Bu ilin birinci yarısında sosial-iqtisadi sahələrdə uğurlu göstəricilər əldə edilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək verilməsi, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və ötən illərdə olduğu kimi, 2011-ci ilin ötən altı ayında da əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.Bütün bunlar Dövlət Statistika Komitəsinin cari ilin ilk yarısının sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərində də öz ifadəsini tapmışdır. Belə ki, 2011-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 0,9 faiz, yaxud müqayisəli qiymətlərlə 169,9 milyon manat artaraq 22,5 milyard manata çatmışdır. ÜDM-in 66,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 54,7 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 4,6 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,9 faiz, o cümlədən nəqliyyatda 6,2 faiz, ticarət və pullu xidmətdə 8,7 faiz, rabitədə 1,7 faiz, sosial və digər xidmətlərdə 11,4 faiz təşkil etmişdir. ÜDM-in 5,9 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 2496,9 manat (3149,5 ABŞ dolları) olmuşdur. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 7,2 faiz artmış, neft sektorunda isə 5,1 faiz azalmışdır.
Qeyd edək ki,Azərbaycanda qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzində saxlanılır. Son illər bu sahədə artım səviyyəsi davamlı olaraq yüksələn xətt üzrə nəzərə çarpır. İyulun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı söylədiyi dərinməzmunlu nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun artımı ilə bağlı bildirmişdir: "Artım 7,2 faiz təşkil etmişdir. Bu, əslində son illər ərzində apardığımız islahatların nəticəsidir. Çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır".
Bu ilin birinci yarısında sənaye istehsalında da artım müşahidə edilmişdir. Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 15,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 76,4 faizi mədənçıxarma bölməsində, 17,7 faizi emal bölməsində, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2010-cu ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı emal bölməsində 6,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 9,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 9,2 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,3 faiz artmışdır.Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 23,9 milyon ton, qaz hasilatı 12,9 milyard kubmetr təşkil etmişdir. Sözügedən dövrdə emal sektorunda qida məhsulları istehsalı 5,6 faiz, içki istehsalı 20,3 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 21,7 faiz, geyim istehsalı 35,6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 7,3 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 38,5 faiz, kağız və karton istehsalı 81 faiz, poliqrafiya fəaliyyəti 16,3 faiz, neft məhsulları istehsalı 3,3 faiz, kimya sənayesi məhsulları istehsalı 39 faiz, rezin və plastik məmulatlar istehsalı 3,9 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 70,6 faiz, elektrik avadanlıqları istehsalı 40,9 faiz, maşın və avadanlıqların istehsalı 10,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 24,9 faiz artmışdır. İlin ilk yarısında 10 milyard kv.saat, yaxud 5,3 faiz çox elektrik enerjisi istehsal olunmuşdur. Aqrar sahədə də müsbət nəticələr əldə edilmişdir. Bu ilin ilk yarısında kənd təsərrüfatında artım 6,2 faiz təşkil etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, yaxşı göstəricidir. Həmçinin bu vəziyyət kənd təsərrüfatı sahəsində dövlət tərəfindən həyata keçirilən siyasətin yüksək səmərəlilik əmsalının bariz göstəricisidir. Xatırlatmaq yerinə düşərdi ki, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə hökumət tərəfindən fermerlərə subsidiyalar verilir. Eyni zamanda, vergi güzəştləri tətbiq olunur, lizinq xidmətləri göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağları, mineral gübrələr əvvəlki kimi fermerlərə 50 faiz güzəştlə satılır. 2014-cü ilə qədər kənd təsərrüfatı mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad edilməsi də bu sahənin inkişafına müsbət təsirini göstərir.
Statistika Komitəsinin məlumatında göstərilir ki, aqrar bölmədə yaz tarla işləri başa çatmışdır. İyun ayının 22-nə kimi 397,3 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 29,7 min hektar sahədə dənli və dənli paxlalılar, 33,6 min hektar sahədə dən üçün qarğıdalı, 80,8 min hektar sahədə tərəvəz, 65,1 min hektar sahədə kartof, 42,8 min hektar sahədə pambıq, 33,2 min hektar sahədə bostan bitkiləri, 7,3 min hektar sahədə şəkər çuğunduru, 10,8 min hektarda dən üçün günəbaxan, 1435 hektar sahədə tütün və s. əkilmişdir. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 21,6 min hektar, o cümlədən pambığın əkin sahəsi 12,4 hektar, dən üçün qarğıdalının əkin sahəsi 4,1 min hektar, bostan bitkilərinin əkin sahəsi 730 hektar, tütünün əkin sahəsi 84 hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 486,9 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1191,9 min ton məhsul toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 57 min hektar az sahənin taxılının biçilməsinə baxmayaraq 73,2 min ton çox məhsul toplanmış, məhsuldarlıq 3,9 sentner yüksələrək 24,5 sentnerə bərabər olmuşdur.
Keçən 6 ayda ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalında 6,2 faiz artım olmuşdur. Xatırladaq ki, taxıl istehsalında obyektiv səbəblər (sel və daşqınlar, becərmə dövründə havaların əlverişsiz keçməsi və s.) üzündən ötənilki geriləmədən sonra cari mövsüm yüksək nəticələr əldə edilir. Bütövlükdə biçin başa çatmasa da mütəxəssislər bu il zəmilərdən təxminən 2,5 milyon ton taxılın yığılacağını proqnozlaşdırırlar. Nəzərə alsaq ki, ölkədə ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı Dövlət Proqramı qəbul olunub və hazırda həmin sənəddə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində konkret tədbirlər həyata keçirilir, onda taxılçılıqla məşğul olan əkinçilərimizin bu səylərini təqdir ediləsi fakt kimi dəyərləndirmək lazımdır. Əgər taxıl istehsalında artım dinamikası bu sürətlə davam edərsə (sözsüz ki, obyektiv səbəblər nəticəsində ekstremal hallar baş verməsə) yaxın illərdə ölkəmizin öz tələbatını daxili imkanlar hesabına ödəyə biləcəyi şübhəsizdir. Bu isə ərzaq təhlükəsizliyinin təminatında əsas amildir.
Yığım başlanandan tarlalardan 266,5 min ton kartof, 306,9 min ton tərəvəz, 62,8 min ton meyvə və giləmeyvə, 28,9 min ton bostan məhsulları, 37,3 ton tütün, 286 ton yaşıl çay yarpağı toplanmışdır. 2010-cu ilin anoloji dövrü ilə müqayisədə kartof istehsalı 31,5 min ton və ya 8,8 faiz, tərəvəz istehsalı 27,5 min ton (9,1 faiz), bostan məhsulları istehsalı 12,9 min ton (80,3 faiz), tütün istehsalı 8,6 ton (30 faiz), meyvə və giləmeyvə istehsalı 1,3 min ton (2,2 faiz), yaşıl çay yarpağı istehsalı 29,1 ton (11,3 faiz) artmışdır.
Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 8,3 faiz, heyvandarlıq məhsulları istehsalı 4,8 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 6,2 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində 4,5 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,2 faizi və ya 2,6 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2010-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş vəsait qoyuluşun həcmi 17,8 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 2,2 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 72,8 faizini və ya 3,3 milyard manatını daxili investisiyalar təşkil etmiş və 9 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Altı ay ərzində ümumi sahəsi 838,8 min kvadratmetr yaşayış evləri, 1956 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dərnəgül" metro stansiyası, Gəncədə fiziki qüsurlu uşaqlar üçün Regional İnformasiya Mərkəzi, Göyçay rayonunda meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda mebel fabriki və AZMDF zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu, süd məhsulları kombinatı və şahmat məktəbi, İmişli rayonunda yem və bitki yağları fabrikləri və Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmiş, Qazax-Gürcüstan dövlət sərhədi, Kürdəmir-Ucar, Tovuz-Böyük Qışlaq-Qaralar, Astara-Bala Şahağac, Ağcabədi-Qaradolaq-Kəbirli və İmişli-Qaravəlli-Mirili avtomobil yollarının yenidən qurulması başa çatdırılmış, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 99,6 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çox yük, 699,4 milyon nəfər və ya 6,5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10,6 faizi dəmir yolu nəqliyyatı, 52,2 faizi avtomobil nəqliyyatı, 6,2 faizi dəniz nəqliyyatı, 31 faizi boru kəmərləri ilə, sərnişinlərin 86,6 faizi avtomobil, 13,1 faizi metropolitenlə daşınmışdır.
