Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır.Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur.
Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Bütün bu məsələlər barəsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı məlumat verilmiş, ilin qalan dövrü üçün qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilmişdir.
İlin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub.
Azərbaycanda qeyri-neft sektoru son illər davamlı olaraq yüksələn xətt üzrə inkişaf etmişdir. İyulun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı söylədiyi dərin məzmunlu nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun artımı ilə bağlı bildirmişdir: "Artım 7,2 faiz təşkil etmişdir. Bu, əslində son illər ərzində apardığımız islahatların nəticəsidir. Çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır".
Uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu danılmazdır. Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, mövcud problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir.
Hazırda ikinci regional Dövlət Proqramında nəzərdə tutulan bütün təxirəsalınmaz layihələr öz həllini tapır. Hər il onların həllinə dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. 2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələrinin başa çatması nəzərdə tutulur. Bura yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələri daxildir. Son iki ildə ölkə iqtisadiyyatında 15 faiz artım müşahidə olunub. Buna sözsüz ki, regionların inkişafına yönəldilmiş proqramların icrası da təkan verib. Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu davam edir. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulub. Sahibkarlara dövlət dəstəyi nəticəsində özəl sektor xeyli inkişaf edib. Bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda cəmləşib.
Yeri gəlmişkən, regionlarımızda inşa edilən soyuducu və taxıl anbarları komplekslərinin yaradılması, taxıl elevatorlarının istismara verilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına, regionların sosial-iqtisadi inkişafına və investisiya cəlbediciliyinin artırılmasına, kənd təsərrüfatının intensiv inkişafına, məhsul itkisinin qarşısının alınmasına, daxili bazarın qorunmasına, istehlakçıların hüquqlarının müdafiə olunmasına, yeni texnologiyaların tətbiqinə və ixrac potensialının artırılmasına təkan verməklə, ölkə iqtisadiyyatının inkişafına da böyük töhfələr verəcəkdir. Belə ki, kənd təsərrüfatı məhsullarının ixrac potensialından səmərəli istifadə baxımından məhsulun istehsalı qədər, onun müvafiq saxlama şəraiti ilə təmin olunması mühümdür. İnşa edilən soyuducu və taxıl anbarları kənd təsərrüfatı məhsullarının bazara çıxış müddətinin artırılması və məhsulun istehsal mövsümündə ucuz qiymətlə ixrac edilməsi əvəzinə onun müəyyən müddət saxlayaraq daha münasib qiymətlə ixrac edilməsinə imkan yaradır. Bununla yanaşı, ölkəmizin ümumiləşdirilmiş preferensiyalar sisteminə (GSP) qoşulması sahibkarların mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından atılmış ciddi addım kimi qiymətləndirilməlidir. Bildiyimiz kimi, ölkəmiz Kanada, Yaponiya, Türkiyə, Norveç, İsveçrə və Amerika Birləşmiş Ştatlarının GSP, Avropa Birliyinin isə GSP+ proqramlarından istifadə etmək və öz məhsullarını həmin ölkələrin bazarlarına güzəştli şərtlərlə ixrac etmək hüququna malikdir. Belə ki, GSP-nin üstünlüklərini daha yaxşı ifadə etmək baxımından qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası sadəcə 2008-ci ilin dekabr ayında ABŞ-ın GSP proqramına qoşulmaqla 3473, Avropa Birliyinin GSP+ proqramına qoşulmaqla isə 7200-ə yaxın mal mövqeyi üzrə həmin ölkələrə güzəştli ixrac imkanı əldə etmişdir.
Ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsulların istehsalının daha da artırılması dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindəndir. Prezident İlham Əliyev göstərmişdir ki, hazırda Azərbaycanda istehsal olunan məhsulların dünyanın əksər ölkələrinə ixrac edilməsi onu deməyə əsas verir ki, Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Bu, eyni zamanda dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Keyfiyyət bizim üçün əhəmiyyətli göstəricidir. Çünki istehsal olunan məhsulların yüksək keyfiyyətli olması həmin məhsulların ixrac bazarlarında rəqabət qabiliyyətini artırdığı kimi, istehlakçılarımızın da keyfiyyətli məhsul istehlak etmək hüququnun təmin olunması deməkdir.
Regionların sosial sahənin inkişafına müsbət təsiri danılmazdır. Xatırladaq ki, son illər sosial sahəyə yönəldilən tədbirlərin miqyası genişləndirilib. Dövlət başçısı bunun əhəmiyyətini vurğulayaraq demişdir: "Bütün bu işlərlə bərabər, biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir. Təkcə maaş və pensiyaların artımı ilə biz öz fəaliyyətimizi məhdudlaşdırmırıq, eyni zamanda, sosial infrastrukturun yaradılması işində böyük sərmayələr qoyuruq".
Bütün bunların nəticəsidir ki, son altı-yeddi ildə ölkədə 2 mindən çox məktəb, 400-ə yaxın tibb müəssisəsi, 29 Olimpiya idman mərkəzi tikilib. Bölgələrdə yaradılan sosial infrastruktur, xüsusilə müasir tələblər səviyyəsində fəaliyyət göstərən səhiyyə müəssisələri mühüm əhəmiyyət kəsb edir.
Dövlət Proqramında sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Son illərdə Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilmişdir. Bununla yanaşı, ölkə Prezidentinin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilmişdir.
Davamlı inkişaf yolunda olan Azərbaycan iqtisadiyyatının fərqləndirici xüsusiyyətlərindən biri onun sosialyönümlü xarakter daşımasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında atılan addımlar, görülən işlər, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar yaradıb. Həmçinin insanların maddi rifah halı əvvəlki illərlə müqayisədə xeyli yüksəlib, həyat şəraitləri daha da yaxşılaşıb. Bunun nəticəsidir ki, cari ilin ilk altı ayı ərzində əhalinin pul gəlirləri 17 faiz artıb. Bu zaman mövcud inflyasiya görülən tədbirlər sayəsində bundan təxminən 2 dəfə az olub. Hətta bəzi aylarda deflyasiya prosesi yaşanıb. Əhalinin büdcədən maliyyələşən təbəqələrinin maddi gəlirlərinin artması istiqamətində də cənab İlham Əliyev tərəfindən vacib addımlar atılıb, mühüm qərarlar qəbul olunub.
Azərbaycanın maliyyə qüdrətinin artması ölkəmizdə yeni sosial infrastrukturun yaradılmasına, əvvəlkilərin müasirləşdirilməsinə də geniş imkanlar açır. Cari ilin ilk yarısında dövlət büdcəsinə edilən düzəlişlər nəticəsində Azərbaycan tarixində ilk dəfə olaraq büdcə xərcləri təxminən 20 milyard dollara çatdırılıb. Bu da öz növbəsində ölkəmizə Azərbaycanın simasını gözəlləşdirəcək, insanların həyat şəraitini daha da yaxşılaşdıracaq möhtəşəm layihələrin uğurlu icrasını həyata keçirməyə imkan verir. Cari ilin ilk yarısında strateji valyuta ehtiyatlarının 9 milyard dollar artması və 38 milyard dollara çatması Azərbaycanın maliyyə müstəqilliyini daha da möhkəmləndirib. Sözügedən ehtiyat həm də ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir. Valyuta ehtiyatlarının miqdarının ÜDM-ə nisbətinin böyük olması və dünyanın ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstəricinin Azərbaycandan aşağı olması qeyd olunan sahədə ölkə hakimiyyəti tərəfindən nə dərəcədə mükəmməl siyasət həyata keçirilməsinin real təsdiqidir. Strateji valyuta ehtiyatlarından səmərəli istifadənin təmin olunması fonunda ölkəmizdə konservativ xarici borclanma strategiyası həyata keçirilir. Digər tərəfdən, böyük valyuta ehtiyatları Azərbaycanın müxtəlif xarici ölkələrə iri investisiya yatırımları etməsinə geniş imkanlar açır. Həmçinin indi Azərbaycandan kredit götürmək istəyən dövlətlərin sayı artır və bu, ölkəmizin beynəlxalq kreditora çevrilməkdə olduğunu göstərir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.