Taxıl tədarükü 2 milyon tonu keçdi

Keçən il ölkədə taxıl istehsalı az oldu, qıtlıq yarandı. Bunu nəzərə alan Nazirlər Kabineti müvafiq qərar ilə xarici dövlətlərdən Azərbaycana gətirilən buğda və un məhsullarını əlavə dəyər vergisindən azad etdi ki, əhali qiymət bahalığından bir o qədər əziyyət çəkməsin. Həmin qərar bu ilin avqust ayınadək qüvvədə idi. Cari ildə taxıl zəmilərindən nəzərdə tutulduğundan xeyli çox məhsul götürüldüyü üçün, eləcə də yerli sahibkarların mənafeyini qorumaq məqsədilə hökumət keçən il verdiyi qərarı ləğv etdi və bu il iyul ayının 10-dan etibarən respublikamıza xaricdən idxal olunan buğda və un məhsullarına əlavə dəyər vergisi tətbiq olunmasını vacib saydı.
Bir daha qeyd edək, hökumətin yeni qərarı fermerlərin və fərdi torpaq sahibkarlarının mənafeyini qorumağa hesablanıb. Belə ki, taxıl idxalı ilə məşğul olan iş adamları bu qərardan sonra zəhmət çəkib xaricdən məhsul gətirməsinlər. Əvəzində öz fermerlərimizdən həmin məhsulu sərfəli qiymətə alaraq ehtiyacı ödəsinlər. Nazirlər Kabinetinin bu qərarı ilə əlaqədar, guya ölkədə bahalığa start verildiyini iddia edən müxalifət qəzetlərinin qaldırdığı hay-küyə baxmayaraq, naxçıvanlı fermerlər bu məsələ ətrafında gedən yersiz söz-söhbətə cavab olaraq bildirdilər ki, onlar hökumətin yeni qərarını alqışlayırlar. Məhz həmin qərardan sonra muxtar respublikanın taxılçıları tədarük etdikləri buğdanın bir kiloqramını 30-40 qəpikdən rahatca satmaq imkanı əldə ediblər.
Ötənilki uğursuzluğa məruz qalanlar içərisində Cəlilabad rayonu da vardı. Burada keçən il zəmilərin hər hektarından cəmi 13,1 sentner məhsul götürülmüşdü. Həvəsdən düşən fermerlər və fərdi torpaq sahibkarları ötən payızda əkin sahəsini əvvəlki ilə nisbətən azaldaraq rayon üzrə 66789 hektarda taxıl əkmişdilər. Becərmə işləri aqrotexniki qaydalar əsasında aparıldığı üçün taxıl sahələrində bol məhsul yetişdirildi.
Biçinə mütəşəkkil hazırlıq görən cəlilabadlılar məhsul yığımını optimal müddətdə başa çatdırdılar. Rayon üzrə hər hektardan 17,1 sentner taxıl götürülərək 114164 ton arpa və buğda tədarük edildi. Taxıl istehsalında əldə olunan bütün göstəricilər ötənilki nəticələri xeyli üstələyir. Təkcə bir faktı qeyd edək ki, Cəlilabad əhalisinin qiymətli ərzaq bitkisi olan buğdaya illik tələbatından qat-qat çox məhsul istehsal edilib. Yəni tədarük olunan ümumi taxılın 101 min tondan çoxu buğda məhsuludur.
Beləliklə, Cəlilabad rayonu taxıl istehsalının ümumi miqdarına görə respublikada şəkililərdən sonra ikinci yeri tutubdur. Üçüncü yerdə gedən Neftçala rayonunun fermerləri və fərdi torpaq sahibkarları da biçini qurtararaq, məhsul istehsalını 101580 tona çatdırıblar. Biçini davam etdirən Şəki rayonunun mexanizatorları isə iyul ayının 18-nə kimi kombaynların bunkerlərindən 197483 ton arpa və buğda boşaltmışlar. Rayon üzrə tədarük edilən ümumi taxıl məhsulunun 127415 tonu buğdadır ki, bu da keçən ilin müvafiq dövründəki göstəricidən təqribən 30 min ton çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Şəki rayonunda hələ məhsulu yığılmamış 20 faiz sahə qalır. Bu isə 13808 hektar zəmi deməkdir. Rayon üzrə hər hektardan 35,3 sentner məhsul götürüldüyünü nəzərə alsaq, demək olar ki, biçinin sonunda Şəkidə 250 min tona yaxın taxıl istehsal ediləcəkdir.
Ümumiyyətlə, iyul ayının 18-nə kimi respublikada 820706 hektar sahədə biçin aparılıb. Bu, respublikada mövcud olan payızlıq və yazlıq dənli-paxlalı bitkilər əkininin 87 faizini təşkil edir. Ölkə üzrə hər hektardan 24,8 sentner taxıl yığılır. İndiyədək Azərbaycanda 2 milyon 35 min tondan artıq arpa və buğda tədarük olunub. Bu isə keçən ilin müvafiq dövründəkindən 250 min ton çoxdur. Sevindirici haldır ki, bu il tədarük olunan taxılın 1,4 milyon tondan çoxu buğda məhsuludur. Ölkədə hələ məhsulu biçilməmiş 100 min hektara yaxın buğda sahəsi qalır. Hesablamalara görə, bu il ölkədə 1,6 milyon tondan çox buğda istehsal ediləcəkdir.{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında