Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsində müsbət saldo artır

Ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətləri, həmçinin beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, son illər Azərbaycan Respublikasının adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.
Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır. Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə artması xarici ticarət əlaqələrinin genişlənməsinə təkan verir. Elə Azərbaycanın xarici dövlətlərlə ticarət əlaqələrinin 1995-ci ilin səviyyəsini dəfələrlə ötməsi də bunu təsdiqləyir. Bu da, heç şübhəsiz, xarici ölkələrlə, beynəlxalq maliyyə təsisatları ilə iş birliyinin getdikcə genişlənməsi və idxal-ixrac əməliyyatlarının ilbəil artmasının nəticəsidir. Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Təsadüfi deyil ki, hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Elə bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verir. Bu baxımdan 2011-ci ilin ilk beş ayında da uğurlu nəticələr əldə edilmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-may aylarında Azərbaycan Respublikası dünyanın 131 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır. Hesabat dövründə ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi isə 14 milyard 72,8 milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 10 milyard 583,1 dolları ixracın, 3 milyard 489,7 dolları isə idxalın payına düşmüşdür. Göründüyü kimi, xarici ticarət əməliyyatlarında ixracın həcminin xeyli artması nəticəsində ilin ilk beş ayı ərzində 7 milyard 93,4 milyon dollarlıq müsbət saldo yaranmışdır. Onu da deyək ki, mal mübadiləsinin 92,3 faizi sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilmişdir.
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv seçilməsindən on ildən artıq vaxt ötür. Bu müddətdə Avropa iqtisadi məkanına daha sıx inteqrasiya olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Elə 2011-ci ilin beş ayı ərzində aparılmış idxal-ixrac əməliyyatlarının xeyli hissəsinin Avropa iqtisadi məkanına daxil olan ölkələrlə aparılması da bunu təsdiqləyir. Daha dəqiq desək, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin xeyli hissəsi İtaliya, Fransa, Türkiyə, Almaniya və digər Avropa ölkələri ilə aparılmışdır. Bununla yanaşı, hesabat dövründə Malayziya, Hindistan, İsrail, Çin və digər uzaq xarici ölkələr də Azərbaycanın fəal ticarət partnyorlarından olmuşlar. İdxal-ixrac əməliyyatlarının qalan mühüm hissəsi isə digər uzaq xarici dövlətlərin və MDB məkanına daxil olan ölkələrin payına düşmüşdür.
2011-ci ilin yanvar- may aylarında xarici ticarət əməliyyatları aparılmış ölkələr sırasında İtaliya birinci mövqedə olmuşdur. Belə ki, hesabat dövrü ərzində adıçəkilən ölkə üzrə 3 milyard 894 milyon 546,9 min dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, Amerika Birləşmiş Ştatları, Fransa, İsrail, Çin, Malayziya, Türkiyə, Sinqapur, Xorvatiya və s. ölkələr də Azərbaycanın mühüm ticarət partnyorlarındandır. Yeri gəlmişkən, Azərbaycanın neft-qaz sektorunun inkişafı ilə yanaşı, bir sıra digər sahələrdə də rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi ölkəmizin ixrac imkanlarının xeyli artmasına səbəb olmuşdur. Bu da bir çox dövlətlərlə aparılan ticarət əməliyyatları zamanı müsbət saldo əldə edilməsinə imkan yaratmışdır. 2011-ci ilin ötən dövrü ərzində ixracın həcminin bir qədər də artması həmin ölkələrin siyahısını xeyli genişləndirmişdir. Hesabat dövründə İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, İndoneziya, İsrail, İspaniya, Hindistan, Malayziya, Xorvatiya, Yunanıstan, Bolqarıstan, Tailand, Portuqaliya, Misir, Malta, İran İslam Respublikası, Livan və s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı müsbət saldo yaranmışdır. MDB dövlətlərindən olan Belarus, Türkmənistan, Ukrayna, Tacikistan və Qırğızıstanla da ticarət dövriyyəsi zamanı müsbət saldo əldə edilmişdir.
Cari ilin əvvəllərindən Azərbaycanın ən az ticarət əməliyyatları apardığı məkanlar, əsasən, uzaq xarici ölkələr olub. Bunlara isə Brüney-Darüssalam, Anqola, Dominikan Respublikası, Kribati, Liviya Ərəb Cümhuriyyəti, Madaqaskar, Lixtenşteyn, Zambiya, Myanma və s. ölkələri misal göstərmək olar. Ölkəmizdə keçid iqtisadiyyatının başa çatması, əlverişli investisiya mühiti, sahibkarlığın stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qeyri-dövlət bölməsinin inkişafına böyük təkan vermişdir. Elə real iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin hazırda 85 faizi ötməsi də bunu təsdiqləyir. Eyni zamanda, özəl bölmənin inkişafı ölkəmizin xarici dövlətlərlə apardığı ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda Azərbaycanın özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox yer tapmaqdadır. Yeri gəlmişkən, ölkəmizdə istehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır. Bu məsələni xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən təntənəli mərasimdə demişdir: "İqtisadi sahədə şaxələndirmə ilə yanaşı,idxalı əvəzləyən məhsulların buraxılması üçün dövlət tərəfindən əlavə tədbirlər görüləcəkdir.Bu istiqamətdə böyük uğurlara nail ola bilmişik. Daha da fəal işləməliyik. Hazırda iqtisadi sahədə vacib məsələlərdən biri ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Bu istiqamətdə də böyük addımlar atılır, istehlak olunan ərzaq məhsullarının bir çoxu Azərbaycanda istehsal edilir... Növbəti illərdə ərzaq təhlükəsizliyimizlə bağlı əlavə tədbirlərin görülməsi nəticəsində əminəm ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə yüz faiz səviyyəsində təmin edəcək, eyni zamanda,bu sahədə güclü ixrac imkanlarımız yaranacaqdır".
