Prezident İlham Əliyev: Həyat göstərir ki, biz bütün məqsədlərə çatırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək verilməsi, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və ötən illərdə olduğu kimi, 2011-ci ilin ötən altı ayında da əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.Bütün bunlar barədə dövlət başçımız İlham Əliyev demişdir ki, son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır.Bu artım qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur.Əgər vaxtilə regionların inkişafına böyük diqqət yetirilməsəydi,çox güman ki,iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərərdi...
Uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu danılmazdır. Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, mövcud problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta səfəri zamanı ölkənin sosial-iqtisadi inkişafı bu şəhərin timsalında da özünü aydın büruzə vermişdir. Burada dövlətimizin başçısına məlumat verilmişdir ki, respublikanın ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı istiqamətində son illər mühüm tədbirlər həyata keçirilir. Cari ilin birinci yarısında Sumqayıtda ümumi daxili məhsul istehsalı 250 milyon manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 30 faiz təşkil etmişdir. Qeyd edilmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ilin ilk altı ayında Sumqayıtda 1000-dən artıq yeni daimi iş yeri açılmışdır. 2003-2010-cu illərdə şəhərdə yeni təhsil, səhiyyə və mədəniyyət obyektləri tikilib istifadəyə verilmiş və bu proses indi də uğurla davam edir. Hazırda Sumqayıt şəhərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülür.
Prezident İlham Əliyev Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə də tanış olmuşdur. Dövlət başçısına məlumat verilmişdir ki, bünövrəsi 1956-1960-cı illərdə qoyulmuş bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlamışdır. Göstərilmişdir ki, 23 hektar dənizkənarı sahəni əhatə edən parkın ərazisində küləyə və quraqlığa davamlı 39 növ ağac əkilmişdir. 1978-ci ildə parka dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmiş, 2003-cü ildə isə burada onun heykəli qoyulmuşdur.Eyni zamanda bildirilmişdir ki, Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən başlayaraq Xəzər dənizinin sahilinədək ərazini əhatə edən parkın ümumi sahəsi hazırda 80 hektardır. Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə parkın ən müasir tələblərə cavab verən yeni möhtəşəm layihəsi hazırlanır.
Parkın gələcək görüntülərini əks etdirən stendlərə baxan dövlətimizin başçısına məlumat verilmişdir ki, yenidənqurmadan sonra ərazi şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzinə çevriləcəkdir. Dövlət başçısı parkın ətrafındakı yaşayış binalarının fasadlarının, damlarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılması, parka yaxın küçə və məhəllələrin abadlaşdırılması ilə bağlı tövsiyələrini də vermişdir.
Daha sonra Sumqayıt şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev demişdir: "Sumqayıt şəhərinin inkişafı ilə bağlı əlavə təkliflər vardır. Bu təkliflər nəzərdən keçirilir. Bir müddət bundan əvvəl mən göstəriş vermişəm ki, Sumqayıtın abadlaşması ilə bağlı çox müasir bir layihə hazırlansın. Layihənin bir hissəsi burada göstərilir. Siz də yəqin ki, bu layihə ilə tanışsınız. Əminəm ki, yaxın zamanlarda Sumqayıtın bir neçə istiqamətində çox gözəl, müasir infrastruktur layihələri icra ediləcəkdir...Binalarda təmir gedir. Bu binalar gözəl olacaqdır. Həm binaların xarici görünüşü gözəlləşəcək, eyni zamanda, daxilində də təmir işləri aparılacaqdır. Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Hazırda bulvarın görüntülərini biz bu stendlərdən görə bilərik. Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Çünki Bakı bulvarı indi dünyanın ən gözəl bulvarlarından biridir, bəlkə də birincisidir. Çünki müxtəlif sahilyanı şəhərlərdə bulvarlar vardır. Ancaq mən hər halda Bakı bulvarı kimi gözəl, geniş və müasir bulvar görməmişəm".
Ölkə Prezidenti maraqlı bir məsələyə də toxunmuşdur. Demişdir ki, Bakıdan Sumqayıta gələn yeni yolun çəkilişi aparılır. Aeroport-Mərdəkan-Bilgəh istiqamətindən Sumqayıta qədər yeni yol çəkiləcəkdir. Bu yol şəhərin inkişafına çox müsbət təsir göstərəcəkdir. Həmin yol bulvarın yanından keçəcəkdir ki, həm gediş-gəliş rahat olsun, həm də ümumiyyətlə, yol infrastrukturu genişlənsin və müasirləşsin...
