Ölkəmizin neft-qaz sənayesinin infrastruktur imkanları getdikcə yaxşılaşdırılır, dənizdə və quruda yeni-yeni obyektlər inşa olunur. Prezident İlham Əliyevin böyük diqqət və qayğısı, ölkəmizin neft strategiyası çərçivəsində reallaşdırılan iri miqyaslı işlərlə şəxsən maraqlanması nəzərdə tutulan bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə icra olunmasını sürətləndirir. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən mövcud infrastrukturun təkmilləşdirilməsi, yeni obyektlərin tikintisi ilə bağlı işlər xeyli intensivləşmişdir.
Neft sənayesi üzrə mühüm infrastruktur layihələrinin böyük bir hissəsi isə ARDNŞ-in "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilir. Trestin inşaatçıları Azərbaycanın neft-qaz sektorunda mühüm əhəmiyyətə malik "Neft Daşları" və "Günəşli" yataqlarında nəhəng tikinti-quraşdırma işlərinin reallaşdırılmasında müstəsna rol oynayırlar. Məhz onların səyi ilə ötən illərdə Xəzər dənizinin Azərbaycan sektorunda saysız-hesabsız özüllər inşa olunmuş, neft və qaz ehtiyatlarının sahilə nəqlinə imkan yaradan minlərlə kilometr sualtı boru kəmərləri, eləcə də çoxsaylı sosial obyektlər tikilib istifadəyə verilmişdir. Elə qurudakı neft-qaz infrastrukturu obyektlərinin də böyük əksəriyyəti trest inşaatçılarının gərgin və səmərəli fəaliyyətinin nəticəsidir.
Bu baxımdan 2011-ci ilin ötən dövrü də inşaatçılar üçün əmək nailiyyətləri ilə zəngin bir dövr olmuşdur. Belə ki, ilin əvvəlindən etibarən "Günəşli" və "Neft Daşları" yataqlarında, eləcə də Qum adası, Pirallahı və Çilov adası ətrafında, Səngəçal-Duvannı ərazisində və digər yerlərdə çalışan fədakar inşaatçılar çoxsaylı hidrotexniki qurğuların tikintisi sahəsində yeni-yeni nailiyyətlərə imza atmışlar. Məhz onların gərgin əməyi sayəsində Xəzər dənizində dayaq bloklarının, estakadaların, estakadayanı meydançaların, neft-mədən qurğularının, qaz-kompressor stansiyalarının, yeraltı qazsaxlama anbarlarının inşası və ya yenidən qurulması, sualtı və yerüstü boru kəmərlərinin, rezervuarların, mədən-məişət və sosial obyektlərin tikintisi və təmiri sahəsində geniş miqyaslı işlər görülmüşdür. Bundan əlavə, inşaatçılar "Azəriqaz" və "Azərkimya" istehsalat birliklərinin sifarişi ilə magistral qaz xətlərinin təmiri və çəkilişi, eyni zamanda, quruda fəaliyyət göstərən bütün neft və qazçıxarma idarələri tərəfindən verilən sifarişlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi sahəsində xüsusi əzmkarlıq göstərmişlər.
"Neftqaztikinti" Tresti tərəfindən 2011-ci ildə podrat işləri proqramında nəzərdə tutulmuş obyektlərin tikintisi ilə yanaşı, ARDNŞ rəhbərliyinin iştirakı ilə "Azneft" və "Azəriqaz" istehsalat birliklərinin müəssisələrində keçirilmiş texniki müşavirələrdə, tədbirlər proqramında qeyd olunmuş bir çox dövlət əhəmiyyətli obyektlərdə də tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Hazırda ARDNŞ-in təsdiq olunmuş tədbirlər proqramında nəzərdə tutulan nəhəng kompleks tikinti-təmir və yenidənqurma işləri uğurla yerinə yetirilməkdədir. ARDNŞ rəhbərliyinin iştirakı ilə keçirilmiş istehsalat müşavirələrində işlənməkdə olan ən böyük ehtiyata və məhsuldarlığa malik "Günəşli" yatağında neft və qaz hasilatının artırılması məqsədilə dərin dəniz özüllərinin genişləndirilməsi və yenidən qurulması, quyuların qazılması üçün əlavə şaxtaların buraxılması, mövcud texnoloji yığım və nəql sistemlərinin təkmilləşdirilməsi, çıxarılan qazın itkisiz sahilə nəqlinin etibarlı sisteminin qurulması, neft və qaz kəmərlərinin təmir-tikintisi işləri də trestə həvalə olunmuşdur. Hazırda kollektiv tapşırılan işlərin vaxtında yerinə yetirilməsi məqsədilə kadr və texniki heyətin potensialından, maşın və mexanizmlərdən maksimum istifadə etməklə, böyük istehsalat nəticələrinə nail olmaq üçün daha böyük səylə çalışır.
2010-cu il "Neftqaztikinti" Trestinin tarixində yeni bir səhifə açmışdır. Belə ki, il ərzində inşaatçılar ölkənin neft-qaz təsərrüfatına aid onlarca istehsalat obyektinin tikintisini vaxtında və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olmuşlar. "Səngəçal baş" qurğuları - Qazıməmməd kompressor stansiyası arası 47 kilometr uzunluğunda olan 1000 millimetrlik magistral qaz kəmərinin tikintisi", "Qalmaz yeraltı qazsaxlama anbarına gedən 21 kilometrlik qaz kəməri qolunun tikintisi", "Qalmaz yeraltı qazsaxlama anbarında 2 saylı kompressor stansiyasının yenidən qurulması" layihələrinin uğurla başa çatdırılması ölkəmizin qaz təsərrüfatının infrastruktur imkanlarını xeyli dərəcədə genişləndirmişdir. Bundan əlavə, "Günəşli" yatağında 11 saylı dərin dəniz özülünün genişləndirilməsi və bərpası, buradakı 15 saylı özülün əlavə iki quyunun qazılması üçün genişləndirilməsi, "Neft Daşları" yatağında 12 istismar quyunun qazılmasına şərait yaradan 2521 saylı özülün tikintisi, "Şimal qırışığı" yatağında 14 istismar quyusunun qazıntısı, nəzərdə tutulan 110 saylı stasionar dəniz özülünün inşası, eləcə də "Darvin bankəsi" yatağında 20 quyunun qazıntısına imkan yaradan 620 saylı özülün tikilib istismara buraxılmasını neft sənayesinə verilən mühüm töhfə kimi dəyərləndirmək olar. Ötən il inşaatçılar ayrı-ayrı sahələrdə bir sıra hidrotexniki qurğuların və sosial obyektlərin təmiri və tikintisi sahəsində də xeyli iş görmüşlər.
Ənənəyə sadiq qalan inşaatçılar 2011-ci ilin ötən dövründə də yeni uğurlara imza atmışlar. Məhz onların səyi ilə bir neçə mühüm obyektdə tikinti-quraşdırma işlərini nəzərdə tutulmuş vaxtda başa çatdırmaq mümkün olmuşdur. Neft Daşları qəsəbəsində dəniz suyunu şirinləşdirən əks-osmos təmizləyici qurğunun və buradakı 32 A saylı paylayıcı qurğunun inşası, eləcə də N.Nərimanov adına NQÇİ üçün meydanlararası estakada sahəsinin əsaslı təmiri məhz "Neftqaztikinti" Tresti inşaatçılarının gərgin əməyinin nəticəsidir. Cari ilin ilk rübündə "Günəşli" yatağındakı 2 və 4 saylı dərin dəniz özüllərinin kompleks əsaslı təmiri" layihəsinin vaxtında və keyfiyyətlə başa çatdırılması burada neft hasilatının sabit saxlanması istiqamətində reallaşdırılan mühüm işlərdəndir. Bundan əlavə, kollektiv "Bibiheybətneft" NQÇİ-nin sifarişi ilə 4 saylı neft-qazçıxarma sexi üzrə lay məhsullarının yığım-nəql sisteminin tikintisi və sahənin abadlaşdırılması işlərinin birinci növbəsini də uğurla başa çatdırmağa müvəffəq olmuşdur.
Məlum olduğu kimi, hazırda ölkəmizdə mühüm qaz proqramı həyata keçirilir. Dövlət qaz proqramının kompleks şəkildə inkişaf etdirilməsinə və regionların qaz təsərrüfatı infrastrukturunun müasir standartlara uyğun təşkil olunmasına dair Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən mühüm tədbirlərin görülməsi və bir çox dövlət əhəmiyyətli obyektlərin tikintisi "Neftqaztikinti" Trestinə həvalə olunmuşdur. "Astara kompressor stansiyasının genişləndirilməsi" obyektinin dövlət əhəmiyyəti nəzərə alınaraq trest rəhbərliyi tərəfindən işlərin intensiv aparılmasının təşkili məqsədilə müvafiq tədbirlər görülmüş və operativ şəkildə tikinti-quraşdırma işlərinə başlanılmışdır. "Neftqaztikinti" Tresti işçilərinin fədakar əməyi nəticəsində qısa müddət ərzində genişmiqyaslı tikinti-quraşdırma tədbirləri həyata keçirilir və inşaat işləri beynəlxalq standartların tələblərinə uyğun olaraq başa çatdırılmışdır. Obyekt cari ilin mart ayında Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul olunmuşdur. Yeri gəlmişkən, aprelin 15-də dövlət başçısı İlham Əliyev Astara rayonuna səfəri zamanı ölkəmizin qaz təsərrüfatı üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu obyektin açılışında iştirak etmiş, stansiyanın iş prinsipi ilə tanış olmuşdur.
Hazırda ölkənin neft-kimya kompleksinin işi də günün tələbləri səviyyəsində yenidən qurulur. Bu məqsədlə yeni infrastruktur obyektləri inşa olunur, bir sıra təmir-bərpa və yenidənqurma işləri aparılır. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə "Azərkimya" İstehsalat Birliyinin Etilen-Propilen zavodunu birləşdirən quru qaz və nafta (iki xətt) kəmərinin tikintisi "Neftqaztikinti" Trestinə həvalə olunmuşdur. İnşaatçılar qısa müddət ərzində 55,2 kilometrlik qaz xəttinin tikintisini başa çatdıraraq istismara verməyə müvəffəq olmuşlar.
Cari ilin ötən aylarında trest tərəfindən neftçilərin mədəni-məişət və sosial şəraitinin yaxşılaşdırılması məqsədilə bir çox sosial obyektlərdə tikinti və təmir işləri yerinə yetirilmişdir. Belə ki, ötən müddətdə "Günəşli" yatağındakı 4,8 və 10 saylı dərin dəniz özüllərinin yaşayış bloklarında yüksək səviyyədə təmir-tikinti işləri aparılaraq neftçilərin istifadəsinə verilmişdir. Hazırda isə Neft Daşlarında yataqxana kompleksinin doqquz mərtəbəli korpusunun müasir tələblər səviyyəsində təmiri davam etdirilir və yaxın vaxtlarda obyektin neftçilərin sərəncamına verilməsi planlaşdırılır.
Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunmuş podrat işləri proqramının yerinə yetirilməsi və neft-qazçıxarma idarələrində keçirilmiş texniki müşavirələrdə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışan inşaatçılar hazırda bir sıra mühüm layihələr üzərində işləyirlər. "Günəşli" yatağında bir sıra infrastruktur layihələri, "Neft Daşlarında yeni estakadanın tikintisi, "Bahar", "Darvin bankəsi", "Səngəçal-Dəniz", eləcə də "Neft Daşları" yataqlarında yeni özüllərin inşası və mövcud obyektlərin genişləndirilməsi işləri məhz bu qəbildəndir. Bundan əlavə, ölkənin qaz təsərrüfatında mühüm əhəmiyyət kəsb edən "Qalmaz" yeraltı qazsaxlama anbarında quyulara qazın vurulması üçün tələb olunan yeni paylama məntəqəsinin tikintisi də sürətlə davam etdirilir. Bütövlükdə isə cari ilin birinci rübü ərzində "Neftqaztikinti" Trestinin inşaatçıları tərəfindən 11,6 kilometr sualtı, quruda 101,4 kilometr, eləcə də estakada və özüllərdə 8,2 kilometr uzunluğunda müxtəlif diametrli neft-qaz kəmərləri və 95,1 kilometrlik yüksək gərginlikli elektrik ötürücü xətləri çəkilmişdir. Bütün bu işlər isə, öz növbəsində, neft və qaz hasilatının artırılması üçün yaxşı imkanlar yaradır.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.