Dövlət Statistika Komitəsinin Azərbaycanın 2011-ci ilin beş ayının sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, yanvar-may ayları ərzində ölkəmizdən xaricə ixrac olunan mühüm növ məhsulların siyahısı artmışdır. Xarici ölkələrə göndərilən malların 94,8 faizini mineral məhsullar, o cümlədən 91,3 faizini xam neft və neft emalı məhsulları, 2,5 faizini ərzaq malları, 0,9 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 0,6 faizini plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, 0,3 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 0,3 faizini kimya sənayesi məhsulları, 0,3 faizini toxuculuq materialları və məmulatları, qalan 0,3 faizini isə digər mallar təşkil etmişdir. 2010-cu ilin eyni dövrü ilə müqayisədə bəzi ərzaq məhsullarının, neft məhsullarının, ağacdan hazırlanmış mebellərin, toxuculuq malları, eləcə də qiymətli metallar və onlardan hazırlanan məmulatların və s. ixracı artmışdır. İxracın strukturunda, həmişə olduğu kimi, bu dəfə də xam neft üstünlük təşkil etmişdir. Belə ki, hesabat dövründə Azərbaycandan dünya bazarına 11 milyon 659,1 min ton "qara qızıl" ixrac olunmuşdur. Bundan əlavə, yarım il ərzində ölkəmizdən xaricə 517 min 249,8 ton qazoyl, 86 min 396,4 ton ağ neft, 34 min 946,8 ton mühərrik benzini, 89 min 944,2 ton maye yanacaq, 118 min 751,3 ton neft koksu və s. satılmışdır. Cari ilin beş ayında Azərbaycandan xaricə 1 milyard 897,7 milyon kubmetr təbii qaz göndərilmişdir.
Hesabat dövründə Azərbaycandan ixrac olunan bitkiçilik məhsullarından kartof, təzə tərəvəz, şəkər çuğunduru, tütün, bitkidən hasil olan piylər və yağlar, marqarin, makaron məmulatları, meyvə və tərəvəz konservləri, ağ şəkər, şokolad məmulatları və s. artmışdır. Bununla belə, çay, meyvə və tərəvəz şirələri və meyvə ixracı isə azalmışdır.
2011-ci ilin beş ayı ərzində ölkəmizə gətirilən məhsulların 34,4 faizini maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 16,5 faizini ərzaq malları, 14,4 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 15,9 faizini quru, hava və su nəqliyyatı vasitələri, 5,6 faizini kimya sənayesi məhsulları, 3,9 faizini plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, 2,7 faizini oduncaq, mantar və onlardan hazırlanan məmulatlar, 2,4 faizini mineral məhsullar, 1,8 faizini optik, fotoqrafik, tibbi və digər cihaz və aparatlar, qalan 5,4 faizini isə digər mallar təşkil etmişdir. Hesabat dövründə quş əti, süd və qaymaq, buğda, düyü və s. ərzaq məhsullarının, sürtkü yağlarının, mineral gübrələrin, bir sıra kimya məhsullarının, bəzi məişət cihazlarının, minik avtomobillərinin və s. idxalı artmışdır. Mühüm ərzaq məhsullarından sayılan kərə yağı, təzə meyvələr, eləcə də bəzi elektrotexnika avadanlıqlarının, bir sıra məişət cihazlarının, həmçinin traktor, avtobus və s. idxalı isə əvvəlki illə müqayisədə azalmışdır.
Son illər xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur. Müqayisə üçün deyək ki, 1993-cü ildə xarici bazara çıxarılan mineral məhsullar - xam neft və təbii qaz ümumi ixracın 27,3 faizi qədər olduğu halda, hazırda bu göstərici 91,3 faiz təşkil edir. Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, 1995-ci ildə ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici ticarət dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, ötən ilin yekunlarına görə, bu göstərici 16,5 faizə bərabər olmuşdur. Bu da təsadüfi deyil. Çünki son illər ölkədə bu sahədə xüsusi tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları qəbul edilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin 2008-ci il avqustun 25-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin artırılmasına imkan yaradacaq.{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında