Azərbaycan dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində kənd təsərrüfatı sahəsində bir sıra uğurlar əldə edilib. Möhtərəm Prezident cənab İlham Əlıyevin müəyyən etdiyi yeni inkişaf strategiyası respublikada aqrar sektorun da dinamik inkişafında çox böyük rol oynayır. Azərbaycan hakimiyyətinin kəndlini torpağa daha sıx tellərlə bağlayan aqrar siyasəti ildən-ilə kənd təsərrüfatı məhsulları istehsalının artması ilə hiss olunmaqdadır. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sektorun bütün sahələrində əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Hazırda keçid dövrü adlandırdığımız bu dövrün başlanğıcında kənd təsərrüfatında islahatlar vasitəsilə mülkiyyət münasibətləri xeyli dəyişdirilmiş və xüsusi mülkiyyət bərqərar olmuşdur. Sahibkarlıq fəaliyyətinə başlamış hüquqi və fiziki şəxslər bazar idarəçiliyi prinsiplərinə uyğun olaraq fəaliyyətlərini davam etdirirlər. Onu da qeyd etmək lazımdır ki, bu dövrün özünəxarakterik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, aqrar sahənin bazar münasibətləri müstəvisində inkişafına dövlət yardımı davam etdirilmiş, respublikanın kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi təmin olunmuş, kənd və şəhər yerlərində dünyanın ən mühüm problemlərindən hesab edilən məşğulluğun artırılması istiqamətində geniş miqyaslı kompleks tədbirlər həyata keçirilmişdir. Bu baxımdan ölkədə "2003-2005-ci illər Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)" icra edilməsi regionlarda infrastruktur layihələrinin icrasını təmin etmişdir. Davamlı şəkildə həyata keçirilmiş bu tədbirlər kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyələşməsi, yeni texnologiya əsasında emal müəssisələrınin qurulması, dünya bazarlarına çıxış imkanlarının yaxşılaşması sürətləndiyi bir zamanda Azərbaycan xalqının ən qədim ənənəvi məşğuliyyət növü olan ipəkçilik obyektiv və subyektiv səbəblər ucbatından durğunluq davam edir. Halbuki ipəkçilik həmişə kənd təsərrüfatının gəlirli sahələrindən biri olmuşdur. Ölkəmizdə baramaçılıqla V əsrdən məşğul olunmağa başlanılmışdır. XII əsrdən isə Azərbaycan ipəyi "Böyük İpək Yolu" vasitəsilə Avropa və Asiya ölkələrınə ixrac olunmuşdur ki, bu da Azərbaycan ipəyinə böyük şöhrət gətirmişdir.
İpəkçiliyin inkişafında, o dövrdə (1970-1980-cı illər) respublikaya rəhbərlik edən Heydər Əliyevin səyi və diqqəti sayəsində verilmiş qərarların rolu xüsusilə qeyd edilməlidir. Ona görə ki, həmin dövrdə respublikada barama tədarükü 3661 tondan 4981 tona yüksəlmişdir.
Azərbaycan ipəkçiliyinin inkişafında Azərbaycan KP MK-nın və Nazirlər Kabinetinin 17 mart 1971-ci il "Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər"i haqqında qərarının xüsusi rolu olmuşdur. Həmin qərarda ipəkçiliyin inkişafı ilə əlaqədar çoxlu tədbirlər həyata keçirilmişdir. Şəkidə və Xankənddə ipək kombinatı, Ordubad və Şuşada baramaaçma və toxuculuq fabrikləri yaradılmışdır. 1960-cı ildən 1970-ci ilədək baramada artım sürəti 551 ton olduğu halda, 1970-ci ildən 1980-ci ilədək 1317 ton və ya əvvəlki 10 ilə nisbətən 2,4 dəfə çoxalmışdır. Həmin dövrdə tut ipəkqurdunun bəslənilməsi və barama istehsalı ilə 150 mindən çox kəndli-kolxozçu ailəsi (təxminən 800 minədək adam) məşğul olurdu. İpəkçilik sənayesində 14 min nəfərdən çox, o cümlədən Şəki İpək Kombinatında 7 min nəfərədək, Xankəndi İpək Kombinatında isə 3 min nəfərədək adam çalışırdı. Eyni zamanda həmin qərarın təsir gücü sayəsində respublika ipəkçiliyində istər barama istehsalının artırılmasında, istərsə də elmin inkişafında böyük nailiyyətlər əldə edilmişdir.