Hesabat dövründə, əvvəlki illərdəki kimi, sosial problemlərin həlli diqqət mərkəzində olmuş və bu istiqamətdə ciddi addımlar atılmışdır. "Ən böyük nailiyyət pensiyaların artırılması ilə bağlıdır. Bir neçə gün bundan əvvəl qəbul edilmiş qərarlar nəticəsində iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası təxminən 40 faiz artmışdır" - deyən Prezident bu artımı yüksək qiymətləndirdi: "Deyə bilərəm ki, bəlkə də dünya miqyasında buna bənzər hadisə olmamışdır. Çünki bəzi ölkələrdə, harada ki, maliyyə və iqtisadi böhran özünü büruzə verir, nəinki pensiyalar artırılır, əksinə, azaldılır, maaşlar, sosial proqramlar kəsilir, büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların maaşları və sosial təminatı aşağı düşür". Həqiqətən də ABŞ kimi qüdrətli ölkədə pensiyaların ödənilməsində problemlərin yaşandığı bu vaxtda cəmi 20 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycanda bir qərarla 900 minə yaxın təqaüdçünün pensiyasının 40 faiz artırılması çox böyük nailiyyətdir. "Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" - deyən dövlət başçısı sosial sahədə atılan addımların bundan sonra da davamlı olacağını bəyan etdi.
Elə ötən 6 ayda əhalinin pul gəlirlərinin 17 faiz artmasının özü Prezidentin bu sahəyə diqqətinin təzahürüdür. Hesabat dövründə ölkə üzrə orta aylıq əməkhaqqında da ciddi artım qeydə alınmışdır. Bu dövrdə inflyasiyanın səviyyəsi isə birrəqəmli həddi keçməmişdir. Deməli, 8,8 faizlik inflyasiya fonunda əhalinin real gəlirlərinin artımı 8 faizdən çox olmuşdur. Bu rəqəmin çox ciddi və əhəmiyyətli olduğunu ölkədə yoxsulluğun səviyyəsinin sürətlə azalması da sübut edir. Çünki yoxsulluğun səviyyəsinin aşağı salınması bir sıra şərtlərlə yanaşı, həm də əhalinin pul gəlirlərinin artması ilə birbaşa bağlıdır. Belə bir statistikaya nəzər salaq: son 10 ildə Azərbaycanda orta aylıq əməkhaqqı 7,3 dəfə artmışdır. Axırıncı 7 ildə yoxsulluğun səviyyəsi isə 5 dəfə aşağı düşmüşdür. Birinci göstəricinin ikinciyə təsiri göz qabağındadır və bizcə, şərhə ehtiyac yoxdur.
Əhalinin gəlirlərinin artmasında təbii ki, iş yerlərinin mövcudluğu başlıca şərtdir və bu sahədə dövlətin apardığı siyasətin nəticələri göz qabağındadır. Təkcə cari ilin birinci yarısında ölkə üzrə 38 min yeni iş yeri açılmışdır. Bütövlükdə isə son illər yaradılan yeni iş yerlərinin sayı 1 milyon civarındadır. İndi Azərbaycan vətəndaşını, sadəcə, iş yeri yox, yüksək maaşlı iş yeri maraqlandırır. Çünki onun tələbatı da əvvəlki deyil. Vətəndaşlarımız indi daha yüksək səviyyədə yaşamaq istəyir və buna haqqları da var. Bu haqqı verən isə dövlətin həyata keçirdiyi sosial siyasət və maddi imkanlarıdır. Cari il Azərbaycanın dövlət büdcəsinin xərclər hissəsi ilk dəfə olaraq 20 milyard, ilin əvvəlindən isə valyuta ehtiyatları 9 milyard artaraq 38 milyarda çatmışdır. Prezidentin hökumətin iclasında "...bu bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq" deməsi ölkə əhalisinin bu haqqının da tam ödənilməsinin dövlətin prioritet fəaliyyət istiqaməti olmasından xəbər verir.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında