Fermerlərin bol və keyfiyyətli məhsulu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kənd təsərrüfatı məhsullarının yığımına dair məlumatına görə, keçən ilin müvafiq dövrünə nisbətən ölkədə daha çox kartof, tərəvəz, bostan bitkiləri və meyvə məhsulları tədarük olunmuşdur. Lakin buna baxmayaraq, bazarlarda bahalıqdır. Yəqin Kənd Təsərrüfatı Nazirliyi, əlaqədar təşkilatlar bunun səbəblərini ətraflı araşdıracaq və qiymətlərin tənzimlənməsi istiqamətində təsirli tədbirlər görəcəklər ki, istehlakçıların cibinə bir o qədər ziyan dəyməsin.
Hesabat gününədək respublikada becərilən 65145 hektar kartof sahəsinin 21336 hektarında məhsul yığımı qurtarmışdır. Hər hektardan 124,9 sentner məhsul götürülərək, 266471 ton kartof tədarük olunmuşdur. Kartof əkən 13 rayonda artıq məhsul yığımı başa çatdırılmışdır. Masallı rayonunun fərdi torpaq sahibkarları 2250 hektar sahədən 26897 ton kartof yığmışlar ki, bu da hər hektardan 119,5 sentner məhsul götürülməsi deməkdir.
Masallıların qonşuları olan cəlilabadlılar da bu il yüksək göstəricilərə nail olmuşlar. Bu rayondakı əkin sahələrinin 99,9 faizində yığım yekunlaşmış, 79098 ton kartof istehsal edilmişdir. Rayon üzrə hər hektardan 155,8 sentner məhsul götürülmüşdür ki, bu da keçən ilki göstəricidən 1,6 sentner çoxdur. Kartof tədarükünü yekunlaşdıran Zərdab rayonunun sahibkarları hər hektardan 163 sentner məhsul götürməyə nail olmuşlar. Bu göstərici ağdamlılardan (171,1 sentner), tovuzlulardan (258,3 sentner), şəmkirlilərdən (172,5 sentner) sonra respublikada dördüncü nəticədir.
Kartof istehsalında Gəncə-Qazax iqtisadi rayonu aparıcı rola malikdir. Buraya daxil olan şəhər və rayonlarda 30204 hektar sahədə yetişdirilən məhsulun 3250 hektarında yığım yekunlaşıb. Bölgə üzrə hər hektardan 161,4 sentner məhsul götürülərək 52458 ton kartof tədarük edilmişdir. Ümumi məhsul istehsalının miqdarına görə isə Lənkəran-Astara iqtisadi rayonu irəlidə gedir - 115724 ton. Bu iqtisadi rayonda əkin sahələrinin artıq 75,7 faizində məhsul yığımı başa çatdırılıb. Kartof sahələrinin 77,9 faizində yığımı yekunlaşdıran Aran iqtisadi rayonları isə 65889 ton məhsul tədarük etmişlər.
Cari ildə tərəvəzçilərin də işləri yaxşı gedir. Ölkə üzrə 80800 hektar sahədə müxtəlif növ tərəvəz məhsulları yetişdirən fermerlər və fərdi torpaq sahibkarları iyulun 1-dək 27715 hektarda yığımı başa çatdırmışlar. Bazarlara və emal müəssisələrinə 306908 ton müxtəlif növ tərəvəz məhsulları göndərilmişdir ki, bu da keçən ilin müvafiq dövründəki göstəricidən xeyli çoxdur. Respublika üzrə hər hektardan 110,7 sentner məhsul yığılır. Ənənəvi tərəvəzçilik bölgələri hesab olunan Lənkəran-Astara, Quba-Xaçmaz, Gəncə-Qazax və Aran iqtisadi rayonlarında bol məhsul yetişdirilmişdir.
Aran iqtisadi rayonunda hesabat gününədək 116397 ton tərəvəz məhsulları tədarük edilmişdir. Bu göstərici Lənkəran-Astara iqtisadi rayonunda 66598 ton, Gəncə-Qazax iqtisadi rayonunda isə 51607 ton olmuşdur. Hər hektardan götürülən məhsulun miqdarına görə Xaçmaz rayonu rekord vurur - 231,4 sentner. İkinci yerdə Abşeron rayonu gedir - 201,4 sentner. Üçüncü yeri 188,9 sentner nəticə ilə Ağdam rayonu, dördüncü yeri isə 184,9 sentnerlə şəmkirlilər tuturlar. Bu göstəriciyə görə Quba-Xaçmaz iqtisadi rayonu 196 sentnerlə irəlidə gedir. İkinci yeri tutan Abşeron iqtisadi rayonu 180,9 sentner nəticə əldə etmişdir.
Bu il ən çox bostan bitkiləri Aran iqtisadi rayonunda (22971 hektar) əkilmişdir. Havaların əlverişsiz keçməsinə baxmayaraq, hər hektardan toplanan məhsulların miqdarı keçən ildəkindən qat-qat artıqdır. Əgər keçən ilin bu vaxtınadək iqtisadi rayon üzrə 1229 hektardan cəmi 14376 ton bostan məhsulları yığılmışdısa, bu il həmin rəqəmlər müvafiq surətdə 1749 hektar və 24720 ton olmuşdur. Hər hektarda məhsuldarlıq bu il keçən ildəkindən 34,4 sentner çox olmaqla 141,4 sentnerə bərabərdir.
Sabirabad rayonunun bostançıları qısa müddətdə bazarlara 12074 ton yemiş və qarpız göndərmişlər. Bu göstərici Saatlıda 6587, Masallıda 3765, Ağdaşda 3437, Bərdədə 2160 tondur. Saatlı rayonunda 3046 hektarlıq əkin sahəsinin cəmi 7,3 faizində - yəni 221 hektarında yığım aparılmışdır. Hər hektardan rekord miqdarda - 298,5 sentner bostan məhsulları toplanılır. Ümumiyyətlə, ölkədə az vaxtda məhsulu yığılmış 2360 hektar sahədən bazarlara 28858 ton bostan məhsulları göndərilmişdir ki, bu da keçən ilin müvafıq dövründəkindən az qala 2 dəfə çoxdur.
Bahar fəslinin meyvəçilik üçün əlverişsiz keçməsinə baxmayaraq, bağlarda nəzərdə tutulduğundan xeyli çox müxtəlif növ meyvə məhsulları yetişmişdir. İndiyədək yığılıb bazarlara və emal müəssisələrinə göndərilən 62813 ton meyvə əvvəlki ilin müvafiq dövründəkindən 1332 ton çoxdur. Aran iqtisadi rayonu 30407 ton, Naxçıvan iqtisadi rayonu 12692 ton, Gəncə-Qazax iqtisadi rayonu isə 10621 ton meyvə tədarük etmişlər. Ağdaşın bağbanları qısa müddət ərzində bağlardan 12277 ton, goranboylular 5321 ton, şəmkirlilər 3593 ton, bərdəlilər 3400 ton müxtəlif növ meyvə məhsulları yığmışlar.
Bir daha təkrar edirik: bu il ölkədə kənd təsərrüfatı məhsulları boldur, onları vaxtında tədarük edib sərfəli qiymətlərlə istehlakçılara çatdırmaq lazımdır.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında