Şriftin ölçüsü:
28.07.2011 00:15 | Oxunma sayı: 795
Azərbaycanın taxıl zəmilərində biçin yekunlaşmaq üzrədir. Mexanizatorlar idarə etdikləri kombaynlarla iyul ayının 25-nə kimi respublika üzrə mövcud olan 933032 hektar zəminin 891851 hektarında məhsul yığımını başa çatdırmışlar. Hər hektardan orta hesabla 24,7 sentner arpa və buğda məhsulu əldə edilmişdir. Bu, keçən ilin müvafiq dövründəki göstəricidən hər hektarda 4,8 sentner çoxdur. İndiyədək 2,2 milyon tondan çox taxıl tədarük olunmuşdur. Fermerlər və fərdi torpaq sahibkarları cari ildə daha yaxşı işləyərək məhsul istehsalını keçən ilin müvafiq dövründəkinə nisbətən təqribən 400 min ton artırmışlar.
Məhsulu yığılmamış 41181 hektar taxıl sahəsi qalır. Bunun 1078 hektarı Daşkəsən və Gədəbəy rayonlarının payına düşür ki, oralarda da hələ biçinə start verilməmişdir. Naxçıvan Muxtar Respublikasında 36836 hektar payızlıq və yazlıq dənli paxlalı bitkilər əkininin 30526 hektarında məhsul yığımı qurtarmışdır. Hər hektardan 29,2 sentner taxıl götürülərək, muxtar respublika üzrə 89207 ton arpa və buğda tədarük olunmuşdur. Burada zəmilərin hələ 17 faizi biçilməmişdir. Deməli, naxçıvanlıların da bu il 100 min tonluq həddi keçməyə imkanları vardır.
Dövlət Statistika Komitəsinin hesabat dövrü üçün hazırladığı məlumata görə taxılçılıqla məşğul olan 60 rayondan 34-də biçin yekunlaşmışdır. Respublika üzrə hər hektarın məhsuldarlığına görə Şəmkir rayonunun fermerləri və fərdi torpaq sahibkarları 38,7 sentner nəticə ilə birinci yerdə gedirlər. İkinci yerdə gedən Şəki rayonunun taxılçıları hər hektardan orta hesabla 33,4 sentner məhsul yığırlar. Əksər sahələri dəmyə şəraitində olan rayonda belə yüksək məhsuldarlığa nail olmaq hər cür tərifə layiqdir. Bizcə taxıl istehsalını bu il 235254 tona çatdıran şəkili fermerlərin və fərdi torpaq sahibkarlarının iş təcrübəsi hərtərəfli öyrənilib geniş yayılmalıdır.
Fərəhli haldır ki, taxılçılıqla məşğul olan rayonların, demək olar ki, tən yarısı hər hektardan götürülən məhsulun miqdarına görə respublika səviyyəsindən yuxarıda dayanır. Bu, əsas verir deyək ki, gələn il ölkədə taxıl istehsalını 3 milyon tona çatdırmaq imkanı var. Bunun üçün ilk növbədə yüksək reproduksiyalı toxum fondu yaradılmalıdır. Əkin altına düşən sahələr vaxtında dərin plantaj şumu edilməli, torpağa kifayət qədər kübrə verilməlidir. Növbəti payızlıq əkin kompaniyası kənd təsərrüfatı nazirliyinin ərazi idarəetmə təşkilatlarının mütəxəssisləri tərəfindən ciddi nəzarətə götürülməlidir. Elə etmək lazımdır ki, Azərbaycan gələn il taxıl idxal edən ölkədən ixrac edici diyara çevrilsin. Bunun üçün hər cür şərait var, respublikamızda geniş əkin sahələri, bol su, keyfiyyətli toxum sortları mövcuddur.
Elə buğda istehsalçılarının bu il əldə etdikləri nəticələr də buna inam yaradır. Cari ildə ölkədə 654044 hektar sahədə buğda yetişdirilib. Artıq bunun 625458 hektarında biçin başa çatdırılıb. Hər hektardan 25,1 sentner qiymətli ərzaq məhsulu yığılmaqla, respublika üzrə 1 milyon 571,8 min tondan çox buğda tədarük olunub. Bu, keçən ilin müvafiq dövründəkindən təqribən 300 min ton artıqdır. Hər hektardan buğda istehsalına görə Şəmkir rayonu (39,4 sentner), Bərdə rayonu (35,5 sentner), Hacıqabul rayonu (34,3 sentner), hərəyə 33,1 sentner nəticə ilə Saatlı və Samux rayonları irəlidə gedirlər.
Şəki rayonu taxılçılarının indiyədək tədarük etdikləri məhsulun 157968 tonu buğdadır. Sahibkarlar ətraf rayonlara keyfiyyətli buğda toxumu satırlar. Cəlilabad rayonunda da istehsal edilən taxılın 101406 tonu buğda məhsuludur. Naxçıvan Muxtar Respublikası 67 min tondan çox, Saatlı rayonu 64646 ton, Xaçmaz rayonu 57795 ton, Füzuli rayonu 53520 ton, Beyləqan rayonu 53900 ton buğda istehsal etməklə öz camaatının qiymətli ərzaq məhsuluna olan illik tələbatını artıqlaması ilə ödəmişlər.
{nl}
Telman ƏLİYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.