669,6 min manatı Böyük Britaniya, 166 milyon 473,6 min manatı ABŞ, 101 milyon 349,9 min manatı Yaponiya, 57 milyon 270 min manatı Norveçin payına düşmüşdür. Bundan əlavə, Çexiya, Türkiyə, Fransa, Koreya Respublikası, İsveçrə, Səudiyyə Ərəbistanı, İtaliya, Lüksemburq, eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları da ölkəmizə investisiya qoyuluşunda fəallıq göstərmişlər.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Neft amilindən məharətlə istifadə olunaraq iqtisadiyyatın bütün sahələri inkişaf etdirilir, ölkəmizin gələcək tərəqqisinə, xalqın firavan yaşayışına xidmət göstərən vacib investisiya layihələri həyata keçirilir. Bütün bunlar isə son nəticədə əsas kapitala yönəldilən vəsaitlərin həcminin getdikcə artmasına səbəb olur.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.