90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış iqtisadi və siyasi hərc-mərclik nəticəsində kənd təsərrüfatının bir çox sahələrində olduğu kimi, ipəkçilik də naşılıq ucbatından tərəqqidən tənəzzülə uğradı. Respublikada 2 damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-dək rayon barama qurutmaxanası, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, Şuşa, Şəki, Ordubad baramaaçma və toxuculuq fabrikləri öz istehsal fəaliyyətini dayandırdı, 100 minlərlə insan işsiz qaldı.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ipək sənayesi bərpa olundu. Onun ciddi səyi, tapşırığı və sərəncamı ilə "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətinin istehsal fəaliyyətinin bərpasına dövlət büdcəsindən vəsait ayrıldı. Xammal qıtlığı ucbatından 2001-2002-ci illərdə cəmi 15,5 ton xam ipək istehsal olunmuşdu. Halbuki müəssisənin istehsal gücü ildə 550-650 ton xam ipək istehsal etməyə çatır. Xaricdən hər il bu səhmdar cəmiyyət təxminən 200 tondan çox barama almağa məcburdur. Bu isə Azərbaycandan təxminən 1,5 milyon ABŞ dolları həcmində valyutanın xaricə axması deməkdir.
Hazırda Azərbaycanda ipəkçilik, baramanın istehsalı vəziyyəti ürəkaçan olmasa da müəyyən zaman ərzində bərpası mümkündür. Son 20 ildə bu sahədə ancaq Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu və "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xeyli elmi və istehsal xarakterli işlər aparılmış və müəyyən nəticələr əldə olunmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, bu iki təşkilatın və İqtisadi İnkişaf Nazirliyinin birgə fəaliyyəti, səyi nəticəsində respublikada ipəkçiliyin inkişaf konsepsiyası hazırlanaraq aidiyyatı qurumlara təqdim edilmişdir. Əfsuslar olsun ki, əldə olunan nəticələrin respublika ərazisində tətbiq edilməsinə hələ də cəhd göstərilmir. Halbuki, ipəkçiliyin yem bazasının əsasını təşkil edən çəkil tinglərinin miqdarı və tut ipəkqurdunun toxumunun həcmi ilkin olaraq işə başlamağa imkan verir.
Vaxtilə yem bazası olan tut bağları yanacaq üçün qırılmış və yaxud da yerində digər kənd təsərrüfatı bitkiləri əkilmişdir. Uzun müddət rayon və kəndlərdə baramaçılıq ilə məşğul olan insanların üzləşdikləri problemə görə gəlirli sahələrdən biri olan ipəkcilik az qala unudulmuşdu. Bəs, bu əsas problemlər hansılardır?
Azərbaycanda ipəkçiliyin qədim inkişaf tarixinə malik olmasına baxmayaraq, hələ də tut ipəkqurdları primitiv istehsal şəraitində bəslənilir. Təkcə onu demək kifayətdir ki, hazırda barama məhsulunun 90%-dən çoxu kənd sakinlərinin tut ipəkqurdlarının yemlənməsi üçün lazımi tələblərə cavab verməyən şəxsi sığınacaqlarında istehsal edilir. Elmi nailiyyətlərlə yararlanmayan barama məhsulu istehsalının belə pərakəndəliyi istehsal prosesinin texnoloji rejim və parametrlərinin pozulması ilə müşahidə olunur, ayrı-ayrı istehsal mərhələlərində məhsul itkisinə yol verilir, eyni zamanda cəlb olunan mövsümi əmək ehtiyatları daha da artır. Bütün bunlar nəticə etibarı ilə barama istehsalının inkişafını ləngidir, onun iqtisadi səmərəliliyinin azalmasına səbəb olur.
Hər bir sahənin inkişafı birbaşa elmi-tədqiqat işlərindən əldə olunan yüksək nəticələrdən asılıdır. Bu baxımdan Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun maddi-texniki bazasının modernləşdirilməsi, yeni metodologıyanın işə tətbiqi, müasir nanotexnologıyalarin respublikaya gətirilməsi və yeniliklərin həyata keçirilməsi üçün şəraitin yaradılması, həmçinin güclü nəzarətin həyata keçirilməsi mütləqdir.
Baramaçılıqla məşğul olan fermerlərlə, fiziki şəxslərlə daim əlaqədə olmaq, ipəkçiliyin gəlirli, dayanıqlı iş olmasının təbliğatı və təşviqatı işlərinin təşkili, rayon və kəndlərdə yaşayan insanların bu sahə üzrə maarifləndirilməsi lazımdır. Fermer, səxsi təsərrüfat sahiblərini yeni tut bağlarının harada və necə salınmasına cəlb etmək, onları yüksək keyfiyyətli, məhsuldar sortlarla və hibridlərlə təmin etmək, həmçinin becərmə texnologiyasını öyrətmək və s. bu kimi tədbirləri həyata keçirmək məqsədilə vaxtaşırı treninqlərin keçirilməsini təşkil etmək zəruridir.
Azərbaycanda baramanın qəbulu və emalı ilə məşğul olan yeganə "Şəki İpək" ASC-nin iş prinsipində - baramanın əhalidən alışında mövcud qiymət siyasətini dünya praktikasına uyğun tənzimləmək də məqsədəuyğundur.
İpəkçiliyin inkişaf etdirilməsi üçün ilk növbədə barama toxumçuluğunun, onun damazlıq işlərinin, yem bazasının qaydaya salınması və s. gərəkdir.
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu respublikada ipəkçiliyin elmi əsaslarının işlənib hazırlanması ilə məşğul olan yeganə elm ocağıdır. İnstitutda ipəkçiliyin ən aktual və prioritet problemlərinə dair tədqiqatlar aparılaraq alınan elmi nəticələr istehsalata tətbiq olunur.
Azərbaycan seleksiyaçılarının yeni yaratdıqları Xanlar-tut, Firuddin-tut, Gözəl-tut, AzNİİŞ-7, Sıxgöz, Zərif-tut, Kamil-tut, Yunis-tut sortlarının institut bazasındakı hibrid nəsli respublika ipəkçilik təsərrüfatlarında geniş yayılmalı, az məhsuldar cır tut bağlarını əvəz etməlidir ki, bu da respublikada möhkəm yem bazasının yaradılmasına stimul versin.
Ümumiyyətlə, 1946-cı ildən bəri seleksiyaçılarımız 50-dən çox ağbaramalı tut ipəkqurdu cinsi yaratmışlar. Bu müddət ərzində həmin cinslərdən 16-sı və onların 20 hibridi müxtəlif illərdə respublikamızda rayonlaşdırılmış və ipəkçiliyin inkişafına öz töhfələrini vermişlər.
İnstitutda tut ipəkqurdunun müxtəlif cinslərin və onların hibridlərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri də işlənib hazırlanmışdır. Bu tədbirlərin istifadəsi xəstəliklərin qarşısını almağa, sağlam və keyfiyyətli qrena və barama məhsulu əldə etməyə imkan verir.
Bütün bu məsələlərin həlli, ümumiyyətlə, yüksək ixtisaslı kadr potensialından asılıdır. Zənnimizcə, Azərbaycan Dövlət Aqrar Universitetində ipəkçilik ixtisasi üzrə kadr hazırlanması məsələsinə diqqət yetirməyin vaxtı çoxdan çatmışdır. Respublikanın, o cümlədən İpəkçilik İnstitutunun gənc kadrlara ehtiyacı olduğunu nəzərə alaraq, 2010-cu ilin dekabrında Nazirlər Kabinetinin təsdiq etdiyi məlum siyahıda İpəkçilik İnstitutunda kənd təsərrüfatıın müxtəlif sahələri üzrə fəlsəfə doktoru üzrə doktoranturanın fəaliyyətinə icazə verilmişdir.
Respublikada yüksək ixtisaslı kadrlarla yanaşı, orta ixtisaslı kadrlara da ehtiyac duyulduğundan, Şəki kənd təsərrüfatı kollecində ipəkçi aqrotexnik və texnik-mikroskopçu kadrların hazırlanması, Azərbaycan ETİİ-nin nəzdində isə ipəkçi-fermerlər üçün kursların təşkili ümumi işin xeyrinə olar.
İpəkçiliyin inkişafında mövcud texnoloji struktur da böyük əhəmiyyət kəsb edir. Çünki təbii yolla alınmış baramanın istehsalı üçün təxminən 40-50 gün tələb olunur. Müasir texnologiyaların tətbiqi hesabına bu müddət 25 günədək qısala bilər. Təcrübə göstərir ki, respublikanın mövcud torpaq-iqlim şəraitində aprel ayından - noyabr ayına qədər, yəni altı ay tut ipəkqurdunun yemlənməsini aparmaqla yüksək keyfiyyətli barama almaq olur.
İpəkçiliyin bütün istiqamətlərində yerinə yetirilən istehsal-texnoloji proseslərin, əmək və istehsal münasibətlərinin düzgün və obyektiv (qanuni əsaslarla) tənzimlənməsi, habelə istehsal olunan məhsulların (məsələn, tut ipəkqurdu toxumu, diri barama, quru barama və s.) keyfiyyətinin düzgün qiymətləndirilməsi üçün normativ-hüquqi baza yaradılmalıdır. Bu baza ipəkçiliyin hər bir sahəsi üçün vaxt və müxtəlif materialların sərfiyyat normalarından, normativlərdən, təlimatlardan, ən başlıca isə tut ipəkqurdunun diri baraması, havada quru-baraması və s. üçün dövlət standartlarına cavab verməlidir.
İpəkçiliyin yerləşdirilməsi və inkişaf etdirilməsi üçün ən yararlı rayonların müəyyənləşdirilməsi bölgədə yem bazasının (tut bağlarının) mövcudluğu və həcmi, baramanın qəbulu, ilkin emalı məntəqəsinin və orada olan texnoloji avadanlığın texniki yararlılıq dərəcəsi, tut ipəkqurdunun bəslənməsi üçün münasib şəxsi və fermer təsərrüfatlarının və bu işə maraq göstərən adamların olması əsasında meyarlaşdırılır.
Bu meyarlar barədə toplanmış məlumatların təhlili əsasında ilkin mərhələ üçün respublıkanın Ağdam, Bərdə, Goranboy, Ucar, Kürdəmir, Göyçay, Zərdab, Ağcabədi, Qəbələ, Qax, Şəki, Zaqatala, Balakən rayonlarında ipəkçiliyin inkişafına başlanılması daha məqsədəuyğundur.
Respublikada mövcud olan tut bağlarının hamısı demək olar ki, göstərilən rayonlarda yerləşir. Həmin rayonlarda olan baramanın qəbulu və ilkin emalı məntəqələri və texnoloji avadanlıqların texniki vəziyyəti də buna imkan verir. Göstərilən rayonlarda həmçinin tut ipəkqurdunun bəslənilməsi üçün münasib olan şəxsi və fermer təsərrüfatları, habelə bu işə maraq göstərən adamların miqdarı da digər rayonlara nisbətən çoxdur.
İlk material və superelit qrenanın istehsalını Kənd Təsərrüfatı Nazirlıyinin tabeliyində və balansında olan İpəkçilik İnstitutunda, elit qrenanın (barama toxumunun) istehsalını Gəncə və Qax damazlıq ipəkçilik stansiyasında, hibrid qrenanın istehsalını isə Bərdə, Ucar, Zərdab, Ordubad, Şəki, Zaqatala və Balakən qrenzavodlarında (barama toxumu zavodlarında) aparmaq daha faydalı olar.
Azərbaycanda ipəkçiliyin inkişafının sosial və ekoloji faydası iqtisadi faydasından da əhəmiyyətlidir. Belə ki, ildə ən azından 2000 ton barama istehsal ediləcəyi halda 60-70 min kəndli-sahibkar, fermer ailəsi ipəkqurdunun bəslənməsi üçün işlə (4-5 dəfə) təmin oluna bilər. Eyni zamanda tut ipəkqurdunun yem bazasının təşkili, tut bağları 60.000 nəfərin oksigenlə normal tənəffüsünə şərait yaradar. İstehsalın bu sahəsi ilə təkcə yetkin yaşlı, fiziki sağlam adamlar deyil, həm də məktəblilər, tələbələr, təqaüdçü qocalar, əlillər də məşğul ola bilərlər. Bununla da əhalinin sosial cəhətdən az təminatlı təbəqəsinin rifahının yaxşılaşdırılmasına şərait yaranar, yeni iş yerləri açılar. Bütün bunlar ölkədə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, toxumçuluq (damazlıq) işlərinin yaxşılaşdırılması, aqrar sektorda yeni emal müəssisələrinin yaradılması, regionların daxili imkanları və yerli resursları nəzərə alınmaqla onların maddi, sosial-iqtisadi inkışafının sürətləndirilməsi məsələlərinin müvəffəqiyyətli həllinə öz müsbət təsirini göstərər.
Əminik ki, əsrlər boyu xalqımızın məşğulluq növünə çevrilmiş, insanların maddi və mənəvi rifahının yüksəlməsinə xidmət etmiş, qədim tariximizin, xalq yaradıcılığımızın və milli-mədəni irsimizin bir hissəsi olan ipəkçiliyi məhv olmaqdan xilas etmək, keçmiş şan-şöhrətini özünə qaytarmaq üçün qarşıya qoyulan məqsəd və vəzifələri müəyyən dövrdə müxtəlif formalarda həyata keçirmək ən azından vətəndaşlıq borcumuzdur. Unutmayaq ki, Böyük İpək Yolunun ölkəmizdən keçməsinin də əsas səbəblərindən biri məhz tarixdə ipəkçiliyin ölkəmizdə yüksək şöhrət tapması olmuşdur. O da tarixi bir faktdır ki, ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə "Şəki-İpək" ASC-nin bərpası təkcə iqtisadi cəhətdən deyil, həm də siyasi baxımdan çox əhəmiyyətli idi. Çünki öz müstəqilliyini yenidən əldə edən Azərbaycanın xarici dövlətlərlə ticarət əlaqələrini yaratması üçün İpək Yolunun bərpası böyük əhəmiyyət kəsb edirdi.
{nl}
Allahverdi SEYİDOV, R.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun direktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.