Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Bütün bu məsələlər barəsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı məlumat verilmiş, ilin qalan dövrü üçün qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilmişdir.
Dövlət başçısı giriş nitqində bildirmişdir ki, ölkəmizin ümumi inkişafı ötən altı ayda çox uğurlu, dinamik olmuşdur. Bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapmışdır. İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq.
Prezident İlham Əliyev daha sonra demişdir: "Ölkəmizin strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən ehtiyatlarımız 9 milyard dollar artmışdır. Bu da çox gözəl göstəricidir. Biz həm əldə edilmiş gəlirləri ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə məqsədyönlü şəkildə xərcləyirik, eyni zamanda, ehtiyatları daha da artırırıq. Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olaq.
Bu ilin birinci yarısında həmişəki kimi, sosial məsələlərin həlli də diqqət mərkəzində olmuşdur və bu istiqamətdə çox vacib addımlar atılmışdır. Bəzi kateqoriya üzrə - büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları qaldırılmışdır. Ən böyük nailiyyət pensiyaların artımı ilə bağlıdır. Bir neçə gün bundan əvvəl qəbul edilmiş qərarlar nəticəsində iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası təxminən 40 faiz artmışdır. İndi dəqiqləşmə gedir, hesablamalar aparılır və bu, çox böyük artımdır. Deyə bilərəm ki, bəlkə də dünya miqyasında bu illər ərzində buna bənzər hadisə olmamışdır. Çünki bəzi ölkələrdə - harada ki, maliyyə və iqtisadi böhran özünü büruzə verir, nəinki pensiyalar artırılır, əksinə azaldılır, maaşlar, sosial proqramlar kəsilir, büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların maaşları və sosial təminatı aşağı düşür".
Yeri gəlmişkən, xatırladaq ki, ölkəmizdə sosial sahədə uğur qazanılmasının başlıca səbəbi qeyri-neft sektorunun iqtisadi inkişafının prioritet sahəsi kimi müəyyən edilməsi ilə bağlıdır. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq son illərdə ümumi daxili məhsulun sahə strukturunda müsbət dəyişikliklər baş verməkdədir. Belə ki, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 2008-ci ildə 37,9 faizdən 2009-cu ildə 45,4 faizə qədər artmış, 2010-cu ildə 47,4 faizə, 2011-ci ildə isə 49,7 faizə qədər yüksələcəyi proqnozlaşdırılır. Bu meyilin gələcəkdə də davam edəcəyini əsas kapitala investisiya qoyuluşlarının strukturundan da görmək olar. Belə ki, əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmində qeyri-neft sektorunun payı 2004-cü ildə 24,7 faizdən 2008-ci ildə 70,6 faizə, 2009-cu ildə 73,4 faizə qədər artmış, 2010-cu və 2011-ci illərdə isə təqribən 75 faizə bərabər olacağı proqnozlaşdırılır.
Azərbaycanda iqtisadi artım tempinin yüksək olması məşğulluq səviyyəsinin də yüksəlməsinə səbəb olmuşdur. Hazırda ölkəmiz əhalinin məşğulluğunun təmin olunması ilə əlaqədar ən gərgin dövrə qədəm qoymuşdur. Belə ki, əmək qabiliyyətli yaşda olanların əhalinin ümumi sayında xüsusi çəkisi 1999-cu ildə 56,8 faizdən 2009-cu ildə 68 faizə qədər yüksəlmişdir. Nəticədə, əmək qabiliyyətli yaşda olan əhalinin sayı qeyd edilən dövrdə 1 milyon 550 min nəfər artmışdır. Buna görə də son illərdə yeni iş yerlərinin açılması dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti kimi qəbul edilmiş, bununla əlaqədar olaraq "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" həyata keçirilmiş, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" həyata keçirilməkdədir. Bu proqramlarla yanaşı, ölkə Prezidentinin sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Proqramı", "2006-2015-ci illər üzrə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası", "2007-2010-cu illər Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı" qəbul edilmişdir. 2004-2010-cu illərdə həyata keçirilmiş tədbirlər nəticəsində 1 milyona yaxın iş yeri açılmışdır.
Dövlət başçısı İlham Əliyev 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiyalarının yenidən hesablanması ilə bağlı göstəriş vermiş, beləliklə, sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində mühüm addım atmışdır. Məlumat üçün bildirək ki, hazırda əvvəlki sistemlə pensiyaya çıxanların orta aylıq pensiyası 102 manat təşkil etdiyi halda, 2010-cu ildə pensiyaya çıxanların orta aylıq pensiya məbləği 150 manatdır. Buna görə də "2009-2015-ci illər üzrə sığorta pensiya sisteminin inkişafı haqqında" Dövlət Proqramında da əvvəlki sistemlə pensiyaya çıxan şəxslərlə yeni sistemlə pensiyaya çıxan şəxslərin pensiya məbləğləri arasındakı fərqin aradan götürülməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar mövcud pensiya qanunvericiliyi də təkmilləşdirilmişdir. Ümumilikdə pensiyaların yenidən hesablanması üçün dövlət büdcəsindən hər il əlavə 400 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Prezident İlham Əliyev daha sonra demişdir:"Azərbaycanda isə 900 minə qədər pensiyaçının pensiyası 40 faiz artmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da ciddi addımlar ataq. Mən əminəm ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaqdır".
Ölkəmizin strateji valyuta ehtiyatlarının getdikcə artması, şübhəsiz ki, sosial məsələlərin həllini sürətləndirir.İclasda göstərilmişdir ki, ilin əvvəlindən valyuta ehtiyatlarımız 9 milyard dollar artmışdır. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, ölkə iqtisadiyyatının inkişafının təmin edilməsinə, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resurslarının cəlbinə şərait yaradır.
Prezident İlham Əliyev ünvanlı sosial yardım proqramının uğurlu icrası barədə də danışmışdır: "Ünvanlı sosial yardım proqramı aparılır. Bu proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Son illərin təcrübəsi göstərir ki, biz bu məqsədə çatırıq. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşmüşdür. Mən ümid edirəm ki, bu ilin yekunlarına görə bu rəqəm yenə də aşağı düşəcəkdir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı iqtisadi inkişafın dayanıqlığını və dinamikliyini təmin etmək məqsədilə makroiqtisadi sabitliyin qorunub saxlanılması, inflyasiyanın birrəqəmli səviyyədə olması, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, "Turizm ili" ilə əlaqədar bundan sonra da mühüm layihələrin reallaşdırılması, İKT sektorunun daha da gücləndirilməsi və s. məsələlərlə bağlı fikirlərini də bildirmiş, prioritet vəzifələri müəyyənləşdirmişdir.
{nl}
Emin İSAYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.