Azərbaycan Prezidenti Sumqayıtla bağlı gələcək planlardan da danışmışdır: "Birinci növbədə, hər bir şəhərin sənaye potensialının inkişafı üçün vacib olan infrastruktur layihələri icra edilməlidir. Onların bir hissəsi reallaşıb. Bir müddət bundan əvvəl böyük elektrik stansiyası tikilmişdir. İndi elektriklə problem tamamilə yoxdur və o stansiyanın gücü gələcəyə də hesablanıbdır. Sumqayıtın kimya kompleksində yenidənqurma işləri aparılır. Biz o kompleksi müasir standartlara çatdırmalıyıq. O kompleks dünya səviyyəsində işləməlidir. Eyni zamanda, kimya müəssisələrində istehsal olunan məhsulların təkrar emalı üçün yeni müəssisələr də yaradılmalıdır. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilibdir. Ümid edirəm ki, yaxın zamanlarda Sumqayıtda bəlkə də yüzlərlə yeni özəl kiçik və orta şirkət yaradılacaqdır. Məqsəd ondan ibarətdir ki, onlar kimya kompleksində istehsal olunan məhsullardan istifadə edib hazır məhsul buraxsınlar. Dünyanın müxtəlif yerlərində belə praktika vardır. Mən də şəxsən tanış olmuşam, kimyaçılar da bunu bilirlər. Yəni biz bu sahədə dünyada mövcud olan ən mütərəqqi təcrübəni tətbiq etməliyik. Bu, həm iş yerlərinin yaradılmasına gətirib çıxaracaq, həm də ki, şəhərin sənaye potensialı daha da inkişaf edəcəkdir. Bir növ, kiçik kimya sənayesi şəhərciyi yaradılmalıdır və bu istiqamətdə konkret tapşırıqlar verilibdir"
Sumqayıt ictimaiyyətinin nümayəndələri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən şəhər sakini Mehriban Nəcəfova demişdir ki, Bakıya tez-tez yolumuz düşür. Hər dəfə paytaxtda bir yeniliyin şahidi oluruq. Bakı möhtəşəm bir şəhər olub, insanı heyran qoyur, valeh edir. Amma bu, bizdə qısqanclıq yaratmır. Çünki Siz tapşırıq vermisiniz, Sumqayıt da Bakı standartlarına yaxınlaşacaqdır. Bu gün doğrudan da Sizin tapşırığınız, Sizin qayğınız nəticəsində Sumqayıt artıq bir tikinti meydançasına çevrilib, hər yerdə abadlıq işi aparılır. Sumqayıtdakı parkların hamısında möhtəşəm işlər gedir. Fikirləşirik ki, artıq şəhərimiz dünya səviyyəsinə çıxacaq bir şəhər olacaqdır. Buna əminik. Sizinlə, Sizin fəaliyyətinizlə qürur duyuruq və fəxr edirik ki, bu gün, sözün əsl mənasında, müstəqil bir dövlətdə yaşayırıq. Bu, insanları işgüzarlığa vadar edir, dövlətimiz ətrafında sıx birləşməyə səsləyir.
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtın 9-cu mikrorayon ərazisində şəhərin Heydər Əliyev prospekti ilə Zülfü Hacıyev və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işlərinin gedişi ilə də tanış olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına məlumat vermişdir ki, 1999-cu ildə istifadəyə verilmiş parkda yenidənqurma işlərinə bu ilin aprelində başlanmışdır. 7,6 hektar ərazisi olan parkda müasir memarlıq üslubunda, möhtəşəm giriş ucaldılmışdır. Burada Heydər Əliyev Muzeyi, istirahət meydançası və yeni fəvvarələrin tikintisi nəzərdə tutulmuşdur. Heydər Əliyev Muzeyinin parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilməsi planlaşdırılır. Muzeydə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif illərinə həsr olunan stendlər, Sumqayıta səfərlərini əks etdirən fotolar, ölkəmizə rəhbərlik etdiyi illərə aid sənəd və materiallar, digər tarixi eksponatlar toplanacaqdır. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif nəşrlər saxlanılacaqdır. Parkın girişində 8 metr hündürlüyündə müasir saat qülləsinin də tikintisi aparılır.
Prezident İlham Əliyev Sumqayıtda Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına "Kimyaçı" Mədəniyyət Sarayının qarşısında yaradılacaq meydanın sxemi ilə də tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verilmişdir ki, "Kimyaçı" Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilmişdir. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Prezident İlham Əliyev meydanın sxeminə baxmış, ərazini gəzmiş, burada yeni infrastrukturun yaradılması ilə bağlı tapşırıqlarını vermişdir.
Prezident İlham Əliyev Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verilmişdir ki, Cümə məscidi 1990-cı ildə şəhər əhalisinin şəxsi vəsaiti hesabına tikilərək istifadəyə verilmişdir. Eyni vaxtda 700 nəfərin ibadət etmək imkanı olduğu bu məscid son illər təmir olunmadığından əvvəlki görkəmini itirmiş, divarlarda çatlar əmələ gəlmişdir. Məscidin həyətyanı sahəsinin də bərpasına ehtiyac vardır. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə məsciddə əsaslı təmir işlərinə və yeni minarənin tikintisinə başlanılmışdır. Bu işlərin sayəsində sumqayıtlıların dini məbədi kompleksə çevriləcək və onun görkəminə də xüsusi gözəllik veriləcəkdir.
Məscidin təmirdən sonrakı vəziyyətini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verilmişdir ki, əsaslı təmir nəticəsində məscid yeni görkəmi ilə diqqəti cəlb edəcəkdir. Bununla yanaşı, dindarlar ayinləri rahat şəkildə yerinə yetirmək üçün gözəl imkanlar əldə edəcəklər. Dövlət başçımızın Sumqayıt şəhərinə səfəri bir daha göstərdi ki, Prezident İlham Əliyevin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanır, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva edir. Elmi əsaslara söykənən bu siyasətin qarşıdakı illərdə də uğurla davam etdirilməsi vətəndaşları qayğılandıran bütün problemlərin aradan qalxmasına, xalqın yaşayış səviyyəsinin daha da yüksəlməsinə real imkanlar yaradacaqdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında