Ulu öndərimiz Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, bu dahi şəxsiyyət bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
Azərbaycanı inkişaf etdirmək Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məmləkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi.
1969-cu il iyulun 14-də - keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli liderimizin Azərbaycanda rəhbərliyə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər Heydər Əliyev plenumda dərin məzmunlu çıxış edərək qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini demişdir. "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır", - deyən dahi öndərimiz ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir.
Çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Bu 34 il Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi və millət kimi mövcudluğuna qədər inkişafı misilsiz tarixi prosesi əhatə edir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol da, əslində, məhz dahi öndərimizin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır.
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər respublikada gərgin bir vəziyyət hökm sürürdü. Azərbaycanda sosial-iqtisadi tənəzzül, durğunluq özünü göstərdi, rüşvətxorluq və korrupsiya geniş vüsət almışdı. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı onun iqtisadi inkişafının təmin edilməsi üçün işlək proqramlar hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda, iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Bu zəruri tələbləri düzgün dəyərləndirən Heydər Əliyev onu da yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir.
Bütün bunlara görə də ümummilli liderimiz qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran ulu öndər yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi.
Ümummilli liderimizin böyük diqqət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız 70-ci illərdə neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu günün özündə də milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.
Ümummilli liderimizin təşəbbüsü ilə respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisi aparılmış, paralel olaraq energetika və nəqliyyat kompleksi sürətlə inkişaf etmişdir. Həmin dövrdə sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəlmiş, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olunmuşdur. Ümumilikdə, 1970-1985- ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən artıq sənaye müəssisəsi işə salınmışdır.
Həmin dövrün digər statistik məlumatları da təsdiqləyir ki, Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn, özünü iqtisadi cəhətdən təmin edən qabaqcıl respublikaya çevrilmişdir. 1969-1972-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdır. On beş il ərzində miqyasına görə respublikamızda bütün keçmiş tarixi boyu yaradılmış potensialla müqayisə edilə biləcək güclü sənaye potensialı yaradılmışdır. Eyni zamanda, ittifaq miqyasında istehsal olunan neft-mədən avadanlığının 70, elektrik mühərriklərinin 12,2, elektrik-qaynaq avadanlığının 10,5, məişət kondisionerlərinin 100, soyuducuların 5,7, pambıq ipliyinin 9,6, ipək xammalının 11,7 faizi və s. məhz Azərbaycanın payına düşmüşdür.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev ötən əsrin 70-ci illərində bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Ümummilli liderimizin qətiyyətli addımları nəticəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elm-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmışdır. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyt kəsb edən atəşkəsə nail olunmuşdur.
Azərbaycan daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Ulu öndərimizin səyi və təşəbbüsü ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır. Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.
Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına təkan verən islahatlar 2003-cü ilin 15 oktyabrından ümummilli liderimizin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının böyük əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi təmayüllərini dəqiq şəkildə müəyyənləşdirməklə yanaşı, böyük uğurlara zəmin yaratmış, Azərbaycanı dünyada sosial- iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sırasına çıxarmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin təhlili göstərir ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar hazırda uğurla davam etdirilir, daha işıqlı sabahlar, xoşbəxt günlər naminə məqsədyönlü sosial-iqtisadi siyasət həyata keçirilir..
{nl}
Xeyrulla HÜMBƏTOV, Yeni Azərbaycan Partiyası Dövlət Dəmir Yolu ilk təşkilatının sədri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.